İnsanlara hürriyət, millətlərə istiqlal!

Natiq Cəfərli: “İran pulunun ucuzlaşması Azərbaycana da təsir edəcək”

2303 02.07.2018 08:20 İqtisadiyyat A A

Ekspert: “3-4 milyon iranlı gəlib Azərbaycandan dollar almaq istəsə...”

ABŞ-ın İrana qarşı sanksiyaları dərinləşdikcə, qonşu dövlətin iqtisadiyyatındakı problemlər artır. Yayılan məlumatlara görə, artıq Tehran bazarı bağlanıb və silsilə etirazlar müşahidə olunmaqdadır. Eyni zamanda İranın milli valyutası da ucuzlaşmaqda davam edir.

Bütün bunların fonunda İran vətəndaşları banklardan dollar ala bilmirlər. Yayılan məlumatlara görə, İranda banklar heç bir şirkətə və ya fiziki şəxsə 10 mindən artıq dollar satmır. Bu isə əlavə problemlərə yol açır. İranın düçar olduğu problemlər, ekspertlərin fikrincə, Azərbaycana da təsirsiz ötüşməyəcək. Artıq xəbərlər yayılıb ki, İran vətəndaşları dollar almaq üçün Azərbaycandakı banklara üz tuturlar. Ekspertlərin fikrincə, bu hal Azərbaycanda dollar qıtlığının yaranmasına və manatın devalvasiyasına yol aça bilər.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan ekspert Natiq Cəfərli də təsdiqləyib ki, İran vətəndaşlarının Azərbaycanda daşınmaz əmlak, dollar almaları ilə bağlı xəbərlər çoxalıb: “İranla bağlı sanksiyaların gərginləşməsi və artması gündəmdədir. Yaxın zamanlarda, hətta noyabr ayından sonra İrandan neft alan ölkələrə və şirkətlərə sanksiyaların tətbiq olunması başlaya bilər. Artıq bununla bağlı Amerika tərəfindən açıqlama olub. Təbii ki, bu, getdikcə daha çox gərginləşən bir iqtisadi vəziyyətdir. Bundan sonra da hesab edirəm ki, biz, İranda daha da çətin iqtisadi halın şahidi olacağıq. Bu gün İranda baş verənlər hələ ki, ilkin addımlardır. Gələcəkdə daha kütləvi şəkildə bunun nəticələrini görə bilərik. Azərbaycan üçün də eyni hal keçərlidir. Daşınmaz əmlak bazarımızda dəyişiklik ola bilər. Yəni əgər kütləvilik artsa, İrandan gəlib Azərbaycandan mənzil almaq istəyənlərin sayı çoxalsa, bu, qiymətləri kifayət qədər yüksəldə bilər. Dollarla da bağlı vəziyyət eynidir. Yəni əgər dollara olan tələbatda kəskin artım müşahidə edilsə, çox ciddi bir problemlər ortaya çıxa bilər. 80 milyonluq əhalidən söhbət gedir. Bu əhalinin hətta 5 faizi belə Azərbaycandan gəlib valyuta almağa cəhd edərsə, bu, təqribən 3-4 milyon insan deməkdir. 3-4 milyon insanın Azərbaycandan dollar almaq cəhdi isə böyük ajiotaja səbəb ola bilər. Nəticədə isə ölkədə dollara olan tələbat kəskin şəkildə çoxalar. Mərkəzi Bank onsuz da inzibati qaydada manatın məzənnəsini sabit saxlayır. İran vətəndaşlarının qeyd etdiyimiz axını olarsa, artıq Mərkəzi Bank da inzibati qaydada manatın məzənnəsini sabit saxlamaqda çətinlik çəkə bilər. Yəni hər şey İranla bağlı vəziyyətin nə qədər gərginləşməsindən asılı olacaq. Gərginləşmə ehtimalı da təəssüf ki, çox yüksəkdir. Əgər bu sanksiyaların artım tempi sürətlə getsə və iqtisadi tənəzzül İranda daha da dərinləşsə, Azərbaycana ciddi təsirlər olacaq. Bunun müsbət təsirləri o ola bilər ki, ölkəmizdə daşınmaz əmlak bazarında aktivlik artsın, satış həcmi çoxalsın. Belə halın Azərbaycan əhalisi üçün mənfi tərəfi isə qiymətlərin artmasıdır. Digər tərəfdən dollara olan tələbatın isə ancaq mənfi tərəfləri ola bilər. Burada müsbət heç bir haldan söhbət gedə bilməz. Çünki Azərbaycanın dollar ehtiyatları ancaq neftə görə formalaşıb. İxracatçı ölkə deyilik və neftdən başqa kütləvi nə isə ixrac etmirik. Ona görə də Neft Fondunun vəsaitinin tükənməsi ehtimalı artır”.

İqtisadçı bildirib ki, İran tərəfdə nə qədər çox qadağalar olacaqsa  bir o qədər də ajiotaj arta bilər: “İqtisadi vəziyyətin pis olmasının səbəbi odur ki, gözləntilər real vəziyyətdən daha da pisdir. Artıq bunun belə olacağını hər kəs bildirir. Bu da ona gətirib çıxaracaq ki, əgər İranla bağlı  ABŞ-ın sanksiyaları daha da kəskinləşsə və doğrudan da noyabr ayından sonra İran neftinin alışına qadağalar qoyulsa, İranın valyuta ehtiyatları kəskin şəkildə azalacaq və rial daha çox dəyərdən düşəcək. Nəticədə bu, Azərbaycana keçib valyuta almaq istəyən insanların sayının və həcminin artmasına səbəb olacaq”.

Ekspert bildirdi ki, Azərbaycanın İran vətəndaşlarının ölkədən dollar almasına  qadağa qoyması mümkün deyil: “Çünki bu, praqmatik olmayacaq. İran vətəndaşları Azərbaycan tərəfinə keçib, bizim vətəndaşların əli ilə dollar alacaqlar. Uzaqbaşı azərbaycanlılara hər min dollara 2 manat hörmət etsələr, azərbaycanlı gedib öz adından dollar alıb, iranlıya verəcək. Ona görə də bu məsələni həll etmək çətindir. Eyni zamanda Azərbaycan tərəfi iranlılara dollar almağı qadağan etsə bu, siyasi baxımdan da vəziyyəti çətinləşdirə bilər. Ancaq siyasi məsələləri kənara qoyduqda belə, praqmatik baxımdan qadağa məsələsinin işləməsi mümkün deyil”.

Əli RAİS,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR