İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının kələ-kötür yollarında mənimsənilən milyonlar...

2497 28.04.2015 19:35 Ölkə A A
İlqar Hüseynov: “Asfalt örtüklərinin tez-tez aşınması, keyfiyyətsiz vurulması, yollarda vaxtaşırı təmir-bərpa işlərinin aparılması dövlət əmlakını mənimsəmək niyyətində olan məmurlara əlverişli şərait yaradır”

Qadir İbrahimli: “Azərbaycanda yol infrastrukturu çox təşkilatlanmış bir korrupsiya setidir”

Paytaxt Bakıda yollar bərbad vəziyyətdədir. Şəhərin istənilən nöqtəsindən mərkəzə gəlmək üçün çala-çuxurlu yollardan keçməli olursan. Digər tərəfdən ilboyu yollarda təmir-bərpa işləri aparılır, büdcədən milyonlarla manat vəsait bu sahəyə ayrılır. 

Təəssüf ki, bu problem uzun illərdən bəri müzakirə olunsa da, həllini tapmır. Yollarda dərin yarğanların olması avtomobillərin hərəkətinə də mane olur. Hərəkətin intensiv olduğu yollarda bu cür çalalar avtomobillərin sürətini azaltmasına və yolda tıxacların artmasına gətirib çıxarır. Bakının elə bir rayonunu misal çəkmək mümkün deyil ki, yol infrastrukturu ilə bağlı problem orada mövcud olmasın. 

Bəs, görəsən ildə bir neçə dəfə yenilənən paytaxt yollarının hələ də “ağ günə çıxmamasının” səbəbləri nədir?


Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynov musavat.com-a açıqlamasında bildirdi ki, problemin səbəblərini bir neçə istiqamət üzrə araşdırmaq lazımdır: “Burada bir neçə faktor üzərində dayanmaq olar. Problemin kökündə duran səbəblərdən biri şəhərsalma məsələsidir. Şəhər infrastrukturu qurularkən bütün proseslər başa çatdıqdan sonra ən sonda asfalt örtüyünün vurulması məsələsi həllini tapmalıdır. Ancaq çox təəssüflər olsun ki, bizdə bu, öncədən planlaşdırılmış şəkildə həyata keçirilmir. Yeni çəkilmiş bir asfalt örtüyünü bir müddət sonra qazırlar, başqa bir  infrastruktur layihəsinin icrasına başlayırlar. Bir müddət sonra həmin ərazidə lazımi texnoloji qaydalar gözlənilmədən, keyfiyyətsiz materiallardan istifadə olunmaqla, asfalt örtüyü bərpa olunur. Bu, nəticə etibarilə asfalt örtüyünün tez-tez korlanmasına gətirib çıxarır”. 

Ekspertin sözlərinə görə, ağırtonajlı maşınlar da yolların tez-tez dağılmasına səbəb olan əsas faktordur: “Azərbaycanda ağırtonnajlı yük maşınlarının yük daşıma normalarına ciddi şəkildə diqqət ayrılmır. Bununla bağlı standartlar var. Yəni, ağırtonnajlı yük maşınları üçün maksimum tonnaj müəyyənləşdirilib və əgər bundan artıq yük götürərsə, bu, yolların korlanmasına və vaxtından əvvəl istismara yararsız vəziyyətə düşməsinə gətirib çıxarır. Dünyanın əksər ölkələrində buna xüsusi nəzarət olunur. Xarici ölkələrdə şəhər kənarlarında yüklərin boşaldılması üçün yerlər nəzərdə tutulub və şəhərdaxili yolların zədələnməməsi üçün yüklər kiçik hissələrlə daşınır. Bizdə isə bu, baş vermir. Ağır yük daşıyan nəqliyyat vasitələri lazım olan obyektə gəlmək üçün şəhərin yollarından istifadə edirlər. Bu da çox ciddi problemlər yaradır”. 

İlqar Hüseynovun sözlərinə görə, korrupsiya və yeyinti faktlarının olması da keyfiyyətli yol infrastrukturunun yaradılmasına əngəl olur: “Başqa bir səbəb isə odur ki, asfalt örtüyünün hazırlanması zamanı tələblərə riayət olunmur. İstər onun tərkibinə qatılan çınqıl daşları, istərsə də bu materialların asfalt zavodlarında bişirilmə texnologiyaları standartlara uyğun olmur. Normal asfalt örtüyünün hazırlanması üçün lazım olan materialların qiyməti baha olduğundan Bakı yollarına daha çox doğranmış çınqıl qatılır, bu da yolun keyfiyyətini azaldır, yolun tez dağılmasına səbəb olur. Bu məsələdə korrupsiya amili də ciddi faktordur. Asfalt örtüklərinin tez-tez aşınması, keyfiyyətsiz vurulması, yollarda vaxtaşırı təmir-bərpa işlərinin aparılması dövlət əmlakını mənimsəmək niyyətində olan məmurlara əlverişli şərait yaradır. Bu səbəbdən müvafiq sahənin məmurları tez-tez yollarda təmir işləri aparmaqda maraqlıdırlar. Qısa bir müddət öncə istismara verilən Bakı dairəvi yolu yenidən təmir adı ilə vətəndaşların üzünə bağlanıb. 

Burada sual yaranır ki, 25-30 il istismar müddəti üçün nəzərdə tutulan yolların asfalt örtüyünün bu qədər tez zamanda dağıdılması hansı səbəblərdən doğur. Azərbaycanda yol infrastrukturunun qurulması ilə bağlı bu kimi problemlər mövcuddur. Bundan əlavə yol üzərində piyada keçidlərini, yol ayrıclarını göstərən işarələr də keyfiyyətsiz boyalarla boyanır, tez-tez pozulan bu işarələri dəfələrlə təkrar çəkmək lazım olur ki, burada da yeyinti faktları meydana çıxır. 

Başqa bir problem isə odur ki, Bakı şəhərinin küçələrində qurunt sularının axıdılması üçün infrastruktur qurulmayıb, əvvəldən qoyulmuş “lyük”ların həcmi kiçildilib, su axıtma qabiliyyəti çox aşağı səviyyədədir. Nəticə etibarilə asfalt örtüyü üzərində yığılan sular qabarmalara və çökəlmələrə səbəb olur ki, bu da yol infrastrukturunun dağılması ilə nəticələnir”. 


İqtisadçı ekspert Qadir İbrahimli də bu sahədə yeyintilərin olduğunu vurğuladı və bildirdi ki, yol infrastrukturuna ayrılan vəsaitlərin mənimsənilməsi problemin başlıca səbəblərindən biridir: “Dövlət büdcəsi hesabına yolların təmir edilməsi üçün son illərdə 1 milyard manata yaxın vəsait ayrılıb. Beynəlxalq maliyyə təsisatlarından da Azərbaycanda yolların tikintisi üçün vəsait ayrılır. Orta hesabla götürsək, Azərbaycanda hər il üçün 1,5 milyardlıq yol büdcəsi olur. Ancaq təbii ki, həmin vəsait səmərəli xərclənmədiyi üçün Azərbaycanda yol problemi hələ də həllini tapmayıb. Bu vəsaitlərin ən önəmli qismi “Azəryolservis”ə ayrılır ki, əsas magistral yolların təmir və tikintisini həyata keçirsin. Bir qismi də Bakı Şəhər İcra Hakimiyyəti xətti ilə yerli icra hakimiyyətlərinə ayrılır ki, məhəllədaxili yolları düzəltsinlər. “Azəryolservis” ASC bu işi tenderdə qalib gələn tikinti şirkətləri vasitəsilə həyata keçirməlidir. Azərbaycanda tender formal xarakter daşıyır və qaliblər də çox zaman öncədən bəlli olur. Tenderin fəlsəfəsi isə odur ki, eyni işi hansı şirkət daha az məsrəflə, daha yüksək keyfiyyətlə həyata keçirə bilər. Bu işin bütün mərhələlərində yeyinti halları baş verir. Hər hansı yolun təmiri ilə bağlı vəsait ayrılırsa, ortaya şişirdilmiş rəqəmlər çıxır. Bir müddət sonra həmin yol yenidən təmirə bağlanır və əlavə vəsaitlər mənimsənilir. Digər tərəfdən, Azərbaycanda yol infrastrukturu çox təşkilatlanmış bir korrupsiya setidir. Bu da imkan vermir ki, ölkədə yolları normal vəziyyətdə saxlamaq mümkün olsun”. 

Nərgiz Liftiyeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR