İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubad İbadoğlu ABŞ-dan qayıtdı və “Yeni Müsavat”a danışdı

12623 06.01.2016 08:10 Müsahibə A A
Bir ilə yaxındır ABŞ-da çalışan İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, “Azərbaycan Demokratiya və Rifah” (ADR) Hərəkatının sədri Qubad İbadoğlu Azərbaycandadır. 

İqtisadçı alimlə redaksiyamızda baş tutan görüşümüzdə qəfil gəlişinin səbəblərindən tutmuş Amerikadakı fəaliyyətinə, ABŞ-Azərbaycan münasibətlərinə, manatın devalvasiyasından sonra ölkəmizdə yaranmış çətin durumdan çıxış yollarına qədər çox məsələlərdən danışdıq. 

 
Qubad bəy, Bakıya gəlişiniz gözlənilməz oldu. Düzdür, sizi gözləyirdik, amma belə tezliklə yox. Necə oldu ki, qəfil ölkəyə gəlmək qərarı verdiniz?

- Əslində Bakıya gəlməyi çoxdan planlaşdırırdım. Avqust ayında proqramım bitəndən sonra artıq Bakıya dönməyi qərarlaşdırmışdım. Lakin müəyyən səbəblərdən ləngidim, ondan sonra yeni bir proqram başladı. Sentyabr ayından ABŞ-ın nüfuzlu universitetlərindən birində iqtisadiyyat üzrə professor vəzifəsinə dəvət aldım və orda proqram üzrə dərslər aparmağa başladım. 6 aylıq ilkin razılaşmamız olub. Bu ərəfədə universitetlər tətilə dayanıb. Ona görə də imkan tapıb Vətənə gəlmək istədim. Çünki həqiqətən Azərbaycan, ailə üzvlərimiz, anam və dostlarım üçün darıxmışdım. Bu ərəfədə Dünya Bankının xətti ilə mənim Qırğızıstana bir dəvətim oldu. Dünya Bankı mənə müraciət etdi ki, ilin sonudur, Qırğızıstan hökumətinə müəyyən tövsiyələr lazımdır. Ona görə də mən dekabrın 20-də qırğız hökuməti ilə işləmək üçün Bişkek şəhərinə gəldim. Ölkənin baş nazirinin ofisində, parlamentində, ayrı-ayrı nazirlik və komitələrində görüşlər keçirdik, parlamentdəki büdcə dinləməsində iştirak etdim. Ümumilikdə onların apardığı işə öz töhfəmi verməyə çalışdım. Eyni zamanda hazırladığım hesabatı və təkliflər paketini Qırğızıstan hökumətinə və Dünya Bankına təqdim etdim. Əslində mən Azərbaycana mart ayında gəlməyi planlaşdırmışdım. Ancaq düşündüm ki, Qırğızıstandan ABŞ-a gedən yol Azərbaycandan keçir, ona görə də tətili Bakıda keçirmək istədim.

- Demək, qayıdacaqsınız?

- Bəli. Bir neçə gündən sonra ABŞ-a dönəcəyəm. Təqribən 2 aylıq proqramı, universitet qarşısında götürdüyüm öhdəlikləri yekunlaşdırıb Novruz bayramı ərəfəsində Azərbaycana qayıtmağı, fəaliyyətimi burda davam etdirməyi planlaşdırıram.  

- Bakıya qayıdanda hər hansı problem olmadı ki?  

- Yox. Əslində problemlər barədə məlumatlar alırdım. Ancaq özümə arxayın idim. Hesab etdim ki, budəfəki dönüşüm də adi dönüşlərdən biridir. Düzü, Bakıya gəlişim dostlarım üçün də sürpriz oldu. Təbii ki, ailə üzvlərimiz bilirdi, qardaşlarım qarşıladı və ilk olaraq gedib anama baş çəkdim. Mən həmişə riskləri nəzərə alıram, amma bütövlükdə özüm çox arxayın şəkildə bu qərarı qəbul etdim. Çünki Azərbaycanda olduğum dövrdə də ölkə qanunvericiliyinə əməl etmişəm və istənilən sahədə qanunun tələblərinə uyğun olaraq fəaliyyətimi qurmuşam. Ölkədən kənarda olanda da təbii ki, ölkəmi təmsil etməyə çalışmışam. Çünki bu, bir imkandır. Hər adam Azərbaycandan kənarda belə səviyyəli və müxtəlif auditoriyalı tədbirlərə qatılmır. Kifayət qədər beynəlxalq əlaqələrim var. Azərbaycanı, bütövlükdə Avrasiya regionunu Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq İdarə Heyətində təmsil edirəm. Bəzi tədbirlərdə, əlbəttə, Azərbaycan hökuməti təmsil olunur. Amma bütövlükdə çalışıram ki, Azərbaycanın milli və dövlət maraqlarına uyğun olaraq fəaliyyətimi davam etdirim. 

- Aylardır ki, okeanın o tayındasınız. Amerikada həyat necədir?

“Aylıq maaşım Azərbaycanla müqayisədə 20-25 dəfə çoxdur”



- Ölkəni tərk etdiyim müddətdə daim Amerikada yaşamamışam. Çünki Birləşmiş Ştatları dəfələrlə tərk etmişəm. Ən azı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq İdarə Heyətinin həm Kolumbiyada, İsveçrə, Konqo və Ukraynada keçirilən toplantılarına qatılmışam. Ondan əlavə, mən Açıq Hökumət Tərəfdaşlığı üzrə Meksikada keçirilən Qlobal Sammitin işində iştirak etdim. Orda da həm çıxışlar etdim, həm də müzakirələrin idarə olunması ilə məşğul oldum. Bununla yanaşı, mənim ABŞ daxilində də müxtəlif konfranslara qatılmaq imkanlarım olub. Əvvəl Vaşinqtonda fəaliyyət göstərirdim, hazırda Şimali Karolina ştatında, Dyuk Universitetində çalışıram. Bundan əvvəl ABŞ-da 2011-ci ildə olmuşdum, başqa bir proqramla universitetlərin birində fəaliyyət göstərmişdim. Son gedişimdə ABŞ iqtisadiyyatını daha güclü gördüm. Çünki Obama administrasiyanın apardığı islahatlar nəticəsində sosial təminatlar daha da yüksəlib, xüsusilə də səhiyyə ilə bağlı tibbi sığorta sahəsində yeni islahatlar həyata keçirilib. Eyni zamanda yeni işlərin açılması istiqamətində də xeyli irəliləyişlər var və işsizlik problemi təbii səviyyəsinə enib. 

- Amerikada orta aylıq əmək haqqı nə qədərdir?

- Ştatlar üzrə müxtəlif əmək haqlar var. Orda orta aylıq əmək haqqı yoxdur, daha çox 1 saatlıq minimum əmək haqqı göstəricisindən istifadə olunur. 1 saatlıq minimum əmək haqqı göstəricisi isə ən aşağı ştatda təxminən 8 dollar, ən bahalı ştatda isə 15 dollara yaxındır. Yəni 1 saata ən azı o qədər qazanmaq mümkündür. Dövlət universitetlərində çalışanlar ayda 10 min dollar, özəl universitetdə çalışanlar ayda 15-20 min dollar əmək haqqı alırlar. ABŞ-da üç qrup kifayət qədər yüksək gəlir əldə edir: həkimlər, hüquqşünaslar, şou-biznes və idman adamları. Bir nəfərin illik gəliri 500 min - 1 milyon arasında dəyişir. Ancaq ABŞ-da qazanclar yalnız əmək haqqından formalaşmır. Məsələn, mən işlədiyim universitetdə professor-müəllim heyətinin çox böyük əksəriyyəti müxtəlif şirkətlərin səhmlərinə malikdir, onlar səhmlərdən, dövlətin istiqraz vərəqlərindən qazanc əldə edirlər. Yəni onlar öz gəlirlərini həm də səhm bazarında yerləşdirirlər. Çünki orda depozit faizləri çox aşağıdır, ona görə də səhm bazarından daha çox qazanmaq imkanları var. Odur ki, çalışırlar, gəlirlərin bir hissəsini ora investisiya etsinlər. 



- Bəs bu gəlirlərin müqabilində bahalıqdırmı? 

- Xərclər Avropa ilə müqayisədə çox deyil.    

- Sirr deyilsə, Dyuk Universitetində nə qədər maaş alırsınız? 

- Aylıq maaşım Azərbaycanla müqayisədə 20-25 dəfə çoxdur. 

- Universitetlə müqaviləni uzatmaq istərdiniz? 

“Təkliflər alsam da, proqramı uzatmaq niyyətində deyiləm, martda yenidən qayıdacağam...”


- Proqramım mənim üçün yalnız maliyyə təminatı rolunu oynamır. Hesab edirəm ki, bildiklərimi orda paylaşmaqdansa, onları Azərbaycanda paylaşmağım ölkəm üçün, Azərbaycanın təhsili və gələcəyi üçün daha əhəmiyyətlidir. Ona görə də təkliflər alsam da, proqramı uzatmaq niyyətində deyiləm. Artıq bu barədə məlumatımı da çatdırmışam. Dediyim kimi, proqramı başa vurub Azərbaycana qayıtmağı planlaşdırıram. 

- Bizdən görünən budur ki, ABŞ-Azərbaycan münasibətləri heç də yaxşı deyil. Amerikadan baxanda necə görünür?

- ABŞ-da bu məsələlər müəyyən siyasi dairələrin müzakirə predmetindədir. Amerikanın ictimai gündəmini hazırda partiya səviyyəsində başlayan seçki kampaniyası zəbt edib və kampaniyanın gedişini də izləyirəm. ABŞ-da seçki sistemi çox maraqlıdır. Xüsusilə də ilkin seçkilər partiya səviyyəsində, çox ciddi rəqabət şəraitində gedir. ABŞ-da prezidentliyə namizəd istəyində olanların əksəriyyəti ölkənin daxili problemlərinə, bəzi qlobal məsələlərə diqqət yetirirlər. Daxili problemlər arasında ABŞ-da vergi dərəcələri, tibbi sığorta məsələləri var. Ölkədə ciddi müzakirəyə səbəb olan məsələlərdən biri evdə silah saxlanılması, digəri aborta icazə verilib-verilməməsidir. Qlobal səviyyədə də müzakirə mövzusu təbii ki, İŞİD, Suriya, Rusiya məsələsidir. Bu debatların heç birində Azərbaycan məsələsi gündəmə gəlməyib. Azərbaycan məsələsi son günlər Konqresin müəyyən komitələrinin apardığı müzakirələrin predmetinə daxil olub. 

- Qubad bəy, necə bilirsiniz, ABŞ-dan Azərbaycana qarşı sanksiya qərarının qəbulu gözləniləndirmi?

- Çox çətin sualdır. Çünki indiki halda Amerikada siyasi situasiya çox dəyişkəndir. Bu il ABŞ-da seçkilər keçiriləcək və seçki ərəfəsində baş verən dəyişiklikləri proqnozlaşdırmaq çox çətin olur. Xüsusilə ciddi rəqabət Respublikaçılar və Demokratlar arasında gedir. Respublikaçılar hazırda həm Konqres, həm də Senatda üstünlüyə malikdirlər, Demokratlar isə ölkəni idarə edir. Bu təşəbbüs isə Respublikaçılardan gəlib. ABŞ-ın ənənəsinə görə Demokratların hakimiyyəti maksimum 8 il çəkir və daha sonra adətən onları Respublikaçılar əvəzləyir. Amma indiki halda bunu demək də çətindir. Çünki Respublikaçılar partiya səviyyəsində çoxsaylı namizədlərlə marafona qoşulub və bu marafonda da ən çox diqqəti çəkən Donald Trampdır. Onun açıqlamaları çox təəccüblü görünsə də, maraqla qarşılanır və o, reytinqdə hələ də liderlik edir. Ancaq digər tərəfdən, onun Hillari Klinton kimi çox ciddi rəqibi var. Bu baxımdan proqnozlaşdırmaq çox çətindir. Ola bilər ki, xanım Klinton seçilməklə Amerikanın ilk qadın prezidenti olaraq tarixə düşsün... Azərbaycan məsələsinə gəldikdə, istənilən halda mən Azərbaycanın güclü olmasının tərəfindəyəm. Azərbaycanın güclü olmasını isə Azərbaycanın ABŞ-la münasibətlərinin yaxşılaşmasında görürəm. Çünki ABŞ həqiqətən indiki halda Azərbaycan üçün çox vacib tərəfdaşlardan biri ola bilər. Bizim ölkəyə həm də investisiya, sərmayə, eyni zamanda təhlükəsizliyinə regionda və qlobal səviyyədə təminat lazımdır. Təbii ki, Azərbaycanın güclü olması üçün onun tərəfdaşlarının rolu böyükdür. 

- Yəqin ki, bir neçə gün ərzində şahidi oldunuz, Azərbaycan 10 ay əvvəlki ölkə deyil, bahalaşma, devalvasiya, artan problemlər... Çıxış yolu kimi nə təklif edirsiniz?

- Əvvəla, hazırkı vəziyyət təkcə aztəminatlı deyil, hətta orta təbəqəyə də çox ciddi təsir göstərməkdədir, bu, onların yoxsullaşmasına gətirib çıxara bilər. Ona görə də çox ciddi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini vacib sayıram. İlk növbədə nəzərə almalıyıq ki, Azərbaycanın neft erası başa çatıb. Vaxtında lazımi səviyyədə şaxələnmiş iqtisadiyyat formalaşdıra bilmədiyimiz üçün indiki halda manatın sabitliyini qoruya bilmirik. Çünki ölkəyə yalnız neft və qaz satışından əldə olunan valyutalar daxil olurdu, o valyutaların azalması son nəticədə manatın dəyərdən düşməsini şərtləndirdi. İndiki halda iqtisadiyyatı idarə etmək əvvəlki qədər asan olmayacaq. Ona görə ki, əvvəllər iqtisadiyyatı idarə edən bir çox nazirlər, komitə sədrləri iqtisadiyyatın idarə edilməsindən daha çox, özlərinin biznesinin idarə edilməsinə cəlb olunmuşdu. Mənim ilk təklifim bundan ibarətdir ki, iqtisadiyyatı idarə edən adamların biznes idarəçiliyindən kənarlaşdırılması, yaxud biznesi idarə edən adamların iqtisadiyyatı idarəetmədən kənarlaşdırılması çox vacibdir. İndiki halda həm biznesi, həm də iqtisadiyyatı idarə etmək - söhbət vəzifəli şəxslərdən gedir - son nəticədə Azərbaycanın vəziyyətini daha da pisləşdirəcək. Odur ki, biznes və siyasət arasında sərhəd qoyulmalıdır. İkinci çox vacib məsələ korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və hesabatlı bir hökumətin qurulmasıdır. Məmurların gəlirləri, əmlakı açıqlanmalı və dərc edilməlidir. Nəhayət, ölkədə iqtisadiyyatın liberallaşdırılması istiqamətində proqramlar həyata keçirilməlidir. Bu proqramların bir qismi də əlavə maliyyə qaynaqlarının əldə olunmasına şərait yaratmalıdır. Məsələn, ixracı stimullaşdırma istiqamətində Türkiyədə olduğu kimi, müxtəlif güzəştlər həyata keçirməlidir. 

ABŞ-da üç qrup kifayət qədər yüksək gəlir əldə edir: həkimlər, hüquqşünaslar və şou-biznes və idman adamları; bir nəfərin illik gəliri 500 min - 1 milyon arasında dəyişir” 


- Bir çoxları ümidsiz vəziyyətdədir. Azərbaycan hökumətindən təklif gəlsə, siz böhrandan çıxmaq üçün töhfənizi verə bilərsinizmi?

- Hesab etmirəm ki, resurslarımız məhduddur və gecdir. 2016-cı il bizim ölkəmiz üçün sınaq ili ola bilər. Qeyd etdiyim istiqamətdə fəaliyyətimizi düzgün qura bilsək, Azərbaycan iqtisadiyyatını böhrandan qurtara bilərik. O ki qaldı mənim bu işə töhfə verməyimə, mən ABŞ-ın akademik dairələri, ekspertlər, iqtisadçılarla bu istiqamətdə kifayət qədər müzakirələr aparmışam, mövqelərimi bölüşmüşəm. Həm də mənim bir çox ölkələrdə, o cümlədən Qırğızıstanda hökumətin belə vəziyyətdə islahatlar paketini hazırlamağında iştirakım olub. O baxımdan hətta bu prosesə dəvət alsam da, almasam da, tövsiyə və təkliflərimi əsirgəməyəcəm.

Mən planlaşdırıram ki, yaxın günlərdə kompleks tövsiyələr paketi hazırlayıb Azərbaycan hakimiyyətinə təqdim edim. Çünki istənilən halda, dediyim kimi, Azərbaycanın güclü olmasının tərəfdarıyam. Nəzərə alsaq ki, ölkəmizin böyük problemləri var, o cümlədən Qarabağ məsələsinin həlli həm də iqtisadiyyatımızın güclü olmasından asılıdır. Amma indiki göstəricilərimizlə iqtisadiyyatımız geri gedir. İndi orta aylıq əmək haqqı 300 dollardır. Bu göstəriciyə biz 2008-ci il böhranından əvvəl çatmışdıq. Elə bil ki, biz yenidən geri qayıtdıq... 

Elşad PAŞASOY
FOTO: Məğrur SALMANOV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR