İnsanlara hürriyət, millətlərə istiqlal!

“DİLƏNMƏK BİZİMKİLƏRİN QANINDA VAR”

3389 29.06.2011 09:48 Ölkə A A

Taborlardan evlərə...

Öncədən deyək ki, onları tapıb danışdırmaqda xeyli çətinlik çəkdik. Rayonda “Mesprom” kimi tanınan, amma rəsmi sənədlərdə Qapıçay kimi qeyd olunan qaraçı məskənində tamam başqa mənzərə ilə qarşılaşdıq. Yolda onların taborlarda yaşadıqlarını, özlərinə məxsus ənənələrini gözümüzün qarşısında canlandırdıq. Kəndə çatanda isə gördük ki, qaraçılar taborlarda yox, evlərdə yaşamağa başlayıblar. Bu qaraçılar “Mesprom”a 1950-ci illərdən sonra köçüblər. Onların köçü sovet dönəminə təsadüf etdiyindən hökumət hər birinə ev də tikib verib. Hətta evlərin divarına vurulan dəmir möhürün üstündə paslanmış SSRİ sözünü də oxumaq olur. Kəndin ağsaqqalını soruşuruq. Yad adam olduğumuzdan bizə heç nə demirlər.
Bu qaraçı kəndində bir nəfər də Kəlbəcər qaçqını yaşayır. Almaz xala qovhaqovda bura köçüb və Şəkidən Rəhim adlı şəxslə evlənib burada yaşamağa başlayıblar. Almaz xala deyir ki, qaraçı qonşuları onlara “göz verib-işıq vermir”. Hətta bir neçə dəfə kənddən köçmək də istəyiblər: “Bir dəfə toyuq-cücəyə azar düşmüşdü. Qaraçılar öz hinlərində ölən üç hinduşkasını gətirib həyətimə atdılar. Polis çağırıb dedilər ki, hinduşkalarını mən öldürmüşəm. Üç hinduşkamı alıb apardılar”.
Bu kənddə “qaraçı ovu”muz boşa çıxır. Üz tuturuq Güllük kəndinin Qaraçıoba adlanan ərazisinə. Bir tərəfdən reportaj planımızın alınmaması, digər tərəfdən havanın istisi əsəblərimiz gərmişdi. Bakıdan Qaxa qədər yol gələsən, bir qaraçını danışdıra bilməyəsən...
Yolda bu ərazilərdə yaşayan qaraçıların “başbilənini” soruşuruq. Kənd sakinləri dedilər ki, onların ağsaqqalı Əlican adlı şəxsdir. Yolda qarşımıza çıxan balaca qaraçı uşaqlarından Əlican kişinin evini soruşuruq. Bir-birinin üzünə baxıb “tanımırıq” dedilər. Bələdçimiz “Ayə, səni gündə bazarda görürəm, necə yəni tanımırsan” deyəndən sonra “maşını sol tərəfə sürün” dedilər. Yüz metr gedəndən sonra qarşımıza ikimərtəbəli, eyvanına çanaq antenna quraşdırılan ev çıxır. “Bu ev olacaq” deyib qapını döyürük. Evin pəncərəsindən içəridə cüssəli adam görünür. Ev yiyəsi səsimizə çölə çıxır. Qarşımızda boyu iki metrə çatan, cüssəli, saçlarının yarıdan çoxu ağarmış, film qəhrəmanına bənzəyən bir kişi çıxır. Bu bizim axtardığımız Əlican kişidir.
Məramımızı biləndə “Xoş gəlmisiniz, keçin əyləşin” dedi. Həyat yoldaşı Nazlını səsləyərək öz dillərində nə isə danışdılar. Həyətdə balaca qarabəniz uşaqlar o yan-bu yana qaçışır. İçlərində iki ağbəniz uşaq diqqətimizi cəlb edir. Sonradan öyrəndik ki, Əlican kişi oğluna azərbaycanlı qız alıb. Bu ağbəniz uşaqlar da onun nəvələridir. Qarajda “Jiquli” markalı maşını görüb sakitcə bələdçimizə “Deyəsən elə də pis yaşamırlar” deyirəm.

Pakistandan İrana, oradan Azərbaycana

Müsahibimiz Əlican Gəncəliyevin ailəsi 20 ildir Güllük kəndində məskunlaşıblar. Rayon ərazisində onlara qaraçı deyirlər. Ə.Gəncəliyev isə deyir ki, bu belə deyil. Dediyinə görə, milliyyətcə parsdırlar (fars əsilli xalq-L.İ )və vaxtilə əcdadları Pakistandan İrana sürgün olunublar. Bir müddət Gəncədə, daha sonra isə köçüb Güllük kəndində məskunlaşıblar. Dediyinə görə, soyadlarının Gəncəliyev olması ulu babalarının Gəncədə yaşaması ilə əlaqələndirdi: “Əvvəlki soyadımızı bilmirik”. Əlican kişi əvvəllər Balakən rayonunun Hənifə kəndində yaşadıqlarını söylədi. Müsahibimiz onu da deyir ki, soyadlarını dəyişməsəydilər Azərbaycanda yaşaya bilməzdilər: “Mən Azərbaycanda doğulmuşam. Bizim millət yerli əhali ilə qaynayıb-qarışıb. Azərbaycanlılar xeyri-şəri necə yola verirlərsə, biz də elə. Elçiliyə gedib, qız verib, qız alırıq. Oğluma da sizin (azərbaycanlı-L.İ) qızlardan birini almışam. Kimsə kimisə sevib evlənmək istəyirsə, nə problem ola bilər ki? Allah bəxtini versin”.
Ə.Gəncəliyevin mobil telefonuna gələn zəng söhbətimizi yarımçıq kəsir. Öz dillərində kiminləsə danışmağa başlayır.
Müsahibimiz daha sonra söhbətinə davam edir. Deyir ki, Güllük kəndinin bu hissəsində 20-dək pars ailəsi yaşayır. Öz aralarında əsasən parsca danışırlar. Amma azərbaycan dilində də səlis danışmağı bacarırlar. Azərbaycan ərazisində yaşayan azsaylı xalqlardan olduqlarını deyir. Uşaqlarına məktəbdə azərbaycan dillində dərs keçirlər. Kənddə öz isə öz dillərində məktəb yoxdur.
Ə.Gəncəliyev Zaqatalada, Balakəndə və Şəkidə xeyli sayda pars yaşadığını bildirdi.

“1969-cu ilə qədər bizi hərbi xidmətə çağırmayıblar”

Ə.Gəncəliyevin üç oğlu var. Böyük oğlu İlhamın üç qızı olduğunu deyir. Ortancıl oğlu İlqarın neçə uşağı olduğunu isə xatırlamır nədənsə. Çardağın altında bizim üçün çay hazırlayan həyat yoldaşı Nazlıya tərəf dönüb “İlqarın neçə uşağı var, a?” deyir. Nazlı xanım da çaşıb o biri oğlunun övladlarının sayını deyir. Qışqıraraq “İlqarınkıları soruşuram, ay müsəlman” deyir. Sonra da “hə, onun beş uşağı var” söyləyir: “Oğlanlarım məndən ayrı yaşayır. Amma nəvələrim hər gün mənim evimə yığılırlar”.
Ə.Gəncəliyev ehtiyacdan, pis gün-güzarandan gileylənir: “Burda dolanışıq yaxşı deyil. Beş hektar torpaq var. Bomboşdur. Becərmək üçün subsidiya da ala bilmirik. Nə edəsən? Uşaqlar Bakıda dəmir-dümür satmaqla dolanırlar”.
“Biz də Novruz bayramı keçiririk. Amma uşaqlar Novruz bayramının əsas qəhrəmanları olan kosa ilə keçəli ləğv ediblər”.
Ə.Gəncəliyev Qurban bayramını da təntənə ilə qeyd etdiklərini deyir: “Dədə-baba mahnılarımızı da qoca arvadlar oxuya bilirlər. Biz oxuya bilmirik. Mənim daha çox lirik, ürəyəyatan mahnılar xoşuma gəlir”.
Ə.Gəncəliyev deyir ki, 1969-cu ilə qədər onları hərbi xidmətə də çağırmayıblar: “Həmin ildən sonra bizim milləti də əsgər aparmağa başladılar. Əsgərlikdə olan, bu gün-sabah qayıdası uşaqlar var”.

“Bələdiyyə 40 şirvanımızı aldı, amma bizə yol çəkmədi”

Ə.Gəncəliyev Güllük kənd bələdiyyəsindən şikayət etdi: “Bələdiyyə bizim evimizi yıxdı. Onlar bizim problemlərimizi heç veclərinə də almırlar. İki il əvvəl cibimizdən 40 şirvan pul verdik ki, yolumuzu düzəltsinlər. Pulumuzu alıb özünə sərf etdi. Qış aylarında bizim yol keçilməz olur. Məcbur olub yolu özümüz düzəltdirdik. Özüm bu yollara 21 maşın qum-çınqıl tökdürmüşəm”.
Nazlı xanım söhbətə qarışıb deyir ki, anası rəhmətə gedəndə yollar elə bərbad vəziyyətdə olub ki, yasa gəlmək istəyənlər yarı yoldan geri qayıdıblar.
Əlican kişi isə dedi ki, 20 ailədən bir nəfər də bələdiyyə üzvü seçilməyib: “Seçilmək bir yana, heç bələdiyyə üzvlüyünə namizədliyimizi də verə bilmirik. Bir dəfə bizim millət dedi ki, mən namizədliyimi verim. Sizinkilər əllərinin arxası ilə ”Get burdan" dedilər. Amma bizdən də bir nəfər bələdiyyə üzvü olsa pis olmaz. Bizi çox sıxırlar. Hakimiyyət nümayəndələri bizə qarşı ayrı-seçkilik salırlar. Bunlar “nemetsdirlər”, “nemets”! Bizimkilərdən nə isə lazım olanda məni göstərirlər. Amma əslində mən heç kiməm".

“Seçkidə bizə deyirlər filankəsə səs verməlisən”

Ə.Gəncəliyev seçki saxtakarlığından da danışdı: “Seçkilərdə sizin namizədlər mənim yanıma gəlirlər. Səs istəyirlər. Deyirlər ki, bu iyirmi ev sənlikdi. Yığ gətir səsverməyə. Mən də bu camaatdan xahiş edirəm, deyirəm qurban olum gedin bu adama səs verin”.
Bir az susandan sonra isə deyir ki, azərbaycanlı qonşuları ilə yaxşı yola gedirlər: “Bir problemimiz yoxdur. Salam verib, salam alırıq”.
Sonra yenə bələdiyyə seçkilərindən danışır: “Bizdən də bir bələdiyyə üzvü olsa köməklik olar da. İyirmi ailə burda, xeyli sayda ailə də "Mespromda" yaşayır".
Gəncəliyevlər ailəsi normal yaşayış üçün az-çox şərait də qurublar. Həyətdə su quyusu qazıb, çörək bişirmək üçün kərpiclərdən kürə də hörüblər.

“İşıq dirəklərimiz qəzalı vəziyyətdədir”

Nazı xanım deyir ki, işıq dirəkləri qəzalı vəziyyətdədir: “Bir dəfə möhkəm külək əssə, işıq dirəkləri aşacaq. Elə vaxt olub ki, həftələrlə işıq üzünə həsrət qalmışıq. Kimə deyirik xeyri yoxdur. Burda bizim sözümüz keçmir. Amma işıq pulunu elə tez alırlar ki...”

“Uşaqlarımızın oxumasını istəyirik”

N.Gəncəliyeva orta məktəblərdə uşaqlara yaxşı təhsil verilmədiyini dedi. Bildirdi ki, ali məktəbdə oxuyan uşaqları olmasa da, nəsillərindən kiminsə oxumağını istəyirlər: “Uşaqların oxumağa marağı var. Amma o qədər pul tələb edəndə uşaqlar əlbəttə ki, oxumağa getməz. Qızlar 8-ci sinfə qədər oxuyurlar. Mən nəvələrimin də təhsil almasını arzu edirəm. Kim bunu istəməz? İbtidai sinifdə uşaqlara yazmağı güclə öyrədirlər. Uşaq bir ay məktəbə gedir, bir hərif yaza bilmir. Amma pul almağa qapımıza elə gəlirlər ki. Bizdə də maddi vəziyyət elə də yaxşı deyil. Elə olur qoz-fındıq az gətirir. Onlara xəzəlmi süpürüm verim pul yerinə? Biz yox, sizin müəllimlər dilənirlər”.
N.Gəncliyeva isə deyir yol, işıq məsələsinə görə bələdiyyə sədri İlqar başlarına olmazın oyunlar açıb: “Gedib icra hakimiyyətinə şikayət də edə bilərdik. Amma bir kənddə yaşayırıq. Qanıqaralıq olacaqdı. Həmin 40 şirvanı beş-altı nəfərin yanında vermişik. Onlar da şahiddirlər. İlqar deyə bilməz ki, biz yol üçün ona pul verməmişik”.
Ə.Gəncəliyev dilənməklərindən də danışdı: “Dilənmək bizimkilərdə adət deyil. Millətimiz sürgün illərində ac qalmamaq üçün dilənməyə məcbur olub. Bu vərdiş bir sıra ailələrdə qalıb. Mənim ailəm dilənmir. Gedirik Zaqatala avtobuslarının yanında "milislər" deyir ki, ay qardaş bu nədi? Adam utanır. Beş nəfər yaxşı oğlan var. Onların yanında da biabır olursan. Məni görəndə qaçırlar. Məni utandıran budur. Hətta şayiələr gəzir ki, dilənməyənə qız vermirlər. Ağ yalandı".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR