İnsanlara hürriyət, millətlərə istiqlal!

Güclü külək Bakı-Qazax magistralını bağlayıb (FOTO)

1475 23.05.2016 23:05 Ölkə A A

Avtomobillər saatlarla yolun açılmasını gözləyib.

Kəpəz TV (Region TV) xəbər verir ki, bu gün axşam saatlarında qərb bölgəsində müşahidə edilən güclü külək və dolu qarışıq leysan yağışları bir sıra fəsadlar yaradıb. Şəmkir, Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında aqrar sektora ciddi ziyan dəyib. Sosial obyektlərin və fərdi yaşayış evlərinin dam örtükləri sıradan çıxıb. 

Şəmkir rayonunda müşahidə olunan küləkli hava sonradan leysan yağışları və  iri həcmli dolu ilə əvəzlənib. Güclü külək rayon mərkəzində, kəndlərdə elektrik və yol təsərrüfatlarına ciddi ziyan vurub. Bakı-Qazax magistralının Düyərli kəndi ərazisindən keçən hissəsində irigövdəli ağac aşaraq yolu bağlayıb. Kəndlərarası yollarda ağacların aşması ilə hərəkət məhdudlaşıb.
 
Bir saata yaxın müşahidə olunan küləkli hava Şəmkirdən geriyə bu görüntüləri qoyub. Təxminən 6 kəndi birləşdirən yol bağlanıb. Səbəb isə iri gövdəli ağacların qırılaraq yola aşmasıdır.

Avtomobillər saatlarla yolun açılmasını gözləyib. Mənzil başına tələsən bəzi sakinlər müəyyən məsafəni piyada qət etməli olublar.

Sakin: "Tufan oldu, külək əsdi. Ona görə də çinar qırılıb yola düşüb. Biz də piyada gedirik".

Güclü külək səbəbi ilə rayon mərkəzində, eləcə də Muxtariyyə Düyərli Zəyəm-Cırdaxan və Xuluf kəndlərində fərdi yaşayış evlərinin, sosial obyektlərin dam örtüyünü külək qoparıb. Düyərli kəndində iri gövdəli ağac yardımçı tiklinin üzərinə düşüb.

Sakin: "Mən buradadaydım. Külək başlayanda evimə getdim. Əgər burada olsam xəsarət alardım. Burulğan ağacların hamısını aşırdı".

Sakin: "Səs küy qopdu ki, Solmazın evini külək apardı. Gələndə gördük yazığın nəyi var hamısını külək dağıdıb. Evin dam örtüyünü yolun o biri hissəsinə tullayıb".
 
Rayon Fövqəladə Hallar Komissiyasının bütün texnikası və canlı qüvvəsi  səfərbər edilib. Qısa müddət ərzində elektrik və yol təsərrfütına dəyən ziyan aradan qaldırılıb. Hazırda komissiya üzvləri dəymiş ziyanın miqdarını müəyyənləşdirir.
 
Qüdrət Əliyev - Şəmkir Rayon FHK-nın sədri: "Bildirmək istəyirəm ki, dolu nəticəsində Şəmkir rayonunun Tatar və Zəyəm-Cırdaxan kəndlərində təsərrüfatlara da ziyan dəyib. Eyni zamanda rayon mərkəzi də daxil olmaqla müəyyən yaşayış məntəqələrində ağaclara qırılaraq yolları bağlayıb. Düyərli kəndində iki ağac qırılaraq magistralı bağlayıb. Bundan başqa Dəllər qəsəbəsində Sərhəd Xidmətinə aid 5 mərtəbəli yaşayış binasının dam örtüyünü də külək qoparıb. Fəsadlar qismən aradan qaldıırlıb. Müəyyən yüngül işlər qalıb, onlar da qısa zamanda öz həllini tapacaq".
 
Güclü külək və qasırğa Tovuzun bəzi kəndlərində də fəsadlar törədib. Yağışın ardından yağan dolu nəticəsində Kirən, Köhnə Qala, Böyük Qışlaq və bir sıra kəndlərdə təsərrüfat sahələrinə ziyan dəyib. Daha çox kartof sahələri yararsız hala düşüb. Anoloji hal Gədəbəydə də yaşanıb. Sakinlərin qazanc yeri olan kartof sahələrinə xeyli ziyan dəyib. Külək rayonda yerləşən Avtomobil Məktəbinin dam örütüyünü də uçurub. Elektrik naqillərinə qismən ziyan dəyib.

Təbii fəlakət Daşkəsən rayonunda daha çox elektrik təsərrüfatına təsir edib. Hazırda Daşkəsən şəhərinin yarısı elektrik enerjisiz qalıb. Qasırğa bir neçə yaşayış binasının dam örtüyünü kənara atıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR