İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir Fazil Məmmədov müxbirimizi niyə izlətdirirdi...

9003 21.01.2018 17:25 Yazarlar A A

2009-cu ilin qış ayları idi. Əməkdaşımız Etibar Seyidağa mənə yaxınlaşıb dedi ki, Elşad, səni Vergilər Nazirliyindəki qanunsuzluqlarla bağlı gizli imza ilə yazdığın bir yazıya görə axtarırlar.

Etibardan sitat: “Daha dəqiqi, bir adam mənə zəng etdi soruşdu ki, bəs filan imza ilə o yazını yazan adam əslində kimdir? Mən də onu yaxşıca söydüm ki, bir də mənə zəng eləmə. Ehtiyatlı ol, yazın deyəsən onları çox narahat edib”.

Həmin yazı indiki kimi yadımdadır. Bir iş adamından məlumat almışdım ki, Vergilər Nazirliyinin iki yüksək vəzifəli şəxsi - o vaxtkı nazir Fazil Məmmədovun yaxın qohumları – Xaləddin İsgəndərov (onda Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentinin rəisi idi) və F. Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev (həmin zaman Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini idi ) böyük bir müəssisənin rəhbərindən 100 min manat “dinməver” tələb ediblər. Həmin iş adamı da sıradan biri olmayıb, sakitcə bu adamlara deyib ki, gedin, axşama çatdıraram.

1488283047.jpg (39 KB)

Bunun ardınca sahibkar ölkə rəhbərliyinə məlumat çatdıra bilib üzləşdiyi durumla bağlı. Bundan sonra Vergilər Nazirliyində ara qarışıb. Məlumat bundan ibarət idi ki, “haqq” qoyulan sözügedən obyekt həmin dönəmlər üçün toxunulmazlar kateqoriyasında olan şəxslərin (artıq elə deyillər, sıradan çıxarılıblar) himayəsində imiş. Birbaşa Fazil Məmmədovun özünə “bu qədər yekəlmisiniz ki, artıq ora da haqq qoyursunuz?!” deyilib. Bundan sonra Namiq Quliyevi nazirlikdəki vəzifəsindən azad edib Yevlaxa vergi idarəsinə göndərmişdilər, gözdən pərdə asmaq üçün. Guya Fazil Məmmədovun bu işlərdən xəbəri olmayıb, yeznəsi Namiq Quliyev özfəaliyyətlə məşğul olub, onu da cəzalandırıb.

Bu məlumatı dərc etməyim Vergilər Nazirliyində şok effekti yaradıbmış. Nədən ki, cəmi 5-6 adam bilirmiş bu olayın baş verdiyini. Məni də ona görə axtarıb tapmaq istəyiblər ki, xəbəri ötürən adamı, beləliklə içərilərindəki “Yeni Müsavat”ın “agentini” müəyyənləşdirsinlər.

Etibar Seyidağadan sonra digər bir qəzetdə işləyən, aramız yaxın olan həmkarım da mənə zəng etdi ki, bəs sizdə vergilərdən yazı gedib, onu yazanı bərk axtarırlar. Böyük pullar təklif ediblər ki, o imzanın sahibinin müəyyənləşdirməsi müqabilində...

Aradan iki-üç gün keçmişdi, mənim mobil telefonuma gizli nömrədən zəng gəldi. Adam özünü təqdim etmədi və dedi ki, bilirik yazını sən yazmısan, əcəb eləmisən, işin yazmaqdır. Bizi maraqlandıran odur ki, xəbəri kim verib, bunu de, nə istəyirsən qulluğunda hazırıq. Dedim ki, gözəl insan, mənə bu xəbəri ABŞ səfiri verib. Başa düşdü ki, məzələnirəm, başladı hədə tonunda danışmağa ki, sənin başına oyun açarıq-filan. Dedim gözləyirəm, gəlin...

Bundan sonra mənə Vergilər Nazirliyindən təhdidlər açıq xarakter almağa başladı. Özünü təqdim etmədən zəng edən şəxs deyirdi ki, səni addım-addım izləyirik, məlumatlandıran mənbəni də tapacağıq, görərsiniz neyləyəcəyik-filan. Durum barədə baş redaktorumuz Rauf Arifoğluna məlumat verdim və dərhal da hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciət edildi. Reaksiya verildi, bir gün sonra məni Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə dəvət etdilər. Dostumuz, baş redaktorun birinci müavini Azər Ayxan tək getməyə qoymadı, birlikdə həmin idarəyə yollandıq. Orada bildirdilər ki, izlənməyimlə bağlı araşdırma aparıblar, burada bir neçə şəxs iştirak etdiyindən iş BMCMİ-də araşdırılır. Təhlükəsizliyimlə bağlı mühafizə ayırmağa belə hazır olduqlarını dedilər, imtina etdim...

Bundan sonra nə zəng gəldi, nə də bir təhdid gördüm. Bir neçə gün sonra məktub aldım ki, şikayətim üzrə araşdırmalar aparılıb, zəng edən, izləyən şəxslər müəyyən olunub və onlarla profilaktik söhbətlər aparılıb...

Zaman çox məsələləri həll edir. İndi Fazil Məmmədov, Xaləddin İsgəndərov, Namiq Quliyevin özlərini izləyir, korrupsioner əməllərini araşdırırlar rəsmi şəkildə. Şübhəsiz, bütün günü səksəkə içərisindədirlər. Dünyanın nizamı budur.

İndi bir söz qalır soruşmağa: “Haran ağrıyır, Fazil?”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR