İnsanlara hürriyət, millətlərə istiqlal!

Nə Rusiyaya, nə də Əsədə qarşı - bu dünyanın oyunları...

2038 19.04.2018 08:40 Yazarlar A A

Suriyanı atış meydançasına çeviriblər, elə bil Suriya böyük bir tirdir, hamı gəlib tüfəngini, gülləsini burada yoxlayır...

Deyəsən, ABŞ-ın da raket atəşfəşanlığı, sadəcə, bir mesaj imiş, ən azı ona görə ki, bunun davamı ilə bağlı yəqinlik yoxdur, üstəlik, amerikalı diplomatlar and-aman edir ki, bunların nə Rusiya ilə, nə də Əsədlə işləri yoxdur, problemləri yalnız İŞİD-dir.

Bəli, məlum olur ki, Suriya hərbi teatrında İŞİD-dən başqa hamının “dayısı” var, daha doğrusu, dost-doğma “dayıları” da artıq İŞİD-dən üz döndəribdir. Düzü, bu, bizi elə də narahat etmir, sadəcə, bu oyun bizlərə ədəbi personajlardan birini - Frankenşteyni xatırladır...

Elə müttəfiqlər də Suriyaya hücumlarını əsaslandrmaq üçün özlərinə əziyyət vermədilər. Tereza xanım, demək olar ki, “Belə lazım idi” dedi, Makron müəllim isə buyurdu ki, Türkiyə ilə Rusiyanı biri-birindən ayıra bildik. Sonuncuya xarici işlər naziri M.Çavuşoğlu çox orijinal cavab verdi: “Rusiya ilə əlaqələrimiz Fransanın ayıra biləcəyi qədər zəif deyil”.            

Bizsə Makrondan da, bura ildırım sürətilə təşrif buyurmuş NATO başçısından da başqa şey soruşardıq: Türkiyə sizin üçün bu qədər önəmli ölkədirsə, niyə onunla belə qeyri-səmimi, soyuq davranırsız?..

Təbii, bu sual onların cavablandırmalı olduqları suallar sırasından deyildir, amma necə unudaq ki, NATO ölkələri Türkiyəyə hava hücumundan müdafiə sistemlərini satmadı, təlimlərində ehtimal edilən rəqibi Atatürkün, Ərdoğanın adı ilə işarələdilər...   

Qərəz, bütün bunlar artıq tarixçilərin və siyasi təhlilçilərin predmetidir, siyasət adamları daim irəli baxmağa çağırırlar. Olsun. Etirazımız yoxdur. Amma geridə də elə suallar qalıb ki, onları cavablandırmadan irəliləmək qəti mümkün deyil.

Suallardan biri budur ki, niyə Rusiya ABŞ-a cavab vermədi? Cavabı olduqca sadədir. Rusiya cavab verməyə heç hazırlaşmırdı da, çünki V.Putinin ambisiyaları böyük olsa da, SSRİ-ni bərpa etmək arzusu ilə qovrulsa da, SSRİ-ni süquta aparan səhvləri təkrarlamaq istəmir. Həmin səhvlərdən birincisi isə Rusiyanın yenidən Əfqanıstan kimi bir müharibəyə cəlb olunmasıdır. Bu səbəbdən Putin ayağının birini daim Suriyadan kənarda saxlayır ki, bataqlığa tamam batmasın.

İkincisi, Putin elə də axmaq deyil ki, ABŞ, Britaniya və Fransa ilə, ya da bütövlükdə NATO ilə qarşı-qarşıya gəlsin.

Üçüncüsü, Türkiyə ilə məlum təyyarə insidenti baş verəndə Kremlin davranışını çox izlədik. V.Putin çox asıb-kəsdi, amma son mövqeyi belə oldu ki, Türkiyəyə müharibə elan etməyəcəyik. Aydın məsələdir ki, Türkiyə ilə belə müharibədən çəkinən bir ölkə heç bir halda ABŞ-la və onun Britaniya və Fransa kimi müttəfiqləri ilə savaşa girməz və təkbaşına NATO ilə qarşı-qarşıya durmaz.

Dördüncüsü, tarix boyu Rusiyanı əsasən üç şey hifz edib: böyük coğrafiya, sərt iqlim və böyük insan resursları. Rusiyanın rəqibləri üzərində qələbələri yalnız bunun sayəsində mümkün olub, özü də bu qələbələrin hamısı “pir qələbəsi” olub, çox böyük itkilər hesabına başa gəlib. Napoleon Rusiyaya yürüşdən qayıdandan sonra yazmışdı ki, mən ora ordu ilə vuruşmağa getmişdim, şaxta ilə yox...

Qərəz, əvvəlcədən anlaşılan bu idi ki, Rusiyanın ABŞ-a cavabını gözləməyə dəyməz, hərçənd, Kremlin assimmetrik və yaxud da hibrid cavabının olacağı haqqında söz-söhbət bitib-tükənmir. Amma indilik bir şey var: Rusiya BMT-nin qapısının ağzını kəsdirib...  

Bəs bu oyunun mənası nə idi? Heç nə. Raketlər ona işarə idi ki, canavarlar ov sahələrini murdarlayaraq işarələdikləri kimi, ABŞ da Yaxın Şərqi çoxdan işarələyib və demək istəyir ki, mənsiz bu problem həll oluna bilməz və mənim buradan getmək fikrim yoxdur.

Burada başqa məsələ də var. Tramp çox ziddiyyətli, qarmaqarışıq siyasət aparır. Bir səbəbi budur ki, prezidentlə dövlət maşını arasında böyük ziddiyyət var. İkincisi, Tramp hələ də Putinlə görüşməkdə bərk israrlıdır və düşünür ki, görüş ərəfəsində Putini nə qədər sıxsa, bunun görüşün effektinə təsiri bir o qədər çox olar.

Qərəz, böyük oyun gedir və bu oyunda hamının ən axırda yada saldığı suriyalılar və bir də Suriya dövlətidir. 

Aydındır ki, oyunun sonu bir “torq”- “alver” olacaq. Amma onun predmeti nə olacaq, tərəziyə nə qoyulacaq - bax, bunu heç kim bilmir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR