İnsanlara hürriyət, millətlərə istiqlal!

“İLK TAPDIĞIM VƏKİLOV HİNDİSTANDA YAŞAYIRDI”

4909 26.07.2011 09:43 Ölkə A A

Azərbaycan Xalq Cümhuriyyət dönəminin məşhur hüquqşünaslarından olan Həsənalı Sultan Məhəmməd bəy oğlu Vəkilov 1887-ci ildə Şərur-Dərələyəz qəzasının Çivə (həmin kənd 1923-cü ildən sonra Ermənistanın inzibati ərazi bölgüsünə daxil edilib) kəndində anadan olub. Kiyev Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. AXC dövründə məsul vəzifələrdə işləyib. 1920-ci ildə sovet rejimi qurulduqdan sonra Türkiyəyə mühacirət edib. Daha sonra Parisə gedib. Türkiyədə Fətəli Xan Xoyskinin qardaşı İsgəndər xan Xoyski, AXC dövründə daxili işlər nazirinin müavini olmuş Şəfi bəy Rüstəmbəyli ilə birlikdə Azərbaycan xalqının istiqlal savaşını davam etdirib.
Həmsöhbətimiz Həsənalı Vəkilovun qızı Leyla Vəkilli Parisdə anadan olub. Sorbonna Universitetini bitirib. Jurnalistika fəaliyyətinə müstəqil jurnalist kimi başlasa da, sonradan mərkəzi ofisi Parisdə yerləşən, dünyanın 178 ölkəsində büroları olan Sipa Press (1980-1990) Agentliyində çalışıb, jurnalist və kinossenaristdir. Fransanın Korsika adasında keçirilən Ağ Dəniz film festivalının qurucularından biridir. Qalanını özü anladır Leyla Vəkilli: “Parisdə doğulmuşam, ancaq iki aylıq olanda valideynlərim İstanbula köçüblər. Uşaqlığım İstanbulda Azərbaycan hekayələrini dinləməklə keçdi. Anam Safiyə Kara Krım türklərindən idi. Bizim evimizdə hər axşam siyasi söhbətlər olurdu. Stalin, Lenin, Məhəmməd Əmin Rəsulzadə və başqa bir çox adlar hər axşam eşitdiyim adlar idi. Bütün söhbətlərdə cavabsız suallar sorulur, üzüntülərdən danışılırdı. Mənim atam siyasi prosesləri çox gözəl izah edirdi. Atam hakim işləmişdi, nitqi çox gözəl idi. İstanbulda ticarətlə məşğul olurdu. Bizim orda ən yaxınımız atamın anası Safi xanımın əmisi oğlu İbrahim Şəfi idi. Bir də Şəfi Rüstəmbəyli vardı. Bildiyim qədər İbrahim bəy Peterburqda və ya Moskvada rəssamlıq təhsili almışdı. Türkiyənin ən istedadlı və tanınmış rəssamı idi. Çox gözəl əsərlər yaratmışdı. Ancaq heç vaxt Bakıya gələ bilmədi. Onun əsərləri Yunanıstana aparıldı. Bir yunanla evlənmişdi. Buna görə də dünyadan köçəndən sonra əsərlərini Yunanıstana apardılar”.

Leyla Vəkilli deyir ki, ailəsi və böyüdüyü mühit onu siyasətə - jurnalistikaya gətirib. Fransada jurnalistika fakültəsini oxuyub. Dediyinə görə, ailəsi istiqlalçı olsa da, atası ömrünün sonunda solçu fikirlərə meyllənib. (Yeri gəlmişkən, qısa söhbətimiz zamanı Fransada, Türkiyədə, eləcə də Yaxın Şərqdə baş verənlərə xanım müsahibimizin münasibəti, şərhləri onun da solçu dünyagörüşünü paylaşdığını göstərirdi). Amma dediyinə görə, atası II Dünya savaşı zamanı almanlara qarşı olub: “Uşaqlığım belə bir siyasi müzakirələr içində keçdi. Və çoxsaylı cavabsız suallarla böyüdüm. Bütün ömrüm boyu atamı inqilabçı kimi gördüm. Amma yalnız ölüm qabağı bir dəfə dəyişiklik gördüm onda. Ölümündən bir qədər əvvəl Parisdən qayıdanda onu solçuların mitinqində gördüm. Atam az danışan adam idi. Evdən kənarda keçirdiyi görüşlər, iştirak etdiyi toplantılar haqda bizə danışmazdı. Amma bir faktı bilirəm ki, II Dünya savaşı zamanı faşist Almaniyasının nümayəndələri İstanbulda yaşayan azərbaycanlı mühacirlər arasında iş aparırdılar, onları öz tərəflərinə çəkmək istəyirdilər. Ancaq atam onlara qarşı idi və heç zaman onlara qoşulmadı.

Siyasi müzakirələrin getdiyi bir ailədə doğulmağım və uşaqlığımızın siyasi müzakirələr içərisində keçməsi gələcək taleyimin müəyyənləşməsinə də təsir etdi. Orta təhsilimi Türkiyədə aldım. Ondan sonra Fransaya gedib sosiologiya oxudum, ondan sonra isə jurnalist təhsili aldım. Bitirdikdən sonra müstəqil jurnalist kimi fəaliyyətə başladım".
Leyla Vəkilli müstəqil jurnalist kimi Fələstin, Əlcəzair və başqa savaş bölgələrində olub, reportajlar hazırlayıb. Daha sonra SİPA-Press agentliyində işə başlayıb, həm fotoqraf, həm də şərhçi kimi uzun illər dünyanın savaş bölgələrini gəzib. Eyni zamanda Fransada dərc olunan DEFİ jurnalına rəhbərlik edib. Bu jurnalda əsasən dünyanın narahat bölgələrində yaşayan insanların acınacaqlı həyatlarından bəhs olunurmuş. Dediyinə görə, daha işləmir, amma bütün jurnalistlər kimi xəbərdən ayrıla bilmir. Hər gün dünyada baş verənləri izləməyə çalışır: “Yaxın Şərqin münaqişə bölgələrində, Fələstində ezamiyyətlərdə olurdum. Daha əvvəl fotoqrafla gedirdim, ancaq sonradan şəkili özüm çəkməyə başladım. Əlcəzairdə azadlıq savaşı zamanı çalışmışam. Orda böyük bir avtoqəzaya düşdüm. İndi daha çalışmıram. Dünyada baş verənləri izləyirəm, oxuyuram və düşünürəm.
Türkiyəni çox sevirəm. Bəzən çox əsəbiləşirəm, küsürəm, amma yenə də Türkiyəni çox sevirəm. Azərbaycan doğma vətənimdir, ancaq bura ilk dəfədir ki, gəlirəm. Türkiyədə isə bütün həyatım keçib. Türkiyədə məndən “haralısan” deyə soruşanda “azəriyəm” deyə cavab verirəm".
Leyla Vəkilli ailəsi haqda kitab yazmağı düşünməsə də, dediyinə görə, atasının arxivi olub. Ancaq Parisdə arxivi oğurlayıblar: “Atamla olan bir çox söhbətlərdən qeydlərim vardı. Eyni zamanda başqa qiymətli sənədlər də vardı. Onları da itirdim. Qiymətli kitabları, ailəmizə məxsus əlyazmalar, sənədlər və fotoların saxlandığı sandıq Parisdə oğurlandı. Düşünürəm ki, həmin kitablara görə o sandığı açıb sənədləri oğurladılar. Fransada bu cür hadisələr çox olur. XV-XVI əsrə aid 3 kitab qalıb məndə”.
Leyla Vəkilli üçün Azərbaycandakı qohumlarını tapmaq asan olmayıb. Hətta axtara-axtara Hindistanda yaşayan Vəkilov soyadlı qohumunu tapıb. Ancaq sonunda, maraqlıdır ki, o öz qohumlarını deyil, qohumları onu tapırlar: “12 il əvvəl Azərbaycanın Parisdəki səfirliyinin əməkdaşı Ramiz Abutalıbovla görüşdüm. Ona dedim ki, Azərbaycanda atamın qohumlarının olduğunu bilirəm. Ona qədər hələ sovetlər dönəmində Bakıya gələn fransızlardan qohumlarım barədə, Vəkilovlar haqda soruşurdum. Amma bir nəticə çıxmırdı. Sonra kompyuter aldım və internet üzərindən axtarmağa başladım. Əvvəl Timur Vəkilovu tapdım. Adam Hindistanda yaşayırdı. Ona yazdım, o da cavab verdi. Mənə yazdı ki, mən bolqar Vəkilovlardanam. Amma əslimiz Azərbaycandandı. Atam Bakıda neft şirkətinin rəhbəri, mühəndis olub, indi isə Moskvada yaşayır. Mənə çox gözəl məktub yazmışdı. İndi ona cavab yazacam ki, artıq qohumlarımı tapmışam.
Mən qohumlarımı axtardığım zaman Məxmər xanımdan məktub aldım. Buna qədər telefonlarım Azərbaycana gedib çatsa da, mən Türkiyəyə döndüyüm üçün mənə edilən zənglərə cavab verə bilmədim. Məxmər xanımdan gələn məktubda deyilirdi ki, Leyla xanım, qohumunuz sizi axtarır. Beləcə, Azərbaycandakı qohumlarımla əlaqə yarada bildim".
79 yaşlı Leyla Vəkilli qohumlarını tapdığına görə çox sevinir. Nə qədər qəribə də görünsə, artıq öz şəcərəsinin xüsusiyyətlərini “kəşf edib”. Və deyir ki, özünü tipik Vəkilovlardan biri hesab edir, hətta fiziki sağlamlığına qədər: “Xarakter olaraq mən tipik Vəkilovam. Həyata baxışım, nəşəli olmağım və bir əlində olanı xərcləməyi sevən birisi olaraq mən tipik bir Vəkilovam. Hətta cibimdə beş quruşum olmayanda belə hər kəs mənim varlı olduğumu zənn edib. Pulsuz olduğumu kimsəyə sezdirməmişəm. Vəkilovlarda tez-tez rast gəlinən revmatizm məndə də olub”.
Vəkilovların ən məşhur nümayəndəsi Səməd Vurğunun qohumu olmasını təzəlikcə öyrənib. Deyir ki, gedəndə dahi sovet şairinin kitablarını alıb aparacaq Türkiyəyə. Və bir maraqlı xatirə danışır. Deyir ki, Səməd Vurğunu hələ 1962-ci ildə tanıyıb. Amma Vəkilov olduğunu bilməyib: “Nazim Hikmətin xanımı Vera ilə rəfiqə idik. 1962-ci ildə Bakıdan gələndə Nazim Hikmət mənə bir kitab gətirdi. ”Bakımızdan salamlar" adlanırdı. Mənə dedi ki, Bakıda çox böyük bir şair dostum vardı. Onunla birlikdə uzun günlər keçirdik və beləcə mənə uzun-uzadı Səməd Vurğun haqda danışdı. Amma mən bilmirdim ki, onun haqqında danışdığı Səməd Vurğun Vəkilov olub. Mən indiyə qədər Səməd Vurğun poeziyası ilə tanış olmamışdım. İndi onun kitablarını alıb aparacağam".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR