İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neft kəskin bahalaşacaq” iddiasına reaksiyalar

1752 14.05.2018 08:25 İqtisadiyyat A A

Ekspert: “Sentyabrdan etibarən hökumət manatı az da olsa ucuzlaşdıracaq, çünki...”

“Bank of America Merrill Lynch” beynəlxalq investisiya bankı məlumat yayıb ki, neftin bir barelinin qiyməti gələn il 100 dollar səviyyəsinə çata bilər. Ekspertlərə görə, gələn il qlobal neft bazarında tələb-təklif tarazlığı pozulacaq. “Bank of America” “Brent” markalı xam neftin bir barelinin orta qiymətinin 2018-ci ildə 70 dollar, gələn il isə 75 dollar olacağını proqnozlaşdırır.

“Bank of America”nın əmtəə araşdırmaları üzrə direktoru Francisco Blanche bildirib ki, 2019-cu ilin ikinci yarısında “Brent” markalı neftin qiymətinin 90 dollar/barrel olacağını gözləyirik. “Brent” neftinin qiyməti gələn il 100 dollar/barrel səviyyəsinə də yüksələ bilər", - deyə bankdan qeyd ediblər.

Bəlli olduğu kimi, Azərbaycanda milli valyutanın məzənnəsi birbaşa  neftdən asılıdır. Bəs neftin dünya bazarında bahalaşması manat-dollar münasibətinə necə təsir edəcək?

“Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bildirdi ki, əslində dünyada neftin qiyməti ilə bağlı bir-birinə zidd məlumatlar dolaşır: “Bu məlumatların hamısı da siyasi gərginliklərlə bağlıdır. Yəni iqtisadi təməli olmayan qiymət artımından söhbət gedir. Çünki fundamental səbəblər neft üzərində tələb-təklif və bir də hasilatın həcmi ilə bağlı olub. Bu iqtisadi amilləri əsas götürsək, əslində neftin qiyməti enməli idi. Çünki hasilat da kəskin artır, istehlakla da bağlı rəqəmlər gözləntilərdən aşağıdır. Dünyada artıq alternativ enerjiyə keçən ölkələrin də sayı çoxalır. Bu isə istehlakçının azalması deməkdir. Bu fundamental parametrlər işləsəydi, neftin qiyməti 50 dollardan yuxarı olmazdı. Ancaq siyasi və hərbi gərginlik olduqda bir gözlənti formalaşır ki, məsələn İranla-İsrail və ya Amerika arasında geniş müharibə olacaqsa bu, qiymətlərə təsir edəcək. İran dünyada neft ehtiyatlarının həcminə görə ilk üçlükdə, neft istehsalına görə isə ilk beşlikdə olan ölkədir. Oradan dünya bazarına çıxan neftin həcminin azalması və gələcəkdə İranla bağlı problemlərin yaşanması gözləntisi formalaşıb ki, bu da qiymətlərə təsir edib. Əslində təkcə bu da deyil. Səudiyyə Ərəbistanı ilə Yəmən arasında da gərginlik davam edir. Bu yaxınlarda Yəmən tərəfindən atılan raketlərin Səudiyyə tərəfindən vurulması xəbərləri dolaşdı. Raketlər də əsasən neftlə zəngin olan bölgələrə atılır. Bu faktın özü də psixoloji gərginlik yaradır. Səudiyyə Ərəbistanı dünyada hələ ki, ən çox neft istehsal edən ölkədir. Orada hər hansı neft yatağına raket düşərsə, hərbi münaqişə olarsa, neftin qiyməti kəskin şəkildə bahalaşacaq. İrana qarşı sanksiyaların tətbiqi və digər məsələlər əslində qiymətlərə psixoloji təsir edir. Çünki İran Amerikaya neft satmırdı. İranın əsas alıcıları Avropa Birliyi ölkələri, Hindistan və Çindir. Onlar da bəyan etdi ki, sanksiyalara qoşulmayacaqlar. Buna baxmayaraq psixoloji gərginlik səbəbindən qiymətlər bahalaşdı. Əgər qeyd etdiyimiz ölkələr sanksiyaya qoşulsaydı, ciddi qiymət artımı yaşanacaqdı. Hələ ki, bu yoxdur”.

Natiq Cəfərli ile ilgili görsel sonucu

Ekspert məsələ ilə bağlı əks proqnozlar verənlərin də az olmadığını  dedi: “Bank of Amerika” qiymətin 100 dollar olacağını desə də, “Mood”s, “Fitch” kimi çox məşhur agentliklər kəskin qiymət enməsini gözləyirlər. “Mood”s elan edib ki, qiymət 50 dollara qədər aşağı enəcək. Onunla əlaqələndirdi ki, İran sanksiyalardan yan keçmək üçün daha çox və ucuz neft satmağa başlayacaq. Bu da qiymətləri aşağı çəkəcək. Neftin qiyməti ilə bağlı proseslər iqtisadi səbəblərdən doğmadığı üçün dayanıqlı deyil. Nə vaxt dünyada gərginlik aşağı düşəcəksə, o zaman daha kəskin qiymət enməsini görə bilərik. Düşünmürəm ki, dünya iqtisadiyyatı bahalı neft qiymətinə hazırdır. Əksinə, dünya iqtisadiyyatında son zamanlar az da olsa canlanmanın baş verməsi neftin qiymətinin ucuzlaşması ilə əlaqədar idi. Ucuz neft ən azından xidmət sahəsində, daşımada qiymətləri ucuzlaşdırdı ki, bu da ticarət dövriyyəsinə müsbət təsir etdi".

Cəfərli hesab edir ki, neftin qiyməti artsa da, manatın məzənnəsində bahalaşma gözlənilmir: “Məntiqlə əslində neftin qiyməti bahalaşdıqca, manatın da dollara nisbətdə bahalaşmasını görməli idik. Bir ildir ki, 1 dollar 1 manat 70 qəpikdir. Mərkəzi Bank son hesabatında göstərdi ki, məzənnə inzibatidir. Yəni üzən məzənnəyə keçdiklərini elan etsələr də son hesabatlarında ”üzən məzənnə" sözü belə yoxdur. Keçən ilin bu vaxtlarından başlayaraq manatın məzənnəsi eyni olaraq qalır. Ötən ilin may ayında neftin qiyməti 47 dollar, manatın da məzənnəsi indiki kimi idi. Bu il isə neft 78 dollara satılır, manat-dollar münasibəti isə dəyişməyib. Bu onu deməyə əsas verir ki, hökumətin də marağı var ki, manatın məzənnəsinin oynamasına imkan verməsin. Ona görə də manatın bahalaşacağını düşünmürəm. Azərbaycan iqtisadiyyatı neftdən kəskin şəkildə asılıdır. Dövlət büdcəsinin də formalaşmasında Neft Fondu müstəsna rol oynayır. Bu il Neft Fondundan büdcəyə birbaşa transfer 50 faizdən yuxarıdır. Əgər manat bahalaşsa, Neft Fondundan daha çox dolların manata çevrilib, büdcəyə transferinə ehtiyac yaranacaq. Azərbaycan hökuməti Neft Fondundakı valyutanı qoruyub, artırmağa çalışır. Onlara da sərf etməz ki, manatın dəyər qazanmasına inzibati qaydada şərait yaratsınlar. İlin sonuna yaxın Amerikada dolların bahalaşması gözlənilir. Federal Ehtiyatlar Sistemi (FED) iki dəfə faiz artımına gedəcək. Ona görə də manatın əksinə bir az ucuzlaşması baş verə bilər. FED ilin sonuna qədər 3 dəfə faiz artımına gedə bilər. Bu baş versə, dünyada dollar kəskin bahalaşacaq. Dünyada da dolların qalxması bizim ətraf ölkələrə təsir edir. Görürük ki, Rusiyada, Türkiyədə, İranda, Qazaxıstanda milli valyuta ciddi dəyər itirir. Düzdür, hamısının fərqli səbəbləri olsa da, əsas səbəb dolların bahalaşma gözləntisidir. Belə olan təqdirdə Azərbaycan manatının baha olması ölkədə cücərtiləri formalaşan qeyri-neft sektoruna ağır zərbə vura bilər. Biz yenidən idxalçı ölkəyə çevrilib, hər şeyi xaricdən almağa başlayacağıq. Bu isə daha kəskin devalvasiyaya gətirib çıxara bilər. Ona görə də düşünürəm ki, qonşulara paralel olaraq sentyabrdan etibarən hökumət manatı az da olsa ucuzlaşdıracaq. Lakin kəskin devalvasiya gözləmirəm. Maksimum il sonuna manatın dollara nisbətdə məzənnəsi 1.80-1.85 ola bilər".

Əli RAİS,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR