İnsanlara hürriyət, millətlərə istiqlal!

“BƏZİ MEYXANAÇILAR ÖZLƏRİNDƏN ÇOX RAZIDILAR”

3614 27.11.2008 08:48 Müsahibə A A

Azərbaycanın ən qədim folklor nümunələrindən sayılan meyxananın dəyərli və tanınmış təmsilçilərindən biri Vüqar Əbdülovu həmsöhbət seçməyimizdə məqsədimiz həm yuxarıda sadalananlara, həm də digər məqamlara aydınlıq gətirmək oldu. Əgər hər hansı məsələ ilə bağlı mübahisə varsa, istər-istəməz mütəxəssis fikrinə ehtiyac duyulur.
Amma öncə müsahibimizin şəxsi yaradıcılıq məsələlərindən danışdıq. Vüqar bəy bildirdi ki, müxtəlif mövzularda 65-dək meyxanası var, amma üzə çıxara bilmir. Ona görə də efirdə az-az görünür. Meyxanaçı şou-biznes əhlinin obrazını yaradan bir film də çəkmək istəyir.
Məşhur olmasına rəğmən ondan özü haqda qısa arayış verməsini xahiş etdik.
- 1974-cü ildə Maştağada müəllim ailəsində anadan olmuşam. Orta məktəbdə humanitar fənlərə meylim vardı, bu həvəs məni Mədəniyyət və İncəsənət Universitetinə apardı. Hazırda tanınmış aktyorlardan Rəfael, Coşğun, Azər Axşam, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli ilə bir qrupda oxumuşam. Sırf aktyorluq sənətinə meyllənsəm də, sonradan avtomobil qəzasına düşdüm, üzümü şüşə kəsdi. Əməliyyat olundum, amma uzun müddət üzümdə qüsurlar qaldı, indi nisbətən normallaşıb. Ona görə də aktyorluq etmək fikrindən daşınıb toylara üz tutdum.
Onu da deyim ki, bizim Maştağa toylarının sonunda ta qədimdən meyxana deyişməsi olur. Uşaqlıqdan həmişə içimdə meyxanaya bir maraq vardı. 1991-ci ildə Qorxmaz Əlilinin keçirdiyi meyxana yarışında mən də iştirak etdim. Altı qalibdən biri oldum. Mən Ağasəlim Çildağı, eləcə də digər meyxanaçıları çox dinləmişəm. Aktyorluqla bağlı bilgilərim mənə imkan verir ki, meyxanada müşahidə apara bilim, eyni zamanda ustad hesab olunan meyxanaçıların da nöqsanlarını görüm.

- Son vaxtlar meyxananın adını dəyişib bədiyyə qoymaq  barədə söz-söhbət gedir. Buna ehtiyac varmı?

- Bədiyyə sözü meyxanaya yad deyil; bədahətən söz qoşmaq kimi başa düşülür. Sadəcə olaraq, meyxananın adını bədiyyə qoymaq mahiyyətcə heç nəyi dəyişmir.

- ANS-də “De gəlsin” yarışmasında jüridə oturanlar özlərini meyxana ustası kimi təqdim edirlər. Bu dərəcəni meyxanaçılara kim verir?

- Nəinki meyxana ustası, özlərini meyxana məktəbinin yaradıcısı kimi təqdim edənlər də var. Əhmədli, Sumqayıt, Maştağa meyxana məktəbi kimi təqdimatların heç bir əsası yoxdur. Burada lovğalıq, təkəbbür kimi qeyri-əxlaqi cəhətlər özünə yer edir, guya onlar ustadılar. Sınaq müddətində iştirakçılar üstünlük qazanmaq üçün özlərini kiminsə tələbəsi kimi tanıdırdı. Mən də deyirdim ki, belə müəllim, usta tanımıram. Bu da narazılıq yaradırdı, həmin “usta” da mənim əleyhimə qalxırdı.

- “Sözüm var”da tələbəniz var?

- Özümü heç kəsin müəllimi hesab etmirəm. Qəribədir ki, biri gedib digərinin yanında iki dəfə çay içməklə onu özünə usta seçir. Məsələn, Mehman Əhmədlinin minlərlə belə tələbəsi var. Bilmirəm, bunlar hara toplaşırlar. Biri özünə usta deyib “tələbə”sinə maşın yudurdur, birinə benzin, digərinə kontur aldırır. Belə münasibət olmaz! Bəlkə də bu səbəbdən meyxanaçı tələbələrin sayı durmadan artır. Axı 100 nəfərin arasından olsa-olsa 2-3 istedadlı seçmək mümkündür. İştirakçılara tələbkarlıqla yanaşmaq lazımdır. Onlardan çoxu məndən gen gəzir, çünki onlara efir məsuliyyətini anlatmışam. Bir iştirakçıya Cəfər Cabbarlının satirik şeirlərindən ibarət kitabı verdim ki, oxuyub, öyrənsin. Amma hələ də bir cavab yoxdur.

- Meyxana yarışmalarında kobud və təhqiramiz ifadələr də yer alır.

- Bu, savadsızlıqdan, söz bazasının zəif olmasından irəli gəlir. Eləsi var ki, qafiyəni asanlıqla tapır, amma yerində işlədə bilmir. O gün bir iştirakçı deyir ki, “eşşək”, “xiyar”, “xoruz” sözlərini işlətmək qadağandır. Onu başa sala bilmədim ki, bu sözləri yerində işlətdikdə təhqir olmur. “Xoruz” sözünü az qala yığışdırmaq istəyirlər, çünki rusca qarşılığı eyib sayılır. Bu gün düşündürən deyim yoxdur. Satiranı, yumoru təlxəkliklə qarışdırmaq olmaz. Bəzi meyxanaçılar özlərindən o qədər razıdırlar ki, özlərinə şair, qəzəlxan, bəstəkar adı verirlər. Hazırcavablıq, vəziyyətdən çıxmaq heç də o demək deyil ki, sən meyxanaçısan. Mənim də bəstələrim olub, amma özümü bəstəkar saymıram. Yarışmada yaradıcılıqdan, istedaddan söhbət getmir, iştirakçıların diqqəti SMS toplamağa cəmlənir. Hacılardan tutmuş hətta evin sonbeşiyinə qədər hamının adı çəkilir ki, nədi-nədi SMS göndərilsin. Bu, dilənçilikdir. Ən pisi odur ki, SMS göndərən də əvvəlcə efirdə adının çəkilməsini istəyir. Deyişənlər də ancaq bir-birini gözdən salmaqla məşğuldur. Deyirlər Qaraçuxurlu Namiq deyişmədən qaçır; çünki ağzını açan kimi ona “sən Aygünün şotuna gedirsən qabaq”, deyirlər.

- Yeri gəlmişkən, meyxanada yenilik deyəndə Namiq Qaraçuxurlunun adı çəkilir.

- Namiq “Rəvayət”i ilə məşhurlaşdı, amma o deyim meyxana deyildi. Klipində “indeyski xallar” vardı, bu da kütləvi zövqə uyğun olduğu üçün yadda qaldı. Həmin ərəfədə Ədalət Şükürovla “Bağlıdır eşqin qapısı üzümüzə” duetini oxuyurdum. O vaxtlar meyxanaya böyük həvəs yarandığından bizim ifamız da maraqla qarşılandı. Camaatda qəribə bir xüsusiyyət var: biri məşhurlaşanda, onun pisini də yaxşı qəbul edirlər. Bu da ona bənzəyir ki, atalar demişkən “adını çıxart, dəyirmanda yat”.

- Sanki meyxana mövzudan qıtlıq çəkir.

- Elədir. Məhəbbət, rəvayət sırf Namiq Qaraçuxurlunun mövzusudur. Onun da təlqinçiləri çoxdur. Bölgələr, rəqslər, musiqi alətlərilə bağlı mənim yazdığım meyxanalar var, şükür ki, dinləyiciləri az deyil.

- İndi meyxanada bir duet ənənəsi də var. Siz hansı müğənni ilə duetə çıxardınız?

- Mən hansısa xanım müğənnini adına, gözəlliyinə, səsinə görə yox, mövzuma uyğun gəldiyinə görə tərəf-müqabili seçərdim. Röya ilə, Almaz Ələsgərli ilə duet oxumuşam. Aygün Bəylərlə oxuya bilərəm. Amma yenə də deyirəm, hər kəsin özünə uyğun mövzusu var. Bu yaxınlarda Mələkxanım Əyyubovanın ad günündə onunla “Mehriban olaq” oxuduq, çox yaxşı da alındı.

- Yarışmada bəzən ritm pozulur, amma münsiflər nədənsə bunu nöqsan tutmurlar.

- Meyxana ritmə görə nizamlanır, buna rədif deyilir. Məsələn, 14-15 hecalı qafiyələrdə bir bənd çox olanda biz bunu ritmlə ölçüyə salırıq. Meyxana deyən qaydalara riayət etməlidir. Rədifə düşmək olmur, tutaq ki, bu stəkanın içindəkindən danışmalısan, çölündən yox. Yəni bu qafiyəyə oxşar bir şey olur, amma məna yoxdur. İştirakçıların fikri qalır rəqəmlərin yanında. Mən özüm professional meyxanaçıyam, amma belə yarışmaya çıxmaram. Guya qafiyə papaqdan çıxır, vallah, papaqdan çıxmır. Qafiyələri  qabaqcadan bilib ona uyğun meyxana hazırlayırlar, bununla da bədahətlik pozulur, sənət kölgədə qalır. İştirakçılardan kimin “kruqu” böyükdürsə, o, da udur. Ona görə də mən qarışa bilmirəm. SMS hesabına istedadlı yox, irəli çıxan birincilik qazanır.

- “Sözüm var”da bir müddət görünmədiz.

- Yalnız bir verilişdə olmadım. Şəxsi işimlə bağlı idi.

- Sizə bu layihədə qonorar ödənir?

- Heç bir manat da ödənmir. Bu deyişmələr, yarışmalar elə bil meyxananı daha çox gözdən salmaq üçündür. O qədər məddahlar əmələ gəlib ki, adam bezir. İfalarda özünəməxsusluq yox, təlqinçilik var.

- Münsiflər heyətinin heç bir hüququ yoxdur?

- Yoxdur. Uduzan adamı müdafiə edəndə udan adamın yaxınlarının hücumuna məruz qalırsan. İştirakçıların hamısı gəlib deyir ki, ustadları salamlayıram. Müqavilə imzalayıblar ki, jüridən heç bir narazılığımız yoxdur. Amma gedəndə narazı qalırlar. Bəy dediyin nədir, bəyənmədiyin nə?! Bizi orada otuzdurublarsa, gərək fikrimizlə də hesablaşsınlar.

- Toylara gedirsiz?

- Əlbəttə, Allah toyları bol eləsin. Ayda 20-25 toyda oluram. 80 faizi də dost-tanış olur. Sağ olsunlar ki, qonorarımı da, hörmətimi də edirlər. Amma mən eyni cür olmaqdan bezmişəm. Bütün toylarımız, efirlərimiz eyni cürdü və darıxdırıcıdır.
Maşın tıxaclarına aid “Probka” mahnısını yazdım, bir-iki dəfə səslənəndən sonra efirdən yığışdırdılar ki, körpülər tikilir, “probka” aradan qalxır, bu mahnıya ehtiyac yoxdur. Axı mən ölkədə gedən quruculuğa, inkişafa kölgə salan bir söz demirəm. Tıxac ümumi bəladır. Körpülərin tikilməsi məgər tıxac problemini həll etdi?! 

- Təzə klip çəkdirmək fikriniz varmı?

- Var. Ancaq klipin nümayişi də baha başa gəlir. Bir klipimi bir dəfə göstərmək üçün məndən 500 manat istədilər. Özünüz hesablayın, əgər bir klipim 10 dəfə nümayiş olunarsa, nə qədər pul verməliyəm. Əksər verilişlər yalnız efirləri doldurmaq üçündür. Aygün Kazımovanın “Xeyir ola”sının nə mənası var? Bir adamı nə qədər qonaq çağırmaq olar? Yaxud “Toylar kralı” nədir, kimin başına tac qoymaq istəyirlər?!

- Eşitdiyimizə görə, təzə layihələriniz var.

- Layihələrim çoxdur, amma həyata keçirə bilmirəm. İstər ANS-də, istər ATV-dəki 16-lıq arasında istedadlı meyxanaçılar çoxdur. Mənim fikrim var ki, satirik meyxana teatrı yaradım. Qoy yumor deyişməçilərdə aparıcı olsun, nəinki söyüş və təhqir. Problemlərimizi incə yumorla deyək və həllinə çalışaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR