İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkili Qənirə Paşayeva: “Həyatda heç zaman siyasi ambisiyalarım olmayıb”

3089 20.01.2017 08:30 Müsahibə A A

“Bizim qonaq” rubrikasının  növbəti müsahibi millət vəkili Qənirə Paşayeva oldu. Görüşdə qəzetimizin baş redaktoru Rauf Arifoğlu, baş redaktorun birinci müavini Azər Ayxan, baş direktor Ələsgər Süleymanov, musavat.com saytının redaktoru Xalid Kazımlı və bu sətirlərin müəllifi iştirak edirdi. Qənirə xanımla həyat yolu, ölkədəki iqtisadi-siyasi proseslər, Dağlıq Qarabağ məsələsi və digər önəmli mövzular ətrafında  söhbət etdik. 

 
(əvvəli ötən sayımızda)

- Sonra da indi oturduğunuz parlamentə müxbir kimi gəldiniz... Jurnalistikadan böyük siyasətə keçid necə prosesdir? 

- Mən buna siyasətə keçid deməzdim. Çünki mənim həyatda heç zaman siyasi ambisiyalarım olmayıb. Mənim həmişə tək istəyim insanlara faydalı olmaq olub və bu parlamentdə də belədir. Sabah haraya getsəm də yanaşma tərzim bu cür olacaq. “Niyə mən bu işlə məşğul oluram” sualına bir cavabım var: insanlara faydalı olmaq üçün... Millət vəkili kimi mən heç bir partiyada təmsil olunmuram. Bu yer mənə daha çox insana kömək etməyə imkan yaradır. İnsanlara faydalı olmaq üçün  bundan maksimal şəkildə istifadə edirəm. Mənə parlament jurnalistləri də “Seçici hüquqlarının müdafiəsi” nominasiyasında mükafat veriblər. Bu mənim üçün çox anlamlı oldu. 

- Yaradıcılıq həzzi deyilən bir şey var. Bunu yaradıcı insanlar yaxşı bilir. O həzzmi gözəldir, yoxsa insanlara yardım etmək həzzimi? 

- İkisi də gözəldir. 

- Onlar bir yerdə uzlaşırmı?

- Bəli, çünki onların ikisi də bir şeydən qaynaqlanır- sevgidən! Sevgidən qaynaqlandığı üçün ikisi də sizə zövq verir. İnsanlara faydalı olmaq mənə daha çox zövq verir. Əgər bir insanın gözlərində yox olmuş işıqdan balaca bir qığılcımı qaytarırsınızsa, bundan alacağınız zövqü heç nədən ala bilməzsiniz. Nə gözəl hotellər, istirahət mərkəzləri, nə bahalı avtomobillər, heç nə onun əvəzini verə bilməz. Bir insanın gözlərində sevinc işığı, ümid işığı yandırmaq, onun dilindən “Allah razı olsun” ifadəsini eşitmək bir başqa hissdir. Yaradıcılıq isə sizin öz dünyanızdır, özünüzlə baş-başa qalırsınız, hər şeydən qaçırsınız. 

- Ancaq son zamanlar sanki yaradıcılığa daha çox zaman ayırırsınız. Kitabların çapı, sosial şəbəkədəki səhifənizdə şeirlər yayımlayırsınız, şeirlərinizə mahnılar bəstələnir. Sanki yaradıcılığa ehtiyac yaranıb.


- İnsan bəzən nələrisə yazıb paylaşmaq istəyir, elə bir dönəm də olur ki, heç nə yazmaq istəmirsən. Yazmaq elə bir şeydir ki, planlı olmur. Planlı şəkildə ancaq xəbər, məqalə yaza bilərsən. Necə ki, biz jurnalist işləmişik, istəsək də, istəməsək də hər gün reportaj hazırlamışıq, yazı yazmışıq. Bir var ki, yazı yazmaq sizin işlə bağlı məcburiyyətinizdir. Bir də var ki, heç bir məcburiyyətiniz yoxdur, sizi heç kim məcbur etmir, yazmasanız da insanların sizdən gözləntisi yoxdur. Bu yazmaq sizin daxilinizdəki bir tələbat, bir aclıqdır. O baxımdan, yazmaq istəyirsiniz. Sizin dediyiniz yazıları ehtiyac olandan-olana yazırıq. Bir də var ki, yazmaq istədiyim yazılar. Məsələn, türk dünyası ilə bağlı kitablar düşünülərək yazılır. Mən həm jurnalist işlədiyim dövrdə, həm də sonrakı fəaliyyətimdə həmin bölgələri addım-addım  gəzmişəm. İstəyirəm ki, gənclərimiz türk dünyasını yaxşı tanısın. Çünki insan tanımadığı, bilmədiyi bir şeyə sahiblənə bilməz. Ona görə də indi bizim bu cür kitablara çox ehtiyacımız var. “Addım-addım Türkiyə”, “Addım-addım Türk dünyası”, “Addım-addım Qaqauz”, Ahısxa türkləri ilə bağlı “Vətən qoxusu” kitablarını daha çox düşünərək yazmışam. Təbii ki, burada da insan qəlbi var. Lakin düşünürəm ki, mən bu bölgələri addım-addım gəzmişəm, onları yazsam, 300-500 gənc bundan bilgi alsa, faydalı olar. Bəzi yazılar da var ki, onlar düşünülərək yazılmır. Onlar illərlə içimizdə yığılan sözlərdir. Mən iki şeir yazmışdım. Biri “Qapını aç bu quluna, ey Rəbbim”, biri də “Öyrəndim” şeiri idi. Yadımdadır, o şeiri yazarkən anam qapını döydü. Bizim ailədə anamızın bir başqa yeri var. O gəlib qapını döydüsə, bir şey istədisə, “işim var”, “gözlə” kimi sözlər yoxdur. Anam gəldisə, hər şey bitir, “bu dəqiqə” deyib dururuq. Bu şeiri yazarkən anam gəldi və mənimlə bir məsələ haqqında söhbət etmək istədiyini dedi. Dedim ki, mənə bir 15 dəqiqə vaxt verərsən, yazıram. Bu onun üçün alışmadığı bir vəziyyət idi. Düşündü ki, yəqin çox ciddi bir yazıdır. Mən şeiri yazdım.

“İnsanlara faydalı olmaq mənə zövq verir”


Yadımdadır, Camalnur Sarqutla görüşəndə bu şeirləri 15-20 dəqiqəyə yazdığımı dedim. O isə yaza bilməzsən, dedi. Onun “bu şeir 15 -20 dəqiqəyə yazılamaz” sözünü mən texniki mənada başa düşdüm. Dedim ola bilər ki, yarım saata yazmışam. Dedi ki, yox belə şeirlər illərlə yazılır, 15-20 dəqiqəyə sən onu kağıza köçürmüsən. Bəzi şeirlər var ki, o sizin içinizdə illərlə yazılır və siz bir gün onu kağıza köçürmə ehtiyacı duyursunuz. Duyğularınızın elə bir anı olur ki, dillə söyləyə bilmədiklərinizi kağıza köçürürsünüz. Bu kimi fərqli-fərqli yanaşmalar var yazılarda...

N.Liftiyeva: 

- Qənirə xanım, bir gün öncə bölgələrdən paytaxta dönmüsünüz. Yəqin ki, orada müəyyən müşahidələriniz olub. Mən istərdim ki, bölgələrdəki iqtisadi durumu dəyərləndirəsiniz...


- Bu çox ağır məsələdir. Bölgələrdə iqtisadi məsələlərlə bağlı problem az deyil. Mən millət vəkili seçildiyim Tovuz rayonundan danışa bilərəm. İş yerləri ilə bağlı problem var. Yeni iş yerlərini artıracaq layihələrin həyata keçirilməsinə ciddi ehtiyac var. Mən bunu parlamentdə də dedim ki, rayona  rəhbərlik edən qurumların yanaşmasında əsas fəlsəfə insan faktoru üzərində qurulmalıdır. Bir layihə ki, insanlara xidmət edəcək, həmin layihələrə dəstək artmalıdır. Tovuz kökənli olan, lakin indi Tovuzdan kənarda yaşayan imkanlı insanlar var, onların şirkətləri var. Onların gəlib rayonda iş yerləri açmasına şərait yaratmaq lazımdır. Rayon rəhbərliyi də onlara dəstək verməlidir, torpaq ayırmaq və sair şəkildə... Bu cür projeləri artırmaq lazımdır.

A.Ayxan:

- Yerli məmurlar bu cür iş adamlarına mane olurlarmı? 

- İndi mane olmaqdan daha çox, dəstək olmaqdan danışmaq lazımdır. Bu gün beynəlxalq  aləmdə gedən prosesləri, ölkəmizdə yaşanan devalvasiya və sair faktorları nəzərə alaraq əngəl olmağa yox, daha çox dəstək olmağa çalışmaq lazımdır. 

- Dəstək olurlarmı?

- Mən bütün rayonlar haqqında danışa bilmərəm, bu doğru olmazdı. Hesab edirəm ki, təmsil etdiyim Tovuz rayonunda bu dəstəyin artmasına çox ehtiyac var. Özəlliklə icra və bələdiyyələr tərəfindən. Mən son günlər rayonda idim, bələdiyyə və icra nümayəndələri ilə imkansız ailələri ziyarət edirdik. Orada elə ailələr var ki, övladları yoxdur, çətin vəziyyətdədirlər, bəzilərində ağır xəstələr var, əlillər var. Çox çətin vəziyyətdə olan ailələr olur. Kəndlərimizdə bu cür ailələri gəzirdik. Mən hər zaman deyirəm ki, burada söhbət təkcə dövlətin verdiyi büdcəni idarə etməkdən getmir. Kəndlərdə imkanlı insanlar da var. Yaxşı idarəçi odur ki, yaxşı mühit yaratsın və insanları o proseslərə cəlb edə bilsin. Şəxsən mən inanıram ki, kəndlərdə bu iş sistemli şəkildə təşkil olunarsa, 10-15 imkansız adamın problemləri həll edilər. Kənddəki imkanlı  insanlar bu imkansız ailələrə yardım etsələr, bir kənd icması toplansa, kəndin ziyalıları, imkanlı insanları toplansa  o ailələrin ehtiyacları bir büdcə şəklində yazılsa, hesablansa, hər kəs müəyyən hissəsini öz üzərinə götürsə, ehtiyaclı insan qalmaz. Ayda bir dəfə kəndin imkanlı şəxsləri toplanıb bu problemləri müzakirə edə bilərlər. Mən inanıram ki, bunu etmək istəyənlər olacaq, istəməyənlər də olacaq. O səbəbdən  çox işləmək lazımdır. “Bu mənim işim deyil” prinsipi ilə məsələ həllini tapmaz. Mənə rayonda bəziləri qəribə baxır ki, səhər saat 9-un yarısında millət vəkilinin Qədirli, Cilovdarlı kəndlərində nə işi var. Seçki dövrü deyil, seçkiyə bir il qalmayıb.  Köhnədən məni tanıyanlar bilir, yeni təyin olunanlar isə qəribə baxırdılar ki, qışın ortasında, səhərin soyuğundan bu bizi niyə çağırıb. Soruşuram ki, kənddə qaz ola-ola bu ailə niyə qazsız, odunsuz qalıb? Deyirlər ki, ödəməyə imkanı yoxdur. Deyirəm ki, bu ailənin bir ayda evini isitməyə nə qədər qaz lazım olar, 20-30 manatlıq. Bu pulu biz haradansa tapa bilərik, axı bu ailə niyə soyuqda qalsın. Cavab verirlər ki, “bəli, Qənirə xanım, doğru deyirsiniz”. Söhbət ondan getmir ki, hər kəs sadəcə öz işini görməlidir. Əgər ehtiyac olan insanlar varsa, onlara qarşı da diqqətli olmaq lazımdır. Təşəbbüskarlıq lazımdır, faydalı olmaq, bununla fərqlənməyə çalışmaq lazımdır. Kəndlərdə buna çox ehtiyac var. Böyük sərmayələr gələndə daha çox rayonun mərkəzinə gedir. Amma kəndlərdə canlanmanı yaratmaq üçün bu kimi faktorlara ehtiyac var. Bir də kənd təsərrüfatı ilə bağlı həllini gözləyən məsələlər var. Tovuzda kənd təsərrüfatı nazirinin iştirakı ilə böyük bir müzakirə oldu, 4 saatdan artıq davam etdi. Rayonun bütün kəndlərindən insanlar gəlmişdilər. Orada mən zarafatla dedim ki, Heydər müəllim, bunların bəziləri bəlkə də indi danışmağa utanacaq. Ancaq onların hər gün  mənə dediklərini, kənd-kənd bildiklərimi mən məruzə edim. Kənd təsərrüfatı susuz olmaz. 


“Öz maraqlarını üstün tutan məmurlar dövlətin siyasətinə əngəl olurlar”



A.Ayxan:

- Bəli, kəndlərdə su böyük problemdir.

- Təsərrüfat üçün lazım olan faktorlardan biri sudur. Tovuz rayonunun ciddi su problemi var. Orada insanlar torpaqda işləməyə qoçaqdır, tənbəl deyillər. Ancaq su olmadan və ya çox bahalı aldığınız su ilə kənd təsərrüfatında məhsuldarlıq əldə edə bilərsinizmi? Onu yığıb satmaqla həmin vəsaiti əldə etmək mümkünsüzdür. Tovuzda bir çox layihələr həyata keçirildi. Ağdam kəndində su anbarı tikildi, Əlibəylidə istifadəyə verildi. Amma yenə də su ilə bağlı problem həllini tapmayıb. Çünki təbii su azalması da var. Ağstafa çayından su alırıq, azalıb. Şəmkirdən su alırıq, azalıb. Ona görə də əlavə su mənbələrinin tapılmasına ehtiyac var. Mən bu məsələni parlamentdə də qaldırmışam. Kür çayından hansısa vasitələrlə ətrafdakı kəndlərə suyun verilməsinə nail olmaq olar. İkincisi bazara çıxış məsələsidir. Mən uşaq olanda bizim kəndimizin bəzi adamları işləmirdilər, sadəcə, əkin sahələrindən yığdıqları məhsulla 4-5 uşağına ali təhsil verə bilirdilər. Yəqin ki, sizin də kəndinizdə belə adamlar var. 

- Bəli, əkib-becərib satırdılar. 


- Ən əsası isə o məhsulu dəyərində sata bilirdilər. İndi isə onlar sata bilmirlər. Sizin, mənim kimi alıcılar isə gedib həmin məhsulu bazardan baha alırıq. Qazanan kiçik bir qrup var ki, onlar heç nə etmədən pul qazanırlar. Satan da, istehsal edən də qazana bilmir. Şəhərdə oturub 300 manat maaş alan  insana da bazarda məhsulu o qiymətə almaq sərf eləmir, istəyir ki, bir qədər ucuz alsın. Bəzən insanlar deyir ki, kəndlilər məhsulu baha satır. Mən deyirəm ki, xeyr, kəndlilər onu bu qiymətə sata bilmirlər, qəpik-quruşa satırlar. Ona görə də kənddəki istehsalçıların bazara öz məhsulunu çıxartmaq imkanı yoxdur. Bir qədər də böyük təsərrüfatı olanların, fermerin isə ixrac imkanları yoxdur. Ən azından yol kənarlarında məhsulların satışına icazə verilməlidir. Mən qaydasızlığın da əleyhinəyəm. Ancaq hesab edirəm ki, kəndliyə dəstək olmaq üçün onlara mane olmamaq lazımdır. Döymək, vurmaq, incitmək olmaz. Və ya pul alan kimi hər şey qaydalara uyğun olur, pul verməyəndə qaydasız. Yaxşı olar ki, bunu qayda şəklinə salaq, yarmarkalar təşkil edək. Bunları da həyata keçirmək lazımdır. İndi kənd təsərrüfatı ilə bağlı yeni proqram var, onlar açıqlandı. İnsanlar var ki, torpaq sahələri var idi, lakin texnikanı ala bilmirdi. İndi dövlətin dəstəyi var, 40 faizini dövlət verir, 60 faizini isə özü tədricən ödəyəcək. Tovuzda bəzi fermerlər bu texnikanı ala bildilər. 
Çox ciddi bir məsələ də toxumçuluqdur. Mən Tailandda Kral İnstitutunun bir layihəsini gördüm, onu toxumluğu qorumaq məqsədilə edirdilər. Çünki saxtakar iş adamları var ki, yararsız toxum satırlar. Fermer o toxumları alıb əkir, zəhmət və xərc çəkir, lakin bir faydasını görə bilmir. Bu məsələyə dövlətin nəzarəti və dəstəyi artmalıdır. Çünki insan bir dəfə zərər edirsə, ikinci dəfə əkmir. Kənd təsərrüfatına dəstəyi artırmaq lazımdır. 


- Azərbaycan hökuməti nə qədər fədakarlıq etsə də, neft ehtiyatlarından xərcləyib manatı güclü saxlamağa çalışsa da, beynəlxalq aləmdəki  böhran buraya da gəldi. Bu böhrandan çıxmaq üçün dövlət  də yollar axtarır. Siz də parlamentdəsiniz. Bu yol axtarışı təsisatlarından biri də parlamentdir. Bir deputat kimi siz necə düşünürsünüz, kənd təsərrüfatı çıxış yollarından biridirmi?

- Monopoliyaların tam şəkildə aradan qalxmasına ehtiyac var. Təmiz rəqabət olmalıdır və insanlar üçün imkanlar yaradılmalıdır. Bu çox önəmlidir. Monopoliyaya qarşı mübarizə güclənməlidir. Kimin qabiliyyəti və imkanları varsa, ona qapılar açılmalıdır. . 

- Daha çox hansı monopoliyanı nəzərdə tutursunuz? Gömrükdəki monopoliya, yoxsa biznesdəki, vergi sistemindəki? 


“Kənddəki istehsalçılar öz məhsulunu qəpik-quruşa satırlar”


- Problem bir-iki sahədə deyil, bütün sahələrdəki monopoliya aradan qalxmalıdır. Yanaşma şəkli  dəyişməlidir. Siz bir işə başlamaq istəyirsiniz və hərə bir bəhanə ilə gəlir, nəsə maraq güdür, o maraq təmin olunmadıqda isə sizə əngəl olmağa çalışır. Dövlətin məmuru dövlətin siyasətini dəstəkləməlidir. Dövlətin məmuru o demək deyil ki, oturduğu kreslodan öz maraqlarını təmin etmək üçün istifadə etsin. Dövlət məmuru ictimai maraqları öz maraqlarından öndə tutan deməkdir. Ancaq öz maraqlarının dövlətin və ictimaiyyətin maraqlarından  üstün tutulması dövlət məmuru anlayışı ilə uyğun gəlmir. Bunlar dövlətin siyasətinə əngəl olurlar. Kimlərsə öz işini doğru yerinə yetirmirsə, onlar yavaş-yavaş tamamilə uzaqlaşdırılmalıdır. Monopoliya, korrupsiya tamamilə aradan qaldırılmalıdır.  Dövlət məmurlarının iş adamlarına təzyiq mexanizmini tamamilə aradan qaldırmaq lazımdır. “ASAN xidmət” nə qədər problemləri aradan qaldırdı. Bütün sektorlarda məmurların təzyiq mexanizmini minimallaşdırmaq lazımdır. 


- Bütövlükdə dövlətin idarəetməsini, icra strukturlarını, hər şeyi ASAN sisteminə keçirmək olmazmı? Prezident də bu barədə dəfələrlə deyib, hədəf göstərib. Ancaq sanki proses ləng gedir...

(davamı növbəti sayımızda)

Söhbəti qələmə aldı:

Nərgiz LİFTİYEVA
Fotolar Məhəmməd TÜRKMƏNindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR