İnsanlara hürriyət, millətlərə istiqlal!

"SOCAR onlara çox vəd verib" - Ali Ağaoğlu

3401 18.01.2017 08:10 Müsahibə A A
SOCAR-ın qiymətli kağızların emissiyasi üzrə baş məsləhətçisi və “SOCAR Capital” şirkətinin Məsləhət Şurasının üzvü Ali Ağaoğlu SOCAR istiqrazlarının bazara buraxılmasının ilk 3 ayı ərzində qazandığı uğurlar, eləcə də dünyada və ölkədə yaşanan iqtisadi proseslərlə bağlı “Yeni Müsavat” qəzetinə müsahibə verib. 


Əvvəlcə, müsahib haqqında qısa arayış: Ali Ağaoğlu 1963-cü ildə Ankarada doğulub. 1980 ildə Boğaziçi Universitetində menecment fakültəsinə daxil olub. 1986-cı ildən bank sektorunda fəaliyyətə başlayıb. 2001-ci ilə qədər Standard Chartered və Stochelandes kimi xarici banklarda, o cümlədən Ege banklarında çalışıb.

2001-ci ildə Tassaruf Mevduati Sığorta Fonduna (TMSF) daxil olub və bir ilə yaxın Kamal Derviş zamanında TMSF-nin tərkibində olan 9 bankın xəzinələrinin koordinasiyasını həyata keçirib Dünyada ilk dəfə olan depozit satışı və çox böyük iqtisadi layihələri həyata keçirib.
2004-cü ildən Türkiyənin “Vatan” qəzetində yazır, 2008-2012-c illərdə “Fortune” jurnalında yayım müdiri olub. 

2015-ci ildən SOCAR Türkiyədə Finansal Risk Yönətimi və Xəzinə Kordinatoru kimi çalışır. 2016-cı ildən SOCAR-ın Kapital bazarları üzrə baş məsləhətçisi işləyir.

- Ali bəy, 3 ay öncə SOCAR istiqrazları bazara təqdim ediləndə sizinlə müsahibəmiz olmuşdu. O zaman bu istiqrazların həm vətəndaşlara, həm də Azərbaycanın maliyyə bazarlarına fayda verəcəyi ilə bağlı vədlər vermişdiniz. İstiqrazların uğur qazanacağı haqqında proqnozlarınızı bölüşmüşdünüz. SOCAR bu 3 ay ərzində o uğurlara nə dərəcədə nail ola bildi? 

- İlk növbədə onu qeyd edim ki, SOCAR istiqrazları Azərbaycan maliyyə bazarlarının inkişafı baxımından çox önəmli bir mərhələ oldu. Səbəb isə odur ki, birjamız var, Milli Depozit Mərkəzi (MDM) və banklar var, investisiya şirkətləri var. Bunların bir-biri ilə texniki və sistem əlaqəsi bu istiqrazlar sayəsində yüksək səviyyəyə çıxarıldı. Maliyyə bazarları üçün çox mühüm bir təcrübə qazanıldı. O baxımdan, düşünürəm ki, bu çox uğurlu bir iş oldu. Digər tərəfdən, istiqrazlara  çox böyük maraq oldu. Azərbaycanın həm fiziki, həm də hüquqi şəxsləri istiqrazların birinci bazarında çox böyük maraq göstərdilər. 200 milyon dollardan çox tələb oldu. Təklifin iki qatı qədər tələb gəldi.  Bu yerləşdirmə həyata keçirildikdən sonra istə birjada, istərsə də MDM tərəfindən önəmli uğurlar əldə edildi və sistem işlək vəziyyətə gətirildi. O  baxımdan, mən bunu Azərbaycan maliyyə bazarları çox önəmli bir inkişaf kimi qiymətləndirirəm. 

- Ali bəy, təkrar bazarda istiqrazların qiyməti maksimum nə qədər artdı? 

- Bu istiqrazlar 5 illikdir, ildə 5 faiz gəlir gətirir və hər 3 aydan bir faiz gəliri ödənilir. Bu isə o deməkdir, 1000 dollarlıq istiqraz sahibi ilin sonunda cəmi 50 dollar pul qazanır. Əgər bir il ərzində ödənilən faiz gəlirlərini də təkrar istiqraza yatırarsa, illik gəliri 5,1 faizə qədər arta bilər. İstiqraz sahiblərinə belə bir imkan tanınır. Digər tərəfdən, 1000 dollara görə istiqraz sahibinə hər 3 aydan bir 12,5 dollar ödənilir. Bu mənada istiqrazın normal şərtlər altında qazandığı dəyər 12,5 dollardır. Amma bu müddət ərzində istiqrazların  qiyməti 1024 dollara qədər qalxdı. Bu isə o deməkdir ki, SOCAR istiqrazları 6 aylıq faizini birdəfəlik öz qiymətinin üzərinə əlavə edə bildi. Lakin normal şərtlərdə faizi ödənilən gün istiqrazların qiyməti 1000 dollara düşəcək. Amma faiz təkrar hesablanmağa başlayacaq və növbəti ayın sonunda 12,5 dollar yenidən istiqraz sahibinə ödəniləcək. 

“Sadəcə məzənnənin yox, faiz dərəcəsinin də sərbəst şəkildə müəyyənləşdirilməsinə ehtiyac var”


- Ötən 3 ayda istiqrazı satışa çıxaranların sayı daha çox oldu, yoxsa əlində saxlayıb faiz əldə etmək istəyənlərin sayı? 

- İnsanların əksəriyyəti istiqrazları əllərində saxlamağa çalışdılar. Hətta yeni alıcılar da gəldi. İstiqraz alıb saxlamaq istəyən fiziki şəxslərin sayının çox olması bizi daha da məmnun etdi. İndi də almaq üçün zəng edənlər var. Bizim *19 99 qaynar xəttimiz var. Oraya gələn zənglərin sayı gündən-günə artır. Bu da Azərbaycan vətəndaşlarının SOCAR istiqrazlarına marağının günbəgün artmasını göstərir. Bu bizi çox sevindirir. 

- Xarici vətəndaşlardan tələb gəldimi? 

- Bəli, xaricilərdən istiqraz əldə etmək istəyən var. Gürcüstan və Türkiyə vətəndaşlarından tələb var, Rusiya vətəndaşlarında və Rusiyada yaşayan azərbaycanlılardan da tələblər gəlir. Bu ilk faiz ödəmələri bizim üçün də, maliyyə bazarı üçün də çox önəmlidir. Çünki biz SOCAR olaraq bir çox vədlər verdik. Birincisi, dedik ki, hər 3 aydan bir 12,5 dollar faiz gəliri ödəyəcəyik, ikincisi və daha önəmlidi isə odur ki, hər zaman hu istiqrazları 1000 dollardan almağa hazırıq. Bizim 1000 dollardan istiqrazı geri almağımıza ehtiyac qalmadı. Çünki heç kim gətirib qaytarmadı. Bütün satışlar normal bazar şərtləri ilə gerçəkləşdi. Bu da bizim üçün, eləcə də maliyyə bazarı üçün çox önəmli bir göstərici oldu. Bəli, bizim zəmanətimiz hər zaman keçərlidir. Ancaq bizim zəmanətimizə ehtiyac olmadan, bazar  şərtləri çərçivəsində, olması gərəkdiyi kimi əməliyyatlar aparılmağa başladı. Ona görə də bu güvənin və inamın artması ilə birlikdə mən qarşıdakı müddətdə SOCAR istiqrazlarına olan etibarın, marağın daha da artacağına inanıram. 



- Bu müddət ərzində Azərbaycan maliyyə bazarlarında bir çox dəyişikliklər oldu. Manatın məzənnəsi ilə bağlı iqtisadi böhran yaşanır. Bu durumu  SOCAR istiqrazları baxımından  necə qiymətləndirirsiniz? 

- Gəlin buna iqtisadi böhran deməyək. Neft gəlirlərinin azalması ilə Azərbaycanın öncədən yaşamış olduğu yüksək zənginlik səviyyəsi bir qədər aşağı düşdü. Mən daha öncədən çox iqtisadi böhranlar görmüş təcrübəli bir şəxs kimi, Azərbaycanın yaşadığı hazırkı durumu iqtisadi böhran olaraq görmürəm.  Bunun istiqrazlara təsirinə gəlincə, hələ yastıq altındakı dollarları tam şəkildə iqtisadiyyata qazandırmağa nail olmamışıq. SOCAR olaraq bizim bu istiqrazları dollarla buraxmağımızın ən önəmli məqsədi bu idi. Bu istiqamətdə hələ ki çox ciddi bir irəliləyiş müşahidə olunmadı. Ancaq  bu proses normala döndükcə, müsbət nəticələr əldə edildikcə, mən yastıq altında yatan dollarların bir qisminin bu istiqrazlara gələcəyini düşünürəm. Önəmli uğurlardan biri də odur ki, ikinci bazarda bu istiqrazlar üzərindən aparılan əməliyyatların həcmi 40 milyon dollara qədər yüksəldi. 

Bu, ümumilikdə SOCAR istiqrazları istisna olmaqla, birjadakı bütün əməliyyatların  həcmindən iki dəfə çoxdur. Bu rəqəm qarşıdakı müddətdə artmaqda davam edəcək. Mən bunun Azərbaycan maliyyə bazarına önəmli bir qatqısının olmasını düşünürəm. Bizim istiqrazlar bazara buraxıldıqdan sonra dollarla olan başqa bir istiqraz da buraxıldı. Bu da bir addımdır. İstiqraz bazarının tədricən inkişaf etməsinə ehtiyac var. Azərbaycanın bu sahədə Türkiyə və ya  İngiltərə səviyyəsinə çıxmasını gözləmək də yanlışdır. Lakin bir yerdən başlamaqla bunu yavaş-yavaş inkişaf etdirmək lazımdır. Bir körpə kimi əvvəlcə iməkləyəcək, sonra ayaq üstə durmağı öyrənəcək, sonra yeriməyə, daha sonra qaçmağa başlayacaq. Bunun üçün də müəyyən qədər zaman lazımdır. Heç kim doğulan kimi yeriməyə başlamır. Bu durum da onun kimidir. Zamanla inkişafa ehtiyacı var. 

“Gürcüstan, Türkiyə Rusiya vətəndaşlarından və Rusiyada yaşayan azərbaycanlılardan da tələblər gəlir”


- Azərbaycanda hazırkı dollar-manat münasibətlərini necə dəyərləndirirsiniz? Manat tam üzən məzənnə rejiminə keçib və günbəgün ucuzlaşmaqda davam edir. 

- Bu, Azərbaycan üçün qaçılmaz bir addım idi. İndi bu istiqamətdə bir-iki addımın atılmasına da ehtiyac var. Dolların alış və satış prosesinin daha şəffaf olmasına və birjalar vasitəsilə həyata keçirilməsinə ehtiyac var. Çünki bilgi cəmiyyətdə paylaşıldıqca, hər kəs üçün əlçatan olduqca, şübhələr, qorxular da azalacaq, bazar nisbətən daha yaxşı vəziyyətə gələcək. Bunun üçün sadəcə, məzənnə yetərli deyil, onunla yanaşı faiz dərəcəsinin də sərbəst şəkildə müəyyənləşdirilməsinə ehtiyac var. Onlar ikisi sərbəst bazarda bir-birini tamamlayacaq. Faiz artdıqda məzənnə düşər, faiz azaldıqda bazarda başqa bir alternativ yoxdursa, dollara maraq artar. Üzən məzənnə və sərbəst şəkildə dalğalanan faiz ilə daha balanslı bir məzənnə siyasəti yaranmış olacaq. 

- Türkiyədə hökumət xalqa müraciət etdi və kütləvi şəkildə əllərindəki dolları türk lirəsinə dəyişənlər oldu. Bunun ardından lirə bir qədər sabitliyini qorusa da, sonradan yenidən ucuzlaşdı və həmin insanlar peşman oldular. Manatla bağlı belə bir addım atılarsa, milli valyutamızın sabitliyini qorumaq mümkün olarmı? 

- Mən öncə Türkiyədə baş verənləri qiymətləndirim. Bayaq da dediyim ki, məzənnənin müəyyən bəndlər çərçivəsində dalğalanmasına icazə verildiyi kimi faizlərin də bu şəkildə dalğalanmasına şərait yaratmaq lazımdır. Türkiyədə faizlərlə bağlı sərbəstlik çox məhduddur. Bu səbəbdən ikisi arasındakı balansı müəyyən etməkdə çətinlik çəkirik. Türk lirəsinin bir qədər möhkəmləndikdən sonra yenidən ucuzlaşmasının səbəbi odur ki, milli valyutanın gəlir faizi aşağıdır və ona görə maraq da azdır. Azərbaycanın milli valyutasında tam sabitliyə gəlincə, düzəldilməsi mümkün olmayan bir məsələ deyil. Azərbaycanda bir inkişaf prosesinə ehtiyac var. Müəyyən yol qət edilib, önəmli addımlar atılıb. Əminəm ki, bu proses sürətlənəcək və bu narahatlıq yox olacaq. Maliyyə bazarlarının asta və nizamlı şəkildə bir-birinə inteqrasiya etməsini həyata keçirdikcə, problem də həllini tapacaq. O zaman insanlar durumu daha yaxşı anlayacq və daha az narahat olacaqlar.
 
- Rusiya, Türkiyə və Azərbaycan. Hər üç ölkənin milli valyutası ötən il ciddi devalvasiya yaşadı. Lakin bu üç ölkədən ən tez milli valyutasının sabitliyini təmin edən Rusiya oldu. Siz də bu məsələdə Rusiya hökumətini təqdir edirsinizmi? Yoxsa səbəblər fərqlidir? 

(davamı növbəti sayımızda)

Nərgiz LİFTİYEVA
Fotolar: Məğrur MƏRDİNDİR

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR