İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin döyüş meydanını tərk edənlərdən deyil, o, əsl döyüşçüdür”

8295 21.11.2014 11:25 Müsahibə A A

- İlham müəllim, noyabrın 9-da İstanbulda sizin təşkilatçılığınızla Türkiyə-Rusiya hüquqçularının böyük bir forumu keçirildi, eyni zamanda türkcəyə çevrilən iki dəyərli əsərinizin təqdimatı oldu. Sizin təşəbbüsünüzlə toplantıya Azərbaycan bayrağının gətirilməsi salonda böyük coşğu yaratdı. Belə bir təşəbbüs hansı ehtiyacdan yarandı?

- İstanbulda kitablarımın elmi müzakirəsinin keçirilməsini nəzərdə tuturduq. Ancaq sonradan formatı bir qədər də genişləndirərək iki ölkənin hüquq sisteminin aparıcı mütəxəssislərinin forumunu təşkil etmək qərarına gəldik. Tədbir gözlədiyimdən də yüksək səviyyədə keçdi. Rusiyadan foruma yalnız hüquqşünas alimlər deyil, xeyli sayda dövlət və hökumət rəsmiləri qatılmışdı. Qonaqlar sırasında Rusiya Dövlət Dumasının Konstitusiya Hüququ və Qanunvericilik, eləcə də MDB Ölkələri ilə Koordinasiya komitələrinin rəhbərləri, deputatlar, senatorlar vardı. Türkiyəni də forumda çox nüfuzlu nümayəndə heyəti təmsil edirdi. 

Türkiyə ədliyyə nazirinin müavini, prokurorlar, vəkillər, Türkiyə parlamentinin üzvləri forumda çox fəal müzakirələr apardılar. Gözləmədiyim halda müzakirələrə Azərbaycan hüquqşünasları da qoşuldu və mən düşündüm ki, forumda Azərbaycan hüquqşünasları da təmsil olunursa, salonda Rusiya və Türkiyə bayraqları ilə yanaşı Azərbaycan bayrağı mütləq olmalıdır. Salondakı ovqatdan da göründü ki, təklifim bəyənildi. Mən nə Türkiyənin, nə də Rusiyanın deyil, məhz Azərbaycanın əməkdar hüquqşünasıyam, Azərbaycan vətəndaşıyam. Təmsil olunduğum yerdə Azərbaycan bayrağının olması çox təbiidir. Forum ümumilikdə çox səmərəli keçdi, hər üç ölkənin hüquq sisteminin təkmilləşməsinə yönəlik dəyərli fikir mübadilələrimiz oldu. Mart ayında yeni bir forum keçirmək qərara almışıq. Yenidən toplanıb hüquq sisteminin ən aktual problemlərini müzakirə etməyi düşünürük.

- Format eynimi olacaq?

- Forumun qapıları açıqdır. İstənilən ölkənin hüquqşünasları fikir mübadiləsinə qoşula, müzakirəyə çıxarılacaq məsələlərlə bağlı təcrübələrini bölüşə bilərlər. Yeri gəlmişkən, bu yaxınlarda Bolqarıstanda olanda bu ölkənin hüquqşünasları da forumda iştirak etmək niyyətlərini açıqladılar. Yəqin ki, biz Bolqarıstan hüquq alimlərinə də dəvət göndərəcəyik. Onu da deyim ki, türkcəyə çevrilən əsərlərim bolqar, çin və yəhudi dillərinə də tərcümə olunacaq.

- Ötən həftə Sizə Bolqarıstan Elmlər Akademiyasının “Doktor Xonoris Kauza” ali mükafatı təqdim edilib. Təbrik edirik.

- Təşəkkür edirəm. “Doktor Xonoris Kauza” Bolqarıstan elminin ən ali mükafatıdır. Təbii, Bolqarıstan Elmlər Akademiyasının elmlər doktoru elmi adına layiq görülməyimdən məmnunam. Bu elmi dərəcə çox nadir hallarda verilir. Mükafatın təqdim edilməsi mərasiminə isə valeh oldum. Bu, sadəcə, ənənəvi alim mantiyasının, diplomun qəbulu deyildi, Bolqarıstanın elmi ictimaiyyətinin təmsil olunduğu, simfonik orkestrin müşayiəti ilə keçirilən möhtəşəm bir mərasim idi. Səfər çərçivəsində Sofiya meri, Bolqarıstanın vitse-prezidenti, parlamentin vitse-spikeri, ictimaiyyət nümayəndələri ilə görüşlərimiz oldu.

- İlham müəllim, Siz Bolqarıstanda bir neçə müsahibə də vermisiniz. Qarabağ məsələsi Bolqarıstan ictimaiyyəti üçün maraqlıdırmı, sizə konfliktlə bağlı suallar verildimi?

- Bolqarıstanı indi daha çox Rusiya-Ukrayna münasibətləri maraqlandırır. Suallar da daha çox bu istiqamətdə idi. 

- Bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin “G20" toplantısını yarımçıq tərk etdi. Prezidentin bu addımı Qərbin Rusiyanı sıxışdırmasının göstəricisi kimi qiymətləndirilir. Sizcə, bu durum Rusiyanın Ukrayna ilə bağlı siyasətinə necə təsir edəcək?

- Əslində sammitin gündəliyində Ukrayna məsələsi yox idi, əsas müzakirə mövzuları iqtisadi problemlər idi. Heç şübhəsiz, Ukrayna probleminin Rusiyaya birbaşa bağlılığı var. Ukrayna məsələsi Rusiya və digər ölkələrin prezidentlərinin ikitərəfli görüşlərində müzakirə edilib. Ancaq mən prezident Putinin toplantını yarımçıq tərk etməsi fikri ilə razı deyiləm. Rusiya prezidenti zirvə görüşünü tərk edəndə artıq əsas müzakirələr bitmişdi, liderlər yalnız yekun sənəd imzalamalı idilər. Bundan başqa, prezident Moskvaya qayıtması üçün 20 saatdan çox vaxt sərf etməli idi, ertəsi gün onun Rusiya Xalq Cəbhəsi ilə görüşü planlaşdırılmışdı. Prezident Putin həmin görüşə çatmalı idi. Ona görə də Rusiya prezidentinin “G20"-ni yarımçıq tərk etməsi haqqında deyilənləri ciddi qəbul etmirəm. Bilirsiz, Putin döyüş meydanını tərk edənlərdən deyil, o, əsl döyüşçüdür.

Saakaşvili Azərbaycan-Rusiya münasibətlərini Gürcüstan-Rusiya münasibətlərindəki gərginlik həddinə qaldırmaq istəyirdi”


- Rusiyanın İslam dünyası ilə sıx əlaqələri olub. Bu gün isə Qərb Rusiyaya faktiki olaraq İslam dünyasının ciddi dəstəyi ilə basqı göstərməkdədir. Söhbət neftin qiymətinin süni şəkildə endirilməsi ilə Rusiya iqtisadiyyatına vurulan ziyandan gedir. Prezident Putin İslam dünyası ilə ənənəvi əlaqələrdən bu durumun dəyişməsi üçün yararlana biləcəkmi?

- Rusiya əhalisinin 20 faizdən çoxunu müsəlmanlar təşkil edir və Rusiya ərazisində kompakt halda yaşayırlar, elə Başqırdıstan, Tatarıstan kimi iri muxtar respublikaların əhalisinin mütləq çoxluğu müsəlmanlardır. Tarixən Rusiya ərazisində müsəlmanlar sıx yaşayıb. Hətta rus çarı İvan Qroznının dönəmində Moskva əhalisinin böyük əksəriyyəti tatarlar idi. Bir neçə il qabaq Rusiya İslam Konfransı Təşkilatına üzv olmaq təşəbbüsü ilə çıxış etmişdi. Prezident Vladimir Putin bu təşəbbüsü ölkə əhalisinin 1/5-nin müsəlman olması ilə əsaslandırmışdı. Bu, Rusiya ilə müsəlman dünyası arasında münasibətlərin inkişafı üçün çox önəmli faktordur. Sovetlər Birliyi dönəmində də İslam dünyası ilə əlaqələr güclü olub. Məsələn, İranla Rusiyanın münasibətləri illərdir ki, çox sıxdır. 


Müsəlman ölkələri ilə tarixdə yalnız Türkiyə ilə sərin münasibətlər olsa da, M.K.Atatürk dönəmində irəliyə doğru sıçrayış olub, hazırda isə bu münasibətlər özünün yüksək zamanını yaşayır. İslam dünyasında bütövlükdə götürdükdə, mədəni, ədəbi, iqtisadi, siyasi baxımdan Avropaya ən yaxın ölkədir. Münasibətlərin yaxşılaşmasında bu faktorun da rolu az olmayıb. 
Bu gün Rusiyanın İslam dünyası ilə münasibətlərində din faktoru arxa plana keçib - iqtisadi, siyasi münasibətlərin inkişafı, dövlətlərin hər iki müstəvidə daha çox mənfəət əldə etmə daha qabarıqdır. Hesab edirəm ki, Rusiyanın İslam dünyası ilə münasibətləri Qərbin basqılarına baxmayaraq davam edəcək.

- Sizə elə gəlmirmi ki, Rusiya təcrid olunduqca Azərbaycanı özünə müttəfiq kimi görür?

- Məncə, sizin ifadəniz vəziyyəti tam əhatə etmir. Söhbət hansı təcriddən gedir? Bu gün yalnız Qərb və ABŞ Rusiyanı təcrid etmək istəyir. Avropa Birliyi və ABŞ isə bütün dünya demək deyil. Qərbin Rusiyanı təcrid siyasəti Latın Amerikası, Asiya və Uzaq Şərqlə münasibətlərin daha da yaxınlaşmasına səbəb olub. Bu siyasət eyni zamanda Avrasiya Birliyinin yaradılması ilə bağlı məsələnin çözümünü də sürətləndirib. Bu məsələyə birtərəfli baxmaq doğru yanaşma deyil.

- Rusiya-Azərbaycan münasibətlərindən danışan politoloqlar son aylarda iki ölkə arasında həm siyasi, həm iqtisadi sahədə son zamanlarda daha da yaxınlaşma olduğunu bildirirlər. Bu durumun Azərbaycan üçün təhlükəli olduğunu düşünənlər də var. Sizcə, bu yaxınlaşma Azərbaycan üçün təhlükəyə çevrilə bilərmi?

- Niyə biz bu yaxınlaşmaya təhlükə kimi baxmalıyıq? Rusiya bizim qonşumuzdur. Qonşularla hər zaman dostluq etmək lazımdır. Azərbaycan sülhpərvər ölkədir, heç bir qonşusuna ərazi iddiaları irəli sürmür. Azərbaycana dost münasibət göstərən bütün ölkələrlə, o sıradan Rusiya ilə dost olmaq lazımdır. Açığı, Azərbaycanın bəzi media orqanlarının Rusiya ilə Azərbaycan arasında gərginlik olması, Rusiyanın Azərbaycana davamlı təhlükə yaratması haqqında mövqeyini də başa düşmürəm. Məncə, bu, ictimaiyyətin fikrini yanlış istiqamətə yönəltmək üçün düşünülmüş şəkildə atılan addımlardır. Azərbaycan siyasətçilərinin Rusiyadan Azərbaycana təhlükə gələ biləcəyi haqda fikirlər səsləndirməsi isə ümumiyyətlə gülüncdür. Rusiya və Azərbaycan prezidentlərinin, digər hökumət rəsmilərinin qarşılıqlı səfərləri, iki ölkə rəhbərinin qarşılıqlı dostluq münasibətləri hazırkı vəziyyətin pozitiv mahiyyətini ifadə edir. Mən ümumiyyətlə, anlamıram ki, nəyə görə, yüz minlərlə soydaşımızın yaşayıb-işlədiyi Rusiya dövləti Azərbaycana hər hansı təhlükə yaratmalıdır? Rusiya bizdən nə istəyə bilər - ərazilərimizə iddiaları var?

- İlham müəllim, bu gün Rusiyada yaşayan soydaşlarımızın durumu necədir? Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyalarından sonra rubl sürətlə ucuzlaşır. Sizcə, iqtisadi vəziyyətin kəskinləşməsi soydaşlarımızın Azərbaycana qayıtmaq qərarı verməsinə səbəb ola bilərmi?

- Şübhəsiz, əgər tətbiq olunan iqtisadi sanksiyalar Rusiya vətəndaşlarına təsir edəcəksə, Rusiyada yaşayan, o ölkədə pul qazanan azərbaycanlılara da təsirsiz ötüşməyəcək. Proses eyni zamanda Azərbaycana da təsir göstərəcək. Bir neçə il öncə aparılan rəsmi hesablamalara görə, Rusiyadan Azərbaycana ildə 2 milyard dollar gəlirdi. Bu rəqəmləri prezident Putin də səsləndirmişdi. Hər kəsə bəllidir ki, Rusiyada çalışan azərbaycanlılar Azərbaycandakı ailələrinin əsas gəlir qaynağıdır. Rusiya vətəndaşı olan etnik azərbaycanlıların sayı rəsmi rəqəmlərə görə, 750 mindir. Bir qism insanlar müvəqqəti qeydiyyat əsasında yaşayır, bəzilərinin heç qeydiyyatı yoxdur. Onlar hər ay Azərbaycana bəlli bir vəsait göndərirlər. İqtisadi durum çətinləşsə, gəlirlər azalsa, Azərbaycana göndərilən vəsaitlərdə azalma qaçılmaz olacaq. Ancaq bu prosesin azərbaycanlıların kütləvi surətdə Rusiyadan Vətənə qayıtmasına səbəb olacağını ehtimal etmirəm. 

- Professor, siz Rusiya-Gürcüstan münasibətlərinin necə inkişaf edəcəyini düşünürsünüz. Azərbaycanla yanaşı Gürcüstanda da Rusiyaya yaxınlaşma meylləri hiss edilir. Prezident Marqvelaşvili bu yaxınlarda bildirib ki, Rusiya dövlət başçısı ilə danışıqlara hazırdır. Cənab Putin də dialoqa sıcaq baxdığını açıqlayıb. Sizcə, bu təmaslar iki ölkə arasındakı münasibətləri dəyişə biləcəkmi?

- Kompromislərin əldə olunması üçün liderlərin görüşməsinə ehtiyac var. Canlı təmaslar, dialoqlar çox zaman problemlərin müsbət həllinə gətirir. Əgər Marqvelaşvili belə bir təşəbbüs irəli sürübsə, demək, uzaqgörən siyasətçidir. Rusiya Gürcüstanın da qonşusudur. Ortaq dəyərlər çoxdur. Rusiya və Gürcüstan cəmiyyətlərini həm də pravoslav kilsəsi, çoxəsirlik tarixi münasibətlər  birləşdirir. Bu səbəbdən gec-tez bu ölkələr arasında münasibətlər normallaşmalıdır.

- Siz hesab edirsinizmi ki, Marqvelaşvilinin Rusiya ilə bağlı mövqeyi eks-prezident Saakaşvilinin mövqeyindən fərqlidir?

- Saakaşvili indiyə qədər həm öz ölkəsi, həm də Azərbaycanla bağlı xeyli anlaşılmaz bəyanatlar verib. Bu cür bəyanatlarını Saakaşvili hakimiyyətdən gedəndən sonra da davam etdirir. Yadınıza gəlirsə, bir müddət öncə o, Rusiyanın Azərbaycanda çevrilişə hazırlaşması haqqında danışırdı. Saakaşvili Azərbaycan-Rusiya münasibətlərini Gürcüstan-Rusiya münasibətlərindəki gərginlik həddinə qaldırmaq istəyirdi. O, sanki bu məsələdə Azərbaycanı Gürcüstana müttəfiq görürdü, bu yolla Rusiyanın düşmənlərinin sayını artırmağı arzulayırdı. Ancaq onun dediklərinin heç biri həyatda özünü doğrulmur - bunlar boş sözlərdir.

- Bu yaxınlarda Azərbaycan cəbhə bölgəsində Ermənistanın hərbi helikopterini vurub. Sizcə, bu doğru addım idimi?

(davamı növbəti sayda)

Aygün MURADXANLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR