İnsanlara hürriyət, millətlərə istiqlal!

”İnsanlardan və fələkdən o qədər zərbələr almışam ki” - Rafiq Əliyevlə müsahibə

3135 08.02.2016 18:50 Müsahibə A A
İki gündən sonra dünya elminin qeyri-səlis məntiq nəzəriyyəsi sahəsində nadir mütəxəssislərdən olan professor Rafiq Əliyevin 74 yaşı tamam olur. 1942-ci ilin 10 fevralında Ağdamda anadan olan, hazırda dünyanın bir çox ölkələrinin məhşur universitetlərində mühazirələr oxuyan Rafiq Əliyev həm də Lütfi Zadə irsinin varisidir. 

Süni intellekt, qərarqəbuletmə nəzəriyyəsi, dayanıqlılıq nəzəriyyəsi, yeni hesab sistemi və s. məsələlərə aid ali səviyyəli elmi işlər görmüş alim Moderator.az saytının əməkdaşları ilə söhbətdə yeni yaş təəssüratlarını paylaşıb:

-İnsan hansı yaşından sonra daha bir yaş yaşlandığına sevinir, hansı yaşından sonra isə daha bir yaş yaşlandığından qüssələnir? Bu qüssələnmək sizdə hansı yaşdan sonra olub?

-Hər bir yaşın öz gözəlliyi var. Yaşların ruhunu rənglərə görə ayırsaq gənclik al-əlvandı, cavanlıq bənövşəyidir, cavanlıqdan o tərəfə nisbətən yaşlandıqda yaşıl rəng gəlir. Ondan o tərəfə keçəndə isə sarı rəngdi. Bir müdriklik yaşı çatır ki, insan o yaşda mütləq bir şeyi anlayır. O da nədir? - Real dünyada bir mütləq olan şey var - ölüm. Cismani ölümü nəzərdə tuturam. Müəyyən yaşdan sonra, necə ki, üfüqdə horizontun axırı görünür, bir o qədər də insanda bu ölümün  fərqinəvarma prosesi başlayır. Onda da adam ömürdən keçən illəri saymağa başlayır. Görən bir ilmi keçdi, iki ilmi keçdi və s. Amma bu saymalar müəyyən mövqeyə, həddə çatana qədərdi. O cığırı ki, aşdın, ondan sonra yaşın bir fərqi olmur...

- Məşhur bir mahnıda sözlər var - “ötən günlərimi qaytaraydılar, gələn günlərimdən qurban verəydim” deyilir Burada səmimiyyət yoxdur. Əgər desəydi ki, “ötən günlərimi qaytaraydılar, gələn günlərimin hamısını qurban vərərdim”, burada səmimiyyət olardı. Çünki o, gələn günlərinin hamısını ötən günlər üçün qurban verməyə hazırdı. Bəs Rafiq müəllim də, ötən günlərə qayıtmaq üçün gələn günlərinin hamısını qurban verərdimi?
 
- Qətiyyən! Bayaq da sizə dedim. Elə beləcə də qeyd edərsiniz: mənim üzüm-gözüm bütün gömbəgöydü. Hamısı da fələyin və insanların vurduğu zərbələrə görədir. Mən həyatda o qədər zərbələr almışam ki! Ona görə də keçmişə qayıdıb yenidən o zərbələrlə rastlanmaq istəməzdim. O şeir xatirinə yazılmış bir sözdü. Orada emosiya var. Mən isə ağıldan, məntiqdən çıxış edərək bunu deyirəm.

- Rafiq müəllimdə fələyin vurduğu  zərbələrin izi  daha çox qalıb, yoxsa insanların zərbələrinin izləri?

- Fələyin zərbəsi!

- Amma düşüncəmizdə “fələk” deyəndə Allah nəzərdə tutulur. Allahın zərbəsi o qədərmi acımasız olub?

- Mən “fələy”i Allahla sinonim tutmuram. Allahın ədaləti var. O bir şeyi verəndə o birini vermir. İstəməzdim ki, keçmişimdə fələyin vurduğu zərbələr olsun. Amma indiki Rafiq Əliyev də olmaq istəməzdim.

- Milyonlar Rafiq Əliyev olmaq istəyir. Siz niyə indiki Rafiq Əliyev olmaq istəməzdiniz?

- Çünki indiki Rafiq Əliyev olmağın qarşılığında fələyin amansız zərbələri ilə qarşılaşmışam. Heç istəməzdim ki, o zərbələrlə qarşılaşım. İnsanların bütün zərbələrinə dözərdim. Çünki onlarla  mübarizə apara bilirdim. Amma fələyin zərbəsi çox ağırdı.

- Bəlkə onun özü də bir xoşbəxtlikdi? Bəxtiyar Vahabzadə deyirdi ki, dərd çəkməyən adamdan adamlıq gözləməyin...

-... Şübhəsiz. Adamı insan edən onun dərdidir.  Dərs insanı katarsisdən keçirir. Yəni, fələyin və insanların keçdiyi əziyyətlərdən keçib durulmursa insan heç zaman şəxsiyyət ola bilməz. Bunu həmişə demişəm. Amma balans deyilən anlayış da  var. Məndə hansılar-dərdlər və sevinclər, üstünlük təşkil edib, onu deyə bilmərəm. Amma istəməzdim ki, fələkdən aldığım bəzi zərbələr olsun və mən onların olmamasından ötrü qazandıqlarımın əldə etdiklərimin əksəriyyətini verməyə hazır idim. 

- Siz də Bəxtiyar Vahabzadə kimi dərd üçün ölürsünüzmü?

- Dərd üçün ölmürəm. Amma dərdlə yaşayıram. Jurnalist dostlardan biri müsahibələrin birində cümlə kimi bunu qabartmışdılar: “içimdə özüm boyda dərd gəzdirirəm”. Həyatda heç kim dərdi istəməz. Amma o da Tanrının verdiyidir. Tanrı hər bir insanı balansda yaradır. Birini verir, birini vermir. Şəxsiyyət olmaq da belədir. Birinə istedad verildikdə onun qarşılığında nə isə alınır. Ona görə də mən Tanrının aldıqlarına, fələyin və insanların zərbələrinə çox real baxıram.

- Allahın Sizdən aldıqları çoxdu, yoxsa verdikləri?

- Bu çox çətin sualdı. Amma bir söz deyəcəm, bunu yüzdən-yüz qəbul edəsiniz: Mən heç hiss etmirəm ki, Allah mənə nəsə çox şey verib. Nə etmişik ki? Oturmuşuq, kitab yazmışıq, nəsə etməyə çalışmışıq, kiməsə əl tutmuşuq. Məncə bu hamının borcudur. Amma aldıqlarına gəldikdə isə bu çox çətin sualdı...

- O gün xanəndələrin biri ilə söhbətdə dedi ki, mən öz içimdəki fəlsəfəni oxuyuram. Mənə də elə gəlir ki, Siz də öz içinizdəki fəlsəfəni yaşayırsınız. O Sizin həyat tərzinizdi. Həmin fəlsəfə, mahiyyət nədən ibarətdi?

- Mənim üçün fəlsəfə Allahın verdiyi qanunlar sistemidi. Mən o sistemlərlə yaşayıram. Daha doğrusu, o qanunlarla yaşamaq istəyirəm. Ayrı bir fəlsəfəm yoxdu. Həmişə istəmişəm ki, imanım, dinim ən yüksək səviyyədə olsun.  İman faktoru mənə  görə çox önəmlidir. Deyə bilmərəm ki, mənim üçün bundan başqa  hansısa fəlsəfə var. Amma düşüncə tərzim fərqlidir-qeyri-səlis məntiq düşüncə sistemidir. Mənim üçün ağ-qara yoxdu. Bütün söhbətlərimizdə də demişik. Mənim üçün bir rəng çalarından o birinə keçidlər var. Sıfır və bir aralığında düşünmək var. Fəlsəfəmdə hansısa dəyişiklik ancaq burada ola bilər. Başqa mənada isə yalnız Tanrının qaydalar sistemi ilə yaşamağa çalışıram. 

- Manat urvatdan düşdü, onu qaldırmaq üçün konsepsiya hazırlanır. Bizdə “ziyalı”sözü də urvatdan düşüb. Onu urvata mindirmək üçün nə etmək lazımdı? Devalvasiyaya uğrayan “ziyalı” sözünün dəyərini qaldırmaq üçün hansısa konsepsiya keçərlidirmi?
 
- Düşünürəm ki, bu məsələdə heç bir konsepsiya hazırlamaq olmaz. O ziyalı idisə, aşınmaya, urvatdan düşməyə uğramamlı idi. O ziyalı deyilmiş ki, uğrayıb. Deyirsiz ki, hansı konsepsiya iləsə qaldırmaq olarnı? Bu  mümkün deyil. Bu yalnız ölüyə süni nəfəs verməyə oxşayar. Mahiyyətində ziyalılıq olmayan adam necə doğulubsa elə də ölür. Bunun üçün hər hansı konsepsiya yaramaz. Məşhur alim Kopitsanın bir yazısını oxuyurdum. Rusiya barədə müraciət edirdi. Ölməmişdən bir az qabaq müraciət edib demişdi ki, siz bu ölkəni debillər ölkəsinə aparırsınız. Ona müxtəlif təzyiqlər oldu. Amma əqidəsi dəyişmədi. Ziyalı olaraq da qaldı. Biz də yenidən tədbir görək ki, kimlərsə ziyalılığa qayıtsın, bu qeyri-mümkün şey olar...

- Azərbaycanda ziyalılığın etalonuna abidə qoyulsa postamentin üzərinə kimin heykəlini ucaltmaq olar?

- Mən konkret ad çəkməzdim. Amma ziyalılığın meyarlarını özündə əks etdirən bir yazım var ki, orada bu kimi məsələlərə toxunmuşam. İstəsəniz müsahibəyə həmin yazını əlavə edə bilərsiniz. Amma onu qeyd edim ki, ilk növbədə Üzeyir bəyin heykəli qoyulmalıdır. Sonra Mirzə Cəlilin, Sabirin, Xudu Məmmədovun, Ramiz Rövşənin və nöqtələr...

- O nöqtələrin içində olan ziyalılar bizim üçün nə dərəcədə önəmlidirlər?

- (gülür). Təbii ki, o nöqtələrin də içində ziyalılar var və onlar da müəyyən dərəcədə önəmlidirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR