İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azadlıq-2015" bloku ölkənin siyasi rəhbərliyinə müraciət edib

1127 28.02.2015 08:30 Ölkə A A

8 müxalifət partiyasının təmsil olunduğu “Azadlıq-2015" seçki bloku bunu nəzərə alıb Əli Həsənovla növbəti görüşün bir qədər tezləşdirilməsi ilə bağlı müraciət edə bilərmi, belə bir zərurət varmı?

Bu sualla müraciət etdiyimiz “Azadlıq-2015" seçki blokundakı Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirdi ki, ”Azadlıq -2015" seçki bloku siyasi şurasının iki gün əvvəlki iclasında manatın kəskin devalvasiyası ilə bağlı yaranmış sosial-siyasi vəziyyət geniş müzakirə olunub. Böhran kimi xarakterizə edilən bu situasiyanın tendensiya olaraq pessimist ssenari ilə inkişaf edəcəyi ümumiləşdirilmiş şəkildə qəbul edilib: 

“Maraqlı ola biləcəyini sayaraq, qısaca bu ümumiləşdirmənin əsasında duran tezisləri diqqətə çatdırmaq istəyirəm. Birincisi, bu böhran hələlik ümumdünya böhranı olmayıb regional böhrandır. Məsələn, ABŞ iqtisadiyyatı ən ciddi yüksəliş dövrlərindən birini yaşayır. İkincisi, hazırkı mərhələdə regional böhran olmaqla yanaşı, daha çox neftə bağlı iqtisadiyyatı olan və keçmiş postsovet məkanında qabarıq təzahür edir. Üçüncüsü, açıq-aydın konsporoloji element ilk dəfədir ki, bu qədər nəzərə çarpır və ya nəzərə çarpdırılır. Yəni bir xeyli ekspert - strateqlər təkidlə iddia edirlər ki, burda geopolitik sui-qəsd tərkibi var və guya Rusiyanı, ifrat neft-qaz gəlirlərinə istinad edən cəmiyyətləri çökdürüb dünyanı geopolitik cəhətdən yenidən dizayn etmək planı var və s. Ümumiyyətlə, bu böhranın daha çox iqtisadi, yoxsa geosiyasi böhran olması ətrafında diskussiyalar təsadüfi deyil. Başqa xarakterik əlamətlər də vardır. Lakin hadisələrin pessimist ssenari ilə inkişaf edəcəyini proqnozlaşdırmaq üçün yuxarıdakı əlamətlərlə kifayətlənməyi mümkün hesab edənlər çoxdur. Onların fikrinə görə, böhran iqtisadi cəhətdən regional xarakter daşısa da geopolitik cəhətdən ümumdünya xarakterindədir və məhz axırıncı səbəb hadisələrin gərginliklər, toqquşmalar, sarsıntılar istiqamətində hərəkətini şərtləndirir. Azərbaycan və böhrana cəlb edilən ölkələrin əksəriyyəti isə bu prosesin subyektləri kimi yox, obyekti kimi yer alırlar və bizim üçün ən təhlükəlisi də bundan ibarətdir. Odur ki, Azərbaycan cəmiyyətinin böhranın çağırılarına cavab tapması baxımından hakimiyyət və vətəndaş cəmiyyəti dialoqu daxili siyasət məsələsinin üstündə duran bir fenomen kimi təzahür edir. Daxili siyasət çərçivəsində isə ictimai-siyasi sahə ilə kifayətlənməyib tam əhatəedici olur”.

P.Hüseyn dedi ki, bu baxımdan dəyişikliklər, ardıcıl islahatlarla müşayiət edilən dialoqun əhəmiyyəti manatın devalvasiyası, bahalaşma mövzuları tərəfindən gündəmdən sıxışdırılsa da onun önəmi, əksinə, qat-qat artır: "“Azadlıq - 2015" seçki bloku bu mövqedən çıxış edərək, eyni zamanda  Novruz bayramı ərəfəsi əfv olacağı informasiyaları ilə əlaqədar ölkənin siyasi rəhbərliyi ilə razılaşdırıldığından daha erkən bir təmasın, görüşün, yaxud hansısa bir tədbirin olmasını faydalı hesab edib və bu barədə müvafiq müraciətlər edilməsini məqsədəuyğun sayıb”. 

Onu da qeyd edək ki, Əli Həsənov bir neçə gün öncə ölkə prezidentinin köməkçisi vəzifəsinə irəli çəkildi. Siyasi partiyalar indiyə qədər PA-nın şöbə müdiri ilə görüşürdülərsə, bundan sonra həm də prezidentin köməkçisi ilə görüşməli olacaqlar. Bəs bu məqam növbəti görüşlərin statusunu və əhəmiyyətini artıran məqam sayıla bilərmi?

P.Hüseyn bildirdi ki, son ayların Azərbaycan iqtidarı üçün ən ciddi uğuru icraçı olaraq Əli Həsənov və onun sahəsi ilə bağlıdır: “Fakt ondan ibarətdir ki, ABŞ hakimiyyətinin nümayəndəsi Nulandın Bakıya səfəri zamanı Azərbaycana münasibətin ən mühüm elementi kimi hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoqun mövcudluğu vurğulandı. Politoloji leksikonda vətəndaş cəmiyyətinin ən mühüm spektrlərindən birini siyasi partiyalar təşkil edir. Son dövrdə iqtidarın vətəndaş cəmiyyətinin digər çevrələri ilə yadda qalan elə bir təmasım olmadığından, məncə, Nuland siyasi partiyalarla görüşü nəzərdə tuturdu. Əgər belədirsə, son ayların Azərbaycan iqtidarı üçün ən ciddi uğuru icraçı olaraq Əli Həsənov və onun sahəsi ilə bağlıdır. Hərçənd ki, Əli Həsənov bu görüşləri birbaşa İlham Əliyevin göstərişi ilə həyata keçirdiyini bəyan edib və bunun başqa cür olması da Azərbaycan kimi siyasi sistemlərdə mümkün deyil. Yəni ola bilsin təsadüfən üst-üstə düşüb, lakin görüşlərin ictimai rəydə statusunun qalxması baxımından bu belə qavranıldı. Bilirsiniz ki, müxalifətdə hazırkı mərhələdə Azərbaycanda parlamentli respublika sisteminə keçilməsi ideyası üstünlük təşkil edir. Lakin prezident idarəçiliyi saxlanırsa, o halda onun Amerika modelinin daha optimal olması qənaətindəyəm. Arabanın 5-ci təkəri kimi fəaliyyət göstərən Nazirlər Kabineti, baş nazir kimi institutlar idarəçiliyi ləngidir və siyasi rəhbərlik üçün məsuliyyətdən qaçma funksiyasını yerinə yetirir”.

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR