İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu gün Ermənistan cəmiyyətində Rusiyaya nifrət daha çoxdur, nəinki Azərbaycanda...”

9191 30.04.2016 07:35 Müsahibə A A
“Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu başa çatmaqda olan aprel ayında Qarabağ cəbhəsində baş verənlər, bununla əlaqədar diplomatiya və informasiya müharibəsində müşahidə olunan proseslər barədə “Yeni Müsavat”ın suallarını cavablandırıb. Müsahibəsində tanınmış politoloq maraqlı açıqlamalar və təhlillərlə çıxış edib. Ərəstun Oruclu ilə müsahibənin birinci hissəsini təqdim edirik.

- Ərəstun bəy, aprel ayının əsas mövzusu təmas xəttində olan hərbi əməliyyatlardır. Proses davam edir. Amma biz məsələni bir az başqa aspektdən dəyərləndirmək, sizin fikrinizi almaq istəyirik. Aprel ayı boyunca baş verən hadisələr 22 illik status-kvonu dəyişdi deyə bilərikmi?

- Mövzu həqiqətən də aktualdır. Aprelin əvvəlində başlayan proseslər dayanmayıb, davam edir. Sualınıza birbaşa cavab verməzdən əvvəl, nə baş verdi sualını cavablandırsaq, mənə elə gəlir ki, sonda gəlib sizin ünvanladığınız sualın cavabına çıxacağıq. Uzun müddət belə bir fikir formalaşmışdı ki, artıq Azərbaycan faktiki olaraq barışıb mövcud vəziyyətlə, artıq Azərbaycan hakimiyyətini və xalqını maraqlandıran başqa məsələlərdir, Azərbaycanın həm Rusiya ilə, həm Qərblə müəyyən bir anlaşılmış siyasəti var və bu sabit durum hər kəsi qane edir, belə də davam edəcək. Əslində biz dəfələrlə bildirmişdik ki, bu, belə gedə bilməz. Bunun da çox sadə bir izahı var. 2008-ci ildən bu yana faktiki olaraq 20 il ərzində mövcud olmuş Qərb-Rusiya əməkdaşlığı formatı pozuldu. Bu, Gürcüstana başladı...

- Bölgəyə münasibətdə olan əməkdaşlıqdan söhbət gedir?

- Tək bölgəyə yox, ümumiyyətlə bu, bir çox məsələlərə dair qlobal əməkdaşlıq idi. Azərbaycana da həmin dövrdə balanslaşdırılmış xarici siyasət aparmaq imkanı bu səbəbdən verilmişdi. Çünki qarşıdurma olmayanda bir növü maraqlar təmin olunmuş olur. Amma 2008-ci ildəki Gürcüstan ətrafındakı qarşıdurma, bunun ardınca ABŞ-dakı administrasiya dəyişikliyi, ABŞ xarici siyasətinin əsaslı şəkildə dəyişməsi, sonra Ukrayna prosesi, daha sonra Suriya prosesi başladı. Səbəblərdən biri də Rusiyanın yeni bir ittifaq modeli qoymasından irəli gəlirdi. Əvvəllər postsovet respublikalarını yaxın xaric adlandırırdılar. Bu da təsadüfi deyildi və o demək idi ki, yaxın xaric Rusiyanın təsir dairəsidir. Amma indiki mərhələdə artıq bu pozulub. Məsələn, deyək ki, Zbiqnev Bjezinskinin “Böyük şahmat lövhəsi” kitabını diqqətlə oxusaq, görərik ki, orada həddən artıq çox Ukraynanın önəmi vurğulanır. Əsas proses də məhz Ukraynadan başladı. Ukraynadan ona görə başlamadı ki, Qərb orada bir dəyişiklik eləmək istədi və sairə. Ukraynada elə bir uğursuz hakimiyyət mövcud idi ki, həmin hakimiyyət bütün resursları öz əlində cəmləmək istəyi ilə bütün oliqarxiyanı özünə qarşı qaldırdı. Kənar müdaxilələr də burdan başladı və proses gəldi bugünkü mərhələyə çatdı. Qafqazlara gəldikdə isə, bura Ukrayna qədər olmasa da Rusiya üçün həyati əhəmiyyət kəsb eləyən bir bölgədir. Ona görə ki, Qafqaz yaxın Şərqə çıxışdır, qlobal məkana çıxışdır, Rusiya üçün böyük bir dəhlizdir. Burada həmin o iki dəhlizin kəsişməsi, toqquşması baş verir. Diqqət edirsinizsə, bünövrədən o “İpək yolu” dediyimiz xətt hər yerdə Rusiyadan kənar keçir. Məhz buna görə də həmin o xətt üzrə də gərginləşmə getdi...

Təsadüfi deyildi ki, Qarabağda - Azərbaycanın işğal olunmuş ərazilərində başlanan hərbi əməliyyat Azərbaycanın və Ermənistanın dövlət başçılarının ABŞ-da Nüvə təhlükəsizliyi sammitində olduğu vaxtda baş verdi”



- Aprel olayları prosesini də qlobal analizin axarındamı dəyərləndirmək istəyirsiniz?

- Bəli. Birmənalı olaraq...

- Qərblə Rusiyanın münasibətlərindəki 2008-ci ildən başlayan qırıqlığınmı nəticəsi olaraq baş verib Qarabağda aprel olayları? Onda belə çıxır ki, proseslər Azərbaycanın xeyrinə gedib.

- Birmənalı olaraq Azərbaycanın xeyrinə gedib...

- Rusiya və Qərb koordinasiyası olsaydı, belə çıxır ki, status-kvonun dəyişmə şansı yox idi?

- Bəli. Status-kvo dəyişməyəcəkdi. 22 il status-kvonun davam eləməsi məhz Qərblə Rusiya arasında anlaşma olmasından irəli gəlirdi. Amma artıq o prinsipial məsələlər gündəmə gəldiyindən, maraqların toqquşması baş verdiyindən şübhəsiz ki, bizim üçün də burada yeni fəaliyyət məkanı açıldı. Təsadüfi deyildi ki, Qarabağda-Azərbaycanın işğal olunmuş ərazilərində başlanan hərbi əməliyyat Azərbaycanın və Ermənistanın dövlət başçılarının ABŞ-da Nüvə təhlükəsizliyi sammitində olduğu vaxtda baş verdi...



- Nə idi bunun anlamı? Bu bir təsadüf yoxsa, müəyyən mesaj idi?

- Burada heç bir təsadüf yox idi. Sadəcə olaraq, Rusiya indiyəcən birmənalı şəkildə göstərirdi ki, postsovet məkanındakı bütün ölkələr onun nəzarətindədir, bütün tənzimləyici mexanizmlər onun əlindədir və Rusiyasız bu münaqişələri çözmək mümkün deyil. Amma indi göründü ki, bu, heç də belə deyilmiş...

- Bunun görünməsini istədilər, yoxsa bu, belə deyildi?

- Bu, belə deyildi. Çoxdan belə deyildi...

- Amma Rusiya çox böyük iddialı oyunçudur. Görün neçə cəbhədə vuruşur. Krım cəbhəsində Avropa ilə, Suriya cəbhəsində ABŞ-la...

- Təbii böyük iddialı oyunçudur. Amma Suriya cəbhəsində artıq vuruşmur. Suriya cəbhəsi Rusiyaya Ukraynadan diqqəti yayındırmaq üçün lazım idi...

- Nail oldumu?

- Müəyyən qədər nail oldu. Bilirsiniz ki, Ukraynada proses faktiki olaraq səngiyib. Prezident Putin elan elədi ki, Suriyada məqsədə nail oldular. Amma bilmirəm nəyə nail olduqlarından söhbət gedir. Bu gün danışıqlar prosesi də heç Rusiyanın nəzarəti altında aparılmır. Bir günün içərisində atəşkəs elan olunması və iki gün sonra qoşunların oradan çıxarılması ciddi bir pərdəarxası təpkinin nəticəsi idi...




“22 il status-kvonun davam eləməsi məhz Qərblə Rusiya arasında anlaşma olmasından irəli gəlirdi”


- Təpkinin tərəfi kimdir?

- Vaşinqton.

- Vaşinqton bu partiyanı udmuş sayılırmı, yoxsa burada qalib olan həm Rusiya, həm ABŞ-dır, məğlub olan Suriya xalqıdırmı?

- Suriya xalqı 50 ildir Əsəd rejimi iş başına gələndən məğlubdur. Bunun fəsadı gec-tez olmalı idi. Hələ Hafiz Əsədin dönəmində də ciddi bir qarşıdurma olub və 30 minə yaxın ordu tərəfindən güllələnib. Mütləq azlığın mütləq çoxluq üzərində hakimiyyəti hər zaman fəsadlara gətirir. Suriya prosesi əslində bir planlaşdırılmış proses deyildi. Bu, daxili bir dinamika idi. Sadəcə xarici qüvvələr bir il gözlədilər, baxdılar ki, insanlar geri çəkilmir, güllə qarşısına gedir, kənar müdaxilələr onda başladı. Bu Suriya xalqının indiyədək yaşadığı faciələrdən daha böyük faciəyə çevrildi. Amma indi sülh prosesi gedir və Rusiya sülh prosesində demək olar ki, yoxdur. Mən istisna eləmirəm ki, yaxın ayların birində Əsəd rejimi, Əsəd ailəsi oradan çıxarılacaq.

- Hara gedəcək?

- Yəqin ki, Rusiyaya. Amma bir neçə il keçəcək və Haaqa Hərbi Tribunalı Suriya ilə bağlı tribunal təşkil edəcək və Rusiyanın qarşısına şərt qoyulacaq ki, həmin o hərbi cinayətkarlar təhvil verilsin.

- Bu zaman Rusiya təhvil verəcəkmi? Rusiya bu cür adamları ilə necə rəftar edir?

- Rusiya çox rahat şəkildə təhvil verir. Adamlarını müəyyən mərhələdə xərcləyir.

- Amma Rusiya Ermənistanı xərcləmir. Sanki Qarabağda son toqquşmalar Rusiyanın əlinə bir rıçaq verdi. Azərbaycanla Ermənistan arasında son bir aydakı gərginlikdə Rusiyanın davranışlarını təhlil eləsək nə görünür?


- Postsovet məkanındakı münaqişə ocaqlarının hamısı bilavasitə Rusiya tərəfindən yaradılıb. Rusiya öz geosiyasi təsir imkanlarını qoruyub saxlamaq üçün bu münaqişə ocaqlarından istifadə edir. Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycana deyil, həm də Ermənistana təsir vasitəsidir. Sadəlövhcəsinə düşünmək lazım deyil ki, Ermənistanda Rusiyaya sevgi var. Mən deyərdim ki, bu gün Ermənistan cəmiyyətində Rusiyaya nifrət daha çoxdur, nəinki Azərbaycan cəmiyyətində...

- Rusiyadan nə gözləyirdilər ki, ala bilmədilər?

- Ermənilər belə düşünürdülər ki, Ermənistan öz suverenliyinin indiyədək xeyli hissəsindən imtina eləməsinin qarşılığında Rusiya Dağlıq Qarabağ münaqişəsi məsələsində birmənalı şəkildə Ermənistanın tərəfində olacaq, Ermənistanı açıq müdafiə edəcək.

- Apreldəki mənzərə necə oldu? Əslində biz Rusiyaya biz qəzəblənməliyik. Çünki Rusiya KİV-ləri Azərbaycanı şərlədi, dezinformasiya yaydı və sair. Pərdə arxasında Ermənistanda nə baş verdi ki, Ermənistan birdən-birə Rusiyaya münasibətdə dönüş yapdı?

- Birincisi, ona görə ki, belə oldu ki, Ermənistanın cəmiyyət olaraq gözləntiləri özünü doğrultmadı. Onlar daha çox şey umurdular Rusiyadan. Onlar düşünürdülər ki, Rusiya Azərbaycana müasir silahlar satmamalı idi. Onlar düşünürdülər ki, Rusiyaya verdiklərinin müqabilində Rusiya hətta Azərbaycana qoşun da yeridə bilər. Ermənistanda bu cür gözləntilər bir az reallıqdan çox idi...

- Bəlkə, Ermənistanda məlumat var ki, Rusiya əməliyyatlarda Azərbaycan tərəfinə imkan, limit yaradıb?

- Yox. Mən bu cür düşünmürəm. Həmin o hərbi əməliyyatlar keçiriləndə yuxarıda xatırlatdım ki, dövlət başçıları ABŞ-da idi. İkincisi, yəqin siz də bunun dəfələrlə şahidi olmusunuz ki, adicə kiçik bir atəşkəs pozuntusu olanda dünyada nə qədər anti-Azərbaycan ritorikası işə düşürdü. Bu dəfə isə belə olmadı. Bu dəfə sanki ABŞ Konqresindəki ermənipərəst konqresmenlər heç yox imiş. Heç birinin də səsini çıxmadı. Heç bir Qərb mətbuatında bir kəlmə də olsun Azərbaycanın ünvanına fikirlər yazılmadı...

- Bu sizi təəccübləndirdimi?

Sergey Şoyqunun Bakıya səfəri gizlədildi, rəsmi olaraq üzə çıxmadı. Amma o, Bakıda səfərdə olub”


- Təəccübləndirmədi.

- Niyə? Nə məlumatınız var ki, təəccüblənmədiniz?

- Burada çox sadə bir şey var. Məsələn, İlham Əliyevlə ABŞ dövlət katibi Con Kerrinin Vaşinqtonda görüşü. Bu görüşdən sonra hər ikisi mətbuat qarşısına çıxdılar və Con Kerri dedi ki, Dağlıq Qarabağ münaqişəsi artıq dondurulmuş vəziyyətdə qala bilməz...

- Və qalmadı.

- Bəli. Münaqişə dondurulmuş vəziyyətdən çıxdı. Ayrı nəyi deyim sizə? Digər bir məqamı xatırladım. İlham Əliyevin Vaşinqtonda Nüvə Sammitində çıxışı demək olar ki, başdan-ayağa Qarabağ münaqişəsinə həsr olunmuşdu...

- Düzmü eləmişdi?

- Hesab edirəm ki, düz eləmişdi. Dağlıq Qarabağ məsələsi Azərbaycan üçün həyati məsələdir. Bir sıra beynəlxalq dairələrdə belə bir fikir yaranmışdı və yaradılmışdı ki, Dağlıq Qarabağ məsələsi guya azərbaycanlılar üçün, Azərbaycan dövləti üçün artıq prioritet deyil. Aprel əməliyyatının ən ciddi uğuru bu stereotipin dağıdılması oldu.



- Apreldə baş verən silahlı toqquşmalar 22 illik status-kvonu dəyişdimi?

- Birmənalı olaraq dəyişdi.

- Bu, sizin düşüncənizə görə uğurdurmu, yoxsa riskdirmi?

- Uğurdur. Təəssüf ki, insan itkilərimiz oldu...

- İtkilər var, amma risk daşıyırmı gələcək baxımından?

- Mən düşünürəm ki,  əksinə, bu əməliyyatlar bir neçə mifi dağıtdı. Hətta Rusiyanın özünü ciddi sayan bir sıra eksperti açıqlamalar verirdilər ki, Dağlıq Qarabağın özünümüdafiə qüvvələri az qala dünyada ən nizami silahlı qüvvələrdən biridir. Belə sərsəm ekspert rəyləri verilirdi, mif yaradılırdı. Bunun hamısı bir günün içində darmadağın oldu. Bütün Ermənistan cəmiyyəti qorxu içindədir. Biz gördük ki, Ermənistanda az qala siyasi konyuktura dəyişəcəkdi. Təsadüfi deyildi ki, Rusiya həmin o üç-dörd gündə var gücü ilə həmin əməliyyatı saxlamağa əl atdı. Neçə dəfə müdafiə naziri Azərbaycanın müdafiə nazirinə zəng etdi. Hətta Sergey Şoyqunun Bakıya səfəri gizlədildi, rəsmi olaraq üzə çıxmadı. Amma o, Bakıda səfərdə olub...

- Hərbi əməliyyatlar olan dövrdə?

- Bəli.

- O ranqda adamın gəlib-getməsi gizli qala bilərdimi?

- Görünür gizli saxlamaq lazım olub ki, saxlanılıb. Amma bizdə olan məlumata görə Şoyqu Bakıda səfərdə olub. Arxasınca xarici işlər naziri Lavrovun, sonra baş nazir Medvedevin səfəri. Biz burada bir şeyi də gördük ki, Rusiyanın özünün bir vahid siyasəti yoxdur. Mən bunu həmişə demişəm ki, Rusiya hakimiyyətində müxtəlif qruplar var. Diqqət yetirin, Medvedev Bakıda dedi ki, status-kvonun qorunub saxlanmasında maraqlıdır. Lavrov isə dedi ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avropa İqtisadi Birliyinə üz olmasını gözləyir...



- Amma bunu çox nəzakətlə dedilər...

- Üzdə nəzakətlə deyilib. Düşünürəm ki, görüşlərdə daha başqa şərtlər də qoyulub. Özü də xeyli şərtlər olub. Azərbaycana qarşı 6-7 ağır şərt irəli sürülüb və rədd cavabı alınıb. Bu rədd cavabı aldığından da diqqət yetirin Lavrovun İrəvan səfərindən dərhal sonra ermənilər fəallaşdılar. Deməli, Ermənistanın işğalçı qoşunlarından Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Rusiya çalışır vəziyyəti nəzarətə qaytarsın. Ancaq artıq vəziyyət nəzarətdən çıxıb. Hətta artıq Ermənistan nəzarətdən çıxır.

- Bu regional oyunda Qərb Azərbaycanı dərəcəsindən asılı olmayaraq dəstəkləyirmi?

- Mən düşünürəm ki, dəstəkləndi və dəstəkləyir.

- Amma onlar bəyanat verirlər ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini görmürlər, hərbi yolu dəstəkləmirlər.


“İlham Əliyevlə görüşdən sonra Con Kerri dedi ki, Dağlıq Qarabağ münaqişəsi artıq dondurulmuş vəziyyətdə qala bilməz və qalmadı”


- Bu, əslində Qərbin ənənəvi yanaşmasıdır. İstənilən münaqişədə bu cür bəyanatlar verilir. Bu, şablon bəyanatdır. Amma digər tərəfdən tutalım ki, biz bilirik Azərbaycana İsrail tərəfindən ciddi hərbi və texniki dəstək olub.

- İsrailin çıxarı nədir, yalnız puldurmu?

- Mən belə düşünmürəm. İsrail üçün Azərbaycanın bir tərəfdaş kimi konseptual əhəmiyyəti var.

- İsrail üçün Azərbaycanın hansı əhəmiyyəti var?

- ...

(Davamı gələn sayımızda)

Hazırladı: Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR