İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyə məhz İlham Əliyev – IV hissə

2337 27.03.2018 17:35 Gündəm A A

Əvvəli bu linkdə

Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətinin ilk illərindən indiyədək həyata keçirməyə çalışdığı ən böyük layihələrdən biri də Bakı-Tiflis-Qars dəmir yolunun çəkilməsidir. Layihəni maliyyələşdirən tərəflərdən biri olan Azərbaycan Dövlət Neft Fondu bildirdiyinə görə, həmin dəmir yolu xəttinin çəkilməsinə 640,3 milyon ABŞ dolları dəyərində vəsait ayrılıb.

Bəzi mənbələr isə bu xərcin daha yüksək olduğunu bildirir.  Xərclər haqqında göstərilən ən yüksək məbləğ isə 775 milyon dollardır. Habelə Gürcüstan tərəfinə düşən hissəsinin maliyyələşdirilməsinin 200 milyon dollarının yenə Azərbaycan tərəfindən ödənildiyi barədə də xəbərlər var.

Bu strateji nəqliyyat dəhlizinin açılması üçün Türkiyənin də üzərinə böyük vəzifələr düşsə də, əsas maliyyə xərclərini Azərbaycan ödəmişdir. Bilindiyi kimi, ümumi uzunluğu 846 kilometr olan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Xəttinin 263 kilometri Gürcüstandan, 79 kilometri isə Türkiyə ərazisindən keçir.  Yolun ən az qisminin Türkiyə ərazisindən keçməsinə baxmayaraq, Ankara da bu layihənin öz ölkə ərazisindən keçən hissəsinin inşasına 345 milyon dollar ayırıb.

Ümumilikdə 1 milyard 250 milyon dolların xərcləndiyi BTQ dəmir yoluyla ildə əvvəl 1 milyon sərnişin, 6.5 milyon ton yük daşınacağı nəzərdə tutulur. Daha sonrakı mərhələdə bu rəqəmlərin artacağı da istisna edilmir. Sərnişin daşımaçılığının 3 milyona, yük nəqlinin isə 17 milyon tona çıxarılacağı təxmin olunur.

Похожее изображение

Bəzi ekspertlərin hesablamalarına görə, BTQ dəmir yolunun bu daşıma potensialı ildə yalnız 50 milyon dollar gəlir götürməyə imkan verir. Onların fikrincə, deməli, uzun müddətdən sonra onun iqtisadi rentabelliliyindən də danışmağa dəyməz. İqtisadi məntiqlə yanaşsaq, bu iddianı irəli sürənlər haqsız deyillər. 1 milyard dollara yaxın və ya ən aşağı statistikaya əsasən 640 milyon dolların müqabilində ildə 50 milyon gəlir, həqiqətən də, haqqında danışdığımız layihənin xeyli gec səmərə verəcəyini göstərir. Amma BTQ layihəsinin dəyəri yalnız iqtisadi səmərəliliyi ilə ölçülmədiyindən, ilk baxışdan haqlı görünən bu arqumentlə razılaşmaq mümkün deyil. Məsələ burasındadır ki, BTQ layihəsi dünyanın gələcək supergücü iddiaçılarından Çinin həyata keçirməyə çalışdığı “İpək yolu” proyektinin tərkib hissəsi olacağından həm də Azərbaycanın suverenliyinin qarantı və digər Türk respublikaları ilə mədəni-iqtisadi əlaqələrin inkişafı baxımından da əhəmiyyətlidir. Bunun dəyəri isə yalnız iqtisadi səmərə ilə ölçülə bilməz.

Ulu öndərin siyasi və bioloji varisi İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın da qoşulmağa səy göstərdiyi tarixi İpək yolunun bərpasının əhəmiyyətini anlamaq üçün tarixə qısa bir ekskurs etmək kifayətdir.

Bilindiyi kimi, eramızdan əvvəl başlayaraq, 16 əsrə qədər davam edən tarixi İpək yolu Çində istehsal olunan nəfis ipək parçaların Qərbə nəqli üzərində qurulmuşdu. Bu yolla təkcə ipək parçalar deyil, həm də ədviyyat, ətir, qızıl və cavahirat daşınırdı. Qərblə Şərq arasında körpü rolu oynayan coğrafiyamız da bu inteqrasiya nəticəsində özünün intibah dövrünə qədəm qoymuşdu. Xüsusilə Səlcuqlar dövründə bu intibahın ən yüksək nöqtəsinə çatan türk diyarları getdikcə inkişaf edir, dünyanın supergücünə çevrilirdi.

Похожее изображение

Səlcuqilər dövründə hər 30-40 km aralıqlarla tikilən karvansaraylar türk xalqlarının, o cümlədən Azərbaycan xalqının iqtisadi inkişafına böyük töhfələr verirdi. O dövrün karvansaraylarını bu günün hotelləriylə müqayisə etsək, bu, həm də turizmin inkişafı demək idi. Nəzərə alsaq ki, həmin vaxtlar da İpək yolu xəttilə ticarətdən Azərbaycan və digər türk xalqları da bəlkə böyük vəsaitlər qazanmırdılar. Amma onların o dövrün ticarət turizmindən (adlandırma şərtidir, karvansarayçılıq nəzərdə tutulur) qazandıqları yeri gələndə Çindən də, Qərb ölkələrindən də artıq idi. Odur ki, BTQ layihəsinin rentabelliyini yalnız dəmir yolu nəqliyyatıyla ölçənlər böyük yanılqı içərisindədirlər.

Tarixi İpək yolunun türk coğrafiyasına qazandırdığı digər bir səmərə ticarət xəttiylə yalnız iqtisadi əhəmiyyətli əmtəələrin deyil, həm də mədəniyyət nümunələrinin, elmi əhəmiyyətli informasiyaların daşınması idi. Bu gün olduğu kimi, elm və incəsənət xadimləri dünyanın dörd bir tərəfindən daha çox rifah gördükləri coğrafiyalara axışırdı. Bugünkü ABŞ-ın adına beyin köçü deyib müstəmləkələrinin intellektuallarına açdığı qapını o zaman İpək yolu türk coğrafiyalarında, o cümlədən Azərbaycanda açmışdı. İpək yolunun əsas qovşağında yerləşən Təbrizin bir paytaxt kimi ortaya çıxmasının əsas səbəblərindən biri də bu idi. Eyni şəkildə Naxçıvan, Şirvan, Lənkəranın elm və mədəniyyət mərkəzi kimi formalaşmasında Şərq ölkələrindən rifah işığına gələn elm pərvanələrinin böyük rolu olmuşdur.

Похожее изображение

Təsadüfi deyil ki, dünyanın ən böyük super gücünə çevrilən türk xalqlarının tənəzzülü də İpək yolunun bağlanmasıyla başladı. Xüsusilə 1453-cü ildə Osmanlı sultanı Fateh Mehmedin İstanbulu fəthiylə İpək yolu həm öz marşrutunu dəyişdi, həm də əhəmiyyətini itirdi.

Çünki xristian dünyasının əsas dini mərkəzlərindən sayılan İstanbulun ələ keçirilməsiylə Qərblə Şərqin ortasında yerləşən coğrafiyadan keçmək xristian tacirləri üçün təhlükəli görülməyə başlandı. Türklərlə Avropa arasında başlayan düşmən münasibətlər tacirləri alternativ yollar axtarışına vadar etdi. Dəniz yolçuluğu üçün kəşflərə start verildi və bugünkü dünya ticarətinin 90%-dən çoxunu təşkil edən dəniz nəqliyyatının əsası da o zamandan qoyuldu.

Dəniz ticarəti nəticəsində Amerika qitəsinin kəşf edilməsi Qərbin tamamilə İpək yolundan uzaqlaşmasına səbəb oldu. Beləcə, türk dünyasının da iqtisadi və mədəni inkişafı zəiflədi. Bir müddətdən sonra başda Azərbaycan olmaqla İpək yolu marşrutunda yerləşən ərazilər işğala məruz qaldılar. Çünki artıq iqtisadi tənəzzül yaşayan türk xalqları arasında mədəni, hərbi əlaqələr də zəifləmişdi.

Похожее изображение

Əsası İlham Əliyev tərəfindən qoyulan bu layihənin də ən böyük dəyəri Azərbaycanı yenidən Qərblə Şərqin inteqrasiya mərkəzinə çevirmək olacaq. Əlbəttə ki, gələcəyə hesablanmış bu böyük planda ölkəmizin qarşısında mühüm problemlər də dayanmaqdadır. Başlıca problemlərdən biri isə dünyanın indiki siyasi güc mərkəzlərinin bu layihəyə isti baxmamalarıdır. Supergüclərdən olan ABŞ təkcə BTQ dəmir yoluna deyil, həm də ən böyük rəqibi olan Çinin dünyaya iqtisadi inteqrasiya layihəsi olan “İpək yolu”nu öz hegemoniyasının əsas düşməni hesab etdiyindən reallaşmasını istəmir. Dünya birinciliyi uğrunda yarışdan geri çəkilmək istəməyən Rusiya isə bu yolun öz ərazisindən keçməsini arzulayır. Baxmayaraq ki, Çin hökuməti indiyə tarixi İpək yolunun bərpası üçün nəzərdə tutulan bütün xətləri işlədəcək qədər mal ixrac olunacağını açıqlasa da, hər halda Moskvanı buna inandırmaq asan deyil.

Ekspertlərin fikrincə, 2008-ci ildə Rusiyanın Gürcüstanı işğal etməsinin də əsas səbəblərindən biri də məhz bu qısqanclıqdan qaynaqlanmışdı. Təsadüfi deyil ki, həmin vaxtlar Rusiya ordusu dəmir yolunun keçdiyi ərazilərə qədər yaxınlaşmışdı. Beləcə 2009-cu ildə tamamlanması proqnozlaşdırılan layihə 8 il ləngimişdi. Ləngimənin digər səbəbi isə 2008-ci ildə dünyanı bürüyən qlobal maliyyə böhranı ilə izah edilir.

Картинки по запросу İlham Əliyev

İrəli sürdüyümüz bu fikirlərdən belə anlaşılmasın ki, biz cənab İlham Əliyev tərəfindən əsası qoyulan layihənin Çin proyekti olduğunu iddia edirik. Çin dövləti adına “Bir nəsil-bir yol” dediyi İpək yolu proyektini 2013-cü ildə həyata keçirəcəyini açıqlayıb. Cənab prezidentimiz İlham Əliyev isə BTQ dəmir yolu layihəsinə Türkiyəli və Gürcüstanlı həmkarıyla birlikdə 2007-ci ildə imza atıblar. Elə bu faktın özü Azərbaycan liderinin Çindən 6 il əvvəl İpək yolu layihəsinə start verdiyinin ən bariz nümunəsidir.

Fikrimizcə, bu layihə Çindən daha çox Azərbaycan və Türkiyəyə xeyir gətirəcək. Ən azı ona görə ki, Çinin öz məhsullarını Qərbə göndərəcəyi xeyli marşrutlar var və yeri gələndə BTQ xətti o marşrutların yanında dənizdə damla qədər kiçikdir. Məsələn, Azərbaycanın BTQ xəttindən ildə 50 milyon dollar qazanmaq şansı varsa, Qazaxıstandan keçən İpək yollarının bu ölkəyə ildə 5 milyard dollar qazandıracağı güman olunur. Azərbaycanın bu xəttə qoşulması iqtisadi əhəmiyyətdən çox yuxarıda bəhs etdiyimiz siyasi, təhlükəsizlik və inteqrasiya perspektivləriylə bağlıdır. Ölkəmizin suverenliyini və türk dünyasının yenidən keçmiş ehtişamına qayıtmasını ən şeydən əziz tutan ölkə rəhbərliyini ən çox özünə cəlb edən də bu avantajlardır.

Похожее изображение

İlham Əliyevin 15 illik hakimiyyəti dövründə həyata keçirməyə çalışdığı əsas siyasətlərdən biri də neft sənayesinin inkişafı ilə əlaqədardır. Sözsüz ki, təbii sərvətlərimizin xammal halında satılması Azərbaycana ilkin dövrlər lazım idi. Ölkə iqtisadiyyatının infrastrukturunu qurduqdan sonra əsas diqqəti sənayeləşməyə yönəldən ölkə başçısının neft-kimya sənayesinə xüsusi diqqət yetirdiyini də qeyd etməmək insafsızlıq olardı. Azərbaycanın, eləcə də region ölkələrinin ərzaq təhlükəsizliyində iştirakını təmin etmək məqsədilə Dövlət Proqramına uyğun olaraq Karbamid (azot gübrəsi) zavodunun tikintisi ilə bağlı dövlətimizin başçısının Sərəncamı da bu fikri təsdiqləyir. İlik istehsal gücü 600 min tondan artıq olan həmin müəssisənin istifadəyə verilməsi iqtisadiyyatın şaxələnməsi yolunda və kənd təsərrüfatının inkişafında böyük imkanlar açacaqdır.

Sumqayıtda bir çox müəssisəni özündə birləşdirən Kimya Sənaye Parkının yaradılması ilə bağlı təşəbbüsü ölkə rəhbərinin sənayeyə göstərdiyi diqqətin ən bariz sübutlarındandır. Qeyd edək ki, həmin Parkda özəl sektora aid kiçik müəssisə və sexlərin yaradılması da ən mühüm vəzifə kimi qarşıya qoyulub. Bu isə nəticə etibarilə həm sağlam istehsal rəqabəti aparmağa, həm də ölkədə tələbatın yüksək olduğu kimya məhsullarının çeşidinin artırılmasına xidmət edəcək.

Bütün bunlar İlham Əliyevin növbəti dəfə prezident seçilməsini şərtləndirən digər mühüm amillərdəndir.

(Ardı bu linkdə)

photo_81568.jpg (14 KB)

Mürvət Həsənli,
“Xəmsə -M”-in sahibi

 

Niyə məhz İlham Əliyev? – Tanınmış iş adamının ilginc təhlili (I Hissə) - http://musavat.com/news/niye-mehz-ilham-eliyev-taninmis-is-adaminin-ilginc-tehlili_514148.html

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR