“14-cü kolondakı siyasi məhbusların taleyindən narahatıq”
İstiqamet.com-un yaydığı məlumatda isə qeyd olunur ki, narazılığa səbəb həmin müəssisədə cəza çəkən 22 yaşlı Bakı sakini Adil adlı şəxsin ölümüdür. Məhbuslar bildirirlər ki, məhbus aldığı işgəncələrdən sonra ölüb. Müəssisədə məsul post tutan mayor rütbəli Firdovsi adlı şəxs, rejim rəisi, baş leytenant Faiq adlı şəxs bir neçə xidmətçi ilə birlikdə məhbusa qarşı kobud rəftara yol veriblər. Məhbusun meyiti dekabrın 22-də cəzaçəkmə müəssisəsindən çıxarılıb. Məhbuslar işgəncəyə etiraz olaraq ayağa qalxıblar.
Qeyd edək ki, siyasi məhbuslar - Müsavat başqanının müavini Yadigar Sadıqov, vəkil Qurban Məmmədov, jurnalist Sərdar Əlibəyli də 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
Yadigar Sadıqovun hüquqlarını müdafiə komitəsinin rəhbəri Elman Fəttah bildirdi ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisədə məhkumun öldürülməsi və üsyan qalxması barədə məlumat yayıldıqdan sonra oradan dəqiq məlumat almağa çalışır. Lakin Penitensiar Xidmətin mətbuat xidmətinin mediaya verdiyi açıqlamadan başqa heç bir məlumat əldə etmək mümkün olmayıb: “Biz çox narahatıq. Heç bir halda Yadigar bəylə əlaqə yaratmaq mümkün olmadı. Penitensiar Xidmətlə əlaqə saxlamışıq. Mətbuata verdikləri məlumatı eynilə bizə verdilər. Dedilər ki, bu, tamamilə fərqli müstəvidə baş vermiş məsələdir və oradakı siyasi məhbuslarla heç bir əlaqəsi yoxdur. Biz çox israrla məlumat əldə etməyə çalışsaq da əlavə məlumat ala bilməmişik. Məcburən dekabrın 24-də şəxsən özüm 14 saylı cəzaçəkmə müəssisəsinə gedəcəyəm ki, Yadigar Sadıqovla görüşüm”.
Qurban Məmmədovun qardaşı, ADP sədri Sərdar Cəlaloğlu da 14 saylı cəzaçəkmə müəssisəsində baş verən hadisədən narahatlıq keçirdiyini bildirdi. Qardaşının emosional xarakterinə bələd olduğunu deyən S.Cəlaloğlu narahatlığının bu baxımdan bir qədər artdığını söylədi: “Qurbanın xarakterinə bələdəm. Ona görə də hesab edirəm ki, həbsxanada ciddi gərginlik varsa, onun üçün də təhlükə yarana bilər. Siyasətçi həbsxanada da siyasətçidir. Siyasətçini, hüquq müdafiəçisini həbsə atanda onun siyasətçiliyini, hüquq müdafiəçiliyini əlindən almaq mümkün olmur və o, həbsxanada məhkumların qanunla qorunmalı olan hüquqlarının pozulmasına etiraz etməyə məcbur olur, haqsızlığa hamıdan öncə etiraz edir. Şəxsən mən 12-ci zonda həbsdə olanda susmamışam, dəfələrlə beynəlxalq təşkilatların nümayəndələrinin oraya gəlməsinə nail olmuşam.
Qurban Məmmədovun da xarakterinə bələd olduğumdan düşünürəm ki, o da məhkumlara qarşı qanunsuzluqlar olubsa, sakit dayanmaya və problemlərlə üzləşə bilər. Qurban Məmmədov məhkumları müdafiə edə bilər, ancaq qanunlardan kənara çıxacağını düşünmürəm. Qanunsuzluqların olduğu istənilən cəzaçəkmə müəssisəsində, o cümlədən 14-cü kolonda olan bütün məhkumların, həmçinin qardaşımın taleyindən narahatam. Məhkum siyasətçilərin həbsxanada qanun pozuntularına laqeyd qalmaması təbiidir, ancaq kriminal bir məsələdirsə, siyasətçilərin kriminal hadisəyə müdaxiləsi düzgün olmaz. Azərbaycan həbsxanalarında qanunsuzluqların olduğunu, məhkumlara işgəncələrin verildiyini mən gözlərimlə görmüşəm. Mən 12 saylı həbsxanada olanda məhbuslarla qeyri-insani rəftar, döyülmə halları çox müşahidə olunurdu. Ona görə də biz həmişə həbsxanaların şəffaf olmasını, aşkarlığın təmin edilməsini, vətəndaş cəmiyyəti institutlarının vaxtaşırı orada reyd keçirə bilməsini zəruri hesab edirik”.
Etibar SEYİDAĞA