İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifət yayda dincəlməyəcək

1767 30.05.2017 11:10 Siyasət A A

Siyasi partiyaların yay ayları üçün hansı planları var?


Yay fəsli yaxınlaşır, bu isə o deməkdir ki, ölkənin ictimai-siyasi həyatında digər aylarla müqayisədə passivlik yaşanacaq. Hər il insanların istirahət etdiyi bu aylarda müxalifət cəbhəsində də süstlük müşahidə olunur. Yay aylarında havaların isti keçməsi ilə əlaqədar demək olar ki, bütün dünyada oxşar hal baş verir. Lakin buna baxmayaraq, siyasi-ictimai təşkilatlar fəaliyyətlərini tam dondurmur və müəyyən addımlar atırlar.


Bəs yay ayları üçün Azərbaycanda müxalifət partiyalarının planı nədir?


Mayın 28-də qurultay keçirən VİP sədri Əli Əliyev “Yeni Müsavat”a bildirib ki, onların yay ayları üçün də planları var: “Əvvəla, onu qeyd edim ki, keçirdiyimiz qurultayda bütün seçkili qurumlarımızı təzələdik. Qarşıdan gələn dövrün tələblərinə, beynəlxalq çağırışlara uyğun olaraq fəaliyyətimizi qurmaq niyyətindəyik. Hesab edirik ki, əsasən prezident seçkilərinə köklənmək lazımdır və bu seçkilərə yönəlik partiyanın daxilində hazırlıq işləri getməlidir. Düşünürük ki, seçkilər 2017-ci ilin ikinci yarısında da ola bilər. Bu ehtimal yüksəkdir. Olmasa belə, 2018-ci il seçkilərinə də çox vaxt qalmayıb. Ona görə də qurultayımızda dairə təşkilatlarının seçki dairələrinin hüdudları üzrə formalaşdırılması işinə başlamışıq. Yeni üzvlərin cəlbi də vacibdir. Çalışacağıq ki, təzələnmiş qurumlarda fəaliyyətimizi gücləndirək və hakimiyyətin bütövlükdə addımlarını təqib edək. Partiyadaxili məsələlərlə yanaşı, müxalifət daxilində də inteqrasiya işlərinin sürətləndirilməsi vacib amildir. Regionda baş verənlər də bunu təhrik edir. Müxalifət daha yetkin çıxış etməli və çalışmalıdır ki, qarşıdan gələn seçkilərə ciddi hazırlaşsın. Qeyd etdiyimiz fəaliyyət nəticə verməsə, o zaman müttəfiqlərimizlə seçkiləri dəyərləndirəcəyik. Bu da olmasa, partiya sərbəst qaydada seçkilərə qatılmağı düşünür. Qurultayda da bizim seçkilərə tək qatıldığımız zaman hansı işlərin görülməsinin lazımlığını rayon təşkilatlarının, qurultay nümayəndələrinin yeni seçilmiş məclis üzvlərinin nəzərinə çatdırdıq”.


AG Partiya sədri Tural Abbaslı bildirib ki, yay aylarında partiyadaxili işlərlə məşğul olacaqlar:


“Hər il Azərbaycanda yay aylarında siyasi məkanda passivlik olur. Çünki seçkilərin heç biri yay fəslinə düşmür. Həm də hakimiyyətin özü də marağında olur ki, ilin ən azı 3-4 ayını siyasi passivlik dönəmi yaşanır və rahat şəkildə öz hakimiyyətlərini davam etdirirlər. Bu il də yəqin ki, elə olacaq. Ümumiyyətlə, son 2-3 ildə Azərbaycan müxalifəti siyasətin aktivlik dərəcəsini bəlirləmir. Bunu yalnız hakimiyyət edə bilir, istəyəndə gündəm yaradır, müxalifət də bunun ətrafında aktivləşir, fəaliyyət göstərir. Demək olar ki, müxalifət hakimiyyətin siyasət oyununun əlavəsi kimi çıxış edir. Belə görünür ki, hakimiyyət öz daxili çəkişmələri ilə məşğuldur və burada müxalifətə hələ ki yer yoxdur. Ola bilər ki, həbslər olsun və bununla bağlı yay aylarında aktivlik müşahidə olunsun. Biz isə yeni yaranmış partiya kimi daha çox daxili strukturlarımızın formalaşdırılması, strategiyamızın müəyyənləşməsi, partiyanın boşluqlarının doldurulması məsələləri ilə məşğul olacağıq. Əgər siyasi məkanda nə isə qeyri-adi hal baş verərsə, biz də ona qatılacağıq. Olmayacaqsa, dediyim kimi, daxili işlərimizi görəcəyik”.


KXCP sədrinin müavini Xəzər Teyyublu hesab edir ki, havanın partiyanın fəaliyyətinə elə də təsiri yoxdur: “Yay aylarında cəmiyyətin bütün sahələrində temp bir qədər aşağı düşür. Bu da istilərlə əlaqədardır. Ancaq bu, o demək deyil ki, fəaliyyətimiz dayanacaq. Xeyr, fəaliyyət elə əvvəlki kimi də davam edəcək. Təşkilatlanma işlərimizi, iclaslarımızı, ümumən fəaliyyətimizi nizamnaməyə uyğun olaraq davam etdirəcəyik. İstiyə, havaya uyğun olaraq fəaliyyət qurmaq doğru sayılmaz. İsti günlərdə iclasların, sadəcə, vaxtını dəyişmək olar və iş ahəngi isə dəyişməz. Hər həftə partiyanın rəhbər orqanlarının iclası keçirilib və keçiriləcək”.


Ümid Partiyasının sədr müavini Tamilla Qulami də “Yeni Müsavat”a bildirib ki, onlar da yay aylarında passiv olmaq fikrində deyillər: “Qarşıdan seçki ili gəldiyi üçün partiyanın üzərinə düşən əsas iş təşkilatlanmadır. Növbəti il qurultayımız planlaşdırılır və buna görə də yay fəsli boyunca rayon təşkilatlarımızın konfransları keçiriləcək. Biz də partiya rəhbərliyi olaraq həmin konfranslarda iştirak edəcəyik. Yəni yay aylarında partiyamızda heç də passivlik olmayacaq”.


Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, yay aylarında əsasən qurultaya hazırlaşacaqlar: “Konfransları keçirilməyən rayon təşkilatlarında konfransların keçirilməsini nəzərdə tutmuşuq. Artıq hansı rayonda nə zaman konfransın keçirilməsini də planlaşdırmışıq. Hazırda Bakı şəhəri üzrə rayon təşkilatlarının konfransları keçirilir, bu bitdikdən sonra isə digərlərinə keçəcəyik. Həmçinin qarşıdakı günlərdə partiyanın gənclər təşkilatı və qadınlar şurasının konfranslarının vaxtıdır. Planlaşdırırıq ki, bu yay ərzində onları da keçirək. Qarşıdakı əsas işlərimiz bunlardır. Eyni zamanda təqvim planına uyğun olaraq digər işlərimizi də görəcəyik”.


Əli RAİS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR