İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov: “İnsan yaşlaşanda ağlı qaçmır ki...”

2683 05.06.2015 08:15 Müsahibə A A

Avropa Oyunlarına ev sahibliyi etməsi səbəbindən Azərbaycanda bir sıra digər məsələlər tamamilə arxa plana keçsə də, son vaxtlar istisnalar müşahidə olunmaqdadır. Xüsusilə də parlament seçkiləri ilə bağlı hakim partiyada hazırlıqların önə çəkilməsi və qəfildən ciddi işlərə start verilməsi, 1 noyabr seçkiləri ətrafında informasiyaların davamlı şəkildə dövriyyəyə buraxılması diqqət çəkir.


YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovla digər mövzuları, xüsusilə də diplomatik korpusdakı qəribə prosesləri də əhatə edən söhbətimizə seçki məsələsindən başladıq.

- Siyavuş bəy, son zamanlar müşahidə olunan budur ki, hakim partiya ciddi şəkildə seçki hazırlıqlarına start verib. Müşahidəmizdə yanılmırıq ki? Qəfildən nə baş verdi ki, seçki hazırlıqları önə çıxarıldı?

- Ciddi şəkildə deyəndə ki... Biz həmişə seçkiyə ciddi yanaşmışıq. Seçkiyə hazırlığı biz həmişə bir il öncədən başlayırıq və mərhələli şəkildə də müəyyən prosesləri həyata keçirdirik. 
- Seçki ilə bağlı bır sıra sensasion məlumatlar yayılmaqdadır.  Həmçinin rektorlar, biznesmenlər və qeyri-fəal deputatların mandatsız qalacağı barədə də xəbərlər var...
 - Bunlar hamısı şayiədir. Kimlərsə şayiə yayır, kimisə bu yolla şantaj edir. Məsələn, biri deyir gənclər gəlir, başqası deyir qocalar gedir... Yaxud digər tərəfdən deyirlər, vəzifəli şəxslərin övladları gəlir, başqa tərəfdən deyirlər, yox, onlar olmayacaq. Bu, seçkidir, təyinat deyil. Seçkinin də prinsipi ondan ibarətdir ki, seçici kimə səs verəcəksə, o da seçicini Milli Məclisdə təmsil edəcək. 

- Amma hər halda, hakimiyyət partiyasının mövqeyi də çox şeyi həll edir...

- Təbii. Biz düşünürük ki, bizi kimlər təmsil etməlidir. O təmsilçiliyə uyğun olaraq da öz vəzifəmizi yerinə yetirir, işimizi görürük. 

- Müsavat Partiyası bəyan edib ki, artıq 70-dən artıq dairədə namizədlər müəyyənləşdirilib...

- (Sualı yarımçıq kəsir) Müsavatda 70 adam qalıb ki, 70 nəfər də namizəd versin?

- 103 yaşlı partiya üçün 70 namizəd tapmaq heç də çətin olmaz, bəy.

- (Gülür) Çox çətindir. Elə siz də bu işin içində olan insansınız. Müsavat Partiyasında təyin olunan istər sədr müavinləri, istər Divan üzvlərinin böyük əksəriyyəti əvvəl heç partiya üzvü olmayıb. Ola bilər bir saat əvvəl qəbul ediblər, sonra təyin ediblər. Yaxud QHT-lərin, başqa-başqa təşkilatların üzvü olan insanlardır.  Təbii ki, hər bir siyasi partiyanın qanunvericiliklə bitərəfi, başqa partiya üzvü olanı razılığı olduğu təqdirdə öz siyahısı ilə namizədliyini irəli sürsün. Amma tək tərkibdə baxanda Müsavatın yaradıcıları, Müsavatı bərpa edən şəxslərin böyük əksəriyyəti bu gün Müsavatda deyil. Əgər 70 nəfər tapıblarsa, bu, böyük nailiyyətdir. 

YAP-çı deputat: “Mən çox sevinirəm ki, bu gün bütün Azərbaycan vətəndaşları sarı zolağın tələblərinə tam şəkildə riayət edir”


- Siyavuş bəy, seçkilərdə YAP bütün dairələrdə təmsil olunmaq niyyətindədir, yoxsa istisnalar olacaq?

- Biz 125 dairənin 125-də də namizəd irəli sürməyi planlaşdırırıq. Amma keçən seçkilərdən bizim bir praktikamız var ki, müttəfiq partiyadan hansısa namizəd irəli sürürsə, həmin dairədən namizəd verməməyə çalışırıq.  Yaxud tanınmış, hörmətli-izzətli adam namizəd olursa, o yerə iddialı olmuruq, namizəd irəli sürmürük. Bu da fərdlərdir, 3-5 nəfər ola bilər. Ancaq istənilən halda 125 dairədən namizədlərimizi hazırlayırıq. 

- Parlamentdə qeyri-rəsmi yaş senzinin tətbiq olunacağı da iddialar arasındadır. Gözləniləndirmi? 

- Belə bir şey yoxdur. İnsan yaşlaşanda ağlı qaçmır ki... Əksinə, insan yaşlaşdıqca müdrikləşir, daha çox təcrübə toplayır. Mən NATO Parlament Assambleyasının üzvüyəm, orda görüşürük, Britaniyadan, Avropanın digər ölkələrindən olan insanların heç biri gənc deyil, kifayət qədər təcrübəli siyasətçilərdir. O baxımdan insanın təcrübəsinin olması əsasdır. Adamın yaşlanması o demək deyil ki, tam sıradan çıxıb və s. 

- Ölkə prezidentinin ictimai nəzarətlə bağlı dedikləri hətta başlanacaq islahatların anonsu kimi də dəyərləndirildi. Sizin bu barədə şərhiniz varmı? 

- Həmişə deyilib ki, bütün yaranan hər bir şey ictimaiyyət üçün, cəmiyyət üçündür. Bu gün ictimaiyyət hər hansı şəxsin işi ilə bağlı deyil, dövlət təhlükəsizliyi, ölkənin müdafiəsi ilə bağlı bütün məsələlərdə aktiv iştirak etməlidir. Ona görə də ictimai nəzarət olmalıdır, var və olacaq. 

- Diplomatlarla bağlı qalmaqallı situasiyanın arxasında nələr var, bilmək olarmı?

- Bu, fərdi məsələdir. Söhbət ondan gedir ki, bu gün bütün dünya Azərbaycan haqqında ən yaxşı fikirləri söylədiyi bir zamanda bizim Avropa Şurasında, indi də İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbərinin Azərbaycan haqqında fikirlər söyləyib. Xarici İşlər Nazirliyi gərək öz strukturunda islahatlar aparsın. Yunanıstanda hər bir səfir ildə bir dəfə ölkəyə qayıtmalı, müəyyən dövr ərzində orda ailəsi ilə birgə yaşamalıdır, regionlara çıxmalıdır, sonra gedib ölkəni təmsil edə bilər. Bu adam 20 ildir rahat şəraitdə oturub orda. Azərbaycanda hansı proseslər baş verir, nələr yaradılır, nələr qurulur, xəbəri yoxdur. Azərbaycanın bütün bu fəaliyyətini başa düşməyən insanlar var, biri də o Arif Məmmədovdur. Başa düşürəm, onun daşıdığı rütbə o ranqa uyğun deyil. İkinci bir tərəfdən, Avropa Birliyində, yaxud Avropa Şurasında təmsil olunan vaxt Azərbaycana qarşı qəbul olunan qərarların fundamentində elə bu özü dayanıb. 

- Eyni vaxtda Ukraynadakı səfirimiz də geri çağırıldı, həmçinin digər adlar çəkilir. Diplomatik korpusda nə baş verir? 

- Digərləri haqqında nəsə deyə bilmərəm, bu, prezidentin səlahiyyətində olan məsələdir. Sadəcə olaraq, bu adam (Arif Məmmədov-E.P.) yazır ki, mən 3 gün Azərbaycanda yaşaya bilmədim, qocaldım, Azərbaycan yeməklərini yeyə bilmirəm, istirahət mərkəzlərində oluram, dadlı yeməklər yeyirəm. Yəni diplomata yaraşmayan, diplomata uyğun olmayan fikirlərdir. Əgər 20 illik diplomat stajı varsa və bu düşüncə tərzi ilə danışırsa, ona Azərbaycanla bağlı adam demək olmaz. 

- Ağır ittiham səsləndirmisiniz, erməni olması haqda iddianızı nəzərdə tuturam...

- Normal azərbaycanlı belə ifadə işlədə bilməz. 20 il Azərbaycandan normal əmək haqqı almısan, Azərbaycanın hesabına yaşamısan, mənzil-məişət şəraitin Azərbaycanın pulu hesabına ödənilib, uşaqların təhsil haqqı, özünün bütün səfərlərin Azərbaycan pulu, əmək haqqın vətəndaşlarımızın verdiyi vergilər hesabına ödənilib. Biz səni ora göndərmişik ki, Azərbaycanın maraqlarını təmsil elə, qarnını otarmağa, qarnını doldurmağa getməmisən. Qaçqınlar, Azərbaycanın problemləri, maraqları haqqında danışmalısan. Sən Azərbaycanın nümayəndəsisən, danışmalısan. Qarından danışmaq lazım deyil. Bunun düşüncə tərzi, dostlarına yazdığı məktublar ancaq qarnı ilə ölçülür. Neçə il işləməsinə baxmayaraq, görünür ki, ya o, diplomat deyil, ya da başqa millətin nümayəndəsidir. Burda başqa variant yoxdur.  
 
- Necə bilirsiniz, dediyiniz meyarlara uyğun gəlməyən digər diplomatlar da varmı? 

- Təbii ki var. Amma xüsusi rentgen aparatı yoxdur ki, bunların hamısını yoxlayasan ki, qarnında, qanında, zatında, kökündə nələr var. Hər bir bu cür yanaşma tərzi olan və üzə çıxan insanlar da cəzasını almalıdır. 

- Avropa Oyunları ərəfəsində iqtidarlı-müxalifətli hansı addımların atılmasını təklif edirsiniz? 

- Bu məsələdə hamı həmrəy olmalıdır. Bu, Azərbaycan dövlətinin təbliğidir, burda ölkəmiz haqqında bəhs olunacaq. Görürsən adi bir səfir öz qarnının davasını edir ki, burda yaxşı yemək yemədim, orda yedim. Bu gün bizim mədəniyyətimizə, incəsənətimizə, hətta mətbəximizə, şairlərimizə qonşu ölkələr iddia edir. Odur ki, belə yarışlar Azərbaycanın təbliği üçün çox faydalıdır. Biz başqa məsələlərdə iqtidarlı-müxalifətli bir-birimizlə davamızı aparacağıq, aydın məsələdir. Amma bu məsələ - Avropa Oyunları məsələsi - ümummilli məsələdir, burda hamı bir yerdə olmalıdır.

- Yeri gəlmişkən, əsas yollarda sarı zolağın tələblərinə cavab verirsiniz? 

- Hamı cavab verir. Mən çox sevinirəm ki, bu gün bütün Azərbaycan vətəndaşları sarı zolağın tələblərinə tam şəkildə riayət edir. 

- Cərimələnməyibsiniz ki?


- Yox...

Elşad PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR