İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni mediası Əli Kərimliyə istinad etdi - FOTO

15927 06.04.2016 16:00 Ölkə A A

Ermənistan mətbuatının Azərbaycandakı prosesləri nə qədər ciddi şəkildə izlədiyi yerli medianın hətta sosial şəbəkələrdəki paylaşımları da xəbərə çevirməsindən bir daha aydın olur. Belə ki, Ermənistanın Armenia Today saytı AXCP sədri Əli Kərimlinin aprelin 5-də verilən atəşkəs qərarı ilə bağlı etirazından bəhs edib. 

Azərbaycan müxalifətindən Əliyevə: “Daha deməyin ki, lazım gəlsə, Qarabağı alarıq” sərlövhəli xəbərdə AXCP sədrinin atəşkəs razılaşmasına etirazı barədə statusuna yer ayrılıb. “Buna deyirlər odu söndürüb külü ilə oynamaq. Torpaqlarımızı işğaldan azad etmək üçün tarixi fürsəti itiririk. İndi də deyilsə, bəs nə zaman? Ordumuzun döyüş əzmi yüksək ikən, xalqımız iqtidarı və müxalifətilə, dini məzhəb və etnik mənsubiyyət ayrılığına baxmadan ordumuzun arxasında bir yumruq kimi birləşmişkən, dünyadan, dostlardan, qonşulardan, xüsusilə qardaş Türkiyədən ən yüksək səviyyədə dəstək varkən, düşmən çətin durumda və panikada ikən biz işğal altındakı torpaqlarımızı azad etməkdən imtina ediriksə, lütfən, bir daha “lazım gələrsə... “ tipli bəyanatlar verməyin, ciddi qəbul olunmayacaq”, - Ə.Kərimli yazıb. 

Qeyd edək ki, savaş başlayandan sonra AXCP sədri “Bu gərgin məqamlarda bütün varlığımızla ordumuzun yanında olduğumuzu bəyan edirəm” - bəyanatını vermişdi. 

Ermənistan mediasının müxalifətçi partiyanın sədrinin statusunu yaymasından sonra isə AXCP sədri feysbuk səhifəsində aşağıdakı fikrilərini paylaşıb: “Dostlar, lütfən millətimizi aşağılamayaq. Nədən narazısınız, nəyi düz etmədi millətimiz? Hücuma məruz qaldı, qorxub qaçmadı, əsgər və zabitləri igidliklə döyüşdü, millət də həmin övladlarını bağrına basdı. Səhvmi etdi? Savaşda verdiyi şəhidlərini böyük sevgi və sayğı ilə qucaqladı, şəhid ailələrinin acısını paylaşdı, amma itkilərdən sınmadı, yazıq duruma düşmədi. Səhvmi etdi xalqımız? Boynunu büküb, matəmə qapılsaydı, daha yaxşımı olacaqdı? Xarici düşmənin hücumu qarşısında iqtidarlı, müxalifətli, qadınlı, kişili, cavanlı, qocalı, dindarlı, ateistli heç bir ayrımçılıq etmədən bir yumruq kimi birləşdi, bütün dünyaya cəsarətini, mübarizə əzmini nümayiş etdirdi. Səhvmi etdi? Niyə Parisdəki terrordan sonra fransızlar, Nyu-Yorkdakı 11 sentyabr terrorundan sonra amerikalılar eyni hərəkəti edəndə bu həmin xalqların gücü, mübarizə əzmi kimi, eyni davranışı biz sərgiləyəndə isə küyə getmək kimi qiymətləndirilməlidir? İndi hərəmiz bir tərəfdən 3 günlük müharibə zamanı millətimizin səhv etdiyini sübut etməyə girişmək əvəzinə, yaxşı olmazmı ki, millətimizdə yaranmış bu özgüvəni, özünəhörməti onun köklü problemlərinin həlli üçün istifadə etməyə çalışaq?”

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR