İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ququşa dedim ki, ya türkü oxu, ya da səni səhnədən atacam... "

8615 18.08.2014 08:30 Müsahibə A A

Ötən həftə Azərbaycan türklərinin adını hər zaman iftixarla çəkdiyi və tarix durduqca qəlbimizdə yaşayacaq bir insan - böyük türkoloq alim, doktor Cavad Heyət həyata vida etdi. İranda ilk dəfə qapalı və açıq ürək əməliyyatlarını həyata keçirən, həmçinin ürək və böyrək köçürmələrini edən Cavad doktor haqqında hələ onilliklər boyu yazılacaq, deyiləcək.

Ancaq elə bu ağır xəbər yayılan zaman xatırladım ki, mənim bu böyük insandan aldığım, lakin indiyədək çap olunmayan bir müsahibəm var. 2011-ci ilin qışında doktorla Bakıda, Nizami küçəsində prezidentin ona bağışladığı mənzilində görüşüb iki saatdan artıq davam edən səmimi söhbət etmişdik. O zaman söhbətin bir hissəsini qəzetə hazırlasam da bəzi məsələləri qiymətli xatirə olaraq saxlamışdım. 

Bu qeydlərin bəzilərinin çapını məqsədəuyğun saymamışdım, doktorun Bakıda və Tehrandakı iş fəaliyyətinə mane olar deyə. İran hakimiyyətinin onun hər addımını izləməsi səbəbindən sağlığında bəzi mətləbləri açıqlamağa lüzum görməmişdim. İran hakimiyyəti isə Cavad Heyətə sonuncu pisliyini də etdi, onun Təbrizdə dəfninə izn verməməklə. Ruhu şad olsun bu böyük insanın, onsuz da Bakını da Vətən bilirdi... 

Söhbətimizdə Cümhuriyyət qurucusu Məhəmməd Əmin Rəsulzadə haqqında danışmışdı. İnanırdı ki, Azərbaycan hakimiyyətinin Rəsulzadəyə münasibəti dəyişəcək. Doğrudan da iki il sonra Rəsulzadənin yubileyinin keçirilməsi barədə prezident sərəncamı verildi. Onun dediklərindən:  

- 1947-ci ildə Rəsulzadə İstanbula gəlmişdi. Mən də o zaman cərrahlıq ixtisası üzrə kursdaydım. Onun haqqında da eşitmişdim. Amma görüşə bilmədik. Onda mənim 22 yaşım var idi. O zaman bolşeviklər gələn zaman Qarabağdan xeyli qaçanlar var idi, Dilşad xanım kimi fizika professoru da onlardan biri idi. (Durub Dilşad xanımın İstanbulda çəkilmiş bir fotosunu gətirib göstərir-E.P.) Özü, anası, dayısı qaçıb Türkiyəyə gəlmişdilər. Mənim xalamoğlum da aşağı kursda oxuyurdu. Dilşad xanım onun fizika professoru idi. Evlərinə gedərdik, bir ailə kimiydik. Onlar Məmməd Əmini çox yaxşı tanıyırdılar, bizə onun haqqında yaxşı şeylər deyirdilər. Sonra biz Tehrana qayıtdıq. Onun ölümündən gec xəbər tutdum. Dünyanın ən böyük adamlarından biri olan Tağızadə Məhəmməd Əmin haqqında yazmışdı. Sonradan iki dəfə gedib onun qəbrini ziyarət etmişəm. 

“Gələcəkdə federasiya şəklində birləşmə ola bilər”


***
Ustad Şəhriyar haqqında dediklərindən: “Məhəmmədhüseyn Şəhriyarı 1980-ci illərdə Tehrana gətirib xəstəxanaya yerləşdirdik. Sonra mən İstanbuldakı türkoloji konfransda iştirak etmək üçün İstanbula getdim. Orda eşitdm ki, Şəhriyar vəfat edib və mən konfransdaca bunu elan elədim, sükut oldu, qəzetlərdə məqalələr dərc olundu. Şəhriyar çox yaxşı adam idi və tam mənası ilə şair idi”. Şeirlərindən əzbər bildiyi birisini deməsini xahiş etdim. Sözümü yerə salmadı: 

“Çoxlar incikdi ki, sən onlara naz eyləmisən, 
Mən də incik ki, mənim nazımı az eyləmisən.
Etmisən eşqi bu viranə könüldə məskən, 
Evin abad ola, dərvişə niyaz eyləmisən... 
Sinə bir dəşti-Muğandır, quzu yan-yanə yatıb,
Mənim ağlar gözümü orda Araz eyləmisən... 
(Bu gözəl deyilişi videoya da almaq fürsətini əldən vermirəm-E.P.)

- Şəhriyarla görüşünüzdə nədən danışardınız? 

- Şeir, ədəbiyyat, türklük, türkçülükdən. 

- Araz həsrətindən də?

- Əlbəttə. Onun ən böyük arzusu Bakıya gəlmək idi. Mən 1971-ci ildə Bakıya gəldim. Ancaq Şəhriyar Bakını görə bilmədi. Şeirlərində Məmməd Rahim, Bəxtiyar Vahabzadə, Süleyman Rüstəmə daha çox xitab edirdi. Xaqani Şirvaninin də uyuduğu Şairlər Məqbərəsində dəfn olunub. Təbrizə gedəndə baş çəkirəm. Onun “Heydərbaba”sı onu dünyaca məşhur elədi. Həmçinin, fars şeirinin Hafizidir. Amma Azərbaycan şairidir. Bundan başqa, Səhənd milli şair idi. Bu gün Yəhya Şeyda, Danışmaz kimi yaxşı şairlər var. Amma Şəhriyara tay yoxdur. 

- Güneydə 35-40 milyon niyə daha Şəhriyara tay yetirə bilmir? 

- Şərait müsaid deyil.

- Amma inqilabçılar, həbsə düşənlər var. 

- Bəli, var. 

- Asılanlarla bağlı xəbər gəldi. Hərəkatçılar da varmı edam olunanlar sırasında? 

- İnanmıram siyasi fikrə görə adam assınlar. Amma işgəncə-filan verirlər. Evin zindanı isə dəhşətli zindandır. Həbsdə olmamışam, amma doktor kimi getmişəm Evinə də. 

- Edam hökmünə necə yanaşırsınız?

- İranda olduğu kimi burda da edam cəzası olmalıdır. Adam öldürəni həbsə salırlar, çıxır, yenə öldürür. Bizlər üçün edam olmalıdır. Şərqdə bu, lazımdır. İkincisi də silahı işlədən bilməlidir ki, onu işlətsə mütləq edam olunacaq. 

- İranda narkotiklə bağlı olanlar da bəzən edam olunur... 

- Narkotik də adam öldürmək kimi bir şeydir. 

- 35-40 milyon Güneydə, 9 milyon Quzeydə. Siz şimallı-cənublu Azərbaycanın gələcək taleyini necə görürsünüz? 

- Yaxın müddət üçün bir dəyişiklik görmürəm. Olsa da, kiçik dəyişiklik olacaq. Amma gələcəkdə dəyişikliklər ola bilər. 

- Bütövləşməni, Araz həsrətinə son qoyulmasını nəzərdə tutursunuz? 

- Allah bilir. Bu, tarixin faciəsidir. Hər şey ola bilər. 

- İranda bəzi şovinist dairələr Azərbaycana “Şimali İran” deyirlər...
 
- Onu biz də deyirik. Dərbəndə kimi İrandır. Amma İran türk ölkəsidir (gülür). Min illik tarixi var. Bizim bu sözümüzə bir söz deyə bilmirlər. 

- “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun” şüarlarını vaxtaşırı eşidirik. Siz necə, Bütöv Azərbaycanın paytaxtının Təbriz olmasını istərdinizmi? 

- Mən istərdim ki, hər şəhər özünü idarə eləsin. Gələcəkdə federasiya şəkildə birləşmə ola bilər. 

- Doktor Çöhrəqanlı ilə münasibətləriniz necədir? 

- Təmasımız çox olub. Özünü mənim tələbəm bilərdi. İndi Amerikadadır. 

- İndi Güneydə onu əvəz edə biləcək lider varmı? 

- İmkan vermirlər. 

- Elçibəy deyirdi bütün yollar Savalana gedəcək... 

- Hələ tezdir. Uzun çəkəcək. 

- Şah ailəsinin faciəsindən mətbuat yazdı... 

- Mən də eşitdim. Saray ailəsi üzvləri sonradan böyüdükləri şəraiti görməyəndə depressiyaya düşür. 

- Şahla görüşünüz olmamışdı ki? 

- Atası Məmməd Rza ilə 5 dəfə görüşmüşəm. Çox nəzakətli, tərbiyəli adam idi. Bir konfrans keçirtmək istəyəndə müraciət etmişəm, həmişə razılıq verib. Mənim atamı çox yaxşı tanıyırdı. Rza şah atama demişdi ki, doktor gələndə gəlsin, onu görüm. Getdim gördüm. Çünki atamla onun atası çox yaxın tanış idi. Amma atamla razı deyildi. Atam Ali Məhkəmənin sədri idi və sözə yox, qanuna baxardı. Bir də üsyan edən doktor Müsəddiq məsələsində qarşıdurma oldu. Onun dosyesi Ali Məhkəməyə gələndə atam demişdi bunun işini məhkəməyə göndərməyin, bu, qəhrəmandır. Ancaq qulaq asmadılar və cəzasını da gördü. Bundan sonra da şahın mənə münasibəti dəyişmədi. 

- İslam İnqilabının aparıcı qüvvəsi də azərbaycanlılar idi. Yəqin xatırlayırsınız. 

- Əsasən azərbaycanlılar idi. Təəssüf ki, milli şüur az idi. Ancaq bu gün milli şüur çox inkişaf edib. Gənclər yetişib. 

- Hakimiyyətdə olan azərbaycanlılar necə, milli təəssüb çəkirmi? 

- Tək-tük var. Parlamentdə də azıq. Əsas gənclərdir, onlar da iş başında deyil. 

- Müğənni Ququşa münasibətiniz necədir? 

- Gəncəlidir, atasını tanıyırdım, burdan gedib. Kafeyə gələndə Ququşu da gətirərdi, 4-5 yaşı vardı onda, xanəndələri təqlid edərdi. Amma Ququşun elə bir səsi yoxdur, civ-civ səsi var. Bir dəfə dedik türkü oxu. Oxumadı. Mən durub səhnəyə çıxdım. Dedim, ya türkü oxu, ya da səni səhnədən aşağı atacağam. Ondan sonra “Ayrılığ”ı oxudu. Bu, 40 il əvvəlin söhbətidir. Ancaq eşitdim deyib mən azəri qızıyam. Bakıya gəlsə, konsertinə gedərəm. 

- Səhnədən atmaq üçün? (gülürük) 

- Yox, o vaxt oxudu axı... 

- Keçən əsrdə Səttarxan, Xiyabanı və Pişəvəri inqilabı oldu. Nəticə isə yox. Bu faktlar sizə nə deyir?

- Yalnız Pişəvəri Azərbaycan üçün çalışdı, qiyam elədi. Ona görə də yıxdılar. Gedib məzarını ziyarət etmişəm. Bizim gənclər indi onu çox sevir. 

***
Daha sonra doktor ailə həyatı ilə bağlı maraqlı məqamları bölüşür: “Mən əvvəl Türkiyədə evlənmişdim, artıq vəfat edib o xanım. Qızın anası dedi oğlum, bu qədər azərbaycanlı qızı olduğu halda niyə gedib türkiyəli qız aldın? Dedim teyzə - xalaya belə deyərdik - mən elçiliyə adam göndərdim, ancaq Türkiyədəki İran Azərbaycanlıları Təşkilatı sədrinin qızının atası demişdi biz tələbəyə qız vermərik. Xalam dedi belə şey olmaz, mən soruşaram. Gəldi, dedi mən onlarla danışdım, heç kim heç nə deməyib, onlar səni gözləyirmişlər. Dedi sən ki, evlənəndə onları toya çağırmısan, şoka düşüblər. Sonra mən elçi göndərdiyim adamdan soruşdum ki, niyə getməmişdin, bu, nə iş idi gördün? Dedi atandan qorxdum. Dedim mənə deyəydin, başqasını göndərərdim... Həmin təşkilat xeyriyyə işləri ilə məşğul idi və sevdiyim qızın atası da mənim atamla dost idi. Sonra o, qızını İrana apardı, atamın görüşünə getdilər. Atam da onda İranın generalı idi. İran xəzinəsinin açarı atamda idi. Atam onları aparıb xəzinəni göstərir. Onda qızın atası demişdi ki, doktor Cavad bizim Pərvini alacaqdı, bilmirəm nə oldu. Sonra bunu atam mənə dedi”.

- Siz Pərvin xanımı sevirdiniz? 

- Bəli. Ancaq “yox” cavabı məni elə tərpətdi ki, dedim “cəhənnəm olsun, necə yəni tələbəyə qız vermərik”. Mən türkiyəli aldım, o qız da başqasına ərə getdi. O da vəfat edib. Amma toyuma gəlmişdilər. Çox möhtərəm bir ailənin qızı idi. Çox, çox... Toylarda da məndən başqa birisi ilə oynamazdı. Toyda da bir yerdə oynadıq...(pauza) Ailə qurduğum türkiyəli xanım vəfat edəndən sonra isə tehranlı bir xanımla ailə qurdum. Ondan bir qızım var. Bir qızım Bostonda yaşayır. 

- Yaşıdlarınız haqda da düşünürsünüz yəqin.

- Əlbəttə. Dostlarımın, yaşıdlarımın dünyasını dəyişməsi adamı üzür. Həmyaşıd olduğum hər kəs ölüb getdi...

- Darıxanda nə edirsiniz? 

- Kitab oxuyuram. Heç yerə çıxmıram. Tədbirə, görüşə dəvət edəndə gəlib maşınla aparırlar...

***
Səmimi söhbətimiz sonra da davam etmişdi. Bu yaşda ürəyini ağrılardan qorumasının sirrini açıb tövsiyələr vermişdi. Söhbət əsnasında telefon zəngləri gələr və cəldliklə özünü çatdırıb dəstəyi qaldırar, xəstələri üçün vaxt təyin edərdi. Doktor yaşının 90-a uzanan vədəsində “ağaye-Elşad” dediyi bu sətirlərin müəllifini qapıya qədər ötürmüşdü. Böyüklüyün simvoluydu... 

Bizcə, həmin ünvanda Cavad Heyətin ev muzeyinin yaradılması barədə sərəncam olsa, doktorun ruhu da sevinərdi. Hər halda bu mənzilin qapısı qapalı qalmamalıdır, axı burda Cavad Heyət ruhu dolaşır. 

Allah rəhmət eləsin!

Elşad PAŞASOY
Foto müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR