İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfsanə səfir Steynar Gil danışdı: “Dostlarıma görə narahatam...”

5860 27.06.2015 01:41 Müsahibə A A






Norveçin Azərbaycandakı keçmiş səfiri (2002-2006) 72 yaşlı Steinar Gilin yeri ictimai-siyasi fəallar, jurnalistlər üçün özəldir. Adı hallanan söhbətlərin hamısında onun Azərbaycanda demokratiyanın inkişafı üçün zamanında verdiyi töhfələr də yada düşür, hallanır. Hazırda isə elə həmin ictimai-siyasi çevrə onu daha çox sosial şəbəkədə paylaşdığı fotolarda, statuslarda təqib edir. Siyasətdən uzaq, səyahətlərdə, balıq ovunda, nəvələrinin əhatəsində qayğısız bir norveçli həyatı... 

İki ay öncə verdiyi son müsahibə ilə səs-küy doğuran keçmiş səfirlə bu dəfə musavat.com əməkdaşı aktual mövzulardan danışdı.  Oxucularımıza xatırladaq ki, cənab Gil hazırda təqaüdçüdür. 2011-ci il yanvarın 31-də diplomatik fəaliyyətinə son qoyaraq, Vilnüsdə Norveç səfirliyi vəzifəsindən təqaüdə çıxıb. 

- Cənab Gil, öncə ənənəvi sualdan başlayaq: Azərbaycandakı durumu necə qiymətləndirirsiz? 

- Azərbaycanda avtoritar rejim hökm sürür. Bu rejim insanların elementar demokratik və insan haqlarına riayət etmir. 

- Necə düşünürsüz, gedişinizdən sonra Azərbaycanda nə dəyişib? 

- Mənim 2006-cı ildə gedişimdən sonra Azərbaycanda situasiya pisləşib. İndi ölkədə daha çox siyasi məhbus, azad sözə və vətəndaş cəmiyətinə qarşı daha ciddi repressiyalar var. Seçkilər isə əvvəlki kimi yenə də azad və ədalətli deyil. Hakimiyyət AŞPA və digər beynəlxalq qurumlar tərəfindən səsləndirilən tənqidi ciddi qəbul etmir,  bu yaxınlarda isə ATƏT-in bürosunu bağlayıblar. 

- Sizin Azərbaycan müxalifəti, hakimiyyəti ilə bağlı verdiyiniz son müsahibə ölkədə ciddi ajiotaj yaratdı. Məsələn, deputat Fəzail Ağamalı deyib ki, siz və Norveç səfirliyi zamanında müxalifətin hakimiyyətə gəlməsi üçün çalışmısız və bunun üçün ciddi vəsait xərcləmisiz. 


“Arif Məmmədovla kontaktdayam”



- Norveç səfirliyinin Azərbaycan müxalifətini hakimiyyətə gəlməsi üçün maliyyələşdirməsi ilə bağlı ittihamlar əsassızdır. Bu, sadəcə doğru deyil. 

- Müxalifətdən söz düşmüşkən, sizin Azərbaycan müxalifəti barədə fikirlərinizi bilmək istərdim. 

- Azərbaycan müxalifəti siyasi fəaliyyət üçün normal şərtlərdən məhrum olunub. Bütün bunlara baxmayaraq, ölkədə demokratiya və öz siyasi görüşləri uğrunda mübarizə aparan insanlara böyük hörmətim var. 

- Yəqin məlumatınız var, son müsahibənizdə səsləndirdiyiniz “Azərbaycan müxalifəti də, iqtidarı da dəyişməlidir” sözləriniz uzun müddət cəmiyyətdə müzakirə olundu... 

- Yanlış tərcümə və ya yanlış anlaşılma baş vermişdi. Mən deməmişdim ki, müxalifət liderləri getməlidir. Amma onlara daha çox gənc insanın qoşulacağına ümidimi ifadə etmişdim. 

- Necə düşünürsüz, qarşıdan gələn seçkilərdə müxalifətin şansı nə qədərdir? 

- Azad və ədalətli seçkilərdə müxalifətin şansını yüksək qiymətləndirirəm. Amma indi seçkilərin azad və ədalətli keçiriləcəyinə inanmağıma əsas yoxdur. 

Arxiv fotosu

- Sosial şəbəkədəki dostlarınız görür ki, tez-tez balıq tutmağa, istirahətə, səyahətlərə çıxırsız. Azərbaycanda keçirdiyiniz günlərdən, aktiv həyatınızdan ötrü darıxmırsınız? 

- Tez-tez Azərbaycanda keçirdiyim günləri və azərbaycanlı dostlarımı xatırlayıram. Azərbaycandakı prosesləri izləyirəm. Hərdən darıxıram. Amma hər şeyin öz vaxtı var. Həyatın bu dönəmi keçib və indi mənim başqa həyatım var. 

– Zamanında Azərbaycanda dostluq etdiyiniz şəxslərin bir qismi ya türmədədir, ya da türmə həyatı yaşayıb, sonra azadlığa çıxıb. Onlarla əlaqə saxlayırsızmı, maraqlanırsızmı? 

- Hazırda türmədə yatan dostlarıma görə çox narahatam. Tanıdığım bir çox azərbaycanlılarla isə hələ də əlaqə saxlayıram. 

- Necə düşünürsüz, demokratik ölkələrin səfirlikləri, bulunduqları  ölkədə demokatiyanın inkişafına necə kömək etməlidir? Məsələn, sizin zamanınzda Norveç səfirliyi bu məsələdə çox aktiv idi. Hazırkı səfirlər, onların dediyimiz məsələlərdə aktivliyi barədə nə düşünürsüz? 

- Mən heç vaxt digər ölkələrin səfirləri barədə fikir bildirmirəm. 



“Hərdən Azərbaycan üçün darıxıram. Amma hər şeyin öz vaxtı var, həyatın bu dönəmi keçib...”



- Yəqin xəbəriniz var, RATİ sədri Emin Hüseynov İsveçrə səfirliyinin yardımı ilə Azərbaycanı tərk edə bildi. Hüseynovla bağlı baş verənləri necə qiymətləndirirsiz? 

- Mən Emin Hüseynovun ölkəni tərk etməsi ilə bağlı təfərrüatlar barədə bilgili deyləm. Amma onu şəxsən tanıyıram və çox şadam ki, o, indi azadlıqdadır. 

- “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyyə Hüseynova da sizinlə eyni şəhərdə - Oslodadır. Onu görə bilirsizmi, durumundan məlumatınız varmı? 

- Mən 2006-2011-ci illərdə Litvada səfir olmuşam. O illərdə zaman-zaman onunla telefonla danışırdım. Norveçə qayıdışımdan sonra isə onunla görüşməmişəm. 

- Cənab Gil, Norveçdə siyasi mühacirlərin sayı digər Avropa ölkələri ilə müqayisədə azlıq təşkil edir. Necə düşünürsüz, bu, nəylə bağlıdır? 

- Mən Azərbaycandan olan siyasi mühacirlərin Norveç və digər ölkələrdəki statistikası ilə bağlı dəqiq məlumata malik deyiləm. Amma Azərbaycanı tərk etmək məcburiyyətində qalmış və hazırda Norveçdə yaşayan bir çox ləyaqətli azərbaycanlı ilə şəxsən tanışam. 

- Qısa müddət bundan öncə səfir Arif Məmmədovun Norveçdən yardım istədiyi  ilə bağlı məlumat yayıldı. Daha doğrusu, siz facebook profilinizdə onun sizə göndərdiyi qısa məktubu paylaşdınız. Həmin məktubda isə bildirilirdi ki, diplomat iyunun 29-dan iyulun 10-dək Norveçdə olacaq. O, sizinlə görüşmək, eyni zamanda Avropa mediasının dəstəyini istəyirdi. Amma daha sonra Arif Məmmədov bu statusunuz barədə “Fake. Onun statusu da, cavab da fake-dir” deyə cavab verdi. 

- Arif Məmmədov yəqin ki, mənfi təcrübəyə malikdir. Ona görə də “güvən, amma yoxla” prinsipi ilə bu açıqlamanı verib. Hazırda isə heç bir anlaşılmazlıq yoxdur. Mən Arif Məmmədovla kontaktdayam. 

- Barənizdəki məlumatlardan biri odur ki, Azərbaycan barədə mühazirələrlə çıxış edirsiz. Maraqlıdır, harada belə mühazirələrə tələbat var? Və mühazirələrinizdə nədən danışırsız, onun əsas tonu nədən ibarət olur? 

-Mən heç bir yerdə müntəzəm mühazirə ilə çıxış etmirəm. Hərdən müxtəlif qurumlar məndən Azərbaycan barədə məruzələrlə çıxış etməyi xahiş edirlər. Həmin vaxt isə çalışıram ki, obyektiv və gerçəkçi olum və Azərbaycanda baş verənlərlə bağlı düzgün izahat verim. Ton isə hər zaman Azərbaycan xalqına qarşı hörmət olub, bu xalq azad, ədalətli cəmiyyətdə yaşamağa layiqdir. 

Sevinc TELMANQIZI 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR