İnsanlara hürriyət, millətlərə istiqlal!

Abid Şərifovun şirkətində müdhiş fırıldaq: həbslər var...

11333 22.08.2015 09:00 Ölkə A A

4 ay ərzində azərbaycanlı fəhlələr Qazaxıstan Miqrasiya Xidməti ilə problemlər yaşamayıblar. Ayda 2 dəfə olmaqla qonşu ölkənin ərazisinə keçib yenidən Qazaxıstana qayıdıblar, işlərini görüb ailələrinə çörəkpulu yollayıblar. Bir neçə gün əvvəl isə məsələnin üstü açılıb və bu ölkənin Miqrasiya Xidməti rəsmi sənədlərdə Qazaxıstana qonaq kimi getmələri göstərilən azərbaycanlılar haqda sərt addımlar atmağa başlayıb. 

Aldığımız məlumata görə, hər gün 10 nəfər olmaqla azərbaycanlı fəhlələri Almatı Vilayət Məhkəməsinə aparıb  Qazaxıstan ərazisində qanunsuz olaraq fəaliyyət göstərdiklərinə görə 1-2 sutka həbsə alırlar. 


Məsələ bu şəkil alandan sonra aydın olub ki, azərbaycanlı fəhlələrin bu dövlətin ərazisində işləmələri üçün icazə vərəqəsinin alınmasına pul ayrılsa da, mənimsənilib. “EVRASCON” ASC-nin daxilində baş vermiş mənimsəmə azərbaycanlı fəhlələrə baha başa gəlib - onlar vaxtaşırı saxlanılırlar. Üstəlik növbəti həbsləri zamanı daha bir neçə sutkalıq həbs artıq türmə həyatı ilə əvəz oluna bilər. 


Hazırda Qazaxıstanda olan “EVRASCON” ASC-nin işçilərdən biri adının çəkilməməsi şərti ilə baş verənlərlə bağlı “Yeni Müsavat” a danışmağa razılaşıb. Deyib ki, etiraz edən fəhlələr şirkətin Almatı filialının rəhbəri Ramiz Tağıyevin sərt təpkisi ilə üzləşir. İşçilər işdən çıxarılmaqla, yol xərci öz hesablarına olmaq şərti ilə Azərbaycana göndərilmək və digər bu kimi sözlərlə hədələnirlər. Belə bir durumla üzləşən azərbaycanlı fəhlələr çıxılmaz durumda qalaraq Qazaxıstan təcridxanasında sutkalıq cəza çəkməyə məcbur olurlar.


Bu şirkət Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan  “Azərkörpü” ASC-dir. Sadəcə adını dəyişib. Yeni adı “EVRASCON” ASC-dir. “Azərkörpü” Bakı şəhərində SSRİ-nin Nəqliyyat Tikintisi Nazirliyi yanında 1968-ci ildə yaradılıb və fəaliyyətə “Körpütikintidəstəsi-100" kimi başlayıb. Bu müddət ərzində müəssisə Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində təcrübə toplayıb. 2001-ci ildə həyata keçirilən özəlləşdirmə nəticəsində şirkət səhmdar cəmiyyət statusunu alıb. Şirkət 5 min 423 nəfərlə müqavilə bağlayıb. Şirkətin baş nazirin müavini Abid Şərifovun patronajlığı altında fəaliyyət göstərməsi barədə məlumatlar var. 

Mövzuya qayıdacağıq.

E.MƏMMƏDƏLİYEV

P.S. Yazıda adı hallanan hər kəsi, o cümlədən “EVRASCON” ASC rəsmilərini də dinləməyə hazırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR