İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Məsimli: “Manatın ikinci devalvasiyası da qaçılmaz ola bilər”

7925 06.04.2015 08:30 Ölkə A A

Son zamanlar Azərbaycanda iqtisadi problemlər, manatın devalvasiyası, qlobal iqtisadi böhranın ölkəmizə təsiri məsələləri siyasi məsələlərdən xeyli önə keçib. Əvvəlki dövrlərdə fərqli olaraq artıq ölkə rəsmiləri də böhranın təsirinin qaçılmazlığını qəbul edib alternativlər axtarışını zəruri sayırlar. Mövcud situasiyanı Milli Məclisin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli ilə şərh etdik.


- Əli bəy, manatın devalvasiyasından sonra Azərbaycan iqtisadiyyatında yaranmış hazırkı durum nə vəd edir? 

- Devalvasiyadan sonra Azərbaycan iqtisadiyyatında həm ölkə daxilində, həm də qlobal iqtisadiyyatda gedən proseslərin təsiri ilə heç bir nəzəriyyəyə sığmayan və hələlik proqnozlaşdırılması çox çətin olan yeni bir situasiya yaranıb. 

- Belə bir şəraitdə Elman Rüstəmovu yenidən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə seçilməsi gözlənilən idimi?  

- Bu məsələyə münasibətdə ictimai fikrin, əksəriyyətin mövqeyi sosial şəbəkələrdən məlumdur. Bununla belə əgər bu məsələ ilə bağlı hisslərə üstünlük vermədən düşünəndə, bəli, gözlənilən idi. Çünki vaxtilə dövlət-hakimiyyət piramidasının yüksək eşelonunda işləyən bir adam kimi, devalvasiya da daxil olmaqla populyar olmayan qərarların necə qəbul olunmasına yaxşı bələdəm. İkincisi isə Mərkəzi Bank çox strateji sahədir. İndiki mürəkkəb vəziyyətdə fövqəladə bir situasiya olmasa, Mərkəzi Bankın rəhbərinin dəyişdirilməyəcəyi öz-özlüyündə aydın məsələdir. Bununla belə, həmin məsələ ilə bağlı Milli Məclisin komitələrinin iclasındakı çıxışımda da bildirdim ki, 21 fevral tarixli devalvasiya əhalinin manata da, bank sisteminə də, Mərkəzi Bankın rəhbərinə də olan inamı xeyli sarsıdıb.Və sual verdim ki, manata inamı bərpa etməkdən ötrü hansı tədbirləri həyata keçirməyi nəzərdə tutulur? Qaldırdığım məsələnin acı həqiqət olduğunun etirafı özü-özlüyündə müsbət hal olsa da, sualımın açıq qalması belə mürəkkəb və ağrılı bir suala sözlə yox, əməllə cavab veriləcəyini daha önəmli hesab edirəm. Məncə, bu, daha vacibdir.

- Komitələrin aprelin 1-də keçirilən iclasında kreditlərlə bağlı polemikanız olub və demisiniz ki, sizə ünvanlanan məktubların yumşaq tonda olanlarının bir neçəsini Mərkəzi Banka göndərəcəksiniz. Nə məktublardır onlar?

- Məlumdur ki, devalvasiyadan sonra dollarla olan kreditlərin hansı məzənnə ilə ödənilməsi mübahisəli olaraq qalır. Bununla əlaqədar Mərkəzi Bank faiz dərəcələrini azaldıb, kreditin ödənilməsi müddətinin uzadılmasını tövsiyə edir. Mərkəzi Bank belə bir tövsiyə eləməmişdən əvvəl də bəzi banklar həmin təşəbbüslə çıxış etmişdilər. Amma bu variant problemin həllinin maraqların balanlaşdırılması şəklində həll edilməsi üçün yetərli deyil. Bu barədə bizə müraciətlər çox olur. Məsələn, 28 faizlə kredit alan şəxsin faiz dərəcəsini 25 faizə endirirlər və bununla yanaşı, həmin adam aldığı krediti 12 aya yox, 15 aya qaytarmalıdır. Bu variantda risklər bölüşdürülmür və birtərəfli qaydada yalnız bank uduşlu olur. Bir də ki, əgər mübahisə obyekti manatın dollara nisbətdə dəyişən məzənnəsidirsə, kim zəmanət verə bilər ki, kredit alan həmin krediti qaytarmağa başladığı müddətdə 1 dollar indiki kimi 1 manat 05 qəpik məzənnəsində qalacaq və həmin məzənnə, məsələn, 1 manat 20 qəpik məzənnəsinə çatmayacaq? Onda kredit alan yenidən artırılmış məbləğı zaman etibarilə də uzadılmış müddətə qaytarmağa məcbur olmaqla ikiqat zərbəyə məruz qala bilər. Ona görə təklif verəndə situasiyanın əvvəllər olduğu kimi statik yox, dinamik olduğunu nəzərə almaq lazımdır. Bununla yanaşı, bəzi banklar vətəndaşların iqtisadi biliklərinin azlığından sui-istifadə hallarına da yol verir. Bizə ünvanlanmış məktubların birində 2014-cü il dekabrın 30-da illik 28 faizlə kredit götürən və ayda 168 manat pul ödəməli olan məcburi köçkün həyatı yaşayan şəxsdən ayda 215 manat istənilir. 3000 manat kredit alandan 3 ay ərzində krediti bağlamaq üçün əlavə 1200 manat istənilir. Manatla kredit alıb, məsələn, məişət texnikası alan müqavilədə göstərildiyi kimi, hər ay səliqə ilə borcunu manatla da ödəyən vətəndaşa iki-üç aydan sonra manatın dollara nisbətdə kursunun necə dəyişməsinin nə dəxli var? Ona görə də belə hallara qarşı ölçü götürülməlidir. 

- Komitə iclasındakı çıxışınızda Mərkəzi Bankın ipoteka kreditləri sahəsindəki fəaliyyətini çox obrazlı şəkildə tənqid etdiniz. Bu sahədə nə təklif edirsiz? 

- Əvvəlcə obyektivlik naminə demək lazımdır ki, Azərbaycan ipoteka kreditləşməsi mexanizminin tətbiqinə postsovet məkanına aid ölkələrin bir çoxundan gec başlamasına baxmayaraq, əldə olunan nəticələr heç də onların əksəriyyətindən geri qalmır. Bununla belə Azərbaycan əhalisinin xeyli hissəsi gənclərdən ibarət olduğundan, ölkəmizdə tətbiq olunan ipoteka müasir tələblərə cavab vermir. Ona görə də ipoteka kreditləşməsinə ayrılan maksimum 50 min manat 70 min manatadək artırmalıdır ki, heç olmasa 2 otaqlı ev almaq mümkün olsun. Sosial ipotekanın kredit faizləri 4 faizdən 2 faizə endirilməli və ilkin ödənişlərini birinci mərhələdə müəyyən qədər azaltdıqdan sonra xüsusi fond yaradılmalıdır. Bu fond vasitəsilə ilkin ödəniş problemini həll etmək olar. Bu baxımdan ipotekanın alman modeli maraq doğurur. Amma xeyli vaxtdır hökumət ipotekanın alman modelindən istifadə etmək istəyini dəfələrlə bildirsə də, hələ ortada bir şey yoxdur. Vacib məsələlərdən biri də budur ki, ipoteka kreditləri təkcə Bakı şəhəri ilə məhdudlaşmamalıdır. İpoteka kreditləri vasitəsi ilə təqribən 16 min ailə mənzil alıb. 2015-ci ildə sosial ipoteka üçün üçün nəzərdə tutulan 50 milyon manat hesabına yalnız 1000-1200 ailə mənzil ala biləcək ki, bu da mənzilə ehtiyacı olan vətəndaşların çox cüzi hissəsini əhatə edir. Bu prosesi sürətləndirmək üçün sosial evlərin tikintisini təşkil etmək lazımdır. Məlumdur ki, bu gün Azərbaycanda orta əmək haqqı 450 manat, dövlət təşkilatlarında çalışan şəxslərin isə xeyli hissəsinin orta aylıq əmək haqları 200-300 manatdır. Bizim təkliflər ondan ibarətdir ki, sosial evlər tikilən zaman bu gəlirlər nəzərə alınsın və vətəndaşlar aylıq 70-100 manat ödəməklə, ilk baxışda kirayə kimi qaldığı həmin sosial evləri 20-25 ildən sonra şəxsi mülkiyyətinə çevirsinlər. 

- Mətbuatda tez-tez yaxın vaxtlarda devalvasiyanın yeni dalğasının gözlənildiyi, 1 dolların 3-5 manata qədər dəyərdən düşəcəyi barədə proqnozlar verilir. Mərkəzi Bankın sədrı isə deyir ki, şok devalvasiya gözlənilmir. Siz kimə inanırsınız? 

- Bayaq dediyim kimi, devalvasiyadan sonra Azərbaycan iqtisadiyyatında yaranmış hazırkı durum həm ölkə daxilində, həm də qlobal iqtisadiyyatda gedən proseslərin təsiri ilə heç bir nəzəriyyəyə sığmayan və proqnozlaşdırılması çox çətin olan bir vəziyyət yaranıb. Manatın kənar təsirlərə reaksiyası artıb.Ona görə də elə proqnoznozların heç birinə tərəfdar çıxa bilmərəm. 

Bəzi banklar vətəndaşların iqtisadi biliklərinin azlığından sui-istifadə edir...”


- Hər halda sizin proqnozunuz maraqlı olar...

- Manatın 21 fevral devalvasiyası milli valyutamızı neftin qiymətinə daha həssas edib. Bundan əlavə, qlobal miqyasda dolların məzənnnəsindəki dəyişikliklər və nə qədər acı olsa da, “taxta rubl” da manatın məzənnəsinə təsir etməyə başlayıb. Əgər sadaladığımız həmin 3 amildə elə bir ciddi dəyişikliklər baş verməsə, yaxın vaxtlarda manatın devalvasiyasının yeni dalğası gözlənilmir. Amma əgər Mərkəzi Bank 21 fevral devalvasiyasından sonra keçən bu ay yarım ərzində manatın dollara nisbətdə hazırkı məzənnəsinin nisbi sabitliyini təmin etməkdən ötrü 1 milyard dollar vəsait sərf edibsə, bu artıq çox ciddi siqnaldır. Həmin xərcləri azaltmaqdan ötrü yumşaq devalvasiya gözləniləndir. Yox, neftin qiyməti indikindən də aşağı səviyyəyə enməyə başlasa, məsələn, 40 dollardan aşağı ensə, digər tərəfdən isə kobud səhvlərə yol verilib süni ajiotaj yaradılsa və valyuta mübadiləsində spekulyativ proseslər özünü göstərsə, onda bir müddətdən sonra devalvasiyanın yumşaq variantının ardınca onun ikinci dalğası da qaçılmaz ola bilər. 

- Vəziyyətdən çıxmaqdan ötrü nə təklif edirsiz

- Devalvasiya Azərbaycan iqtisdiiyyatının bütün müsbət və mənfi meyillərini ortaya çıxarmaqla yeni situasiya yaradıb. Azərbaycan iqtisadiyyatında müşahidə olunmağa başlayan yeni mənfi tendensiyalar əslində xroniki proseslərin nəticəsi olduğundan, çox ciddi bir dilemma yaradıb: Mərkəzi Bank manatın 1 dollar =78 qəpik nisbətində olan məzənnəsinin saxlanılmasına valyuta ehtiyatlarını sərf edib qurtarmaqdan ötrü fevralın 21-də manatın 33 faizlik devalvasiyasına getsə də, indi də devalvasiyadan sonra Mərkəzi Bank manatın 1 dollar =1 manat 05 qəpik nisbətində olan məzənnəsinin saxlanılmasına valyuta ehtiyatlarını sərf etməkdə davam edir. Bu olaylar başlanandan Mərkəzi Bankın valyuta ehtiyatları təqribən 15 milyard dollardan 10 milyard dollara enib və onun 1 milyard dolları devalvasiyadan sonra xərclənib. 10 milyard dollar valyuta ehtiyatı və son ay yarımda 1 milyard dollar valyuta intervensiyası belə bir fikir söyləməyə əsas verir ki, həmin məbləğdə valyuta ehtiyatı və həmin sürtlə intervensiya xərcləri manatın hazırkı tənzimlənmə üsulundan bazar münasibətlərinə əsaslanan tam üzən məzənnə siyasətinə keçməkdən ötrü zəruri olan illər üçün yetərli qədər deyil.Yəni elə vəziyyət yaranıb ki, Mərkəzi Bank ya indiki məzənnəni uzun müddət saxlamağa yetərli valyuta ehtuyatlarına malikdir - əslində bu siyasətin davamına valyuta çatdırmaq mümkünsüz bir şeydir - nə də manatın məzənnəsinin bazar mexanizmi vasitəsilə tənzimlənməsinə keçməyə hazırdır. 

- Deməli, fəlakətli vəziyyətdən çıxış yolu var. Bəs bu, yetərlidirmi?

- Vəziyyətdən çıxmaqdan ötrü maliyyə-kredit-pul siyasətinin yumşaldılması nə qədər vacib olsa da, belə ciddi problem bu kimi sadə tədbirlərlə həll edilə bilməz. Problemin əsas səbəbi bütövlükdə Azərbaycan iqtisadiyyatında, eləcə də onun istehsal, maliyyə, bank, ticarət və sair sektorlarında inhisarçılığın hökmranlığı ilə şərtlənən zəif bazar mühitidir. Digər ciddi problemi isə məzənnəsi bazar münasibətlərinin reallıqlarını əks etdirməyən, sabitliyi inzibati yolla təmin olunan xammal valyutası olan manatın heç bir məntiqə sığmayan dərəcədə uzun müddət dünyanın ən güclü valyutalarından biri kimi fetişləşdirilməsində axtarmaq lazımdır. Bütün bunları nəzərə alaraq biz Azərbaycanda neft hasilatı və neft gəlirləri aşağı düşməyə başlayanda manatın yumşaq devalvaiyasına başlamağı təklif edirdik. Vəziyyətdən çıxmaq xeyli mürəkkəbləşsə də, Azərbaycan bu vəziyyətdən çıxa biləcək, çünki buna yetərincə potensialı var. Vəziyyətin normallaşmasından ötrü ya neftin qiyməti əvvəlki kimi 100 dolların ətrafına qalxmalı, ya da ki, qısa, orta və üzunmüddətli dövr üçün bir-birini tamamlayan tədbirlər proqramı hazırlayıb həyata keçirmək lazımdır. Təcrübə göstərdi ki, birinci yol asan gəlir götürmək baxımından cazibədar olsa da, müvəqəqti və perspektivsiz yoldur. İkinci yol isə çoxlu əmək tələb edən perpektivli yoldur. İqtisadi inkişafın neftin üstün mövqeyinə əsaslanan modelindən insan kapitalına və yüksək texnologiya və inteqrasiya imkanlarından səmərəli istifadəyə əsaslanan innovasiyalı inkişaf modelinə keçilməlidir. Həmin modelə əsaslanan fəaliyyət proqramında qısa, orta və uzun müddətə səmərə verən tədbirlərin optimal kombinasiyası öz əksini tapmalıdır. 

Bu, çox uzum məsələdir. Ona görə də kəsəsi deyim ki, qısa müddətə səmərə verən tədbirlərin içərisində 21 fevral tarixlı şok devalvasiyanın mənfi nəticələrinin aradan qaldırılması və müsbət tərəfindən yararlanma, eləcə də növbəti şok devalvasiyaya yol verməmək, orta müddətə səmərə verən tədbirlər arasında neftdənkənar istehsal sahələrinin inkişafı, biznesdə və həm də dövlət idarəetmə sistemində səmərəliliyinin artırılması üçün güclü motivasiya yaratmaq, Azərbaycanın neftdən kənar sahələrinə xarici kapitalı cəlb etmək, müasir tələblərə cavab verən rəqabət qabliyyətli məhsul istehsalını artırmaq lazımdır. Həmin proqramda inhisarçılıq, korrupsiya və məmur özbaşınalıqlarına qarşı sistemlı mübarizə ön planda olmalıdır. Azad sahibkarlığın qarşısındakı bütün maneələrin aradan qaldırılması, əlverişli şərtlərlə kredit və vergi güzəştləri və digər güzəştlər verilməsi yolu ilə azad sahibkarlığa geniş meydan verilməlidir. Uzun müddətə səmərə verən tədbirlərin içərisində isə iri layihələrin sayını azaldaraq əsas gücü təhsilin və elmin inkişafına vermək məsələləri prioritet təşkil etməlidir. Təhsilə sərmayəni gücləndirmək, onun keyfiyyətini və rəqabət qabiliyyətini artırmaq Azərbaycanı davamlı inkişafa və potensialımıza layiq sosial tərəqqiyə aparan ən optimal yoldur. Azərbaycanın insan, intellektual, resurs potensialı və geopolotik mövqeyi bu sahədə uğur qazanan ölkələrin sırasına keçmyə imkan verir.

Elşad PAŞASOY
FOTO: “YM”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR