İnsanlara hürriyət, millətlərə istiqlal!

Nağd əməliyyatların məhdudlaşdırılması iqtisadi və ictimai sferanı iflic edib

3453 26.04.2017 08:10 İqtisadiyyat A A

Ələsgər Süleymanov: “Bu qədər sərt şəkildə tətbiq olunması daha böyük fəsadlara gətirib çıxaracaq”; Qubad İbadoğlu: “Bu qanun Azərbaycandakı mövcud reallıq nəzərə alınmadan qəbul olunub”


“Nağdsız hesablaşmalar haqqında” Qanunun qəbul olunması sahibkarlıq fəaliyyəti ilə məşğul olanları çətin vəziyyətə salıb. Real sektor demək olar ki, iflic olub. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3. maddəsinə görə, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.


Artıq biznes qurumları ay ərzində müvafiq olaraq, hesablarından 30 min və 15 min manatdan artıq vəsait çıxara bilmirlər. Azərbaycanda əmək haqqı ödənişlərindən tutumuş cari xərclərə qədər əksər ödənişlərin nağd şəkildə həyata keçirildiyini nəzərə alsaq, bu, biznes subyektləri üçün çox ciddi problemə çevrilib. Faktiki olaraq hesabında on minlərlə manat vəsaiti olan sahibkarlar cari xərclərini ödəmək üçün nağd pul tapa bilmirlər. Bu problem media qurumlarından da yan keçməyib. Habelə, QHT sektoru da Maliyyə Bazarlarına Nəzarət Palatasının bu addımı səbəbindən iflic duruma düşüb.


“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov bildirdi ki, qanunun bu qədər sərt şəkildə tətbiq olunması gözlənilməz oldu: “Təbii ki, qanunun qəbul olunmasının səbəbini anlayırıq. Dövriyyədə olan nağd vəsait kütləsini azaldırlar ki, bank hesablarında manatla olan vəsait nağdlaşdırılaraq dollara yatırılmasın. Çünki iş adamları manatın dəyərdən düşməsindən ehtiyat edərək vəsaitlərini bu yolla risklərdən sığortalamağa çalışırdılar. Bu isə dollara tələbatı artırdığı üçün manatın dəyərdən düşməsinə səbəb olurdu. Bu mənada hökumətin bu qanunu qəbul etməsinin məntiqi aydındır. Ancaq biz təcrübədə görürük ki, hesabında o qədər də böyük pulları olmayan, aylıq olaraq satışdan gələn vəsaitləri çıxarıb cari xərcləri üçün sərf edən sahibkarlar da əziyyət çəkirlər. Məhdudiyyət bu qədər sərt olmamalıydı, burada bir elastiklik olmalı idi. Məbləği konkret olaraq, 15 min manat müəyyən etmək və ondan bir qəpik artıq nağdlaşdırma zamanı cərimə tətbiq etmək doğru deyil. Elə müəssisə var ki, onun nağdlaşdırmaya olan ehtiyacı 16 min manatdır. Bu qanun həmin insanları çətin vəziyyətə salır. Bu qanun daha böyük məbləğlərdə vəsaitlərin nağdlaşdırılıb dollara yatırılmasının qarşısını almaq üçün qəbul olunubsa, mexanizm də buna uyğun hazırlanmalı idi. Bu qədər sərt şəkildə tətbiq olunması daha böyük fəsadlara gətirib çıxaracaq. Zənn etmirəm ki, bu qədər məhdudiyyətlərlə iqtisadiyyat daha da inkişaf edəcək, əksinə, zəifləyəcək. Bu qanun bir qədər elastik formada tətbiq olunsa, hər müəssisəyə xərclərinə uyğun olaraq 15-25 min manat arasında bir limit müəyyən olunsa, daha effektiv olardı”.

Alesger Suleymanov adlı şəxsin şəkli.


Ələsgər Süleymanov ayrılan limitlə redaksiyanın cari xərclərini və ayrı-ayrı layihələr üzrə xərcləri qarşılamaqda çətinlik çəkdiklərini bildirdi: “Bizim qəzetə gəlincə, dünənə qədər bu qanunun çətinliyini hiss etməmişdik. Çünki ehtiyac olmamışdı. Dünən bankda olan 3 min manat vəsaitimizi çıxarmaq istərkən, məlum oldu ki, 2300 manatdan artıq pul nağdlaşdıra bilmərik. Məlum oldu ki, 2300 manatla bizim aylıq normamız olan 15 min manat tamamlanır. Bu, anormal bir haldır, mən 3 min manat çıxartmaq istəyirəmsə, deməli, tələbatım var. Bizim hesabımıza gələn vəsaitlərin bir hissəsi satışdan gəlsə də, böyük hissəsi KİVDF-dən gəlir. Ayda bu fonddan hesabımıza 10 min manat gəlir və biz o vəsaiti öz təyinatı üzrə xərcləyirik. Bu da 15 min manatlıq limitin bir hissəsini aparır və cəmi 5 min manat limit qalır. Bizim kommunikasiya xərclərimiz var, mətbəximizin xərcləri var, kommunal xərclər var. Biz bunların hamısını nağd şəkildə həyata keçirirdik. İndi bütün bunları 5 min manata sığdırmaq mümkün deyil. Düşünürəm ki, heç olmasa KİVDF-dən maliyyələşən qəzetlər üçün oradan gələn 10 min manat 15 min manatlıq limitə aid olmamalıdır. Ondan əlavə, 15 min nağdılaşdıra bilsək, bu bizə kifayət edir”.


İqtisadçı ekspert Qubad İbadoğlu bildirdi ki, bu qanun Azərbaycandakı mövcud reallıq nəzərə alınmadan qəbul olunub: "Doğrudur, mən də hesab edirəm ki, nağdsız hesablaşmalar genişləndirilməlidir. İqtisadiyyatın leqallaşdırılması baxımından bu böyük effekt verə bilər. Amma Azərbaycanda hazırda ödənişlərin böyük bir hissəsinin nağd şəkildə aparıldığını nəzərə alsaq, bu qanunun hansı çətinliklər yaradacağını təxmin etmək çətin deyil. İndiki halda, çalışmaq lazımdır ki, xərclərin çoxu nağdsız formada həyata keçirilsin. O cümlədən əmək haqları hər bir işçinin adına açılmış bank hesabına köçürülsün. Əmək haqqı ödənişləri bu məsələdə o qədər də böyük problem yaratmır. Ən böyük problem yaradan sahibkarların digər ödənişləridir ki, onlar indiyə qədər qeyri-rəsmi formada həyata keçirilib. İndi də bu ödənişlər qeyri-rəsmi olaraq tələb olunur. Bildiyiniz kimi, qeyri-rəsmi ödənişlər nağd şəkildə aparılır. Bu ödənişlər olmadan, sahibkarlar sifariş ala bilmirlər. O baxımdan, dövlət idarələrindən sifariş alan sahibkarların ciddi çətinlikləri yaranıb.

Image result for Qubad İbadoğlu


Qəzetlər və digər biznes qurumları çalışmalıdırlar ki, əmək haqqı və digər bu kimi ödənişləri köçürmə yolu ilə həyata keçirsinlər. Ancaq elə ödənişlər də var ki, onları köçürmə yolu ilə ödəmək çətindir. İndiki halda o ödənişləri də məhdudlaşdırmaq lazımdır ki, 15 min manatı və ya dövriyyəsi 200 min manatdan artıq olan təşkilatlar üçün 30 min manatı keçməsin. Bu limitin aşılması əlavə olaraq maliyyə sanksiyası yaradır və digər dövlət qurumlarının yoxlama aparması üçün də imkanlar yaradır".


İqtisadçı vurğuladı ki, bu günün reallığı nəzərə alınmadan həyata keçirilən bu qanun sahibkarların fəaliyyətinə ciddi şəkildə əngəl yaradır: “Biznes sektorunda ödənişlərin heç də hamısı nağdsız formada həyata keçirilmir. Nağd ödənişlərin reallaşmaması isə bütövlükdə həmin sahə üzrə əməliyyatların dayandırılmasına gətirib çıxarır”.


Limitin artırılması ilə bağlı təkliflərə gəlincə, Q. İbadoğlu bildirdi ki, ümumiyyətlə, bu limitin tətbiqi doğru deyil: “Bu vəsait təşkilatın özünə məxsusdur və onun hansı formada xərclənməsinə o təşkilatın rəhbəri, üzvləri qərar verə bilər. İstər nağd, istərsə də nağdsız xərcləyər. Həmin limitin qoyulması sahibkarlıq hüququnun pozulması deməkdir. Mən bu vəsaitin sahibiyəmsə, onu mən qazanmışamsa, necə xərclənməsini də mən müəyyənləşdirməliyəm. Belə məhdudiyyətlər ABŞ-da, Avropa ölkələrində də var. Amma orada bu nağdsız əməliyyatların genişləndirilmiş sistemi var və bunu hər yerdə həyata keçirmək mümkündür. Məsələn, avtomobilə benzin alarkən, marketdə alış-veriş edərkən, onu kartla ödəmək mümkündür. Bizdə isə nağdsız əməliyyatlar o dərəcədə genişlənməyib və onun üçün texniki təminat, infrastruktur yoxdur. Avropada bir çox ödənişlər internet üzərindən virtual olaraq aparılır, insanlar ödənişləri köçürmə yolu ilə edirlər, nağd ödənişlərə ehtiyac belə qalmır. Azərbaycanda dövlətdən sifariş alan adam qeyri-rəsmi olaraq ödəniş etməsə , heç bir nazirlik ona indiyə qədərki praktikada sifariş verməyib. Əgər bu iş icraya götürülə bilmirsə, sahibkar fəaliyyətini ya məhdudlaşdırır, ya da dayandırır. Əgər nağdsız əməliyyatlara keçirlərsə, o zaman qeyri-rəsmi ödənişləri də yığışdırsınlar, tenderlər şəffaf keçirilsin. Sahibkarlar da öz sifarişləri əsasında iş alsınlar”.


Nərgiz LİFTİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR