İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan Azərbaycana qorxulu virus daşıyıcısı olan mal-qara göndərilir

5325 22.10.2014 08:48 Ölkə A A

Azərbaycanın rayonlarında, əsasən heyvandarlıqla daha çox məşğul olan Bərdə, Beyləqan, Ağcabədi kimi rayonlarda ətin qiymətində iki manat ucuzlaşma müşahidə olunur. Əvvəllər 8 manata satılan dana əti indi 6 manata təklif olunur. Bir neçə ay öncəyə qədər 9-10 manata satışı həyata keçirilən qoyun ətinin isə pərakəndə satış qiyməti 7-8 manata enib. Maraqlıdır ki, bu ucuzlaşma paytaxt Bakıda müşahidə edilmir. Ətin qiyməti əvvəllər olduğu kimi qalır. 

Bu vəziyyətin səbəbləri barədə İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşı, kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov “Yeni Masavat”a maraqlı və şok sayılacaq açıqlamalar verib.
V.Məhərrəmov öncə bildirdi ki, ümumiyyətlə, heyvandarlıq sahəsində Bərdə, Ağcabədi, Beyləqan, İmişli sanki bir mərkəz rolunu oynayır. Hətta Gürcüstandan kəsim üçün gətirilən mal-qaranın satışı bu zonadan həyata keçirilir. Yəni topdan satışı da oradan olur. Son zamanlar heyvanlar arasında, xüsusən də iribuynuzlu heyvanlar arasında xəstəliyin geniş yayılması da fermerləri çox ciddi təhlükə ilə üz-üzə qoyub. İkinci səbəb odur ki, otun və yemin qiyməti bahalaşıb. Bu da fermerlərin heyvanları qışa saxlamasına əngəl yaradır: “Ölkədə kifayət qədər yem bazası yaradılmayıb və yem az olduğu üçün qiyməti artıb. Fermerlərin və kiçik təsərrüfatı olan kəndlilərin kifayət qədər yem ala bilməmələri ona gətirib çıxarıb ki, mal-qaranı kütləvi şəkildə bazara çıxarırlar və ucuz qiymətə satmağa məcbur olurlar. Ətin qiymətinin rayonlarda aşağı düşməsi bununla bağlıdır. Təklif tələbi üstələyib. Ona görə də rayonlarda ət ucuzlaşıb.

Bu cür qiymət ucuzlaşması heç də fermerlərin və kəndlilərin vəziyyətinin yaxşı olmasından xəbər vermir. Qış üçün yem ehtiyatının olmaması ucbatından mal-qaranın kəsim üçün kütləvi şəkildə bazara çıxarılması və ucuz satılması ondan xəbər verir ki, bu sahədə çox ciddi problemlər var. Bu vəziyyət faktiki olaraq Azərbaycanda maldarlıqla məşğul olan fermerlərin, kəndlilərin təsərrüfatının çöküşünü, sıradan çıxmasını qaçılmaz edib. Maldarlıq son zamanlar tənəzzülə uğrayıb. Keçən il Gürcüstandan Azərbaycana 109 min baş iribuynuzlu mal-qara gətirilib kəsim üçün. 2014-cü ildə bu rəqəm təxminən 50 faiz artıb. Bu da ondan xəbər verir ki, Azərbaycanda heyvandarlıq sahəsində çox ciddi problemlər var". 


Ekspert rayonlarda ətin qiymətinin ucuzlaşmasında yas mərasimlərində ehsan olaraq yemək verilməsinin qarşısının alınması amilinin də müəyyən dərəcədə rol oynadığını söylədi: “Hər yas mərasimində bir gün üçün ən azı bir-iki baş iribuynuzlu heyvan kəsilirdi. Fərz edək ki, bir kənddə ildə 30-40 nəfər dünyasını dəyişirsə və onların hər birinin üç-yeddi-qırx və ilində heyvanlar kəsilirdi. Hesablayanda məlum olur ki, kəsilən iri buynuzlu heyvanların sayının 100-dən yuxarı olduğu görünür. Həmin heyvanlar isə əsasən kənddəki kiçik fermer təsərrüfatı olan kəndlilərdən alınırdı. İndi kəndli heyvanını normal qiymətə satmaq üçün bu imkandan da məhrum olub. Əvvəllər yas mərasimlərində kəsilən sayda heyvanlar da artıq bazara çıxarılır. Təklifin artmasında bu amil də rol oynayır.

İstehlakçıların alıcılıq qabiliyyətinin də aşağı düşməsi ucuzlaşmaya təkan verir. Beləliklə son nəticədə heyvandarlıqla məşğul olan fermerlərin təsərrüfatı sıradan çıxır". 
Mütəxəssis Gürcüstandan gətirilən mal-qaranın qiymətinin Azərbaycandakı mal-qaranın qiymətindən 15-20 faiz ucuz olmasının da daxili bazara çox ciddi təsir etdiyini vurğuladı.
Rayonlarda ətin ucuzlaşmasına baxmayaraq paytaxt Bakıda qiymətlərin dəyişməməsinin səbəbinə gəlincə, V.Məhhərrəmov qeyd etdi ki, Azərbaycanın bölgələrindəki fermerlər yetişdirdikləri heyvanı arada vasitəçi olmadan paytaxta gətirə bilməzlər. Bu addım həmin fermerin axırıncı fəaliyyəti olar və o, bir daha Bakıya ayaq basa bilməz: “Fermerlərdən heyvanları alıb paytaxta kəsim üçün satışa çıxaran xüsusi adamlardır. Hər adam bu işə qoşula bilməz. Bu sahə demək olar ki, monopolyadadır. Monopolistlər fermerə imkan vermirlər ki, gətirib Bakıda heyvanını kəsib özü satsın. 


Monopolistlər həm fermerə, həm şəhərdə istehlakçıya qiyməti diktə edirlər. Bakıda ətin qiymətinin düşməməsinin səbəblərindən bir budur. Daha bir səbəb isə ət işi ilə məşğul olan monopolistlərin özlərinin də hər gün gəlibgedən ”papka"lı məmurlara ödəniş etmələridir. Baytar həkim, sahə müvəkili, vergi işçisi, sosial fond işçisi, su idarəsi və sair neçə-neçə qoltuğunda qovluq olanları razı salmaq lazım olur. Həmin məmurlara ödənilən vəsaitlər də ətin maya dəyərinə oturur".

V.Məhərrəmov heyvanlarda xəstəliyin geniş yayılmasının da bir sıra səbəblərinin olduğunu dedi: “Heyvanlar yem çatışmazlığından, su qıtlığından normal qidalanmır və xəstəliklərə asanlıqla yoluxur. Ölkəyə xaricdən çoxlu sayda iri və xırda buynuzlu heyvanların gətirilməsi də Azərbaycanda mal-qara arasında əvvəllər müşahidə olunmayan, Azərbaycan üçün xarakterik olmayan qəribə xəstəliklərin yayılmasına səbəb olur. Ölkədə heyvanlar arasında təhlükəli xəstəliklər durmadan yayılır. Hökumət, aidiyyatı orqanlar isə bunun qarşısını almaq üçün ciddi tədbirlər görmürlər. Sanki bu vəziyyət kimlərəsə sərf edir. Ona görə də real vəziyyəti ört-basdır edirlər. Mal-qara kütləvi şəkildə qırılır, kəndlilərin dolanışıq mənbəyi olan bir neçə inəyi var ki, xəstəlikdən məhv olub və kəndli faktiki olaraq dolanışığının cüzi təminatından da məhrum olub, aidiyyatı hökumət orqanları isə heç nə olmamış kimi davranırlar, vəziyyətin acınacaqlı olduğunu ört-basdır edirlər. Kəndli görür ki, qonşusunun heyvanları xəstəlikdən qırıldı və rəsmi orqanlar heç bir ciddi tədbir görmür və növbədə onun heyvanlarıdır. Ona görə də heyvanlarını təcili bazara çıxarıb dəyər-dəyməzinə satır və bununla da kəndlinin dolanışığı kəsilir. Hökumət heyvandarlıq sahəsini demək olar ki, başlı-başına buraxıb. Azərbaycanda heyvandarlıq məhv olub sıradan çıxmaqdadır”.
V.Məhərrəmov qeyd etdi ki, heyvandarlığı sıradan çıxarmaqda olan daha bir problem isə məmurların otlaq sahələrini ələ keçirib başqa təyinatlar üçün istifadə etməsidir. 


V.Məhərrəmov Gürcüstandan gətirilən xırda və iribuynuzlu heyvanların əksəriyyətinin əslində Ermənistan və ermənilərin işğalı altında olan Azərbaycan ərazilərində yetişdirilən heyvanlar olduğunun istisna edilmədiyini də vurğuladı: “Gürcüstanın bu qədər potensialı yoxdur. Gürcüstan öz əhalisinin ətlə təminatını tam şəkildə ödəyə bilmir. Ermənistan isə diri heyvan ixracatanı həyata keçirir. İrana, Gürcüstana heyvan ixrac edirlər. Ermənistanın öz ərazisində, işğal etdiyi Azərbaycan ərazilərində yüz minlərlə baş heyvan saxlamaq üçün şərait var. Ermənilər bu imkandan yararlanırlar. Həmin ərazilərdə heyvan saxlanılır. Ermənistanın özündə əhali az olduğundan və alıcılıq qabiliyyəti aşağı olduğundan İrana və Gürcüstana çoxlu sayda iri və xırdabuynuzlu heyvanlar satırlar. Özü də çox ucuz qiymətə. Gürcüstandan bizim ölkəyə gətirilən heyvanların Ermənistandan gətirildiyinə dair məlumatlar var. Azərbaycanda mal-qara arasında əvvəllər müşahidə olunmayan təhlükəli xəstəliklərin məhz həmin heyvanlardan yoluxması da istisna deyil”.

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR