İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı aviasiya professoru qəzaya görə türk təyyarəçilərini günahlandırdı

8218 18.01.2017 08:53 Müsahibə A A

Yanvarın 15-də Türkiyənin AST şirkətinə məxsus “Boeing 747" yük təyyarəsinin qəzaya uğraması ilə bağlı müəmmalar qalmaqdadır. Qırğızıstanın paytaxtı Bişkek yaxınlığındakı yaşayış massivinə düşməsi nəticəsində 37-si qəsəbə sakinləri olmaqla, ümumilikdə 42 nəfərin ölümünə səbəb olan dəhşətli qəza ilə bağlı Azərbaycanın aviasiya mütəxəssisi, 1-ci dərəcəli təyyarəçi, texniki elmlər doktoru, professor Ədalət Əliyevlə danışdıq. 

Baş verən hadisə ilə bağlı ”Yeni Müsavat"a fikirlərini bölüşən aviasiya mütəxəssisi təcrübəsində baş verən qəza enişi barədə də ilginc xatirələrini bölüşdü.

- Ədalət bəy, “Boeing 747" yük təyyarəsinin qəzasına sıx dumanın səbəb olduğu barədə ehtimallar var. Siz mütəxəssis olaraq baş verən qəzanın səbəbi barədə nə deyə bilərsiniz?

- Bu, çox nadir bir hadisədir. Çünki “Boinq-747" təyyarəsi çox güclü sistemlərlə təmin olunub. Beynəlxalq Mülki Aviasiya Təşkilatının eniş kateqoriyaları var: birinci, ikinci, üçüncü kateqoriya. Bu kateqoriyalar yerdən buluda qədər hündürlüyü və görünmə məsafəsini təyin edir. Məsələn, 1-ci kateqoriya yerdən buluda kimi 60 metrdir, görünmə məsafəsi 800 metrdir. 2-ci kateqoriya 60-dan 30-a qədərdir, görünmə məsafəsi 800-dən 400-ə qədərdir. 3-cü kateqoriya 400-dən aşağı məsafənin görünməsi və yerdən buluda kimi 30 metrdən də aşağı məsafənin olmasıdır. Hava limanının texniki avadanlıqla təchiz olunmasından asılı olaraq, bu kateqoriyalar əsasında uçuşlara icazə verilir və təyyarələr istismar olunur. Əgər hava limanı bu kateqoriyalara cavab vermirsə, görüntü məsafəsi və yerdən buluda qədər məsafədən asılı olaraq uçuş zolağına enmə ilə bağlı məhdudiyyətlər qoyulur. Yəni 1-ci, 2-ci, yoxsa 3-cü kateqoriya ilə enmə olsun.

Image result for Bişkek təyyarə

- Dispetçer qülləsindən verilən qərar haqqında nə demək olar? Burada yanlışlıq nə dərəcədə olub? Əlverişsiz hava şəraitində təyyarələr necə enir? Koordinatlar necə verilir? Dispetçer qülləsi hansı hallarda səhvə yol verir?

- Orada görünmə məsafəsi 320 metr imiş və hava duman imiş. Keçmiş təyyarəçi kimi, mən bilirəm ki, “Manas” aeroportuna yalnız 1-ci kateqoriya ilə enişə icazə verilir. Bunların 320 metrlik görüntü məsafəsi ilə yerə enməsi uçuş qanunlarına tamamilə zidd hərəkət olub. Qüllədən idarəetmə sistemində də ciddi qanun pozuntusu olub. Həmçinin heyətin özü ciddi qanun pozuntusuna yol verib. 

- Bu cür vəziyyətlərdə pilotların məsuliyyət payı nə qədər olur? Konkret halda pilotların alternativi var idimi? 

- Belə olan halda onlar gedib ehtiyat aerodroma enməliydilər. “Manas”a yaxın Almatı aeroportu var - 120 km-likdədir. Digər aeroportlara da enmək olardı. Bu, anlaşılmazdır ki, 320 metr məsafə görünən halda, onlar nə üçün ora enməyə cəhd göstəriblər? Elə hallar olur ki, təyyarəçi çıxılmaz vəziyyətdə qalır, endiyi hava limanında hava pisləşir, mövcud kateqoriyalardan aşağı olur və ehtiyat aerodromlar da bağlı olur. Yəni belə çıxılmaz vəziyyətdə enmək zərurətə çevrilir. Belə halda da təyyarənin yer və radionaviqasiya sistemləri hətta görünməyən bir şəraitdə sağ-salamat yerə enməyə imkan yaradır. Burada isə nə baş verdiyi çox müəmmalıdır. 

Image result for Bişkek təyyarə

- Əfqanıstan təcrübəsi olan bir general, digəri isə polkovnikdən ibarət olan pilot heyətinin bütün bunları bilməməsi, yanlışlığa yol verməsi də az inandırıcı görünür. Bu qəzada başqa amillər rol oynaya bilərmi? 

- Burada həm pilotun, həm də dispetçer heyətinin səhvi böyükdür. Amma yenə deyirəm, bunların hava şəraiti ilə əlaqədar qərar qəbul edib ora düşməsi müəmmalıdır, suallar doğurur. Hansı ki, Almatı aeroportuna enmək olardı. Özü də Almatı aeroportunda bütün kateqoriyalar üzrə uçuşu idarə edə bilirlər, gedib sağ-salamat ora düşə bilərdi. 120 km məsafə uzağı 10 dəqiqəlik yol idi. Amma pilot nədənsə “Manas” aeroportuna düşməyə cəhd göstərib. Anlaşılmaz vəziyyətdir, yeri görməyə-görməyə niyə oraya ensin? Ola bilər eniş naviqasiya sistemləri işləməsin. Lakin o halda da yerdən buluda qədər görünmə məsafəsi artırılmalıydı, görünmə məsafəsi ən azı 2 km olmalı idi ki, onun enməsinə icazə verilsin. Bu halda həm pilot enməyə qarantiya ala bilərdi, həm də hava idarəetmə sisteminin işçiləri də ona enməyə icazə verə bilərdi. Əks halda, 320-lik dumanlı havada pilotlar özləri qərar qəbul edib ehtiyat aeroporta uçmalıydılar. Yerdən də onların ora enməsi qəti qadağan edilməli idi. Bunların heç biri baş verməyib. 

- “Manas” dünyanın supergücünün istifadəsində olan ünvandırsa, deməli, oranın təsadüfi, naşı dispetçer, yaxud qurğularla idarə olunması mümkün deyil. Bu mənada hadisədə təxribat izi ola bilərmi? 

- Yox, mən inanmıram ki, təxribat olsun. Burada təxribat mümkün deyil. Deyirlər ki, pilota təzyiq oluna bilər. Gərək kabina görünə ki, ona təsir edəsən. Əks halda, pilota təsir mümkün deyil. Hansı bir təyyarəçidən soruşsanız, deyəcək ki, heç olmasa bir dəfə belə çətin vəziyyətə düşüb, ehtiyat aeroportu qapalı olub, eniş olan aeroportda da hava minimum enişə cavab vermir. Ancaq pilotun ustalığı, bacarığı, həm də yer sisteminin istifadəsi ilə göz gözü görmədiyi halda, gəlib sağ-salamat uçuş zolağına düşür, heç bir problem yaranmır. 

- Təyyarənin məhz yaşayış massivinə düşməsi əlavə şübhələr yaradır. Sanki pilot nöqtəli zərbə endirən kamikadze rolunu oynayıb...

Image result for Bişkek təyyarə

- Bəli, təyyarənin eniş istiqamətindən aralanıb qəsəbənin üzərinə düşməsi çox müəmmalıdır. Ancaq məncə, bu, sırf heyətin özünün səhvi, ona verilən səlahiyyəti yerinə yetirməməsinin nəticəsidir. Pilot tələbləri pozduğu üçün qəzaya uğrayıb. Yerdəki hava idarəetmə sisteminin, dispetçerin də günahı odur ki, onu əmr şəklində ehtiyat aeroporta istiqamətləndirməyib. Yəni nə pilot, nə də dispetçer öz səlahiyyətini tam yerinə yetirməyib. Belə hallarda hər bir qərar hər iki tərəfin təkidi ilə üst-üstə düşməlidir. Amma bu halda hər iki tərəfin qanunu pozmasının səbəbi nədir, mən bunu deyə bilmərəm. 

- “Boinq-747"nin yükgötürmə imkanları da genişdir. Ancaq qəza zamanı elə çox yükü də olmayıb.

- “Boinq-747" demək olar ki, dünyanın ən nəhəng təyyarəsidir, ondan böyük fransızların yenicə istismara verdiyi "A-380"dır. Bu təyyarə də təzə idi. Belə hadisənin baş verməsi anlaşılmazdır. Özü də onlar havada, enişdə, marşrutda idarəetmədə kosmik sistemlərə tam uyğun olan çox ciddi elektron sistemlərlə təchiz olunub. Bu sistemlə o dərəcədə güclüdür ki, onları dəqiq idarə etməyə imkan verir. Hətta 1 km də marşrutdan kənara çıxarsa, nəzarət etmək imkanı var. 

- Dispetçer məqsədli şəkildə yanlış koordinat verə bilərdimi?

- Mən buna inanmıram. Hətta ola bilər dispetçer səhv komanda versin. Amma heyətin özünün ixtiyarında olan texniki, elektron vasitələr yüz faiz imkan verir ki, təyyarənin uçuş istiqamətinə nəzarət etsin. Maksim 5-10 metr uçuş zolağından kənara düşə bilər. Bu halda da uzağı təyyarənin təkəri, ya qanadı dağılardı, amma heyət və təyyarə sağ qalardı. Ancaq burada istiqamət tamam pozulub və qəsəbənin üstünə düşüb ki, bu da tam anlaşılmazdır. Bildiyimə görə, hadisə səhər saat 07:30-da baş verib. Adətən o vaxt yuxunun şirin vaxtı olur. O da ola bilər təyyarə heyəti yorğun olub. Honqkonqdan uçurmuşlar, bu da çox uzaq məsafədir, 5-6 saat göydə olublar. Ümumiyyətlə, bu sahədə işləyən adamlar çox diqqətli, ələalınmaz olmalıdırlar. Yəni onların terrorçularla, digər qüvvələrlə heç bir əlaqələri olmamalıdır.

- Pilotların hansısa dairələr tərəfindən ələ alınması versiyası nə dərəcədə ciddi alına bilər?

- Əlbəttə, insan faktorudur. Necə ki, Türkiyədə son terroru törədən şəxsin İŞİD-lə əlaqəsi ortaya çıxdı, evindən də 200 minə yaxın dollar çıxdı. Yəni pulla ələ alınan insanlar belə antiinsani hərəkətlərə razılaşırlar. Bu mənada dövlətin təhlükəsizlik sistemi çox ciddi şəkildə qurulmalıdır ki, qabaqcadan belə hərəkətlər neytrallaşdırılsın.   

- Azərbaycanın aviasiya sistemində bu idarəçilik necə qurulub, hər hansı narahatlığa əsas varmı? 

- Mən özüm işlədiyim vaxtdan bu sahəyə çox ciddi fikir vermişik. Azərbaycanda yer idarəetmə sistemi və havada idarəetmə sistemi çox yüksək səviyyədə qurulub, çox yüksək səviyyədə idarə edilir və çox yüksək səviyyədə lazımi avadanlıqlarla, müasir işıq, radiolokasiya sistemləri təchiz olunub. Eyni zamanda təyyarələr də çox yüksək səviyyədədir. Yəni burada qarşılıqlı nəzarət yüz faizdir. Məsələn, Bakı Hava Limanının yanından keçəndə də görünür, qülləni uçuş zolağına bir az yaxın istiqamətdə qurublar. Amma bu da maneçilik törətmir, qurulan sistem qanunauyğundur. Hər aeroportun özünün xüsusiyyətləri var. Azərbaycanda bu sahədə ciddi bir problem yoxdur, hər şeyə riayət olunub. Pilotlarımız da yüksək səviyyədə hazırlanmış peşəkar insanlardır. 

Image result for Bişkek təyyarə

- Ədalət bəy, siz özünüz neçə il təyyarə idarə edibsiniz? 

- 32 il uçmuşam. 

- Ən uzaq məsafə yadınızdadır? 

- 7 min km olub. Bakıdan Vladivostoka uçmuşuq. Düzdür, Novosibirsk, Xabarovskda enmişik, sonra Vladivostoka getmişik. O vaxt sovet ordusunun daşınması məsələsi var idi, biz də əsgər daşıyırdıq. 

- Təcrübəniz boyu Qırğızıstanda baş verən hadisələrə bənzər qəza enişiniz olubmu?

- Bir dəfə belə hal olub. 1987-ci ildə biz o vaxt Bakı-Yekaterinburq - o zaman adı Sverdlovsk idi - reysi ilə uçan zaman Samara şəhərində enməliydik. Mən də təyyarə kapitanı idim. Enəndə bizə dedilər “dumandır, enmək olmaz”. Həmçinin ehtiyat aeroporta enmək üçün də komanda verilmədi. Biz də ehtiyat aerodromların havasını öyrənəndə baxdıq ki, bütün Moskva aeroportları, həmçinin yaxınlıqdakı Penza aeroportu dumana görə bağlıdır. Bizim artıq yeganə çıxış yolumuz qaldı. Yəni bağlı olmasına baxmayaraq, biz enməli olduğumuz hava limanına düşməyə qərar verdik. 

Heyətin yüksək ustalığı nəticəsində biz dəqiqliklə ora endik. Əslində qanunu pozduq, amma digər tərəfdən çıxılmaz vəziyyətdə olduğumuz üçün bacarığımız, praktik təcrübəmizdən istifadə edərək görünmədiyi halda yüz faiz təhlükəsizlik şəraitində aeroporta endik, heç kimin burnu qanamadı. Aviasiyada bir deyim var: təyyarənin idarə edilməsinə heç kəs həmlə edə bilməz, öz vəzifəsindən və tutduğu səviyyədən asılı olmayaraq. Yalnız heyət özü qərar qəbul etməlidir. Qərar konkret olmalıdır və o tərəf, bu tərəfi olmamalıdır. Yəni ömür boyu yığdığın təcrübə belə anda sözünü deyə bilər. 

- O zaman təyyarədə neçə sərnişin var idi? 

- 162 nəfər. Beləcə həm heyəti, həm sərnişinləri, həm də təyyarəni xilas etdik... Türk pilotlar da “Manas”dan daha müasir şəkildə təmin olunan Almatı aeroportuna ensəydi, heç belə qəza da baş verməzdi... 

Elşad PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR