İnsanlara hürriyət, millətlərə istiqlal!

RAMİZ RÖVŞƏNİN OĞLU “VARİS”də

7602 28.03.2012 09:34 Ölkə A A

Bu günə qədər “Varis” heç şair övladını qonaq etməmişdi. Üstəlik, bu qonaq sıradan bir şairin yox, Azərbaycan ədəbiyyatının son 20 ilinə öz möhrünü vurmuş Ramiz Rövşənin oğludursa. Varın söhbətin dadını siz düşünün. Rövşən bəylə martın əvvəlində müsahibə üçün danışdıq, Novruz bayramından sonra söhbətləşmək üçün razılaşdıq.
Bayram bitər-bitməz isə vədini xatırlatmaq üçün növbəti zəng və iş yerində - Bakı Slavyan Universitetində görüşürük. Atası müsahibə qapılarını jurnalistlərin üzünə bağladığı günlərdə oğlu daha səxavətli çıxır və... Söhbətə diqqət edin...

- Sizi necə təqdim edək?

- Rövşən Ramizoğlu...

- Sizin soyadınız Əliyev, atanızınkı isə Rövşəndir. Siz nə əcəb dəyişdirməmisiz?

- Atam 2005-ci ildə dəyişib soyadını. Və Azərbaycanda soyadı Rövşən olan ilk insandır. Amma mən dəyişsəm, Rövşən Rövşən olacağam axı (gülür).

- Ramiz Rövşən təxəllüsünü sizin adınızdan götürüb, siz də ona borclu qalmamısız.

- Mən əslində Rövşən Ramizoğlu imzasını ancaq tərcümələrimdə qoyuram. Amma Ramiz Rövşən əslində təxəllüsünü məndən götürməyib. Onun 1961-ci ildə Rövşən adında qardaşı uşaq vaxtı rəhmətə gedib. Ondan sonra atam onun adını özünə təxəllüs götürüb. Mənsə 80-ci ildə anadan olmuşam, ondan 19 il sonra. O vaxta qədər də təxəllüsü Rövşən idi.

- Müsahibəyə hazırlıq dönəmində sizinlə bağlı internetdə axtarış versəm də, çox az məlumat tapa bildim. Amma diqqətimi cəlb edən bir detal oldu. Ramiz Rövşənlə bağlı bəzi saytlardakı məlumatlarda belə bir cümlə vardı: Ramiz Rövşən tərcüməçi Rövşən Ramizoğlunun atasıdır...

- Onun tarixçəsini sizə danışım da. O məlumat bir çox saytlarda yer alıb. O məlumatların da mənbəyi Vikipedia-dır.

- Aha, Vikipedia-nın Azərbaycandakı təmsilçisi də sizsiniz. Səhv bilmirəm?

- Vikipedia qlobal layihədir. O layihənin Azərbaycan dilindəki idarəçilərindən biriyəm. 2004-cü ildən başlayan bu layihəyə mən 2007-ci ildə qatılmışam. Orda da könüllü istifadəçilər var. Hamı orda qeydiyyatdan keçib, məlumatlar yerləşdirə bilər. Amma Ramiz Rövşənin bioqrafiyasını “zənginləşdirəndə” o dediyiniz məlumatı yazmışdım.

- Ramiz Rövşənin oğlu, yoxsa Rövşən Ramizoğlunun atası - hansı təqdimat daha populyardır sizcə?

- Yəqin ki, məni atama görə tanıyarlar. Çünki Ramiz Rövşənin obrazı çox böyükdür. Bəlkə 500 il, filan, yaşamalıyam ki, ona çatım.

- Bu ad dayaqdır, kölgədir, məsuliyyətdir, yükdür, yoxsa... hamısı?

- Mən universitetdə oxuyanda bu, mənim üçün böyük məsuliyyət idi. Hələ bir adama rast gəlməmişəm ki, Ramiz Rövşən haqda neqativ bir şey desin, ya da aralarında nəsə nifaq olsun. Təbəqəsindən asılı olmayaraq, bu, bütün görüşdüyüm insanların münasibəti üçün keçərlidir. O mənada mənim üçün yük olmayıb. Amma məsuliyyət böyük olub. Diqqət mərkəzindəsən, çalışırsan ki, yaxşı oxuyasan. İşləyəndə, tərcümə edəndə də bunu nəzərə alırsan. Adının məsuliyyəti var.

- Bəs kompleks yaratmayıb?

- Yox, əsla.

- İxtisasca jurnalist olsaz da, bu sahə ilə məşğul deyilsiz. Niyə sevmirsiz bizim sahəni?

- Bir dövr “525-ci qəzet”də işləmişəm, universitetdə oxuduğum illər idi. Mədəniyyətlə bağlı yazılar yazırdım. Amma magistraturadan sonra elm, namizədlik gəldi. Eyni vaxtda həm elm, həm də praktik jurnalistika ilə məşğul olmaq ağır idi. Ona görə elm sahəsinə üstünlük verdim.

- Şair oğlu məmur masasında özünü necə hiss edir?

- Müəllim masası məmur masası deyil axı.

- Siz də bir dövlət məmurusuz axı. Konkret qrafik, iş rejimi... Çərçivələr daxilində, daha az azadlıq. Səhv edirəm?

- Bu, vərdişdən asılıdır. Müəllimliyə təzə başlayanda müəyyən qədər o dediyiniz kompleks vardı. Gedirsən auditoriyaya, 30-40 nəfərə dərs deyirsən, hərəsi bir xarakterdədir. Bunları necə idarə edəcəksən? Bəlkə heç bəzisi ilə evdə ata-anası bacarmır, mən necə bacaracağam? Amma tələbələrim də deyə bilərlər ki, mən onlarla necə münasibət qurmuşam. Müəllimlik insanda xüsusi hiss yaradır - fasilə verəndə sən o auditoriya üçün darıxırsan. O mənada öyrəşirsən. Böyük çərçivə də deyil insanın həyatında. Səhər 9-dan axşam 6-ya qədər dərs demirsən ki. Gündə 2-3 saat dərsin olur. O mənada müəllimliklə məmurluğu eyniləşdirməzdim.

- Bəs atanız sizin seçimlərinizə nə dərəcədə müdaxilə edir, təsir göstərir, fikir bildirir?

- Ciddi şəkildə nəyəsə müdaxilə etdiyi yadıma gəlmir. İxtisası seçəndə, tərcüməçilik edəndə hansısa müdaxiləsi olmayıb. Bizdə belə bir təsəvvür var ki, niyə şairin oğlu şair, yazıçının oğlu yazıçıdır. Mən niyə gəlib tərcüməçi olmuşam? Gözümü açandan kitab, kitabxana görmüşəm, onları oxumuşam. Çəkməçinin oğlu gəlib çəkməçi olanda heç kim təəccüblənmir. Şairin oğlu şair, ya da tərcüməçi olanda isə nəsə təəccüb doğurur. Məsələn, bizim ailədə Yaşar əmim də yazıçıdır, jurnalistdir. Mənim seçimlərimə isə bəlkə də şüuraltı nəsə təsir olub, amma sırf seçim etməyimə təsir etməyib.

- Deyirsiz camaat şairin övladının şair olmasına təəccüb edir. Amma mənim üçün bu, əksinədir. Məsələn, təəccüb edirəm ki, niyə Ramiz Rövşənin oğlu şair deyil? Dinastiya, genlər məsələsi öz sözünü niyə deməyib?

- Mən yazı-pozu ilə məşğul olmağa başlayanda artıq Ramiz Rövşən imzası var idi, şair idi. Yaşar yazıçıdır, oranı zəbt etmişdi (gülür). Qalmışdı tərcüməçilik. Onlarla belə danışdıq ki, bura da mənimdir. Amma indi hər ikisi bu sahəyə müdaxilə edir. Bu, zarafatdır. Amma hesab edirəm ki, şairlik istedadla olan şeydir.

- Doğrudan şeir, hekayə yazmamısız?

- Mən yazmamışam. Tərcümə eləmişəm. 16 yaşdan başlamışam tərcüməyə. Bəlkə də yazıçılığa nə vaxtsa başlaya bilərəm, onun üçün heç zaman gec deyil. Amma şairliyə çətin.

- Atanızın bütün şeirlərini bilirsiniz?

- Mən məktəbə getməmişdən qabaq onun 60 şeirini əzbər bilmişəm. Hərf bilmirdim, amma evdə öyrətmişdilər. 2006-cı ildə “Nəfəs” kitabı çıxanda onu redaktə edirdim. Şeirlərə baxanda görürdüm ki, onların hamısını şüuraltı əzbər bilirəm. Bir də görürsən, hansısa şeiri soruşanda bir bəndini deyirəm, bir bəndi yaddan çıxır. Baş ki, informasiya, dərs, tərcümə ilə çox yüklənir, adam unuda bilir. Amma elə şeir ola bilməz ki, bunun Ramiz Rövşənin olub-olmadığını soruşsunlar, mən bilməyim.

- Bəs onun şeirləri nə zaman dadınıza çatıb?

- İnstitutda oxuyanda hansısa imtahanı verəndə müəllim sualları yüngülvari soruşdu. Sonra da dedi ki, Ramiz Rövşəndən bir şeir de, sənə əla qiymət yazım. Mən də bir şeir dedim, məni əziyyətə salmadan qiymətimi yazdı, getdim (gülür).

- Şəxsi planda, münasibətlər zəminində necə, heç kömək olmayıbmı?

- Əlbəttə olur. İnsanın hər cür əhval-ruhiyyəsində görürsən ki, yada düşür. Beynində fırlanır, yatana qədər yaddan çıxmır.

- Deyirlər, şairin ailəsi onun oxucuları, övladı isə kitablarıdır. Bu, Ramiz Rövşən üçün də keçərli olub?

- Məncə, Ramiz Rövşən bu təsəvvürün tam əksidir. Bizim ailədə heç vaxt onun şairlik kultu olmayıb. Onun bu günəcən yazı masası yoxdur. Yəni bu adam şeiri də imkan düşəndə, məhdud şəraitdə də olsa yazıb. Biz Əmircanda olanda həyətdə ağacın altında gəzə-gəzə yazırdı. Bir də görürsən, 4-5 saat gəzəndən sonra gəlib yazırdı. Bizim ailədə heç vaxt “sakit olun, ata şeir yazır” kimi tapşırıqlar səslənməyib.

- Öz dünyasına qapılıb, ailə dünyasını unudan şairlərdən olmayıb, bir sözlə...

- Heç vaxt elə problem olmayıb. Ramiz Rövşən öz dünyasına qapılanda da ailəsini yaddan çıxarmayıb. Siz dediyiniz o şairlərlə bağlı yaradılmış obraza uyğun gəlmir.

- Onun ailə ilə bağlı bir fikrini oxumuşdum. Deyirdi ki, “ailəsinin namusunu qoruya bilməyən adam vətəninin namusunu qoruya bilməz”. Övladlarına ailə, onun dəyəri ilə bağlı başqa, bizim bilmədiyimiz hansı məsləhətləri verir?

- O fikrini mən də bilirəm. Amma deyim ki, Ramiz Rövşən uşaqlarını qabağında oturdub, nəsihətlər verən, diktator atalardan deyil. Onun davranışları, hərəkətləri ilə biz anlayırıq ki, nəyi etmək olar, nəyi yox. Bu, ailənin mühitindən asılıdır.

- Klassiklərimizin övladlarına həsr etdikləri nəsihətnamələri olub. Düzü, dünən Ramiz bəyin kitabını vərəqləsəm də, məhz oğluna ünvanladığı nəsihətnamə tapa bilmədim.

- “Süd dişinin ağrısı” poemasını mənə və Füzuliyə həsr edib. Amma nəsihətvari şeiri olmayıb. Oğluna həsr etdiyi ən məşhur şeir isə “Oğlumun gözləridir”...

- Mən onu sizdən soruşacaqdım. “Hayana yol alsam, yolum başlayır oğlumun gözlərindən, Gün çıxır, ay doğur, ulduzlar yanır, qar yağır, dolu başlayır, oğlumun gözlərindən”. Bir övladın gözləri bu qədərmi gözəl təsvir oluna bilər?

- Əslində onun da maraqlı tarixçəsi var, özü danışıb bir dəfə. Bizim evdən qapıdan çıxanda yuxarı düz bir yol gedir. Balkondan baxırdım, atam həmin düz yolla gedirdisə, onu uzun müddət görürdüm. Başqa bir yol da dayanacağa doğru gedirdi, amma daha qısa idi. O yolla gedəndə tez gözdən itirdi. Ona görə də həmişə ona deyirdim, uzun yolla get, mən də səni çox görüm.

- Ailədə neçə uşaqsız?

- İki bacım var.

- Onların da heç biri bu yolu davam etdirmir?

- Böyük bacım filoloqdur. O da namizədlik dissertasiyası yazır. Balaca bacım isə Azərbaycan Dillər Universitetində magistraturada oxuyur, tərcüməçiliyə meyllidir.

- Uşaqları üçün Ramiz Rövşən adı nə vaxt bağlı qapıları açıb?

- Heç vaxt problem yaratmayıb bu ad. Amma özünün mənə verdiyi tərbiyədən irəli gələn bir məqam var. Nəyə görə onun adını verməlisən ki? Əgər sən özün hansısa qapını açmaq istəyirsənsə və fərasətin varsa, o qapını açacaqsan. Eləyə bilməyəcəksənsə də, bilməyəcəksən də. Bəlkə orda səndən daha yaxşı namizəd var?

- Universitetdə baş müəllimsiniz. 32 yaşda bu mərtəbəyə yüksəlmək... (sualı necə tamamlayacağımı tərəddüd edərkən)

- (müsahibim köməyə gəlir) Ancaq öz qabiliyyətinizləmi buna nail olmusuz, hə? Düz başa düşdüm vermək istədiyiniz sualı?

- Bəli, eynən.

- Mən 27 yaşımda namizədlik müdafiə etmişəm və həmin vaxtdan dərs deməyə başlamışam. Amma məndən yaşda daha cavanlar var. Müəllimlik üçün 25-26 yaş o qədər də kiçik deyil. Hesab edirəm ki, jurnalistika elə sahədir ki, müasirlik böyük rol oynayır. Gənc müəllimlərin bu sahədə olması müsbət haldır.

- Yəni bura gəlməniz öz sayənizdə olub?

- Əslində seçim qarşısında idim. Jurnalistika fakültəsinin magistraturasını qurtarandan sonra seçim etməliydim. Amma o dövrdə hekayələrim çıxmışdı, elmi işimin karkası da hazır idi. Bura aspiranturaya sənəd verdim. Burada təkcə baş müəllim deyiləm, həm də “Tərcümə problemləri” elmi-tədqiqat laboratoriyasında böyük elmi işçiyəm.

- Rövşən bəy, siz hansı cəhətinizə görə atanızı xatırladırsız?

- Söz ki, gəldi, dayanmaq yoxdur. Ürəkdə nə söz varsa, onu mütləq deməlidir. Nə karyeranı, nə başqa məqamı düşünmədən həmin sözü deyir. Mən də onun kimiyəm.

- Hansı məqamlarda atanız tərəfindən tənqid olunursuz?

- Tənqid olunuram ki, 32 yaşın var, niyə evlənmirsən?

- Özü tez evlənib?

- Yox, 33 yaşında. 23 yaşında məni sevənlər 33 yaşında sevəmməz daha...

- Siz də onun yolunu gedirsiz?

- Yəqin bu da genetikdir (gülür).

- İxtisasca jurnalistsiz. Atanızdan bir səs-küylü müsahibə götürmək istəməzsiz?

- Mən müsahibə götürmüşəm ondan. Jurnalistikada birinci müsahibəm məhz onunla olub. O vaxt “Rezonans” qəzeti vardı, 97-ci il olardı. Bizim dövrün jurnalistikası fərqli idi, romantik jurnalistika idi, Çingiz Mustafayevlə bağlı idi. Yadıma gəlir, müsahibəni necə götürmüşdümsə, oxuyanda deyirdi, bəlkə bunu dəyişək? Qəti şəkildə deyirdim, yox.

- Bəlkə müsahibəni sizin təqdimatınızda Ramiz Rövşənin bir şeiri ilə yekunlaşdıraq? Məsələn, onun ən sevdiyiniz şeirini deyəsiz...

- Məni ən çox qıcıqlandıran şey dost məclisində oturanda mütləq məndən şeir deməyimi istəmələridir. Ordakıların atası da müxtəlif sahələrdə işləyirlər. Deyirəm, qardaş, biriniz güləşçi oğlu olsaydınız, gərək deyəydik ki, durun burda güləşin? Qoyun bir tikə çörəyimizi yeyək də (gülür). Şair oğluna şeir dedirtmək bir dəbdir. Amma mənim üçün bütün şeirləri əzizdi, fərqləndirmək istəmirəm.

- Yaxşı, bütün bunlardan sonra, sizi gerçək varis hesab edək?

- Yazı-pozu mənasında götürürsüzsə, mən də bu sahəyə yaxınam, tərcümələr edirəm. Digər mənada isə hər bir oğul öz atasının varisidir də. Ramiz Rövşənin elə bir vəzifəsi yoxdur ki, mən onun vəzifəcə də varisi olum.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR