İnsanlara hürriyət, millətlərə istiqlal!

"Boşbaş Pictures"in komanda üzvü: "Məni qəbirə qoyub, üstümü torpaqladılar" - FOTOLAR

7022 18.01.2017 19:25 Müsahibə A A
“Bozbaş Pictures” komandasının üzvləri ilə ofislərində bir araya gəldik. 6 nəfərdən ibarət yumoristlərdən Azər Baxşəliyev müsahibəyə qatılmasa da, digər qrup üzvləri İlkin Həsəni, İlkin Misgərli, Nicat Rəhimov, Ramil Babayev və Elşən Orucov musavat.com saytının suallarına cavab verdi: 

- Mart ayında yeni filminiz "Stalinin başı”nı təqdim edəcəksiniz. Tamaşaçıları necə bir film gözləyir?

İlkin Həsəni: Artıq mart ayında yeni film təqdim etməyi adət halına salmışıq. "Axırıncı yol" filmi Azərbaycanda bu günə qədər olan filmlərin rekordunu qırdı. “Stalinin başı”nı çəkərkən bütün tənqidləri nəzərə alıb, daha keyfiyyətli iş ərsəyə gətirdik. Bir çox məkanlarda, hava limanında, metroda, həbsxanada çəkilişlər etdik. 40 dərəcə istidə dayanmadan çalışdıq. İnanırıq ki, tamaşaçılar da filmi bəyənəcək.

- Bir çox çətinlikdən keçdiyinizi, maraqlı iş ərsəyə gətirdiyinizi dediniz. Tənqidlərə necə hazırsınızmı?

Ramil Babayev: "Stalinin başı" qat-qat çətin oldu. Çünki bizim 3-cü işimizdir. İlk işimiz "Ay brilliant"ı çəkərkən səhvlərə yol vermişdik. Amma artıq daha diqqətli olmağa çalışırıq. Bizim üçün tamaşaçının fikri vacibdir. Kimsə bizi tənqid edəndə sərt reaksiya verməkdənsə, özümüzü düzəldirik. Tamaşaçı üçün işləyirik, biz... "Stalinin başı" filmində də çalışdıq ki, tamaşaçılar bizə irad bildirməsin. Çox çətin film oldu. Həddən artıq çox məkanlarda çəkiliş etdik. Bunların hamısı əziyyətdir. İlkin Misgərlini yayın ortasında sementləmişdik. 1 saat hərəkətsiz qalıb ki, sement qurusun, o kadrı çəkək. Elşən Orucov yerin altına girmişdi. Nicatı təkərin içində dağdan tullamışıq. Yəni risklər etmişik ki, maraqlı film alınsın. 
 
Elşən Orucov: Bu il 30-a yaxın film nümayiş olunacaq. Öz filmimizə rəqib görmürəm. Sözlərimi heç kim yanlış anlamasın. Çox əziyyət çəkdik və keyfiyyətli iş ərsəyə gətirdik.


İlkin Həsəni: "Boşbaş Pictures"in seriyalarını izləməyən şəxslərin filmlərimizi anlamaması normaldır. Çünki onlara Şəmi, Şöşü qəribə gələ bilər. Düşünərlər ki, bunlar kimdir, görəsən? İllərlə bizə baxan tamaşaçı gəlib, bizim böyük işimizi görəndə sevinir. Biz hər zaman sağlam, təhqirsiz tənqidlərə açığıq. Tənqidlərdən nəticə çıxara bilirik. 

- İlkin Misgərli, Ramil bəy dedi ki, sizi filmdə betonlayıblar. Təəssüratlarınızı bilmək istərdik... 

İlkin Misgərli: Çox çətin idi, sözlə ifadə edə bilmirəm. Bəlkə, danışsam, kənardan asan görünər, gərək görəsən. Gürcüstanda yayın istisində betonla örtülü olmaq heç də asan deyil. Biri betonun üstə oturanda, deyirlər ki, oturma, soyuqlayarsan. Həmin beton mənim bütün bədənimi örtmüşdü. Saat yarım tərpənmədən dayanmışam. Uşaqlar çöplü şirəni güclə içirdiblər. Uşaqlar mənə qarşı çox diqqətli davrandılar. Elə olmasaydı, razılaşmazdım. Çətin olsa da, öhdəsindən gəldik. Hamımızın çətin səhnələri var. Bir səhnədə isə məni qəbir qazıb, içinə qoyublar, üstümü torpaqlayıblar. Təsəvvür edin ki, hər iki tərəfimdə qəbir vardı. Ölüb, ölümdən qayıtmağın nə olduğunu gördüm. 

- Belə başa düşürəm ki, çətin səhnələri sizə verirlər? 

İlkin Misgərli: Bizim “Axırıncı yol” filmimizdə də çətin səhnələr vardı. Elşənlə maşının içində olanda avtomobil bölünür. Çox ağır səhnə idi. Dəmir bizi kəsə bilərdi, amma risk etdik. Hətta çənəm də dəydi. O kadr təbii idi, ssenaridən çıxartmadıq.


- Çətin səhnələr olanda tərəddüd etmirsiniz?

İlkin Misgərli: Bəhrəsini görəndə əziyyəti unuduruq. Düzdür, desələr, özünü 9-cu mərtəbədən at, atmaram.

Nicat Rəhimov: Biz 6 aktyorun hamısının çətin səhnələri olur. Elşən bir səhnədə ayaqyalın tikanlıqda qaçır. Kənardan düşünürük ki, bu, yazıq öldü ki... Çünki hansısa səhnə alınmayanda təkrar-təkrar çəkirik. 

- Bəzi tamaşaçılar elə bilir ki, həyatda da obrazlarınız kimisiz. Bu, sizi narahat etmir?  

Nicat Rəhimov: Tamaşaçılar bəzən elə bilir ki, biz həyatda da roldakı kimi olmalıyıq. Biz aktyoruq, efirdə obrazdayıq. Bəzən yolda məni görüb “Şirin, Şirin” qışqırıblar, xoşum gəlməyib. Həyatda hər şeyin yeri var. Aktyor kiminsə həyatını canlandırır. Tamaşaçı sevdiyi sənətçiyə daha mədəni şəkildə yanaşmalıdır. Biri gəlib deyəndə ki, olar sizlə şəkil çəkdirək? Bizə xoş olur. Amma kimsə ələ salanda bu insanı əsəbləşdirir. 

İlkin Həsəni: Bəzi insanlar daha mədəni və səmimi şəkildə münasibətini göstərə bilmir. Rayonlara gedəndə olub ki, biri “Ayə Şəmi, xoş gəlmisən” deyib. Amma elə tərzdə deyib ki, bizə xoş olmayıb. Aktyora sevgini göstərməyin gözəl yolları var. Biz sevgiyə, xoş münasibətə açığıq. Azərbaycanda tanınmaq və sevilmək çətindir. 


- Düşünürəm ki, tanınmaq asandır, amma sevilmək çətindir... 

İlkin Həsəni: Haqlısınız, həm tanınmaq, həm də sevilmək çətindir. 

Nicat Rəhimov: Biz insanları gözəl tanıyırıq. Uzaqdan artıq bilirik ki, yaxınlaşanda necə davranmaq lazımdır. Loru dildə deyəcəyəm, elə adam var ki, üzünə gülsən, başına çıxacaq. Mən onlara mədəniyyətsiz kimi baxıram. 

- "Ay brilliant" vulqar ifadələr yer aldığı üçün tənqid olunmuşdu. İkinci filminiz "Axırıncı yol"da tənqilərdən nəticə çıxardaraq, bu cür ifadələrə yer ayırmamışdınız. "Stalinin başı" filmində nələrə diqqət etmisiniz?  

İlkin Misgərli: Üçüncü filmdə tamamilə yığışdırmışıq.

İlkin Həsəni: Bizim filmlərimiz nümayiş olunmamışdan öncə Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsi tərəfindən izlənilir və hansı yaş kateqoriyasına aid olduğu müəyyənləşdirilir. Filmlərimizi 12 yaşdan yuxarı hər kəs izləyə bilər. Son illərdə o qədər 16+ və 18+ filmlər haqda eşitmişik ki, kinonun yarısından tamaşaçılar gedib. Tamaşaçımız türk filmlərindəki söyüşlərə gülə bilər, amma bizim filmlərdə vulqar sözlər yerində işlədilmədiyi üçün qəbul olunmur. "Stalinin başı" filmində isə ümumiyyətə, vulqar ifadələri yığışdırmışdıq. 

- Sizcə tamaşaçı ən çox kimin obrazına daha çox güləcək? 

Hər kəs bir-birinə baxır. Sözə Ramil Babayev başlayır: Gülüşlər hamıda var. Amma mənə görə ən çox Nicatla İlkin Misgərliyə güləcəklər. 


Elşən Orucov: Məncə, bu filmdə hamımızın yeri ayrıdır və çox gülməlidir. Biz bu sahədə olduğumuz üçün bəzən çox şeylərə gülmürük. Amma "Stalinin başı"na baxıb, özümüz-özümüzə gülürük. 

Ramil Babayev: 93 məkanda çəkiliş etmişik, amma film 90 dəqiqədir. Bir dəqiqədən bir məkan dəyişir. Birimiz qəbirə girmişik, birimiz betonlanmışıq, birimiz hündürlükdən tullanmışıq, o birimiz az qalsın qəzaya düşmüşük. Görün burada nə qədər əziyyət var. Hər şey gülməli və maraqlı iş ərsəyə gətirmək üçündür. 

- Bəzən aktyor çox əziyyət çəksə də, ortaya keyfyyətli iş gətirə bilmir, ya da ərsəyə gətirilən  iş tamaşaçını razı salmır. Bu zaman səsləndirilən tənqidlər əziyyət çəkəni qıcıqlandırır...

Ramil Babayev: Əziyyət çəkilən iş bəhrəsini verir. Heç vaxt ola bilməz ki, insan tər töksün, amma işi keyfiyyətsiz alınsın. İlk öncə gördüyün işi sevməlisən. Ona barmaq arası baxdınsa, uğur əldə edə bilməyəcəksən. Biz çalışırıq ki, gülüş olsun. 

İlkin Həsəni: 90 dəqiqəlik film üçün 3 ay ssenari yazılır, 2 ay hazırlıq görülür, 40 gün çəkiliş davam edir. 3-4 ay da montaj, rənglənmə, səs işləri görülür. 90 dəqiqəlik film bizim bütün ilimizi alır. Bizim sahədə çalışan yaxın adamlar var ki, nə kino, nə televiziya sahəsində uğur qazanıb, amma tənqid edir. Bu cür hal insana təsir edir, amma adi tamaşaçının bəyənməməyi, irad bildirməyi normaldır. Qəbul edirik.


- Belə deyək də, 3 filminiz də "Bozbaş Pictures"in çörəyini yeyir. "Oğlan evi" filminin ikinci hissəsində daha ağır gülüş seçildi. Birincini hamı anlaya bilirdi, lakin ikincidə İQ səviyyəsi yüksək olanlar üçün nəzərdə tutulub. İkinci əvvəlki kimi bəyənilmədi. Sizdə isə gülüş səhnələri daha sadədir...

İlkin Həsəni: Sizcə, ağır yumorun, yoxsa bizim filmlərin tamaşaçısı çoxdur? 

- Ağır yumorun tamaşaçısı daha azdır...

İlkin Həsəni: Biz çoxluğa işləyirik. "Oğlan evi" filminin komandasının istifadə etdiyi yumor tam başqadır. Səmimi deyəcəyəm, bizim filmləri izləyən tamaşaçının çoxu o filmdəki gülüşü anlamayacaq. 

- Belə başa düşdük ki, sizin çoxluğa işləməyiniz məcburiyyətdəndir...

Elşən Orucov: Biz də demək istədiyimiz fikirləri mətnaltı deyirik. Filmi ancaq gülüş üçün çəkmirik. Diqqət etsəniz, bir çox məsələlərə toxunuruq. Düşündürərək yox, güldürərək başa salırıq. Bizim canlandırdığımız obrazlar həyatda var, yaşayır. İnsanlar ətrafındakı insanı bizim vasitəmizlə gördüyü üçün gülürlər. 


- Cəmiyyət içərisində çox olursunuz. Elə insanlarla rastlaşırsınz  ki, onun obrazını komandanıza qatmağı düşünürsünüz? 

İlkin Həsəni: Əlbəttə, elə insanlarla rastlaşırıq. Amma düşünürük ki, komandamız 6 nəfərdən ibarətdir. Komandamıza 1-2 nəfər əlavə etsək, maraqsız olar. 

Nəhayət, Nicat Rəhimov telefondan ayrılıb, söhbətə qoşulur: Məhəlləmizdə bir oğlan vardı, yaratdığım Şirin obrazının tam eynisi idi. Onun kimi böyük-böyük danışırdı, sonra döyülürdü. Mən həmişə onu izləyirdim. Şirin obrazını ondan götürmüşəm. 

Elşən Orucov: Bizim komandaya daxil olmaq üçün istedad kifayət deyil. Azərbaycanda istedadlı insanlar  çoxdur. Bizim komandaya qoşulan birinin daxili keyfiyyətləri yüksək olmalıdır. İlkin Misgərli ilə  universitetdə bir oxumuşuq. Onu kollektivə daxil edəndə aramızda çox müzakirələr oldu. Çünki Azərlə Ramil onu tanımırdı. Hamı İlkinin bizə uyğun olduğuna əmin olduqdan sonra kollektivə daxil etdik. 


- Günü-gündən yerli filmlərin sayı artır. Sizdən öncə təqdim olunan filmin zəif olmasının sizə faydası və zərəri nələrdir? 

İlkin Həsəni: Müasir Azərbaycan kinosuna ilk dəfə baxan izləyici zəif filmi izləyəndən sonra növbəti filmdən imtina edir. Kinoteatrdan çıxanda deyir ki, bizimkilərin çəkdiyi nə olacaq? Sonra nümayişə başlayan kefiyyətli filmi izləmir, Azərbaycan filmindən küsür. Hər bir filmin treyleri onun pasportudur, öncədən filmdən xəbər verir. Ən gözəl reklam şəhər mərkəzinə, avtobuslara afişa yapışdırmaq deyil, kinoteatrdan çıxan tamaşaçının dilindən çıxan sözdür. Çünki o 5 nəfərə məsləhət görür, o 5 nəfər başqa 5 nəfərə tərifləyir. Beləliklə filmin reklamı olur, biletlər satılır. 3 ildir ki, kommersiya filmləri çəkilir. Zamanla bütün filmlər ələkdən keçəcək. 2-3 ildən sonra meydanda ancaq güclü komandalar qalacaq. 

Elşən Orucov: Tez-tez eşidirik ki, filan imkanlı şəxs bizim filmimizə və ya hansısa dostumuzun filminə baxıb, çox bəyənib. Amma onlar niyə yerli filmlərə dəstək olmurlar? Sizin vasitənizlə imkanlı şəxslərə müraciət etmək istəyirik. Əllərində olan minlərlə şirkət var, onların məhsulunu çox gözəl reklam edə bilərik. Əvvəllər inamsızlıq var idi, indi o inamı qazanmışıq. Bilsəm ki, filmləri izləmirlər, heç bu müraciəti etmərəm. Bütün dünyada incəsənət sahəsinin inkişafı üçün reklam şərtləri ilə şirkətlər sponsorluq edir, dəstək olurlar.

- Reklam demişkən, bəzi filmlərdə reklam çox qabarıq şəkildə təqdim olunur, bu da tamaşaçını qıcıqlandırır. "Oğlan evi 2" filmində isə gizli reklam vardı və insanı yormurdu...


Elşən Orucov: Sponsor deyir ki, sən salam verəndə də, sağ ol deyəndə də mənim məhsulumu çək. Onu başa sala bilmirsən ki, səni 1 yerdə çəkə bilərəm. Sponsor olmaq istəyənlər reklam sahəsini başa düşmür. Filmi çəkən insan işini görə bilmək üçün məcbur qalıb razılaşır. Reklam sahəsində boşluqlar var. Bəzən sponsora gözəl ssenari təklif edirik, amma o başa düşmür. Deyir ki, məni anti-reklam etmək istəyirsən? Bu baxımdan çox əziyyət çəkirik. 

İlkin Həsəni: "Oğlan evi" filminin komandası reklamı çox gözəl təqdim edir. Onlar sponsorları inandıra biliblər ki, arxa fonda adınız yazılsa, kifayətdir. Amma bizə gələn sponsorlar, deyir aktyor yeməkdirsə, yesin, geyimdirsə, geyinsin. 

- Nə zamana kimi “Bozbaş Pictures” laihəsi ilə davam edəcəksiniz? Ola bilər ki, tamaşaçı bir müddət sonra doysun... 

İlkin Həsəni: Biz demirik ki, ömrümüzün sonuna kimi bu layihə ilə davam edəcəyik. Nə zaman görsək ki, super işlərimiz də tamaşaçı tərəfindən qəbul olunmur, o zaman başqa layihə düşünəcəyik. Mən nə mühəndisəm, nə də həkiməm. Biz yaradıcılıqla məşğuluq, daim yenilənməliyik. Kinoteatrlarımızda artıq bizə yol açıb. Öz işlərimizi orada təqdim edirik. Televiziyaya baxmayan, internetə maraq göstərməyən tamaşaçılar kinoteatra gəlib, film izləyir. Bu, bizim üçün şansdır. Əlində 10-15 min olan şəxsin keyfiyyətsiz ekran işi çəkib, kinoteatrda nümayiş etdirməsi isə, həm özünə, həm bizə ziyandır. Artıq kinoteatrlar da özü seçim edir. 

Elşən Orucov: Biz gözəl işlər ərsəyə gətirmək istəyirik. Tək problemimiz maliyyədir. Biz demirik, ki, bizə ev, maşın versinlər. 


İlkin Həsəni onun sözünü kəsir: Niyə? Ev versələr, yaxşı olar (Komanda üzvləri gülüşür).

Elşən Orucov: Hə, ev versinlər, hamımız oraya yığışaq. Bizə dəstək olsunlar, qarşılığını verək. Yoxsa bu sahə 20-25 il də batıb, qalacaq.

- İşbirliyi ilə yanaşı, dostluq münasibətləriniz də var. Çəkiliş zamanı yaranan anlaşılmazlıqları, mübahisələri necə yoluna qoyursunuz?

İlkin Həsəni: Çəkiliş meydançasında yaşananları gündəlik həyatımıza daşımırıq. Ofisə gələndə hamısını unuduruq. Rejissorla mənim sözüm çəp gəlib. Elə vaxt olub ki, rejissor deyib ki, çıxıb gedirəm. Aktyorlarla mübahisələr olub. Aktyor oynayır, biz kənardan görürük ki, daha yaxşı oynaya bilər, etiraz edirik, əsəbləşir. Aramızda münaqişələr çox olub. Nəticənin keyfiyyətli olması üçün vacibdir. 

- Komandanın ən kaprizlisi və ən yola gedəni kimdir?

Hamı bir birinə baxaraq gülür. İlkin Misgərli: İkisindən hansısa mənəm, amma hansı olduğunu bilmirəm. 

İlkin Həsəni: Kaprizli və rahat Azərdir. Bu gün də gəlməməyindən yəqin ki, hiss etdiniz. Yuxusuna  haram qatmır. Biz də narahat etmirik. 

Elşən Orucov: Ən yola gedən İlkin Misgərlidir. Beton məsələsindən bilməli idiniz.

- Bəs heç olub ki, hər hansı biriniz üçün nəzərdə tutulan kadr razılaşmadığı üçün o birinə verilsin? 


İlkin Misgərli: Ssenari əvvəlcədən yazılır, razılaşdırılır. Belə bir şey olmayıb. “Axırıncı yol”da Nicat Aybəniz obrazını oynayırdı. Çünki o obrazı onda görürdük. Məndə daha yaxşı alınsaydı, mən oynayacaqdım. 

Nicat Rəhimov: “Aybəniz” obrazını daha yaxşı oynayacağıma əmin idim. Həm də bilirdik, deyəcəklər ki, bunlar da arvad paltarı geyindi. Amma mən o obrazı elə canlandırdım ki, heç kim irad bildirmədi. Mən aktyoram, bütün obrazları canlandıraram. 

Müsahibəni bitirməyə hazırlaşırdıq ki, “Bozbaş Pictures”in ağsaqqalı Azər Baxşəliyev otağa daxil olur. Hər kəs gülə-gülə onu qarşılayır...

Nicat Rəhimov: Biz də səndən danışırdıq. Səncə, komandanın ən kaprizlisi kimdir?

Azər ətrafındakılara baxır və gözlərin ona zilləndiyini görüb, cavab verir: Mənəm? Ola bilər ki, mənəm (Gülür). 

- Azər bəy, sizin də “Stalinin başı” filmi haqda təəssüratlarınızı öyrənək...

Azər Baxşıyev: Yuxusuzluq, yorğunluq, ekstrim vəziyyətlər... 

- Hər kəs çətin və maraqlı səhnələr haqda danışdı. Sizin yadınızda nələr qalıb?  

Azər: Məni ortadan bölüblər (Gülür). Trosdan az qalmışdı ki, yıxılım. Qırılsaydı, ölərdim. Maraqlı hadisələr çox oldu. Amma yadımda qalanlar zəhmətli səhnələrdir. 

İlkin Həsəni: Azər 4 mərtəbəli binanın hündürlüyü boyda yerdən trosla aşağı gəlirdi. Həmin tros yerə 50 sm qalmış dayanmalı idi. Bir anlıq elə bilirsən ki, yerə dəyirsən. Amma hər ehtimala qarşı yerə matras sərmişdik. Mən də təhlükəli səhnə ilə üzləşmişəm. Sirkdən maşın götürmüşdük. O yük maşınını birinci dəfə idi ki, sürürdüm. Qusarda Laz kəndinin yolu var, təhlükəlidir. Maşını sürə bilmədiyim üçün uçuruma doğru getdik, maşının təkəri çuxura düşdü. Bir təhər xilas olduq. Əsas odur ki, gözəl iş ərsəyə gətirdik.

Könül İbrahim,
Musavat.com,
Fotolar: Məhəmməd Türkmən

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR