İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifət Bakıda “sarı jilet” geyinmək fikrində deyil

1507 11.12.2018 10:30 Siyasət A A

 

Partiyalar keçmiş təcrübədən peşmandırlar

Fransada bir neçə həftədir hakimiyyətə qarşı “sarı jiletlər”in mitinqləri keçirilir. Etirazçılara qarşı hökumət qüvvələri həddən artıq güc tətbiq etsələr də, insanları küçələrdən yığmaq mümkün olmayıb. Nəticədə prezident Emanuel Makron verdiyi qərarlardan geri çəkilməyə məcbur oldu.

Təcrübə göstərir ki, Azərbaycanda müxalifət zaman-zaman yaxın-uzaq xaricdə baş verən bu cür “rəngli” hərəkətlənmələrdən, inqilablardan həvəslənərək həmin prosesləri burada da təkrarlamağa cəhdlər ediblər. Məsələn, 2004-cü ildə Ukraynada “narıncı inqilab”dan sonra Azərbaycan müxalifəti narıncı rəngdə bayraqlar, geyimlərlə meydana çıxmışdı.

İndi də müxalifət Fransada “sarı jiletlər”dən ilhamlana və sarı jilet geyinib meydana çıxa bilərmi? Azərbaycan müxalifətinin Fransa kimi ölkədə aksiya keçirənlərə güc tətbiq edilməsinə münasibəti necədir?

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, Fransada insanlar prezident Makronun son qərarlarına etiraz olaraq aksiyalar keçirir, lakin bunları dinc etiraz aksiyaları adlandırmaq da uyğun olmaz. Çünki artıq 3-cü həftədir ki, etirazçılar paytaxt Parisi demək olar ki, yandırıb-yıxır. Hətta bir çox dükanlar və bankomatlar qarət olunur: “Odur ki, biz bu etirazlara birmənalı yanaşmanın tərəfdarı deyilik. Biz dağıdıcılıqla müşayiət olunan hər hansı prosesi təqdir etmirik və təkrar etmək də fikrində deyilik.  Zamanında bizlər Azərbaycan müxalifəti olaraq ”narıncı inqilabların" eynisini burada da təkrarlamağa çalışmışdıq. Lakin həmin dönəmlərdə bir çox obyektiv və subyektiv səbəblərdən bizdə bu etirazlar uğurla nəticələnmədi. Burada həmin dönəmdəki müxalifət liderlərinin səriştəsizliklərini, dünya birliyinin Ukrayna və Gürcüstandan fərqli olaraq bizə səmimi dəstək verməməsini, həmçinin belə inqilabların Azərbaycan cəmiyyəti tərəfindən tam qəbul olunmamasını da səbəb kimi göstərmək olar.

Tural Abbaslı ile ilgili görsel sonucu

Digər partiyaları deyə bilmərəm, ancaq AĞ Partiya olaraq biz artıq hansısa hərəkat və inqilabların Azərbaycana süni şəkildə ixrac  olunmasının tərəfdarı deyilik. Çünki xalqımıza yad olan və cəmiyyət tərəfindən qəbullanmayan metodlarla uğur əldə etmək olmur. Həmçinin bu gün Fransa, Belçika, Hollandiyada olan etirazların və zamanında Ukrayna, Gürcüstan, ən son Türkiyədə “Gəzi olaylarının” arxasında xalqlardan daha çox beynəlxalq maraqlı güclərin durduğunu biləcək qədər də təcrübəmiz var. Bu etirazlara fikir versəniz görərsiniz etirazların simvolları, metodları, taktikaları tam eynidir. Belə hərəkatlar adətən Amerikanın hansısa dövlətlərə təzyiq etmək üçün Soros Fondu kimi qurumların əli ilə törətdikləri fəaliyyətlərdir. Bizsə AĞ Partiya olaraq özümüzü milli qüvvə hesab edirik, biz milli müxalifətçiliyin tərəfdarıyıq. Millilik isə bizim üçün iqtidarı dəyişmək üçün kənar qüvvələrlə əməkdaşlıq etmək demək deyildir".

T.Abbaslı qeyd etdi ki, Fransadakı aksiyaların dağıdılması zamanı təbii ki, qeyri-adekvat polis gücündən istifadə pislənməlidir: “Polisin və güc strukturlarının fəaliyyəti aksiyaçıların fəaliyyətinə adekvat olmalıdır. Təbii ki, polisdən qarətçi və təxribatçılarla dinc etirazçıları eyni tutmasını tələb etmək də doğru olmaz. Ancaq yeri gələndə dünyaya insan haqları və demokratiyadan dərs keçməyə çalışan Fransa hökumətini də ən azından özlərinin bəyan etdikləri dəyərlərə də xəyanət etməməyə səsləyirəm. Ölkələrin dünyaya car çəkdikləri dəyərlərə nə qədər sadiq olduqları adətən belə anlarda ortaya çıxır. Ümumilikdə isə biz müxalifət olaraq öz xalqımızla işləməli, onların səslərinə qulaq verməli, onların həssasiyyətlərinə və tələblərinə uyğun mübarizə metodları yaratmalıyıq. Yalnız bu halda biz müxalifət olaraq uğur əldə edə bilərik. Yoxsa kor-koranə kopyalama və mübarizə imitasiyası ilə heç nə əldə etmək mümkün olmayacaq”.

AMİP katibi Əli Orucov ile ilgili görsel sonucu

AMİP katibi Əli Orucov isə bildirdi ki, Fransada hökumət geri addım atsa da, etirazlar səngimək bilmir və Avropanın digər ölkələrinə də sıçramaqdadır. Lakin bunun Azərbaycana hansısa təsiri gözlənilmir: “Əvvəla, Fransa Azərbaycandan çox uzaqdadır və bütün parametrlərə görə Azərbaycanla müqayisədə kəskin fərqlənir. Fransada sindikatlar, həmkarlar ittifaqı proseslərin önündədir. Və bu proseslər daha çox sosial xarakterlidir. Lakin Azərbaycanda iri müəssisələr və sindikatlar yoxdur, həmkarlar ittifaqları isə formal xarakter daşıyır. Eyni zamanda siyasi fəallıq, ictimai şüur Fransadakı kimi deyil.

Azərbaycanda müxalifət çox pərakəndə və zəifdir, siyasi mübarizə meydanı dar çərçivədədir. Ölkədəki narazılıq və etirazlar fərqi xarakter daşıyır, ictimailəşməyib, məişət səviyyəsindən yuxarı qalxmayıb. Digər tərəfdən, beynəlxalq güclərin Azərbaycanda hansısa sabitliyin pozulmasında və ya dəyişiklikdə marağı görünmür. Ona görə də nəinki Fransa kimi uzaq ölkədə, hətta bizə yaxın regionlarda demokratikləşmə proseslərinin Azərbaycana o qədər də ciddi təsiri olmur. Müxalifətin ictimai-siyasi proseslərə güclü təsiri hiss edilmir. Həmçinin xalq-müxalifət arasında əlaqə, sıx münasibətlər çox zəifdir. Problem həm də ondan ibarətdir ki, ölkədə hər hansı dəyişiklikləri kənardan gözləyən hələ də müxalif qüvvələr var. Onlar elə düşünürlər ki, Fransada, ərəb ölkələrində, yaxud elə Gürcüstanda gedən proseslərin eynisini Azərbaycana transfer etməklə nəyəsə nail olmaq olar. Lakin dəyişikliklərə nail olmaq üçün müxalifət-xalq vəhdətinə və narazı kütlənin maraqlarını ifadə etməyə, onu proseslərə cəlb etməyə, inandırmağa nail olmaq lazımdır".

AMİP yetkilisi onu da dedi ki, Azərbaycan müxalif liderlərinin xeyli hissəsi köhnəlib və uğursuz siyasətləri ilə siyasi nihilizmin yaradılmasında özləri də bilmədən iqtidara yardım ediblər. Yeni qüvvələr, yeni yanaşma, yeni simalar və yeni ruh gəlməlidir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR