İnsanlara hürriyət, millətlərə istiqlal!

İşçi Qrup siyasi məhbuslarla bağlı siyahı hazırlayır

820 28.10.2014 08:05 Ölkə A A


Səadət Bənəniyarlı isə qeyd edib ki, iclasda vətəndaş cəmiyyəti üzvləri gündəliyə salınan təklifləri müzakirə ediblər: “Detallı danışa bilmərəm. Müzakirələrin gedişi barədə heç nə deyə bilmərik. Qərara almışıq ki, bu məsələlər sonda press-reliz şəklində yayılacaq. Müzakirəyə çıxardığımız şəxslərin adlarını açıqlamırıq, biz təkcə siyasi məhbuslarla bağlı deyil, hüququ pozulan şəxsləri daha geniş əhatə etməyə çalışırıq”.

Arzu Abdullayeva isə bildirib ki, birinci iclas olduğundan, əsasən, təşkilati məsələlər müzakirə edilib: “Ancaq çoxlu məsələlər ortada durmuşdu. Müzakirələrdə siyasi məhbusların da adları çəkildi. Onlar başqa mövqedədirlər, biz başqa. Onlar məhbusları siyasi hesab etmirlər, tam başqa ad istifadə edirlər. Biz danışdıq ki, xəstə məhbuslar birinci azad olunmalıdırlar. İntiqam Əliyev və Arif Yunusun məsələsinə baxılmasını təklif edirik, onların hər ikisi xəstədir. Xəstələrin ayrıca siyahısı hazırlanır. Hilal Məmmədov da xəstədir. Leyla Yunusun da səhhətində ciddi problemlər var. Hər bir işi müzakirə edəcəyik. Ümumiyyətlə, İşçi Qrupu təkcə siyasi məhbuslara görə yaranmayıb. İnsan haqları problemləri ilə bağlı işçi qrupudur. Bu da imkan verir ki, işgəncə məsələləri, ədalətsiz məhkəmələrlə bağlı məsələlər, siyasi olmayanların da işi müzakirəyə çıxarılsın. Ədalətsiz həbslər, ittihamlar da müzakirə predmeti olacaq. Sadə adamlar çox əzab çəkir, ələlxusus rayonlarda yaşayan adamlar. Çox zaman onlara qarşı haqsızlıq edirlər”.

Hüquq müdafiəçisi deyib ki, o, Rəsul Cəfərovun və İntiqam Əliyevin həbsində anlaşılmazlıq olduğunu düşünür və İşçi Qrupun fəaliyyəti sayəsində bu anlaşılmazlığın aradan qalxacağına ümid edir: “İstəyirəm ki, bu anlaşılmazlıq aradan götürülsün və onlar azadlığa çıxsınlar. Həmçinin Tofiq Yaqublu ilə İlqar Məmmədovun işlərinə də düşünürəm ki, ədalətsiz baxılıb, qərəzli yanaşılıb. Bunun da həllini tapacağını güman edirəm. Adlarını çəkmədiyim digər siyasi məhbuslarla bağlı işlər də müzakirə ediləcək”.

Qeyd edək ki, həbsdə olan hüquq müdafiəçiləri Leyla Yunus və İntiqam Əliyev Avropa Şurasının baş katibinin və Azərbaycanın dövlət başçısı İlham Əliyevin İnsan Hüquqları uğrunda Birgə İşçi Qrupun yaradılması təşəbbüsünü boykot etməyə çağırıblar. 
İşçi Qrupun üzvləri isə bildirirlər ki, fəaliyyəti görmək üçün bir az gözləmək lazımdır. “Biz nə boykotla işləyirik, nə də alqışla işləmişik. Qoy nə edirlər etsinlər, biz öz işimizi görəcəyik. İndiyədək alqışla iş verməmişdilər ki? Guya etdiyimiz, gördüyümüz işlərə alqış edirdilər?” deyə, N.Cəfəroğlu məsələyə mövqeyini açıqlayıb.

S.Bənəniyarlı isə qeyd edib ki, bu, birgə qrupdur və vətəndaş cəmiyyəti təmsilçiləri hüquqları pozulmuş insanların işlərini müzakirə edib tövsiyələr verəcəklər: “Bu, geniş, əhatəli bir sahədir. Boykota çağıranlar bir qədər səbr etsinlər”.

A.Abdullayevanın sözlərinə görə isə İşçi Qrup hələ öz fəaliyyətinə başlamayıb ki, nə isə nəticə versin: “İlk iclas keçirilib. Əminəm ki, qrup fəaliyyətsiz olmayacaq”.

Qeyd edək ki, hökumət və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət bu qrup 2003-cü ildə təsis edilmişdi və 2008-ci ilə qədər fəaliyyət göstərib. Bir neçə ay idi hökumətlə yeni İşçi Qrupun yaradılması ilə bağlı danışıqlar gedirdi. 

Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR