İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtidaryönlü deputatdan ombudsmana sərt tənqid

3309 09.03.2015 08:50 Müsahibə A A

Ötən həftə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova 2014-cü ilin hesabatını Milli Məclisə təqdim etdi. Müzakirələr zamanı təkidlə söz istəyən AVP sədri, deputat Fəzail Ağamalıya çıxış imkanı yaradılmadı. Sədarət 8 Mart bayramı ərəfəsinə təsadüf edən hesabatı qəbul edib xanım ombudsmanı çox əziyyətə salmamağı tövsiyə edəndən sonra məsələyə nöqtə qoyuldu. F.Ağamalının israrının səbəbinin nə olduğunu bilmək üçün onunla söhbətləşdik və bir sıra digər aktual məsələlərdən də danışdıq.


- Fəzail bəy, hesabat zamanı son iclasda təkidlə söz istəməkdə məqsədiniz nə idi, nə demək istəyirdinizsə, buyurun, biz “Yeni Müsavat” olaraq bu imkanı yaradırıq.

- Mən ombudsmanın illik fəaliyyətini ümumən müsbət qiymətləndirməklə bərabər konkret təkliflərin üzərində dayanacaqdım. Hesabatla tanış olanda məlum oldu ki, daha çox ayrı-ayrı qurumların üzərinə düşən vəzifələrin, eyni zamanda konkret söz, fikir, vicdan azadlıqlarının təşviqinə yer verilir. Həmçinin, ona müraciət edənlər haqqında ayrı-ayrı qurumlarla gördüyü işlərin statistik məlumatlarına daha çox üstünlük verir. Bu isə ombudsman üçün kifayət deyil. Məni daha çox düşündürən, qayğılandıran məsələ ombudsmanın özünün imkanlarından istifadə edərək beynəlxalq səviyyədə Azərbaycanla bağlı məsələlərin qaldırılmamasıdır. Mən keçən il çıxışımda demişdim ki, çox yaxşı olar ayrı-ayrı ölkələrin, xüsusi olaraq Avropa ölkələrinin ombudsmanları ilə danışıqlar aparılsın və Bakıda işğal olunmuş torpaqlarımızla, oradan qaçqın düşən insanlarımın hüquqlarının müdafiəsi ilə bağlı konfranslar keçirilsin, müzakirələr açılsın, konkret sənədlər qəbul olunsun və dünyanın aparıcı təşkilatlarına müraciətlər edilsin. Çox təəssüf edirəm ki, mənim o təklifim hansısa səbəbdənsə diqqətdən kənarda qoyuldu. Bunun üzərində də dayanacaqdım. 

- Maraqlısı odur ki, iqtidarın kursunun müdafiəçisi olaraq siz də ombudsmanın fəaliyyətindən narazısınız. Eyni zamanda müxalifət də müvəkkilin fəaliyyətini tənqid edir, onu çevik, operativ olmamaqda qınayır. Bir sıra hallarda ombudsmanın yaş mərhələsini keçməsi də obyektiv səbəb kimi göstərilir. Nədən Elmira xanım hakimiyyət üçün bu qədər əvəzolunmaz kadrdır?

Fəzail Ağamalı: “Milli Məclisdə gedən hətta yarım saatlıq bütün müzakirələrdən də cənab prezidentin özünün birbaşa xəbəri var”


- Vallah bilmirəm hansı səbəbə görə... Əlbəttə, o, qadındır və mən qadınlar bayramında onun xətrinə dəyə biləcək hansısa söz demək istəməzdim. Ancaq bəzən obyektiv şəkildə, tənqidi qeydlərim də kimlərinsə xətrinə dəyir, əks reaksiya doğurur. Məsələ bundadır ki, əlbəttə, kimin nə deməsindən asılı olmayaraq yaş öz sözünü deyir. Daha çox çeviklik, operativlik lazımdır, Azərbaycanın taleyüklü məsələləri ilə bağlı ayrı-ayrı layihələri reallaşdırmaq lazımdır. Konkret olaraq ölkə prezidentinin nümunəsi ortalıqdadır. Baxın, prezident həm daxildə, həm xaricdə nə dərəcədə çevik siyasət aparır, son dərəcədə gərgin işi ilə həm regionlara gedir, tapşırılan işlərin nəticələrini şəxsən yoxlayır, insanlarla görüşür, onları dinləyir, Azərbaycanda keçirilən yüksək səviyyəli forumlarda iştirak edir, onların bilavasitə işinin təşkilinə rəhbərlik edir. 

Bu nümunə ortalıqda olduğu halda, əslində ombudsman kabinet müvəkkilinə çevrilməli deyil. Yaxud bu və ya digər ölkədən, təşkilatdan hansısa bir layihədə iştirak edib onu hesabatına salmaqla kifayətlənməli deyil. Azərbaycanla bağlı bu gün erməni diasporunun, erməni lobbisinin təsiri altında olan təşkilatlar var, adlarını da “beynəlxalq təşkilatlar” qoyublar. Onlar Azərbaycana qarşı sözün həqiqi mənasında total mübarizənin önündə gedirlər və onun təşkilatçısı kimi çıxış edirlər. “Eurovision” yarışması zamanı olduğu kimi indi də Birinci Avropa Yay Oyunları ərəfəsində Azərbaycana qarşı ən müxtəlif iftira, böhtanlar yağdırılır, boykot çağırışları edilir. Baxın, ölkəmizdə həyata keçirilən həbslərlə bağlı, Leyla və Arif Yunusla bağlı hansı kampaniya gedir. Bu isə hesabatında yazır ki, Leyla Yunusla, Arif Yunusla görüşdüm, filankəsi dinlədim. Əşi, əcəb elədin, dinlədin! 


#a#

İndi çıx beynəlxalq təşkilatlara və de ki, Azərbaycanda istintaq gedir, imkan verin bu istintaq işi başa çatsın. Əgər istəyirsinizsə bu istintaqda iştirak edəsiniz, gəlin bərabər şəkildə onların məhkəməsində iştirak edək. Axı fakt faktlığındadır ki, Leyla Yunus Azərbaycan dövlətinə xəyanət edib, o, Ermənistan üçün işləyib, Ermənistanın Azərbaycanda kəşfiyyat şəbəkəsini yaratmağa çalışıb. Yaxşı, bunu erməni lobbisi, erməni diasporu müdafiə edirsə, sən heç olmasa ombudsman kimi onların qabağına çıxmalısan, onların qarşısına konkret faktlar qoymalısan. Bunlar da yoxdur. Ona görə, məncə, Elmira xanım öz işində ciddi dönüş yaratmalı, dövlət maraqlarına söykənərək, anti-Azərbaycan kampaniyasına ombudsman kimi öz sözünü deməli və onun qarşısında dayanmalıdır.

- Bundan sonra? 

- Heç olmasa, bu 3 ayı dayansın da. Təəssüf ki, bu sözləri parlamentdə deməyə mənə imkan yaradılmadı.

- Deputat həmkarınız Qüdrət Həsənquliyev ümummilli maraqlardan irəli gələn bir fikir söylədi ki, qarşıda mühüm bir tədbir olduğu üçün Avropa Oyunlarına qədər həbsdəki bir sıra insanları azad etmək lazımdır ki, Azərbaycana qarşı kampaniya üçün bəhanə olmasın. Siz bu təşəbbüsü necə qarşıladınız? 

İndi nə edək, Azərbaycanın dövlət maraqlarını İlqar Məmmədovun ambisiyalarına qurban verək?”


- Mən sizə bir həqiqəti söyləyim. Bu, mənim həqiqətimdir, düşüncələrimin həqiqətidir. Siyavuş Novruzov da çox düzgün dedi ki, son vaxtlar ABŞ-da 80-ə yaxın jurnalist qanunları pozduğu üçün istintaqa cəlb olunub. Bizim də ölkəmizdə bu və ya digər jurnalist, hüquq müdafiəçisi, hər hansı partiya üzvü cinayət əməlinə yol verirsə, onun istintaqına mane olmaq lazım deyil. Əgər istintaqın gedişindən hər hansı narazılıq varsa, orda qeyri-obyektivlik olubsa, bəli, bir yerdə onun üstünə gedək və çalışaq ki, məhkəmədə hər hansı qeyri-qanuni hal baş verməsin. Kiminsə cinayəti şişirdilirsə, yaxud da cinayət təsdiqini tapmırsa, kimsə qeyri-qanuni həbsə məhkum edilirsə, bəli, biz konkret o faktların üstünə gedək, çalışaq ki, bunlar olmasın. Mən demirəm ki, bizim məhkəmələr ideal şəkidə işləyir. Xeyr, məhkəmələrimizdə nöqsanlar mövcuddur və onların bir sıra prosedurları düzgün yerinə yetirilmədiyindən ayrı-ayrı işlər Avropa Məhkəməsinə gedib çıxır. Bunlara əlbəttə, yol vermək olmaz. Ancaq hüquqi dövlətdə, demokratik ölkədə istənilən vətəndaş mövqeyindən asılı olmayaraq öz əməllərinə görə qanun qarşısında cavab verməlidir.  

- Konkret halda Avropa Məhkəməsi İlqar Məmmədova azadlıq istəyib. Bundan sonra da onu həbsdə saxlamaq münasibətləri gərginləşdirməyə aparmırmı?

- Azərbaycan dövləti var. Əgər bu dövlət Avropada hansısa konyunktur xarakter daşıyan, daha çox subyektiv mahiyyət kəsb edən təzyiqlərin qarşısında geri çəkilsə və bu cür insanları onların təhdidi ilə həbsdən buraxsa, onda Azərbaycan hüquqi dövlət yox, marianetka bir hökumət olur.

- Ancaq bu da var ki, beynəlxalq aləm o təşkilatların rəyi ilə hesablaşır, onların mövqeyi əsas götürülür...

- Biz bilirik ki, İlqar Məmmədov Avropada hansı kanallara malik idi, “Avropanın çocuğu” kimi Azərbaycanda siyasi fəaliyyətini qururdu. Avropada da İlqar Məmmədovun əlaqə saxladığı, onların tapşırıqlarını yerinə yetirdiyi qüvvələrin anti-Azərbaycan qüvvələrin içində yer aldığını biz bilirik. İndi nə edək, Azərbaycanın dövlət maraqlarını İlqar Məmmədovun ambisiyalarına qurban verək? Mən birmənalı olaraq heç kəsin həbsxanaya düşməsini istəmirəm. Ancaq kimsə də gərək özü də həbsə düşməyə çalışmasın.

- Ancaq İlqar Məmmədov siz dediyiniz ittihamla əlaqədar həbs olunmayıb, o və Tofiq Yaqublu İsmayıllı hadisələrinə görə azadlıqdan məhrum edilib...

Axı fakt faktlığındadır ki, Leyla Yunus Azərbaycan dövlətinə xəyanət edib, o, Ermənistan üçün işləyib...”


- Əslində İlqar Məmmədovla Tofiq Yaqublu özlərinin fəaliyyətinə görə fərqli mövqeyə malikdirlər. Tofiq Yaqublu Müsavat Partiyasının başqan müavini və jurnalist kimi İsmayıllıda oldu. Orda qızışdırıcı mövqedə dayanıb, hansısa formada proseslərə müdaxilə edib. Ancaq İlqar Məmmədov özü həmin proseslərdən yararlanaraq İsmayıllı hadisələrinin miqyasının genişlənməsi üçün cəhdlər göstərib. Mən bilirəm ki, İlqar Məmmədov ona gedərdi. 

- Ancaq onlar hadisədən bir gün sonra İsmayıllıya getmişdilər...

- Ola bilsin ki, Tofiq Yaqublu orda İlqar Məmmədovun avantürasının çərçivəsinə daxil olub və o avantüraya görə Tofiq Yaqublu da bu cəzanı çəkmək zorunda qalıb.

- Parlament seçkiləri ilində, Avropa Oyunları ərəfəsində, həmçinin dialoq atmosferinin yarandığı bir zamanda nə təklif edərdiniz?

- Mən bu fikirdəyəm ki, ölkə prezidenti hər zaman özünün hər birimizdən daha humanist olduğunu ortalığa qoyub. Mən onu tanıyan bir insan kimi də tam səmimiyyətlə deyirəm ki, prezidentimiz İlham Əliyev son dərəcə humanist, xeyirxah bir insandır. Ancaq bununla bərabər o, hədsiz dərəcədə dövlətçidir, dövlət mövqeyini, dövlətin maraqlarını doğma adamına da güzəştə gedən deyil. Ona görə mən belə fikirləşirəm ki, ölkə prezidenti, təbii ki, bununla bağlı özünün konkret addımlarını atacaq. Sadəcə olaraq xarici təşkilatlar, ayrı-ayrı insanlar, qüvvələr prezidentin o addımı atmasına nə qədər mane olurlar.

Sizin yanaşmanız tamam fərqlidir. İndi götürün “Azadlıq” qəzetinin, AXCP-nin yanaşmasınıE Bunu edəndən sonra onlar başlayacaqlar özlərinin şeypurlarını çalmağa ki, biz belə etdik, belə oldu, filan oldu. Hadisələrinin gedişini özlərinin xeyrinə izah etməyə çalışacaqlar və s. Tofiq Yaqublunu da, ayrı-ayrı jurnalist, hüquq müdafiəçilərini də bağışlamaq, cəzasını yüngülləşdirmək olar. Ancaq səlahiyyət cənab prezidentdədir.

Bizim xahiş və ya təklifimiz onların həbsdən çıxarılması üçün hər hansı bir rol oynaya bilməz. Həm də imkan yaratmaq lazımdır ki, prezident xeyirxah, humanist əməllərini reallaşdıra bilsin. Bir çox hallarda buna mane olurlar. 

- Hakim komanda daxilində də prezidentə mane olanlar varmı? Necə bilirsiniz, komandada iqtidar-müxalifət münasibətlərinin normal olmasını istəməyənlər varmı?  

- Komandada söz sahibi cənab prezidentdir. Onun iradəsinin üstündə heç bir iradə ola bilməz. Bunu mən tam səmimiyyətlə deyirəm. Ola bilsin ona təqdim olunmuş bu və ya digər  materiallarda subyektivizm, müəyyən şişirtmələr olur. Lakin mən bildiyim qədər heç kimin buna cəsarəti çata bilməz. Kimsə cəsarət tapsa da, cənab prezidentin özü buna bənzər məsələlərə çox həssaslıqla yanaşır. Bir faktı sizə demək istəyirəm: Milli Məclisdə gedən hətta yarım saatlıq bütün müzakirələrdən də cənab prezidentin özünün birbaşa xəbəri var. Cənab prezident özü ölkədəki bütün qəzetləri şəxsən oxuyur, ona arayışlar verilmir. O, saytlarla, eyni zamanda televiziya verilişləri və mətbuatla şəxsən tanış olur. Ölkədə gedən bütün proseslərin fövqündə və proseslərin içərisindədir. Ona görə də ola bilsin 4-5 il bundan əvvəl siz dediyiniz müəyyən məqamlar ola bilərdi. Lakin indi bütün bunların hamısı tam istisnadır. Sadəcə olaraq, ölkədə və ölkə xaricində anti-Azərbaycan koalisiyası ölkə prezidentinin humanist, xeyirxah addımlarının reallaşmasına ciddi şəkildə mane olmaqdadır...

Elşad PAŞASOY
FOTO: “YM”






Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR