İnsanlara hürriyət, millətlərə istiqlal!

Cavid Qurbanovun yeni təyinatının milyardlıq sirri

18232 13.02.2015 08:52 Ölkə A A

Bu haqda “Yeni Müsavat”a verilən məlumata görə, Dəmiryol İdarəsinin keçmiş rəisi Arif Əsgərov Ziya Məmmədova daha yaxın kadr hesab edilirdi. Onun nazir müavini təyin olunması, yerinə isə Cavid Qurbanovu rəis gətirilməsi dəmir yolunda korrupsiya faktlarının təftişini aktuallaşdıra bilər. Ziya Məmmədovun zəiflədilməsi və mərhələli şəkildə resurslarının əlindən alınması üçün bu planın da projenin tərkib hissəsi olduğu deyilir. Belə ki, Qurbanovla qeyri-rəsmi münasibətləri ürəkaçan olmayan nəqliyyat şefinin dəmir yolundakı maxinasiyaların ortaya çıxması ilə mövqeyi laxlaya bilər.

Nazirlə baş dəmiryolçu arasındakı gərginlik artıq klanlararası savaşa çevrilib. Şərti olaraq “Bakı qrupu”na daxil olan Cavid Qurbanovla Ziya Məmmədov uzun müddətdir mövqelər uğrunda qarşıdurmadadır. Bu toqquşmaların qızışdığı ərəfədə “Azəryolservis” ASC-nin sabiq rəhbərinin dəmiryol sektoruna gətirilməsinin münaqişəni yeni fazada alovlandıracağı istisna deyil. 

Məsələ ondadır ki, dəmiryol sektorundakı büdcə yeyintiləri, xərclərin qeyri-şəffaf istifadəsi ictimailəşdirilərsə, o zaman Ziya Məmmədov üçün “əcəl zəngi” çalınmasına hissə-hissə yön alındığını iddia etmək olar. 

#a#

Qeyd edək ki, son 2007-2014-cü illərdə dövlət büdcəsindən dəmir yolu təsərrüfatına 800 milyon manata yaxın vəsait ayrılsa da, infrastrukturun, texnikanın bu cür bərbad durumda olması irimiqyaslı korrupsiyanın təzahüründən başqa bir şey deyil. Belə məlum olur ki, ölkəyə daxil olan böyük neft gəlirlərinə, üstəlik, dəmiryol sektorunun kifayət qədər rentabelli olmasına baxmayaraq, dəmiryol relslərinə xidmət istiqamətində heç bir iş görülməyib. Ötən il Latviya mediasında gedən məlumata görə, Azərbaycanın xaricdən aldığı vaqon və elektrovozlar Latviyanın istismar müddətini başa vurmuş “metallom”luq texnikasıdır.
2012-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov “Azərbaycanda dəmir yolu nəqliyyatı sisteminin bütün sahələrinin müasirləşdirilməsi” haqqında əmr imzalayıb. Əmrə əsasən, vaqon-lokomotiv parkı tam yenilənməli, hərəkətin idarə edilməsi üçün müasir avadanlıqlar alınmalıdır. Ancaq Əsgərov Latviyadan alınan “metallom”luq vaqon və elektrovozları müasir texnika kimi sənədləşdirib. 

Onu da qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə təkcə dövlət büdcəsi hesabına yox, həm də xarici mənbələr hesabına iri həcmli investisiyalar yatırılır. Məsələn, Çexiyanın ixrac bankından Bakı-Böyük Kəsik marşrutu üzrə dəmir yolunun 317 kilometrlik hissəsinin əsaslı yenidən qurulması üçün 215 milyon avro kredit alınıb. Dəmir yollarının yenidən qurulmasına dair dövlət proqramının ilkin maliyyə dəyəri 2 milyard dollardır. 


Bu qədər investisiyalara baxmayaraq korrupsiya Azərbaycanın dəmir yolunu çökdürüb. Sovet vaxtından qalma vaqonlar təmir edilməklə yeni vaqon kimi qeydiyyata alınıb. Üfunət qoxuyan köhnə vaqonlar, lokomotivlər, normal xidmət göstərilməyən relslər ciddi təhlükə mənbəyi olaraq qalır. Sovet dövründə ən sərfəli və rahat nəqliyyat növü sayılan dəmir yolu indi böhran dövrünü yaşayır. Dəmir yolunda böhran dərinləşdikcə isə Arif Əsgərovun biznesi daha da çiçəklənir, onun villalarının, özəl biznes strukturlarının sayının artması ilə bağlı məlumatlar intensivləşirdi.

E.SALAMOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR