İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubad İbadoğlu cəbhəsindən şok xəbərlər

2046 03.12.2014 08:25 Müsahibə A A

- Aradan keçən 2 ay bizə həm partiya daxilində gedən prosesləri, həm də kənardan olan münasibətləri təhlil etmək, dəyərləndirmək imkanı verdi. Problem ondadır ki, Müsavat Partyası daxilində idarəetmə qaydaları fərqli formata keçirilmədi. Biz hesab edirdik ki, qurultaydan sonra dəyişikliklər mütləq olmalıdır. Artıq qurultaydan qabaqkı Müsavat yoxdur. O Müsavat İsa Qəmbərə olan sevgi, etimad, sayğı və güzəşt üzərində qurulmuşdu. İsa bəyin xarizması da onun 21 il başqanlıqda qalmasında əhəmiyyətli rol oynamışdı. Elə bu xarizmaya görə İsa bəy partiyanı idarə etməkdə çətinlik çəkmirdi - partiyanın üzvləri də, rəhbər orqanları da ona etimad etdiklərinə görə güzəştə gedir, onun qərarlarını dəyərləndirmədən dəstək verirdilər. 

Qurultay daha  bir neçə vacib məqamı da ortaya çıxardı. Aydın oldu ki, partiya idarə edilməsi yalnız sevgi, xarizma üzərində qurulmur, indi partiyanın yeni idarəetmə metodlarına ehtiyacı var. Hamıya bəllidir ki, Arif Hacılı İsa Qəmbər deyil. İsa Qəmbərə olan sevgi, etimad Arif Hacılıya qarşı yoxdur. Onun xarizması da formalaşmayıb. Biz seçkidən sonrakı ilk açıqlamamızda bildirdik ki, nə seçkili, nə təyinatlı orqanlarda təmsil olunmayacağıq. Buyursun yeni komanda öz platformasını reallaşdırsın, biz partiyanın nizamnaməyə uyğun idarə edilib-edilməməsini müşahidə edəcəyik, öz təkliflərimizi verəcəyik ki, partiya onları reallaşdırsın və güclənsin. Ötən iki ayda verdiyimiz bu iki vədi, prinsipi yerinə yetirdik. Ancaq bizim bu xoşməramlı niyyətimiz baş tutmadı. 

- Səbəb nə idi?

- Səbəb o idi ki, insanların təfəkküründə həmin dəyişikliklər sürətlə baş vermədi. Bu gün Müsavat faktiki iki cəbhəyə bölünüb - partiyanı idarə edənlər və idarə edənləri tənqid edərək partiyanın idarə edilməsini nizamnamə çərçivəsində görmək istəyənlər. Bu iki qrup arasındakı mübarizəni, müzakirəni normal məcraya yönləndirmək mümkün idi. Bu sağlam rəqabət partiyanın inkişafına gətirib çıxarardı. Təəssüf ki, bu baş vermədi, əksinə, qruplararası gərginliyi bir az da artıran mühit formalaşdı. Aydın görünür ki, bu, partiyanın idarə olunmasında ciddi çətinliklər yaradır. İki ay davam edən müzakirələr göstərdi ki, müsavatçıların bir hissəsi partiyadaxili demokratiyaya hazır deyil, bəziləri partiyadaxili demokratiyadan sui-istifadə edir. Bunu iqtidarın sözləri ilə “Azərbaycan xalqı demokratiyaya hazır deyil” kimi də dəyərləndirənlər var. 

Fikrimcə, bu nümunələri biz siyasi partiya nümayəndələri olaraq yaratmalıyıq. Mən demirəm ki, bu yalnız Müsavat Partiyasına xas problemdir. Sabah başqa bir siyasi partiya qurultay keçirsə, orada olacaqları təsəvvür etmək belə çətindir. Sosial şəbəkələrdəki yazışmalarda, media açıqlamalarında bu çox aydın göründü.

Artıq qurultaydan qabaqkı Müsavat yoxdur”


- Sosial şəbəkələrdə təhqirlərlə müşayiət olunan statuslara, şərhlərə görə sizin istefa verəcəyinizi düşünənlər də var idi. Belə davam eləsə gedəcəksizmi Müsavatdan?

- Mənim yerimə başqa birisi olsaydı, bəlkə də artıq getmişdi. Bütün fəaliyyətim boyu Azərbaycan iqtidarının sosial-iqtisadi siyasətini ən çox tənqid edən şəxs olmuşam, korrupsiya faktlarını ortaya çıxarmaq, büdcədəki yeyintiləri göstərmək, digər mənimsəmələri sübut eləməklə bağlı əsaslandırılmış araşdırmalarımı həmişə ictimailəşdirmişəm. Bu faktlar hakimiyyət tənqidçilərinin çox hallarda istinad nöqtəsi olub. İndi qarşı tərəf məni hakimiyyətlə işbirliyində ittiham edir. Əlbəttə, onlar ortaya heç bir arqument qoya bilməzlər. Müzakirənin dairəsini ailə üzvlərimlə genişləndirirlər. Bunlara dözmək həqiqətən çətin idi. Sadəcə, Müsavat Partiyasının maraqları naminə mən geri addım atmadım. Bundan sonra da mənim Müsavatdan getməklə bağlı heç bir planım olmayacaq. 

- Siz fraksiya yaradılması ideyasını da bəyənməmişdiniz. Bu qərarınıza yenidən baxmanız mümkündürmü?

- Qərarımda qalıram. Bu haqda arqumentlərimi səsləndirmişəm - fraksiyalar daxili demokratik mühiti əlverişli olduqda effektli işləyə bilir. Daxili demokratiya olduqda hər bir fraksiyanın fikri nəzərə alınır, sağlam rəqabətlə partiyanın siyasi xətti düzgün qurulur. İkincisi də, fraksiyaları adətən azlıqda qalan qruplar yaradır. Biz azlıqda qaldığımızı düşünmürük. Bu gün Müsavatda yalnız idarəçilik problemi var. Bu, bütövlükdə Azərbaycanın bəlasıdır. Rəhbər şəxslər öz mövqelərinin yürüməsini istəyirlər. Ancaq biz demokratik idarəetməni reallaşdırmağa iddialıyıqsa özümüz ortaya nümunə qoymalıyıq. Biz Arif Hacılıya da mesaj vermişdik ki, belə bir istəyə düşməsin. Çünki partiyanın bu müstəvidə idarə edilməsi onun dağılmasına gətirib çıxarar. Əslində bütün problemləri önləmək olar. Məsələn, niyə köhnə Divanı toplayıb illərini Müsavat Partiyasına verən şəxslərə təşəkkür etmədik. Hətta indiki gərginlikdə yeni Divanı yox, köhnə Divanı məsləhət üçün çağırmaq olardı.

- Qubad bəy, Müsavatdan xeyli istefalar oldu, bəziləri yeni rəhbərliyin qərarı ilə partiya sıralarından çıxarıldı. İndi Vurğun Əyyubun Müsavatdan çıxarılmasına hazırlıq gedir. Sizcə, bu gərginlik nə zamana qədər yüksələn xətt üzrə gedəcək?

- Çox təəssüf, gərginlik hələ davam edəcək. İndi partiyanı idarə edən şəxslər qurultay sənədlərini Ədliyyə Nazirliyinə göndərib. Bilirsiz ki, qanunvericiliyə görə qurultaydan sonra belə bir prosedur var. Ona görə də nisbi sakitlik yaradılıb. Mən özüm də Müsavat Partiyasının Ədliyyə Nazirliyi ilə heç bir probleminin yaranmasını arzulamıram. Əgər problem varsa, onu ört-basdır etmək yox, birinci yaranmasına rəvac verməmək, yaranıbsa çözümünə çalışmaq lazımdır. Qarşı tərəf bir sıra addımlar atır, ancaq bu addımları partiya içərisində sağlam mühit yaratmaq cəhdləri kimi qiymətləndirmək mümkün deyil. Məsələn, konkret şəxsləri görüşə çağırırlar.

- Görüşə çağırılanlardan konkret nə istənir?

- Bəzilərini sakitləşirmək, bəzilərini əmin etmək, inandırmaq istəyirlər ki, partiyadan çıxarılanlar əsaslı olaraq uzaqlaşdırılıb. Bir tərəfdən belə bir iddia ortaya atırlar, digər tərəfdən partiyadan çıxarılanların şikayət hüququnu təmin etmirlər. Dekabrın 1-də partiyadan çıxarılan Kamil Xəlilbəyli şikayət ərizəsini MNTK-ya təqdim etmək istəsə də ərizəni ondan almayıblar.

- Yeri gəlmişkən, bu gün Arif Hacılı ilə görüşmüsüz, bu məsələləri qaldırdınızmı?

- Əlbəttə. Bizim əsas narazılığımız partiyadan əsassız yerə çıxarılmalarla bağlıdır.

- Görüş təşəbbüsü kimdən gəlmişdi?

“Bundan sonra da mənim Müsavatdan getməklə bağlı heç bir planım olmayacaq”


- Arif bəydən. Bir neçə belə təşəbbüs olmuşdu, ancaq Bakıda olmadığıma görə görüşə bilməmişdik. Bu gün görüşdük. Normal müzakirələr keçdi. Mən yenə də bildirdim ki, Müsavata mənafe mübarizəsinə görə gəlməmişəm. Müsavatın güclü və sağlam partiya olması mənim üçün vacib məsələdir. Mən Arif bəyə dedim ki, bundan sonra da tövsiyələrimi verəcəyəm, sabah Müsavat üçün hansısa proqram yazmaq gərək olsa, ona da hazıram.

- Sizcə, bu görüş yalnız Ədliyyə Nazirliyində yenidən qeydiyyatın sakit mühitdə baş verməsi üçün idimi?

- Ola bilər. Arif bəy görüşdə əsasən fraksiya yaradılmasında narahatlıqlarını dedi. Onu dinlədim, doğrusu, bu səviyyədə narahatlıq keçirəcəklərini gözləmirdim. Arif bəy işbirliyi üçüm mənə təkliflər verdi. Ancaq mən mövqeyimdə qalıram - bu komanda ilə işləmək fikrində deyiləm  Bu qərarı dəyişmək istəyirlərsə, ilk sırada bizim təkliflərimizi qəbul etməlidirlər. Arif bəy deyir ki, bizim təkliflərimizi qəbul etməyə hazırdır. Ancaq biz  təkliflərimizi təqdim etdikdən sonra Məclis iki dəfə toplansa da bu məsələlələr müzakirə edilməyib, yalnız narazıların necə cəzalandırılması məsələsinə baxılıb, son Məclisdə də bu haqda bəyanat qəbul olunub.

- Belə demək mümkündürmü ki, görüş nəticəsiz olub?

- Elə demək də doğru olmaz. Biz görüşdük, fikirlərimizi bölüşdük, ancaq hansısa məsələ ilə bağlı konkret razılaşmamız olmadı. Bizim münasibətlərimizin gərginləşməsinin kökündə şəxsi məsələlər dayanmır. Görüşdə bir-birimizi üzbəüz dinləmək imkanlarımız oldu. Hər halda, bu görüş Arif bəyə lazım idi. Hansı məsələlər ki onun şəxsi, ya da qrup maraqları ilə yox, Müsavat Partiyası ilə bağlıdır, mən onları qiymətləndirmək inkanındayam. Çox təəssüflə deyirəm, görüşdən belə başa düşdüm ki, narazıların partiyadan çıxarılması xəttini davam etdirmək istəyirlər. 

Mən onları bu xətdən çəkinməyə dəvət etdim. Çünki bizə indi barışdırıcı xətt lazımdır. Hər iki tərəfi narahat edən məsələ həm də istefalarla bağlıdır. İstefa verənlərin hamısı mətbuata çıxmır, bu say ictimaiyyətə bəlli olandan daha çoxdur. Partiya rəhbərliyi narazılarla görüşüb problemi aydınlaşdırmaq yerinə ən qısa yolu seçir. Bu, Müsavata yaxşı heç nə vəd etmir.

- Siz Müsavatdan istefalar olacağını dediniz. Bunu tətikləyən səbəblər yalnız yeni rəhbərliyin mövqeyi ilə bağlıdır?

- Bu faktor önəmlidir, ancaq İsa Qəmbərin Məclisin son toplantısındakı çıxışının da təsiri az deyil. İsa Qəmbər həmin çıxışı ilə narazılar adlandırılan qrupa iki yol göstərdi - ya küncə sıxışıb dözün, ya da gedin. Hər halda, 20-21 il İsa bəylə Müsavatda çiyin-çiyinə olan əqidə yoldaşları belə mesaj gözləmirdilər. Bu qədər sınaqlardan keçən, məhrumiyyətlərə dözən insanlara sonda qapı göstərilməsi onlarda böyük ruh düşkünlüyü yaradıb. Hər gün bu münasibətə görə ciddi gərginlik keçirən insanlarla görüşürəm, onları sakitləşdirməyə çalışıram. Ancaq bunu etmək o qədər də asan deyil. Bu münasibət xeyli aktiv insanı Müsavatdan uzaqlaşdırıb. Bu insanların çoxu passiv həyata öyrəşməyiblər. Bizdə olan informasiyaya görə, artıq onların bəzilərini başqa partiyalara dəvət ediblər, yüksək vəzifələr təklif ediblər. Biz bu durumdan narahat olduğumuz üçün ictimai hərəkat yaradaraq Müsavatdan gedənləri yenidən eyni qurumda toplamaq qərarına gəlmişik.
- Hərəkatı nə zaman elan edəcəksiz?

Arif Hacılıya da mesaj vermişdik ki, belə bir istəyə düşməsin”


- Ən qısa zamanda işlərimizi yekunlaşdırmağa çalışacağıq.

- Hərəkatın adı necə olacaq?

- “Azərbaycan Demokratiya və Rifah” hərəkatı - qısaca ADR.

- Bir simvolika da var... Siz hərəkatda yalnız Müsavatdan gedənləri birləşdirmək istəyirsiz?

- Yox, bu hərəkatın Müsavatla bağlılığı yoxdur. Əsasən ziyalılar və gənclərdən ibarət qurum olacaq.

Hərəkata üzv olmaq üçün yetərincə müstəqil insanlar da müraciət ediblər. Mən Müsavat başqanı seçilsəydim, onlar Müsavata gələcəkdilər. Bizim məqsədimiz Azərbaycanın demokratikləşməsinə töhfə verməkdir. Hərəkatın iki əsas elementi var - biri demokratiya uğrunda mübarizə, ikincisi də rifah məsələsidir. Hərəkatın bəyannaməsini yekunlaşdırmaq üzrəyik. Yəqin ki, ən yaxın günlərdə hərəkat elan olunacaq.

Aygün MURADXANLI



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR