"Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır".
Bu gün bu sözlərin sahibi, Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatından 79 il keçir. O, 1938-ci ildə noyabrın 10-da dünyasını dəyişib. Ölümü ilə minlərlə insanı üzən Atatürkün hazırda Türkiyədə anım mərasimi keçirilir.
Qeyd edək ki, M.K.Atatürk 10 noyabr 1938-ci il, saat 09:05-də tutulduğu serroz xəstəliyindən İstanbulda Dolmabahçe sarayında vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.
M.K.Atatürkün vəfat etdiyi gün bütün Türkiyə qəzetlərinin manşetləri ona həsr olunmuşdu.
Musavat.com sizə Atatürkün vəfatından sonra Türkiyə qəzetlərinin onun haqqında yazdıqlarını təqdim edir:
“TAN” qəzetinin manşeti: “Ölüm adlanan zalım qüvvət içimizdən ən böyüyümüzü, ən çox sevdiyimizi də aldı”.
“Ulus” qəzetinin manşeti: “Xilaskarını və ən böyük övladını itiridin. Türk milləti sən sağ ol”.
“Son Telegraf” qəzetinin manşeti: “Məmləkət böyük təsir altındadır”
“Son Posta” qəzetinin manşeti: “Türk milləti ulu öndərini, insanlıq isə böyük övladını itirdi”.
“Cumhuriyyət” qəzetinin manşeti: “Böyük milli matəmimiz”.
“Yeni Sabah” qəzetinin manşeti: “Bu millətin ruhunu ən yaxşı Atatürk anladı”.
Mustafa Kamal Atatürkün qısaca həyatı və fəaliyyəti:
Mustafa Kamal Atatürk 1881-ci ildə Osmanlı İmperiyasına məxsus Saloniki şəhərində dünyaya gəlib. 1896-1899-cu illərdə müasir Makedoniya ərazisində yerləşən Monastır Hərbi məktəbini bitirərək, İstanbul Hərb Məktəbinə qəbul olunub. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olub, Hərbi Akademiyada təhsilini davam etdirmişdi.
1905-ci il yanvar ayının 11-də kapitan rütbəsi ilə Akademiyanı bitirib. 1905-1907-ci illər arasında Dəməşqdə 5-ci Orduda xidmət etmişdi, 1907-ci ildə yavər rütbəsi almışdı. Daha sonra Monastıra 3-cü Orduya təyin olunub. 1909-cu il aprel ayının 19-da İstanbula daxil olan Hərəkat Ordusunda qərargah rəisi olaraq xidmət edib. 1910-cu ildə Fransaya göndərilib, Pikardi manevrlərində iştirak edib. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzində xidmətə başlayıb.
Rəhbərlik etdiyi Türk Qurtuluş Savaşının əsas mərhələləri:
- Sarıqamış (20 sentyabr 1920), Qars (30 oktyabr 1920) və Gümrünün (7 noyabr 1920) azad edilməsi...
- Çukurova, Qaziantep, Kahramanmaraş və Şanlıurfanın müdafiəsi (1919-1921)...
- I İnönü zəfəri (6-10 yanvar 1921)...
- II İnönü zəfəri (23 mart-1 aprel 1921)...
Kütahya-Əskişəhər döyüşləri...
- Sakarya zəfəri (23 avqust-13 sentyabr 1921)
- Böyük Hücum və Böyük Zəfər (26 avqust-9 sentyabr 1922)
Sakarya zəfərindən sonra 19 sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala marşal rütbəsi və qazi titulu vermişdi. Qurtuluş Savaşı 24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsi ilə sona çatmışdı. Beləliklə, Sevr müqaviləsi ilə parçalanması nəzərdə tutulan, Türk xalqına 5-6 vilayət böyüklüyündə ərazi verilən Türkiyə torpaqları üzərində, milli birliyə əsaslanan yeni Türk dövlətinin qurulması üçün heç bir əngəl qalmamışdı.
Turan Oruc,
Musavat.com