İnsanlara hürriyət, millətlərə istiqlal!

“O söz mənim üçün təhqirdir...” - Aktrisa Çimnaz Sultanova ilə MÜSAHİBƏ, FOTOLAR

6145 20.04.2018 20:45 Müsahibə A A

“Sarı gəlin” serialının Almazı: “Kişi bankomat deyil, qadının yükünü daşımamalıdır”  

“Vicdan haqqı” serialında canlandırdığı Larisa obrazı ilə özünü tamaşaçılara sevdirən aktrisa Çimnaz Sultanova musavat.com saytına müsahibə verib. Hazırda ARB telekanalında yayımlanan “Sarı gəlin” serialının əsas qəhrəmanlarından olan müsahibimlə söhbətə sözügedən ekran işindən başladıq:

- Hər kəs sizi Larisa olaraq tanıyıb, sevdi. Yeni seriala təklif necə gəldi?

- “Sarı gəlin” serialını “Media Master” şirkəti çəkir. Prodüserimiz Rüstəm Vəliyevdir. Qeyd etmək istəyirəm ki, bu şirkətlə ilk aktrisalıq fəaliyyətimə başlamışam. “Sənə inanıram” serialında İrina obrazını canlandırmışam. Ona görə də onlar mənə doğmadır. Rövşən İsax da məni orada görüb, “Vicdan haqqı”na dəvət etdi. 4 ildən sonra yeni seriala dəvət aldım. Indiyə kimi oynadığım obrazlardan tam fərqlidir. Ilk dəfə azərbaycanlı xanımı canlandırıram. Neçə vaxtdır ki, Azərbaycan dilindən dərs alıram. Bu rola görə çox dəyişdim. Çətin obrazdır. Gözəlçəni oynamaq çox asandır. Amma  ruhi xəstə, övladını itirən bədbəxt bir qadını oynamaq çətindir. Bu rol mənim üçün maraqlıdır. “Media Master”ə təşəkkür edirəm.

- Tamaşaçıların reaksiyası necə oldu?

- Müğənni kimi tədbirlərə, el şənliklərinə gedirəm. “Vicdan haqqı”ndan sonra sevgi daha çox artıb. Xanımlar məni qucaqlayıb, öpürlər ki, Larisanı oynayanda sənə nifrət edirdik. İstəyirdik ki, səni boğaq. Sən serialdan gedəndən sonra bildik ki, “Vicdan haqqı”nın dadı-duzu sənsən. O zaman səni sevmirdik, indi lap çox sevirik. “Sarı gəlin”də daha çox sevilirəm. Çünki rejissor içimdəki fərqli qadını üzə çıxartdı.

Снимок4.JPG (70 KB)

- Adətən, sənətkarlar deyirlər ki, aktyorun bacarığını əsl rejissor üzə çıxarır. Əsas iş rejissordan asılıdır. Bu fikirlə razısınız?

- Rejissor dahi olsa da, aktyordan çox şey asılıdır. Aktyor ondan nə tələb olunduğunu bilməlidir. Elə insanlar var ki, dahi də gəlsə, onu rola uyğunlaşdıra bilməz. “Sarı gəlin” serialının ssenarisini oxuyuram, Almaz obrazının halına yanıram, ağlayıram. Onu hiss edirəm. Arzulayıram ki, Allah belə bəlanı heç bir qadının başına gətirməsin.

Снимок3.JPG (86 KB)

- Kənardan güclü qadın kimi görünürsünüz, ya da biz sizi elə tanıyırıq. Güclü qadının çarəsiz qadını oynaması asandırmı?

- Mən güclü qadın deyiləm. Əgər elə görünürəmsə, deməli, güclü aktrisayam, sizi inandıra bilmişəm. “Güclü qadın” sözünü özümə təhqir bilirəm. O kompliment deyil, təhqirdir. Biz zərif məxluquq. Tale bizi güclü görünməyə və güclü olmağa vadar edib. Qadın güclü olmaz. Güclü qadınıqsa, bədbəxtik. Həyatımızda bizə dayaq olacaq insanlar yoxdur. Bu, mənim üçün böyük təhqirdir.

Снимо1к.JPG (78 KB)

- Digər həmkarlarınızdan fərqli olaraq, efirdən, mətbuatdan uzaq gəzirsiniz. Gündəmdə olmamağı seçmişiniz?

- Efir xəstəsi deyiləm. Media nümayəndələri mənə dəfələrlə yazır. Amma çox gündəmdə olmağı sevmirəm. Tanınmaq üçün heç nə etmirəm, həyatımdan zövq alıram. Bu, ən böyük xoşbəxtlikdir. Gördüyün işdən zövq almaq lazımdır. Sevinərək işə, el şənliklərinə gedirəm. Həyatda hər şey müvəqqətidir. Əsas sevgidir. Bu gün mənimlə şəkil çəkdirən uşaq illər sonra o fotoya baxıb, məni xatırlayacaq. Bu, ən gözəl nemətdir.

IMG_1485.JPG (7.40 MB)

- Qısa müddət ərzində teleaparıcılıq etdiniz. Niyə yarımçıq qoydunuz? Yenidən teleaparıcı kimi efirə çıxmaq planlarınız var?

- Veriliş bir aylıq layihə idi və bitdi. Indi isə bir ideyam var. Tez-tez necə arıqladığımı, nə yeyib-içdiyimi, haralardan alış-veriş etdiyimi soruşurlar. Ya veriliş açmaq, ya da sosial şəbəkədə videobloqqer olmaq istəyirəm. Yeməklər hazırlayım, kalorilər barədə məlumatlar verim.

- Müğənnilik fəaliyyətinizlə bağlı danışaq... Hansı yeniliklər olacaq?

- Yeni mahnılar yazdırıram. İnsanlar müğənni olaraq da məni sevdilər. Novruz Bayramında Gürcüstanın Rustavi şəhərində həmvətənlərimiz bir araya gəldilər, gözəl konsertimiz oldu. Məni çox ağlatdılar, səmimi idilər. Rustaviyə çatanda radioda Gülyanaq xanımla oxuduğumuz “Sarı gəlin” mahnısını eşitdim. Rusiyada, Qazaxıstanda, İranda ifamı çox bəyənirlər.

 

- Toylara, el şənliklərinə gedirsiniz. Amma bunu sosial şəbəkədə reklam etmirsiniz. Niyə hər zaman kənarda qalmağa üstünlük verirsiniz?

- Toy sahibi istərsə, paylaşıram. Yoxsa, ailəsinin görüntülərinin yayılmasını istəməyənlərə hörmətlə yanaşıram. Icazəsiz paylaşmaq etikadan kənardır. Mən də istəməzdim ki, ailə üzvlərimi müğənnilər çəkib, sosial şəbəkədə yaysınlar. Onlar media adamı deyillər.

- Son illərdə onlarla film çəkilir. Amma sizi heç birində görmürük...

- Ssenariləri oxuyub, dəhşətə gəlirəm. Çox gülünc və aşağı səviyyədədir. Bəyənmədiyim işdə yer almıram.

IMG_1480.JPG (7.29 MB)

- Bəs, həmin filmlərdən hansınısa izləmisiniz?

- Yeni çəkilən filmləri demək olar ki, izləməmişəm. Hər gün serial çəkilişimiz olur. Evə saat 4-də qayıdıram. Gündəlik efirdəyik. Təzə mahnılar yazdırıram, vokal dərsi alıram.

- Mahnılardan söz düşmüşkən, sizcə, bir mahnının sevilməsi üçün onun sözləri, yoxsa musiqisi önəmlidir?

- İndi insanların zövqü müxtəlifləşib. Elə mahnı var ki, dinləyirsən, düşünürsən ki, bu, mahnıdır? Amma onu milyonlar sevir. Rusiyanın “Matrang” adlı bir qrupu var. Onlar “Meduza” adlı mahnı oxuyur. Qulaq asanda elə bilirsən ki, 5 yaşlı uşaq yazıb. “Meduza, meduza, meduza, mı druzya” sözləri heç bir əhəmiyyət daşımır. “Gangam style” mahnısı da mənasız idi, amma sevilirdi. Mahnının hansı parametrə görə bəyənildiyini bilmirəm.

- Mahnı seçərkən nələrə diqqət edirsiniz?  

- İki ay əvvəl Arif Səlimov mənə bir mahnı təqdim etdi. Evinə getdim, o, pianinoda çaldı, elə ağladım ki... Mahnını Ramin Abbasoğlu aranjeman edib. Məncə, insanlar mahnıları əhval-ruhiyyələrinə görə sevirlər. İki həftə öncə məndən müsahibə alsaydınız, deyəcəkdim ki, sənətdən gedirəm. Çünki əhvalım pis idi. İndi isə yaxşıyam, sənət planları qururam. Qadınıq, 15 dəqiqə içərisində fikrimiz dəyişir.

Снимок2.JPG (85 KB)

- Dediniz ki, 15 dəqiqəyə hər şeyi dəyişə bilərsiniz. Bir insandan üz döndərməyinizə nə səbəb ola bilər?
- Mən çox səbirli, dözümlüyəm. “İncil”də İsa peyğəmbər deyib ki, “Sağ tərəfini vuranda, sol tərəfini çevir”. Sevdiyim insanları hər zaman bağışlayıram. Səbrim tükənməzdir. Qəlbim qırılanda isə qalmaqal etmərəm, sakitcə çıxıb, gedərəm. Bir insanı həyatımdan siləndə isə ömürlük silirəm. Amma nə zamansa, köməyə ehtiyacı olsa, qayıdaram. Həyat elədir ki, sabah nə olacağını bilmirik. İnsan peşmanlıq yaşamaq istəmir.

- Tanınmışlara qarşı olan qıcığı yəqin ki, siz də hiss etmisiz. İnsanlar sosial şəbəkədə tənqid və təhqirlərlə sözügedən şəxslərə münasibət bildirir. Çox az adam var ki, həqiqətən sevilir...

- Mənə indiyə kimi təhqir və tənqid deyilməyib. Mən hiss etmirəm. Mənə qarşı qıcıq yoxdur. Tədbirə gedirəm, hamı məni bağrına basır. Məndə paxıllıq yoxdur, səmimiyəm...

- Özünəməxsus bədən forması olan tanınmış şəxslərdənsiniz. Son günlər arıqlamağınızla diqqət çəkirsiniz...

- Belim və üzüm hər zaman incə olub. 10 kilo arıqlamışam. Çox çətin dietanı tətbiq etmişəm. 3 gün heç nə yemirsən. Birinci gün 4 litr su içirsən. Ikinci gün də axşam 6-ya qədər ancaq su içirsən, axşam 1 stəkan qatıq, üçüncü gün də ancaq su və pomidor soku içirsən. Dördüncü gün salat yeyirsən. Hər səhər isə yarım çay qaşığı sodanı qaynar suya tökürsən, üzərinə ilıq su töküb, içirsən. Soda orqanizmi təmizləyir. Təbii ki, bu diet xəstəliyi olmayanlara aiddir. 1 həftəyə 10 gün arıqlayırsan.

Снимок.JPG (76 KB)

- Son olaraq şəxsi həyatınıza toxunmaq istəyirəm. Bunu hər zaman mətbuatdan kənarda saxlayırsınız…

- Əgər həyat yoldaşım, sevgilim bizim sənətin adamı olsaydı, üzə çıxarardım. Hər kəs tanınmaq istəmir. Ona görə də şəxsi həyatımı gizli saxlayıram.

- Tez-tez tanınmış xanımlar bəy kriteriyalarını açıqlayırlar. Çox zaman da arzuladıqları pullu, onların həyatlarını asanlaşdıracaq kişi olur...

- Bu, sevgi deyil, biznesdir. Ona görə də mən həyatda təkəm. Sevgi əvəzsiz olur. Bir gün ailə qurduğun adam şikəst olsa, onu atacaqsan? Onların açıqlamalarından bu, belə başa düşülür. 10 il tək qalsam da, təmənna güdən bir münasibət qurmaram. Kişi bankomat deyil. O, qadına baxmağa, onun yükünü daşımağa məcbur deyil. Hər şey qarşılıqlı olmalıdır və qadınlar da çalışmalıdırlar. Axı kişilər də yazıqdırlar...

Könül İbrahim,
Musavat.com,
Fotolar Fərid Özayındır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR