İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfv xəbərləri təsdiqini tapmaqdadır

1216 17.04.2015 09:50 Ölkə A A


May ayında əfv sərəncamının veriləcəyi barədə yayılan xəbərlər öz təsdiqini tapmaqdadır. Avropa Oyunları ərəfəsində imzalanacaq əfvdə bir çox siyasi məhbusların azad olunacağı gözlənilir. Hər halda, hər keçən gün ümidləri artırmaqdadır.

Ekspertlər hesab edirlər ki, Avropa Oyunları ərəfəsində əfv verilsə, ölkəmiz adına müsbət nəticələr verəcək. İqtidar da bu önəmli yarışmaya siyasi məhbuslarla getməyin mənfi tərəflərini yaxşı anlayır. Bütün bu ehtimallar may ayından olan gözləntiləri artırır. 
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, Avropa Oyunları ərəfəsində siyasi məhbuslar problemi yarışmaya ciddi xələl gətirə bilər: “Əfv olacağını gözləyirəm. Açığı deyim ki, məndə olan məlumata görə, belə bir əfv hazırlanır. İqtidar daha çox öz imicindən narahatdır. 


Siyasi məhbus problemi beynəlxalq medianın gündəmində ola bilir - oyunlar zamanı. Ölkəmizdəki siyasi məhbus problemi yarışmaya xələl gətirə bilər. İqtidar bundan narahatdır. Hesab edirəm ki, əsassız deyil. Məndə olan məlumata görə, beynəlxalq medialar bu məsələyə böyük önəm verir. Bununla bağlı kifayət qədər mövzu, reportajlar olacaq. Bu qaçılmazdır və oyunların başlanması ərəfəsində baş verə, xaricilərin sayına ciddi təsir edə bilər. Necə ki, ”Eurovision" vaxtı bu, baş verdi. Turistlərin sayı da azala bilər. Maraq kəskin aşağı düşər, ölkə tənqidlərlə üzləşər. Bunlar real vəziyyətdir. Son dövrlərdə biz artıq təpkilərin şahidi oluruq. Bunlar güclənə bilər və ölkəmiz üçün yaxşı heç nə vəd etmir".

Qeyd edək ki, əfv olarsa, Leyla Yunus, Arif Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov, Xədicə İsmayıl kimi məhbusların azadlığa buraxılması mümkünsüz görünür. Çünki bu şəxslərin hələ ya məhkəmələri, ya da istintaqları gedir.

Mehman Əliyev bu məsələyə də toxundu: “Qeyd etdiyiniz şəxslərin Avropa Oyunları zamanı həbsdə olması təbii ki, mənfi təsir edəcək. Yaxşı olardı ki, bu problemlər sıfır vəziyyətə gətirilsin. Bütövlükdə hazırda ölkədə durum qənaətbəxş deyil. İqtidarın əsas mövzusu iqtisadiyyatdır. Çünki biz artıq böhrana qədəm qoymuşuq. Böhran getdikcə dərinləşəcək, uzunmüddətli olacağı gözlənilir. Xüsusi addımlar atılmalıdır. İqtisadi islahatlar, siyasi islahatlardan yan keçə bilməz”.

“Turan” rəhbəri may ayından olan gözləntilərindən də danışdı: “Məhbusların bir hissəsi buraxılacaq. Yeni bir kursun, siyasətin elan edilməsi ilə, bu problem həll oluna bilər. Biz artıq xeyli vaxt itirmişik. Açığı deyim, 10 il itirmişik. 2004-cü ildən başlayan siyasət uğurla nəticələnmədi. Yenidən hər şeyi başlamaq lazımdır. Buna imkan var. İnanmıram ki, hazırda hakimiyyət buna hazırdır. Onsuz da buna gedəcəklər. Məncə, bu ilin ortalarında islahatlar başlayacaq. Avropa Oyunları ərəfəsində sülh elan etmək olar. Bu kifayət qədər gözəl zəmindir”.


Hüquq müdafiəçisi, deputat Çingiz Qənizadə əfv barədə xəbərsiz olduğunu söylədi: “Əfv sərəncamı prezidentin hüququdur. Mən, sadəcə, hüquq müdafiəçisi kimi müraciət edə bilərəm. Belə bir əfvi biz də arzulayırıq. Amma hər şeyin parlamentə çıxarılması düzgün deyil. Bununla prezidentin qanuni hüququna təzyiq etmiş oluruq. Mən Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupundayam. Zaman-zaman Əfv Komissiyasına müraciətlərimiz olub. Əgər may ayında cənab prezident belə bir addım atarsa, siyahıda kimin olmasından asılı olmayaraq, dəstəkləyəcəyik. Çünki hüquq müdafiəçisi ölkədə adı hallanan 5-10 nəfərin hüququ ilə məşğul deyil. Əfv edilən 50-100 məhbus da Azərbaycan vətəndaşıdır. Kiməsə azadlıq bəxş edilirsə, alqışlamalıyıq”.

Cavanşir ABBASLI


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR