İnsanlara hürriyət, millətlərə istiqlal!

11-cilər ATTESTAT İMTAHANI VERDİLƏR

13300 03.06.2012 09:40 Ölkə A A
Paytaxtda 23914 nəfər XI sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulub.
Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsi şagirdlərinin buraxılış imtahanları üçün adı çəkilən şəhərlərin hər birində 1 imtahan mərkəzi yaradılıb. Həmin şəhərlərin orta ümumtəhsil müəssisələrinin rus bölməsi üzrə buraxılış sinfində təhsil alan 1935 nəfər XI sinif şagirdi imtahan verib.
İmtahanın gedişini işıqlandırmaq üçün 52 KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib. Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetiriblər. Saat 11.00-də başlayacaq imtahan 2 saat çəkib. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir. Buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyul ayının 8-də buraxılış imtahanı verəcəklər.
İmtahanı müşahidə etmək üçün 62 və 214 saylı orta məktəblərdə olduq. Sözü gedən məktəblərin qarşısında imtahan verənlərdən çox valideyn vardı. Onlar da şagirdlər qədər həyəcanlı görünürdülər.
Şagirdlər ciddi şəkildə yoxlanıldıqdan sonra imtahan otağına buraxılırdılar. Qeyd edək ki, TQDK öncədən bəyan etmişdi ki, imtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan şagirdlər barədə akt tərtib olunaraq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar. Bu səbəbdən də şagirdlər içəri daxil olarkən üzərilərində yalnız qələm və sənədlərini götürürdülər. Bundan əlavə getdiyimiz bütün məktəblərin qarşısında polis-patrul xidməti və tibbi yardım maşını dayanmışdı.
Uşaqlar içəri daxil olduqdan sonra valideynlər arasında kiçik bir sorğu apardıq. Nəzərə çatdıraq ki, attestat imtahanlarını bu il ilk dəfə olaraq TQDK tərəfindən keçirilir. Valideynlər arasında bu dəyişikliyə sevinənlər olsa da, məyus olanlar da var. Onların fikrincə, bu il xeyli şagird imtahandan kəsiləcək. Ənvər adlı valideynin də qızının müəllim yanına getməsinə baxmayaraq attestat alacağına inanmadığını dedi: “Ötən il oğlum üçün attestatı 2 min manata aldım. Bu il artıq şərtlər dəyişib. Qızımı bütün fənlərdən müəllim yanına qoymuşam. Amma yenə də attestat alacağına ümid etmirəm”.
Rüfaniyə Əliyeva imtahanların TQDK tərəfindən keçirilməsinin düzgün olmadığını dedi: “Attestat imtahanlarını Təhsil Nazirliyi keçirməli idi. TQDK-nın imtahan keçirməsi bizə sərf etmir. Məlumdur ki, Misir Mərdanovla Məleykə Abbaszadə arasında dava var. İndi görün, nə qədər uşaq kəsiləcək. Əvvəllər yenə uşaqlar imtahandan kəsiləndə pul verib düzəltmək olurdu. İndi deyirlər, bu da mümkün olmayacaq. Amma məktəb direktoru bizə söz verib ki, uşaqlar kəsilsə, pulla həll edəcək. Görək də, inşallah hər şey yaxşı olar”.
İmtahanların TQDK tərəfindən aparılmasına sevinən valideynlər də vardı. İkram Səfərovun sözlərinə görə, bu yolla savadlı uşaqlar üzə çıxacaq: “Valideynlər hər il pul verib uşaqlarına attestat ala bilirdilər. Bu il bu cür hallar baş verməyəcək. Məleykə xanım da əvvəlcədən xəbərdar etdi ki, bu işə heç kim qarışa bilməz. Biz o xanımın necə təmiz işlədiyini bilirik. Və öz uşaqlarımızın savadına güvənirik. Əvvəllər savadlı uşaqları da imtahandan kəsirdilər ki, pul alsınlar. Şükür, bu il bu cür neqativ hallar baş verməyəcək”.
Saat 13:00-da uşaqlar imtahandan bir-bir çıxmağa başladılar. Bəziləri sualların asan, bəziləri isə çətin olduğunu dedilər. Ömər adlı şagird bütün suallara cavab yazdığını dedi: “Bütün sualları cavablandırdım. Əminəm ki, attestat alacam. Suallar çox asan idi”.
Nəzərə çatdıraq ki, şagirdlərin imtahandan aldığı qiymətlər 10 gün ərzində açıqlanacaq.
Qeyd edək ki, iyunun 3-də isə orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanları keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR