İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakimiyyət müxalifətin kadr bankından istifadə edə bilərmi?

1391 27.10.2015 08:35 Ölkə A A

Hakimiyyət strukturları ilə bağlı hökm sürən neqativlər, hətta cinayət xarakterli faktların ən yüksək səviyyədə etiraf olunması, prezidentin bununla bağlı sərt mövqe sərgiləməsi son günlərin əsas müzakirə mövzusudur. Belə bir durumda hakimiyyətin kadr potensialının zəifləməsi barədə yanaşmaların da şahidi olmaqdayıq. Hakimiyyətdəki kadr çatışmazlığının ötən ilin payızında hətta administrasiya rəhbəri səviyyəsində bəyan edilməsi məsələnin ciddiliyindən xəbər verirdi. 

Xatırladaq ki, həmin vaxt PA rəhbəri Ramiz Mehdiyev “Açıq etiraf etmək lazımdır ki, həm Prezident Administrasiyası, həm nazirliklər, həm də yerli hakimiyyət strukturları bu gün ciddi kadr böhranı problemi ilə üzləşiblər. Biz hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki, yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. 

Prezident Administrasiyasının kadr ehtiyatı şəxsən məni administrasiya rəhbəri kimi heç cür qane etmir” - deyə söyləmişdi. İrəli çəkilən bəzi gənc kadrların sonradan cəzalandırılması isə vəziyyətin kritik olduğunu bir daha təsdiqlədi. Belə rəy yaratdı ki, hakimiyyət hətta gənc kadrlara da etibar edə bilmir. Ancaq bu da var ki, Azərbaycanın müxalifət düşərgəsində, həmçinin QHT sektorunda kifayət qədər kadrlar var ki, vətənə, dövlətə xidmət etmək potensialına malikdirlər. Partiyasiz xeyli adam var ki, yüksək təhsillidir, vaxtilə idarəçilikdə təmsil olunub, amma işsiz-gücsüzdür. Üstəlik, xeyli adamlar nəinki işə götürülmür, hətta tutduğu vəzifədən qovulur. Bəs indiki çətin dönəmdə, islahatlar yolunu tutduğunu bəyan edən hakimiyyət müxalifətin kadr bankından yararlana bilərmi, yaxud belələrini irəli çəkərmi? 

AXP sədri Pənah Hüseyn konkret təkliflərlə çıxış etdi: “İstər dünyada, istər regionda cərəyan edən hadisələrin, ümumdünya, regional və ölkədəki sosial-iqtisadi böhran əlamətləri əhalini, cəmiyyəti ciddi təşvişə salıb. Ona görə də cəmiyyətin bütün potensialı bu vəziyyətdən maksimum zərərsiz çıxmağa cəlb olunmalıdır. O baxımdan istər siyasi müxalifətin, istər vətəndaş cəmiyyəti təşkilatlarının, ayrı-ayrı mütəxəssislərin imkanlarından maksimum istifadə olunmalıdır. Siyasi mənsubiyyət və siyasi komanda məsələsi ikinci plana keçməlidir. Milli birlik və milli həmrəylik amili ilə Azərbaycan cəmiyyətinin bütün qüvvələrinin birləşməsi lazımdır.  Hesab edirəm ki, cəmiyyət miqyasında kifayət qədər potensial var ki, bu böhran dövründən ölkəni çıxarda biləcək komanda formalaşdırılsın”. P.Hüseyn qeyd etdi ki, burada söhbət mütəxəssis, yaxud ayrı-ayrı sahələrdə peşəkarların olub-olmamasından getmir: “Belə bir komandanın formalaşması, milli birliyin ortaya çıxması bu gücü qat-qat artırardı, ölkədəki sosial-psixoloji mühiti ciddi şəkildə dəyişdirərdi. Bu baxımdan da bu yanaşmanın həyata keçirilməsinə zərurət var. Konkret olaraq, əlbəttə, ola bilər ki, iqtidar müəyyən dövrdə indiki komanda ilə hərəkət edə, müəyyən məsələləri həll edə bilirdi. Ancaq artıq situasiya dəyişib və sürətlə dəyişməkdə davam edir. O baxımdan burda söhbət mütəxəssis kasadlığından yox, sistem xarakterli müəyyən fəsadlardan gedir”. 

“Turan”Agentliyinin direktoru Mehman Əliyev müxalifət təmsilçilərinin, yaxud müstəqil ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxslərin vəzifə olimpinə irəli çəkilməsini real saymır: “Çünki hakimiyyət buna hazır deyil. Ümumiyyətlə, hakimiyyətin böhranla bağlı elan etdiyi tədbirlərə nəzər salanda görürük ki, bu, sadəcə olaraq, emosional və impulsiv xarakter daşıyır. Yəni ortalıqda vəziyyətdən çıxmaq üçün sistemli, antiböhran proqramı yoxdur. Kadrlar məsələsi antiböhran proqramı çərçivəsində bir komponent ola bilər. Lakin sadəcə olaraq, hakimiyyət hələ fikirləşir, keçmiş durumdan o qədər də uzaqlaşa bilmir, yeni vəziyyətə də girmək istəmir. Yəni bu, psixoloji amildir və çox vacib bir məsələdir. Bəlkə də ümid edirlər ki, neftin qiyməti qalxdı, vəziyyət yaxşılığa doğru dəyişdi”. M.Əliyevin sözlərinə görə, hakimiyyət hələ ki ciddi islahatların aparılması üçün qərar verməyib, cəmiyyətə konkret proqram təqdim etməyib: “Ona görə də problemlər bu şəkildə həll olunmayacaq. Özü də hazırda söhbət kadrlardan yox, daha çox prinsiplərdən gedir. Hakimiyyət prinsipləri, yanaşmaları dəyişməlidir, siyasi, iqtisadi sahədə prinsiplərin dəyişməsini həyata keçirməlidir. Ortada yeni bir fəlsəfə olmalıdır. Çünki vəziyyət ortaya tamam başqa bir tələb qoyur”. 

AVP sədri, deputat Fəzail Ağamalı isə səslənən tənqidi fikirlərlə razılaşmadığını bildirdi: “Əslində məmura müstəqil Azərbaycan dövlətini yüksək dəyərlərlə, böyük sədaqətlə təmsil etmək, onun müxtəlif pillələrində xidmət etmək, dövlət quruculuğuna xidmət etmək, xalqa təmənnasız xidmət göstərmək böyük bir şərəfdir. Ötüb-keçən 25 il ərzində belə dəyərləri, yüksək vətənpərvərlik, dövlətə sədaqət hissini özündə aşılayan kadrların formalaşması indi gedir. Bu kadrlar müstəqillik dövründə formalaşan 35-50 yaş arasında olan kadrlardır. Bu gün hakimiyyətdə olanların əksəriyyəti dünyagörüşü kifayət qədər formalaşan, dövlətə, xalqa sədaqətli insanlardır.  Lakin içində təbii ki, etimadı doğrultmayan, böyük bir missiyanı yerinə yetirmək əvəzinə, ailə-korporativ maraqlarını düşünən, var-dövlət yığmağa üstünlük verənlər də var. Mən istəməzdim ki, bu faktı ümumiləşdirəm. Vaxtilə işdən uzaqlaşdırılan bir neçə gənc kadrla bağlı tamam başqa nüans ortalığa çıxmışdı. Onlar başqa bir sahədə özlərini ifadə etdiklərinə, başqa bir ideoloji təsirə məruz qaldığına görə hakimiyyətdən uzaqlaşdırıldılar və bu, doğru qərar idi. İndiki vəziyyətdə isə bir neçə nəfərin hərəkətlərini ümumiləşdirib bütövlükdə Azərbaycanda kadr böhranının olduğunu deyə bilmərəm”. 

F.Ağamalı administrasiya rəhbərinin fikirlərini təsdiqlədi: “Bəli, Ramiz müəllim bu faktı ortalığa gətirdi. Həqiqətən də onun dediyi problem ölkəmizdə var. Lakin bunun üçün zamana ehtiyac var. Müstəqillik dövründə təhsil alan, tam müstəqil düşüncəsi, dünyagörüşü ilə formalaşan insanların artıq hakimiyyətin aşağı qatlarında fəaliyyətə başlaması faktdır. Ümidvaram ki, yaxın gələcəkdə kadr məsələləri ilə bağlı hər hansı problemimiz olmayacaq”. AVP sədri hakimiyyətdə YAP üzvü olmayan, bitərəf insanların da olduğunu vurğuladı: “Onlar bu və ya digər şəkildə hakimiyyətdə təmsil olunmaq imkanlarına malikdirlərsə, yüksək idarəçilik qabiliyyətinə, Vətənə, dövlətə sədaqət kimi ciddi dəyərləri özlərində daşıyırlarsa, təbii ki, diqqətdən kənarda qalmırlar və hakimiyyətin idarə olunmasına cəlb edilirlər”.

Müxalifətə gəldikdə, F.Ağamalı bildirdi ki, müxalif düşərgədə belə kadrları tanımır: “Mən bu gün müxalifətdə Azərbaycan dövlətçiliyinə ciddi töhfələr verəcək şəxsləri görmürəm, tanımıram. Çünki vaxtilə müxalifətdə olanların əksəriyyəti ordan istefa verdilər, ya neytral qaldılar, ya da YAP-a daxil oldular. Yəni müxalifətdə yüksək biliyə, idarəçilik imkanlarına malik olan insanları şəxsən mən göz önünə gətirə bilmirəm”. 

Cavid TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR