İnsanlara hürriyət, millətlərə istiqlal!

5 dəfə məhkum edilmiş şəxs polislərə əl qaldırdı, cəzasız qaldı

3686 19.01.2017 18:20 Ölkə A A

Vəkillər Elçin Sadıqov və Cavad Cavadov mətbuat vasitəsi ilə hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət ediblər. 

Müraciətdən belə aydın olur ki, əvvəllər 5 dəfə əxlaqsızlıq yuvası saxlamaqdan tutmuş, ən müxtəlif cinayətlərə görə məhkum edilmiş şəxs günün-günorta çağı polisləri döyüb və cəzasız qalıb. Ortada polislərin döyülməsini təsdiqləyən videolar da var. Həmin videoların linklərini də vəkillər müraciətlərinə əlavə ediblər. 

Vəkillər müraciətlərində yazırlar: 

“Hüquqlarını müdafiəsi etdiyimiz Nərimanov rayonu, Təbriz küçəsində 94 saylı ünvanında yaşayan Orucovlar ailəsi qonşuluqda yaşayan Nina İbrahimovanın və ailəsinin  qanunsuz, cinayətkar hərəkətləri və hücumları nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmirlər. Hətta normal yaşamaq imkanından məhrum olunublar. 

Səbəb isə Orucovlar ailəsinin təqribən 2015-ci ilin sentyabr ayından  avtomaşınların yuyulması üçün açdıqları məntəqənin istifadəsinə açıq-aşkar Nina İbrahimova və ailə üzvləri tərəfindən imkan verilməməsidir. Nina İbrahimova, qızı maşınlarını Orucovlara məxsus məntəqənin girişində saxlayır, canlı sipər düzəltməklə  müştərilərin maşınlarının məntəqəyə girişini bağlayırlar. Orucovların avto-yuma məntəqəsini icarəyə götürmüş sahibkar, Orucovların özləri və yetkinlik yaşına çatmayan uşağın döyülməsinə görə İbrahimovların cəzalandırılmaması yeni-yeni cinayətlərini şərtləndirdi. 
 
İnternetdə İbrahimovlar ailəsinin açıq-aşkar Orucovlar ailəsinə qarşı qanunsuzluqları, hücumları ilə bağlı video çəkilişlərlə sübut edilən kifayət qədər faktlar var. Bu linklərə

 

https://www.youtube.com/watch?v=6Bo6OdDImd0
 

keçid etməklə həmin cinayət xarakterli əməllərinin şahidi ola bilərsiniz.

Nina İbrahimovanın oğlu Anar İbrahimov 2015-ci il  sentyabrın 21-də sahibkar Taleh Qasımovu, həmçinin Sevindik Orucovu döyüb. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət olunub. Lakin Anar İbrahimov istintaqın çağırışlarına əhəmiyyət verməyib. Bundan sonra Anar İbrahimov yenə də öz cinayət əməllərini davam etdirib. 15  noyabr 2015-ci ildə yenidən Orucovlara qarşı xuliqanlıq hərəkətləri edib. Və yenə də istintaqa getməkdən yayınıb. Buna görə də barəsində məcburi gətirilmə qərarı çıxarılıb.




Nərimanov rayon Polis İdarəsinin əməkdaşları 16 aprel 2016-cı il tarixdə avto-yuma məntəqəsinin yerləşdiyi əraziyə gəliblər. Orada olan Anar İbrahimovu istintaqa dəvət etsələr də, o buna əhəmiyyət verməyib, üstəlik Nina, qızı Rabiyə və oğlu Anar İbrahimov polislərə hücum çəkiblər. Onların poqonlarını cırıb, polislərə xəsarət yetirib, papaqlarını vurub ayaq altına salıblar.

Bu faktla bağlı Cinayət Məcəlləsinin 315.2-ci - hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddəsi ilə cinayət işi başlanıb. Və cinayət işinə naməlum səbəbdən xitam verilib”.

Vəkillər qeyd edirlər ki, İbrahimovlar bu əməlləri sonradan da ardıcıl olaraq davam etdiriblər: “Lakin  hüquq mühafizə orqanları onlara qarşı ciddi tədbir görmək niyyətlərinin olmadığını açıq-aşkar gizlətmirlər.  https://www.youtube.com/watch?v=6Bo6OdDImd0  Əksinə hücuma məruz qalan Orucovları hədələyirlər ki, şikayətlərini davam etdirsələr, onları əsassız olaraq cinayət məsuliyyətinə cəlb edəcəklər. Xahiş edirik bu məsələni şəxsi nəzarətinizə götürəsiniz, İbrahimova Nina və onun ailə üzvlərinin Orucovlara və polisə qarşı mütəmadi qanunsuz əməllərinin, hücumlarının obyektiv araşdırılmasına və İbrahimovların cinayət məsuliyyətinə cəlb edilməsinə göstəriş verəsiniz”. 

 
E.MƏMMƏDƏLİYEV, musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR