İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıxanovdakı söküntü ayrı-seçkiliyi sakinləri ayağa qaldırıb

2516 10.01.2017 08:05 Ölkə A A

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində sökhasök başlanıb. Bu barədə “Yeni Müsavat”a  qəsəbənin Ruhulla Axundov küçəsində yerləşən 15-ci binanın sakinləri məlumat verib. Onların sözlərinə görə, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) binaların həyətində qanunsuz və özbaşına zəbt edilmiş tikintiləri, bağ-bağçaları sökdürməyə start verib.

 R.Axundov küçəsində yerləşən 15-ci binanın həyətində isə bir bağ olduğu kimi saxlanıb. Sakinlər deyirlər ki, sökülən digər bağlar kimi sözügedən tikili də qanunsuz inşa edilib. Amma onun sahibi güclü çıxıb və özü ayrı binada yaşasa da, sözügedən ünvandakı baxçasının sökülməsinə mane olub.  Binada yaşayan 30 sakin yazılı müraciətində bildirib ki, Sabunçu rayon icra başçısı Adil Vəliyevə və Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə rəsmi şəkildə müraciət edilib. 

Məktubda deyilir ki, SOCAR-ın tabeliyində fəaliyyət göstərən “Azəriqaz” İstehsalat Birliyinin Bəhram adlı işçisinə aid olan həmin bağça indiyə qədər sökülməyib. Bu da binada yaşayan sakinlər tərəfindən narazılıqla qarşılanıb. Onların sözlərinə görə, Sabunçu RİH-ə ünvanlanan məktub icra başçısının müavini Gülağa müəllimdədir. Ancaq tikinti ilə bağlı dəyişiklik yoxdur.

Sakinlər “Yeni Müsavat” vasitəsilə bildirirlər ki, Bəhram adlı şəxsə rayon icra hakimiyyəti tərəfindən “dur” deyən yoxdur.

“Onun bağçası qanunsuzdur və buna hələ də göz yumulur. Öz vəzifəsindən və əlaqələrindən sui-istifadə edərək yaşadığımız binanın həyətində bağça salıb. Bizim bağçalar sökülüb və o zaman heç kim etiraz etmədi. Amma Bəhram yaşamadığı binanın həyətində bağçasını restorana çevirib. Bu məhlədən ailə-uşaq keçir, həyətində yaşlı adamlar oturur. Gah manqal qoyub kabab çəkirlər, gah içki içirlər, səsləri də göyə qalxır. Hər həftəsonu bu baxça onların oylağına çevrilir. 

Niyə bizim bağçaları söküb, bunu görməzdən gəliblərb aydın deyil. Bəhram hansısa JEK müdirinə ya hansısa səlahiyyətli icra nümayəndəsinə “hörmət” etməklə baxçasının sökülməsini saxladıb. İndi də burda tikinti gedir. Biz Adil müəllimdən xahiş edirik ki, məsələyə müdaxilə olunsun"-deyə sakinlər qeyd ediblər.

E.HÜSEYNOV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR