İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyə Gəncə, niyə məhz indi?

3390 12.07.2018 10:32 Yazarlar A A

İndi daha “Gəncədən gəlirəm, yüküm xurmadır” mahnısını oxumağın yeri deyil, vəziyyət çox təhlükəlidir! Bir neçə il əvvəl “Azərbaycanı Suriyaya, Liviyaya, döndərmək istəyirlər” xəbərdarlıqlarına əksəriyyət kinayə ilə yanaşırdı, nəticə ortada, atəş də açıldı, bıçaqlar da işə salındı...

Azərbaycanın ikinci böyük, 350 min əhalisi olan şəhərinin icra başçısına atəş açılmasından bir həftə sonra iki polis polkovnikinin ürəyinə bıçaq sancdılar. Özü də planlaşdırıldığı heç bir şübhə doğurmur, hər iki polis zabiti polis idarələrinin rəis müavinləridir. Göründüyü kimi, rəhbərlik hədəfə alınıb. Bununla demək istəyirlər ki, biz istənilən şəxsi hədəfə ala bilərik, istənilən şəhərdə, nə icra başçısı, nə polisin fərqi yoxdur.

Baş verən cinayətlər ilk günlərdə səslənən “təsadüfi”, “məişət” ifadələrinin heç də yerinə düşmədiyi qənaətini yaratmaqdadır. Belə görünür ki, hadisələr məntiqi ardıcıllıqla, peşəkarlıqla hazırlanıb, bu, icra başçısına, polisə deyil, bütövlükdə Azərbaycan dövlətinə qarşı qəsddir. 100 illiyini qeyd etdiyimiz dünyəvi dövlətimizdə cəzalandırmanın yeni üsullarını tətbiq etmək istəyənlər heç şübhəsiz ki, kənardan idarə olunurlar. Bəlkə heç polisə əl qaldıranlar onları bu oyuna salanların kimliyindən də məlumatsızdırlar, bu canilər sadəcə icraçı funksiyasını yerinə yetirirlər. Amma fərqi yoxdur, böyük bir cinayətə imza atanlar məsuliyyətdən kənarda qala bilməz.

Gəncənin necə həssas bölgə olduğunu hər kəs bilir. Bu bölgə düşmənlə təmas xəttinə yaxın olmasını da unutmaq olmaz. Allah eləməmiş, bu şəhərdə ara qarışsa, sonra nələr baş verəcəyini təsəvvür etməyin özü belə dəhşətlidir.

Ermənistan və havadarları belə bir ssenarinin gerçəkləşməsini çox arzulayırlar. 1993-cü ilin Gəncə qiyamı onların dişində şirə qoyub. 7 rayon məhz bu qiyamın onlara hədiyyəsi oldu. Ölkə qarışdı, səngərdəki əsgərlər postu tərk etdilər, qan bahasına əldə olunmuş ərazilərdən çıxdılar və nəticədə düşmən böyük paya sahib oldu. Allah eləməsin, o hadisələr hansısa formada təkrarlansın!

Gəncə hadisələrinə, yaxud Mingəçevirdə baş verən şübhəli qəzaya elə-belə baxmaq olmaz. Heç şübhə yoxdur ki, bu hadisələrin digər səbəbləri var və onlar aradan qaldırılmalıdır. Əgər stansiyada avadanlıq köhnədirsə, onu sıradan çıxarmaq və şübhələri alt-üst etmək daha asan görünür. Yaxud məmurdan narazılıq olan ərazidə hansısa təxribata əl atmaq çox rahatdır.

Yəqin ki, istintaq bütün versiyaları ciddi şəkildə araşdıracaq və cinayətkarlar cəzasını alacaq. Ancaq bu hadisələrin baş vermə zamanı da diqqət çəkir. Gəncədə polislərimiz qətlə yetirilən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni seçkidən sonra ilk olaraq Bakıya gəlmişdi, ölkəmizdə mühüm bəyanatlar verdi, TANAP, Qarabağ, Naxçıvanla bağlı. Düşmən sözsüz ki, iki qardaş ölkənin birliyini istəmir, hər zaman nifaq toxumu səpməyə çalışır. Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu Bakıya gəldiyi gün də “Günəşli” yatağında dəhşətli faciə baş vermişdi. Növbəti il isə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası təxirə planlaşdırıldığı halda, Türkiyədə terror törədilmişdi və iclas təxirə salınmışdı.

Gəncə qətliamları həm də Azərbaycan prezidenti İlham Əliyevin NATO-nun sammitinə getməsi ərəfəsində baş verdi. Bəlkə də hansısa qüvvələr ölkədə qarışıqlıq salıb Azərbaycan prezidentini bu vacib səfərdən kənarda saxlamaq istəyib. 2016-cı ilin aprel döyüşləri, Ermənistanın təxribatı nə zaman baş verdi? O vaxt Azərbaycan prezidenti Nyu-Yorkda, nüvə təhlükəsizliyi sammitində iştirak edirdi. Reallıq budur ki, Azərbaycanın Qərblə əməkdaşlığını istəməyən qüvvələr ölkəmizə qarşı hər cür təxribatçı əməlləri işə salmaq üçün fürsət gəzirlər. Bakının Moskva və Tehranla əməkdaşlığı da kifayət qədər normaldır. Ən azı ortada üçtərəfli format nümunəsi var, İranla dəmiryolunun çəkilməsi istiqamətində nəhəng anlaşma əldə olunub, işığımız kəsiləndə bizi elektriklə təmin edən iki ölkədən biri Rusiya oldu.

Amma kim bilir, bəlkə ilə bu iki nəhəng qonşumuzla normal münasibətlərimizin olması üçüncü hansısa qüvvəni narahat edir. Bəlkə Azərbaycanın İran əməliyyatında yer almasına çalışan qüvvələrin təxribatçı planı işə düşüb? Bəlkə TANAP-ın reallaşmasını sinirə bilməyənlərdir ölkəmizdə təfriqə yaratmaq istəyənlər? Yaxud elə Rusiyanın daxilində Azərbaycanla Rusiyanın münasibətlərini korlamaq istəyən azmı qüvvələr var? Elə rus politoloqların Cocuq Mərcanlıya səfərindən sonra ermənipərəstlər ortaya çıxıb həmin ekspertləri hədələmədimi? Kəsəsi, ssenaristlər çox peşəkarcasına işləyib, çoxgedişli kombinasiya hazırlayıb. Bundan sonra daha ehtiyatı olmalıyıq.  

Ermənistanda yaşanan gərginliklərin fonunda Azərbaycanın fürsətdən yararlanıb torpaqları azad edəcəyi barədə ehtimalları artıq düşmən tərəf də neçə vaxtdır tirajlayır. Bu ilin yayında Qarabağda dəhşətli savaşın başlayacağı barədə ABŞ kəşfiyyatının xəbərdarlığını da düşmən unutmayıb. Naxçıvan istiqamətindəki məğlubiyyət işğalçıya xəbərdarlıq oldu. Ordumuzun möhtəşəm hərbi paradı, keçirilən təlimlər, alınan ən müasir silahlar, raket kompleksləri. Artıq heç kimdə şübhə doğurmur ki, Azərbaycan bu silahları muzeyə qoymaq üçün almayıb. Necə deyərlər, tamaşanın əvvəlində səhnədəki xalçanın üzərindən silah açılıbsa, sonda mütləq atəş açılacaq. Düşmən və havadarları ən müasir komplekslərin bir gün Ermənistanın işğalçı ordusuna qarşı tuşlanacağını və dəhşətli hadisələrin baş verəcəyini yaxşı bilir. Ona görə də Azərbaycanı yenidən qarışdırmaq istədilər, bizi içimizdən parçalayıb işğalı davam etdirmək üçün. İnanaq ki, düşməni sevindirəcək heç bir hadisə baş verməyəcək. Ən ağrılısı odur ki, Qarabağ uğrunda şəhid olmağa hazır oğullarımız xain projelər nəticəsindən “özümüzünkülərin” (mi?) əli ilə qətlə yetirildi. Ayıq olaq, bir olaq, düşməni sevindirməyək!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR