İnsanlara hürriyət, millətlərə istiqlal!

“Belə cahillik olmaz axı!

7572 18.08.2014 01:41 Müsahibə A A

AXP lideri, sabiq baş nazir Pənah Hüseyn müsavat.com-un gecə növbəsinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik. 


- Pənah bəy,  18 avqustda Leyla Yunusun hüquqlarının müdafiə komitəsinin toplantısının keçirəcəyi barədə məlumat yayılıb. Həmin tədbirə siz  dəvət olunmusunuzmu? Müdafiə komitəsinə üzv yazılacaqsınızmı?

- Mən də dünən - 17 avqustda,  axşama yaxın həmin məlumatı xəbər saytlarında gördüm. Sözün doğrusu xüsusi bir dəvət, ya xəbərdarlıq almamışam. Ancaq Leyla Yunus həbs edildikdən sonra onun öz ofisində bununla bağlı toplantı barədə də mətbuatda belə bir informasiya getmişdi və mən  həmin toplantıya da öz təşəbbüsümlə qatılmışdım. Məncə belə məsələlərdə xüsusi bir dəvət gözləmək də doğru deyil. Həmin gün Leyla Yunusun hüquqlarını müdafiəsi ilə bağlı xüsusi bir müdafiə komitəsinin yaradılması təşəbbüsü ilə çıxış edənlərdən biri də mən olmuşam və toplantının sonunda razılaşdırıldı ki, elə həmin tədbir Leyla Yunusun hüquqlarını müdafiə komitəsinin təsis yığıncağı  və tədbir iştirakçıları da müdafiə komitəsinin üzvləri hesab edilsin. Odur ki, mən artıq həmin komitənin üzvüyəm. O da razılaşdırıldı ki, o günə qədər Leyla Yunusun da daxil olduğu QHT işçi qrupu müdafiə komitəsinin işçi qrupu sayılsın və komitənin toplantısını gözləməyərək müdafiə istiqamətində praktik iş aparsın.  


“Leyla Yunusun hüquqlarını müdafiəsi ilə bağlı xüsusi bir müdafiə komitəsinin yaradılması təşəbbüsü ilə çıxış edənlərdən biri də mən olmuşam və toplantının sonunda razılaşdırıldı ki, elə həmin tədbir Leyla Yunusun hüquqlarını müdafiə komitəsinin təsis yığıncağı  və tədbir iştirakçıları da müdafiə komitəsinin üzvləri hesab edilsin. Odur ki, mən artıq həmin komitənin üzvüyəm"


Yəqin sabahkı tədbirdə komitənin sədri də seçildikdən sonra müdafiə işi daha da güclənəcək. Mətbuatdan məlumdur ki, Leyla Yunusun ailə üzvləri də Milli Şuranın sədri prof. Cəmil Həsənlidən xahiş ediblər ki, müdafiə komitəsinə sədrlik etsin və o da razılaşıb. Məncə Cəmil müəllim kimi nüfuzlu bir şəxsiyyətin bu işin başında durması komitənin işinin  gücləndirilməsi üçün  olduqca böyük rol oynaya bilər və əminəm ki, onun sədrliyi müdafiə olunacaq. Eyni zamanda, 18 avqustdakı tədbir barədə gedən informasiyada komitənin siyasi məhbusların müdafiə komitəsi kimi elan olunacağı bildirilir ki, məncə bu da doğrudur. Leyla Yunusdan sonra onun həyat yoldaşı Arif Yunus, tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərli, tanınmış hüquqşünas İntiqam Əliyev və digərləri həbs edilib ki, demokratik qüvvələr və beynəlxalq təşkilatlar artıq onları siyasi məhbus kimi tanıyıb. Yəni belə bir ümumi hüquq müdafiə komitəsinin yaradılması həqiqətən zəruridir. Bilirsiniz ki, Müsavat başqanı İsa Qəmbər də belə bir müdafiə komitəsi yaradılması təşəbbüsü ilə çıxış etmişdi.

- Pənah bəy bir qədər qəribə situasiya yaranır. İki gün əvvəl KXCP qərargahında son həbslərlə bağlı Birləşmiş Hüquq Müdafiə Mərkəzi yaradılmışdı və onun sədri də KXCP sədri Mirmahmud Mirəlioğlu seçilmişdi. Belə çıxmırmı ki, eyni işlə məşğul olmağa iki komitə və iki sədr iddia edir?

- Tamamilə düzgün olmayan  bir qavrayışdır. KXCP qərargahındakı tədbirdə elan edilən qurum - elə əvvəlcədən şərtləşək ki, bu qurum təşkilat, siyasi blok, siyasi format, siyasi koalisiya  deyildir – bir sahədə,  hüquq müdafiə sahəsində əməkdaşlıq üçün  siyasi partiyaların təsis etdiyi funksional birlikdir, bu gün konkret bir məsələ, ölkədə insan hüquq və azadlıqlar  ilə bağlı siyasi partiyaların bir növ dəyirmi masasıdır və ya dəyirmi masa tipli təsisatıdır. 

Siyasi partiyalar tərəfindən təsis olunmasına baxmayaraq, Mərkəz QHT, gənclik hərəkatı nümayəndələri, ümumiyyətlə vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı üçün açıqdır. Əlbəttə, olduqca müxtəlif baxışlara malik, gizlətmək lazım deyil ki, biri –birinə  münasibətdə  ziddiyyətlər, problemlər olan siyasi partiya liderlərinin bu istiqamətdə hara qədər əməkdaşlıq edə biləcəyi haqqında indiki məqamda proqnoz vermək asan deyil. Ümumiyyətlə prosesin konturları iştirakçılara da tam aydın deyil və bəzi məsələlər prosesin gedişində müəyyənləşəcək. Ancaq indidən həmin prosesin əhəmiyyətli olduğu aydın görünür. 

“Son repressiya və həbslər, müstəqil mətbuatın və QHT sektorunun faktiki olaraq  məhv edilməsi cəmiyyətdə keyfiyyətcə yeni ictimai- siyasi situasiya yaratmışdır...  İqtidarın demokratik qüvvələr qarşısında qoyduğu çağrılara adekvat cavab tapılmalıdır"


KXCP qərargahındakı birinci toplantıya dövlət qeydiyyatında olan 9 partiyanın sədri qatılmışdı. Bu son 3 ildə ilk belə hadisədir. Ayın 15- də keçirilən ikinci toplantıya isə  biri qeydiyyatda olmasa da, qurultay keçirmiş və strukturlara malik qurum kimi qəbul edilən partiya olmaqla, 14 siyasi partiya sədri qatılmışdı. Elə ilk toplantı məncə ciddi nəticə ilə yekunlaşdı. Siyasi partiyalar Leyla Yunus və Rəsul Cəfərovun hazırladıqları 98 nəfərlik siyasi məhbus siyahısını dəstəklədiklərini bəyan etdilər. 

Bununla da əslində vətəndaş sektorunda siyasi məhbus siyahısı ətrafında gedən diskussiyalara son verilmiş hesab etmək olar. İqtidarın bu siyahı ətrafında guya demokratik qüvvələr arasında fikir ayrılığı olması haqqında dediklərini heç kəs ciddiyə almaz. Şübhəsiz, siyasi partiyaları  son repressiyalar, həbslər bir araya gətirdi. Eyni zamanda, siyasi partiyaların fəallaşması, onların resurslarının, demokratik müqavimət üçün, o cümlədən həbs olunan, repressiyaya uğrayan şəxslər  naminə səfərbər olunması  siyasi məhbusların hüquqi müdafiəsi üçün olduqca zəruridir və açıq demək lazımdır ki, bunsuz  ciddi müdafiə mümkün deyildir. İndi deyəcəklərim mənim şəxsi fikirlərimdir. 

“İndi tutaq ki, Qüdrət Həsənquliyev və ya Fəzail Ağamalı gəlib vahid məhbus siyahısına imza atsalar, biz deməliyik ki, atmayın, siz müxalifət barədə rəyi qarışdırmaq istəyirsiniz? Belə cahillik olmaz axı!"


Son repressiya və həbslər, müstəqil mətbuatın və QHT sektorunun faktiki olaraq  məhv edilməsi cəmiyyətdə keyfiyyətcə yeni ictimai- siyasi situasiya yaratmışdır. Bu yeni situasiyanın öz reallıqları vardır. İqtidarın demokratik qüvvələr qarşısında qoyduğu çağrılara adekvat cavab tapılmalıdır. Bu adekvat cavab siyasi proseslərin əsas subyektləri və cəmiyyətin demokratik potensialının əsas resurslarını özündə  cəmləşdirən siyasi partiyaların  fəallaşmasından, o cümlədən repressiyalara qarşı və hüquq və azadlıqlar uğrunda mübarizənin ağırlığını öz üzərinə götürməsindən keçir.  Başa düşmək lazımdır ki, son yaranmış vəziyyətin əsas səbəblərindən biri siyasi partiyaların proseslərdən kənarda qalmasıdır və ya buna məcbur edilməsidir. Odur ki, bu məsələləri biri birinə qarşı qoymaq kökündən yanlışdır və zərərlidir, həm də bu gün həbsə alınmış siyasi məhbusların taleyi baxımından zərərlidir.

- Hər halda belə bir fakt ortadır ki, siyasi müxalifət, müxalif fikirli hüquq müdafiəçiləri hətta siyasi məhbus məsələsində, həbsə alınan şəxslərin müdafiəsi kimi məsələlərdə də bir araya gələ bilmirlər. Biri- birinə qarşı ittihamlarla çıxış edirlər. Konkret olaraq bir kəsim müxalif qrup iddia edir ki, bəziləri siyasi məhbus məsələsindən müxalifət sıralarına  girmək üçün istifadə etməyə səy göstərirlər və buna yol vermək olmaz, onları ifşa etmək lazımdır və s.

- Məncə bu deyişmə, dedi - qodu müvəqqətidir və ən yaxın zamanda keçəcək. Mən ziddiyyətləri dərinləşdirməmək üçün kəskin ifadələr işlətməkdən çəkinirəm. Hesab edək ki, bu siyasi təcrübəsizlikdən irəli gələn məsələdir. İndi tutaq ki, Qüdrət Həsənquliyev və ya Fəzail Ağamalı gəlib vahid məhbus siyahısına imza atsalar, biz deməliyik ki, atmayın, siz müxalifət barədə rəyi qarışdırmaq istəyirsiniz? Belə cahillik olmaz axı! Ümumiyyətlə isə bu cür spekulyasiyalara yol verməmək üçün biz KXCP- dəki tədbirdə  razılaşdıq ki, baxmayaraq ki, orda toplanan siyasi partiyaların demək olar ki, hamısı müxalifətdə olan və ya müxalifətdə olduğunu bildirən partiyalardır, müxalif siyasi partiyalar yox, siyasi partiyalar terminindən istifadə edək. Məsələn, İntiqam Əliyevin müdafiəsi ilə bağlı bəyanat, vahid siyasi məhbus siyahısının dəstəklənməsi bəyanatı siyasi partiyaların adından verilib.  

Sonda demək istəyirəm ki, son repressiyalar  və həbslər məqsədinə çata bilməz.  Azərbaycanı bəzilərinin hesab etdiyi, bəzilərinin ehtiyat etdiyi kimi Şimali Koreyaya çevirmək mümkün deyil və mümkün olmayacaqdır. Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının demokratik potensialı , demokratik müqavimət gücü buna yol verməyəcəkdir və cəmiyyətdə ən yaxın müddətdə əks meyllərin və tendensiyaların şahidi olacağıq. Əlbəttə ki, bunun üçün iş, Iş, iş, mübarizə, mübarizə və yenə də mübarizə lazımdır.

Musavat.com    

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR