İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neftin qiymətinin 60-70 dollar arasında olması daha məqbuldur” - İlham Şaban

1499 29.09.2018 09:40 İqtisadiyyat A A

“Yüksək qiymət tələbatı azaldacaq”

“Bloomberg” analitiklərindən sonra Fransanın neft nəhəngi olan “Total” şirkətinin rəhbəri də neftin dünya bazar qiymətinin 100 dollara çata biləcəyini deyib. Şirkətin prezidenti patrik Piyanne  “Bloomberg” TV-yə müsahibəsində bunun heç də yaxşı hal olmadığını qeyd edib: “Mən bunun dünya iqtisadiyyatı, elə neft sənayesi üçün də yaxşı xəbər olduğuna əmin deyiləm. Bu gün dünyada baş verən hadisələrdə neftin qiymətinə təsir edən bir neçə mühüm element var ki, onlar arasında mən təklif çatışmazlığı, çatdırılmadakı fasiələrdir. İran bazardan çıxır, Venesuelada, Liviyada hasilat azalır. Bu, hətta OPEK-ə də aiddir -  onlar neft hasilatını artırmaq barədə qərar qəbul etdilər, lakin artım elə də yüksək olmadı”.

“Total” prezidentinin sözlərinə görə, qiymətin artması neftdən istifadəni azaldacaq, bu isə tələbatın düşməsi və qiymətlərin kəskin enişi ilə nəticələnə bilər.

“Report”un analitik qrupu isə bildirir ki, dünya bazarındakı bahalaşma neftə tələbatın artması ilə yanaşı digər dolayı amillərlə də bağlıdır: “Onlardan biri Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) ötən həftə Əlcəzairdə keçirilmiş toplantısında qurumun açıqladığı proqnozdur.

Təşkilatın baş katibi Mohammad Sanusi Barkindo bildirib ki, bu ilin sonundan başlayaraq bütün növ enerjidaşıyıcılarına tələbat artacaq. Bu baxımdan neft xüsusi əhəmiyyət kəsb edəcək. 2040-cı ilə qədəq “qara qızıl”a gündəlik tələbat indiki 32 milyon bareldən 112 milyon barelə yüksələcək ki, bunun da 95 faizini inkişaf etməkdə olan ölkələr təmin edəcək.

Hesablamalara görə, neftə artacaq tələbatın ödənilməsi üçün 11 trilyon dollar məbləğində investisiya qoyuluşuna ehtiyac olacaq. Rəqəmin böyük olması bazar iştirakçılarında belə bir fikir formalaşdırır ki, tələb və təklif arasında balansı qorumaq elə də asan olmayacaq. Yəni neft istehsalçıları (həm də ixracatçıları) bu biznesə lazımi qədər pul qoymaq iqtidarında olmaya da bilərlər. Bu isə neftin bahalaşmasını stimullaşdırır".

Qrup hesab edir ki, ilin sonuna qədər neftin 1 barelinin qiyməti 100 dollara çata, hətta bu həddi keçə də bilər. Bununla belə, qiymətin formalaşmasındn OPEC-in bu il noyabrın 11-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçiriləcək növbəti iclasının nəticəsi də rol oynayacaq.

Neft sahəsi üzrə mütəxəssis, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da hesab edir ki, neftin qiymətinin 100 dollaradək yüksəlməsi heç də müsbət hal deyil: “Bu barədə "Total" prezidentinin dedikləri ciddi maraq doğurur. O, haqlı olaraq qeyd edir ki, baha qiymət tələbatın azalmasına, həmçinin dünya ölkələrinin alternativ enerjiyə keçidlə bağlı fəaliyyətlərinin artmasına gətirib çıxaracaq. O cümlədən də dünya iqtisadiyyatında neftə olan tələbat azalacaq. Buna görə də qiymətin 60-70 dollar arasında olması daha məqbuldur".

İ.Şabanın sözlərinə görə, bazara təsir edən əsas amillər İran neftinin bazardan çıxması, Venesuelada hasilatın azalmasıdır. ABŞ-Çin ticarət müharibəsinin isə bazara təsiri çox cüzi ola bilər: “Beynəlxalq mərkəzlər Çin iqtisadiyyatında 1-2 faizlik azalma ehtimal edirlər. Bu isə tələbatın ciddi azalmayacağını göstərir”.

Ekspertin fikrincə, neft istehsal edən ölkələrin əksəriyyəti aşağı qiymətlər şəraitində əvvəllər əldə etdikləri vəsaitlərdən səmərəli istifadə edib iqtisadiyyatlarını diversifikasiya etmədilər: “Bu baxımdan, yenidən yüksələn qiymətlərdən də nəsə əldə olunacağı real görünmür”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR