İnsanlara hürriyət, millətlərə istiqlal!

ATTESTASİYA, YOXSA RÜŞVƏT TƏLƏSİ?

6110 05.01.2011 09:56 Ölkə A A
Sınaq test imtahanlarında öz ixtisasına uyğun olaraq könüllü iştirak etmək istəyən tibb işçiləri yanvarın 10-dək imtahanda öz iştiraklarını təsdiqlətməlidirlər. Səhiyyə Nazirliyindən verilən məlumata görə, imtahanlar ayın 13-ü və 14-də nazirliyin Elmi-Tibbi Kitabxanasının binasında keçiriləcək. İmtahanlar hər ay müxtəlif ixtisaslar üzrə olmaqla ilin sonunadək davam edəcək. Dekabrın 28-də isə gigiyena və plastik cərrahiyyə ixtisasları üzrə keçiriləcək imtahanla həkimlərin sertifikasiyasına yekun vurulacaq.
Qeyd edək ki, 2010-cu ilin dekabr ayında keçirilmiş sınaq imtahanlarına 200-dən çox həkim yazılsa da, onların təxminən yarısı testdə iştirakdan çəkinərək imtahana gəlməyib. Əksər həkimlərin isə rüşvət verərək imtahandan keçdiyi bildirilir. Adının çəkilməsini istəməyən həkimin dediyinə görə, imtahan sualları çox çətin hazırlanıb: “Həkimlərə təqdim edilən testlər heç bir ekspertiza edilməyib. Hazırda həkimlərdən qeyri-qanuni pul yığılması prosesi gedir”.
Nəzərə çatdıraq ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Həkimlərin attestasiya qaydaları”nda hər 5 ildən bir həkimlərin attestasiyadan keçməli olduğu göstərilib. Məqsəd ölkədə tibbi xidmətin keyfiyyətini artırmaqdır. Qərarda göstərilir ki, sertifikasiyadan keçməyən həkimlərin fəaliyyəti dayandırılacaq. Elə buna görə də həkimlərdən pul yığılmağa başlanılıb.
Lakin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova “Yeni Müsavat” açıqlamasında bunun şayiədən başqa bir şey olmadığını söylədi: “Biz istəyirik ki, həkimlərimiz savadlı olsunlar. Həkimlərin əksəriyyəti təkmilləşmə kursunu keçmədikləri üçün müasir müalicələrdən, müasir diaqnostikadan xəbərləri olmur. Ona görə də attestasiyadan keçməyə ehtiyat edirlər. Rüşvət məsələsinə gəlincə, belə şey ola bilməz. Mən bu fikirlərlə razı deyiləm. Hər kəs öz savadı ilə imtahan verib, keçəcək”.
L.Seyidbəyova onu da əlavə etdi ki, savadlı həkim üçün imtahan sualları çətin ola bilməz: “Attestasiyadan keçməkdən qorxan həkimlərin savadı yoxdur. Yaxşı olar ki, oturub kitab oxusunlar”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR