İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanı narahat edən məsələlərlə bağlı onların mövqeyi vicdansızdır”

2105 05.12.2014 08:15 Müsahibə A A

Komitə sədri ABŞ təşkilatı ilə 4 illik layihənin cəmi 7 aydan sonra dayandırılmasından danışdı


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin ABŞ-la bağlı son açıqlaması gözlənilən olmadı. Adətən soyuq yanaşmaları ilə diqqət çəkən iqtidar deputatının rəsmi Vaşinqtonu hətta terroruzmi dəstəkləyən ölkəyə çevrilməkdə ittiham etməsi, hər halda, sadə məsələ deyildi. 

Üstəlik, parlamentin elə son iclasında anti-Qərb mövqeyindən çıxış edən həmkarlarına xitabən Əli Hüseynli Avropanı islah etmək üçün səyləri davam etdirməyə çağırmışdı. Elə “Aktual” rubrikasındakı açıq söhbətimizdə də öncə yeni situasiya və yeni yanaşmanın sirrini açmağa çalışdıq.

- Əli müəllim, sizin ABŞ əleyhinə sərt bəyanatınız ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanla görüşünüzdən sonraya təsadüf etdi. Nə baş verdi ki, qəfildən kəskin mövqedən çıxış etdiniz?

- İlk növbədə onu deyim ki, Azərbaycanın həm daxili, həm xarici siyasətini səciyyələndirən və hakimiyyət qolunda kimlərin təmsil olunmasından asılı olmayaraq, bir üslubu var: bu, açıq siyasətdir. Mənim də, həmkarlarımın da zaman-zaman söylədiyimiz fikirlər məhz bu xəttə, bu siyasətə söykənir. Bizim müstəqillik dövründəki siyasətimizin ana xətti ondan ibarətdir ki, ölkəmizdə demokratik və hüquqi dövlət qururuq. Amma o da məlumdur ki, hüquqi dövlət anlayışı Şərqə yox, Qərbə məxsusdur, daha çox Qərb dəyəridir. 

Bu baxımdan bizim Qərblə, Avropa təsisatları ilə əməkdaşlığımız məqsədəuyğundur. Biz Avropa Şurasının üzvüyük, Avropa İttifaqının Şərq Tərəfdaşlığı prosesində iştirak edirik. Əslində son vaxtlar yox, zaman-zaman, hətta son 20 ildə bizim Qərblə, ABŞ və ya Avropa təsisatları ilə münasibətlərdə hansısa məsələlərlə bağlı belə vəziyyət yaranıb. Siz bunu “sərt” adlandırırsınız, amma mən buna həqiqətin söylənilməsi deyərdim.

Bizim tərəfdaşlar həyata keçirdiyimiz işləri düzgün dəyərləndirə bilmir”


- Amma hər tərəfin öz həqiqət var, Qərb öz arqumentlərində haqlı olduğunu deyir... 

- Bəli, haqlısınız. Qərb demokratiyasının bir ənənəvi fikri var: “Hər kəs öz fikrində qala bilər”. Amerikalılar bunu təkrarlamağı çox sevir. Bizim mövqeyimiz isə budur ki, hər kəs öz fikrində qalırsa, bunun heç bir nəticəsi yoxdur. Biz danışırıq ki, fikirlərdə dəyişiklik baş versin. Əsl demokratiya budur. Yoxsa biz elə öz dediyimizdə qalacağıqsa, nəyisə dəyişməyəcəyiksə, opponentlər, yaxud partnyorlar elə öz dediklərində qalacaqlarsa, baxışlarını korrektə etməyəcəklərsə, onda bu diskussiyanın faydası yoxdur. 

- Burda “soyuq müharibə”nin elementləri görünür.

- Tamamilə haqlısınız. Bizim məqsədimiz o demək deyil ki, hər hansı partnyoru, dövləti tənqid edək. Axı biz nə üçün yerli-yersiz tənqid etməliyik? Ona görə tənqid edirik ki, Azərbaycanla bağlı qeyri-obyektiv baxışlarda dəyişikliklər başlasın. Bu, baş verməyəndə əlbəttə ki, ritorika dəyişir. Biz bunu opponentlərə açıq deyirik. Azərbaycan vətəndaşı Orxan Zeynalov baxmayaraq ki, Rusiyada ağır cinayətdə ittiham olunurdu, ancaq həbs olunan zaman təqsirsizlik prezumpsiyası, rəftar və s. pozulmuşdu. Azərbaycan rəsmiləri, səfirlik hamı onun müdafiəsinə qalxdı. Yaxud  bir neçə il bundan əvvəl dost, qardaş Türkiyə ilə sərhəd açılması məsələsində fərqli mövqeyimiz oldu. Biz mövqelərimizi ona görə açıq və siz deyən kimi sərt bildirirdik ki, düşünsünlər, korrektələr etsinlər. Yaxşı ki, düşünüb korrektə etdilər. 

- Ancaq belə bir yanaşma da var ki, Qərbə ünvanlı sərt ritorikanı Rusiyaya münasibətdə görmürük və sanki Azərbaycan Qərbi tənqid edəndə daha cəsarətli olur, nəinki Rusiyanı. Belədirmi?

- Bu, tam yanlış mövqedir ki, Azərbaycan hansısa dövlətə münasibətdə daha ehtiyatlı, liberaldır, kiməsə münasibətdə daha sərtdir. Məncə, bu, vəziyyətin düzgün qiymətləndirilməməsindən irəli gəlir. Əgər Rusiyaya qarşı eyni mövqe yoxdursa, deməli, bu, daha çox Rusiyanın öz davranışlarında ehtiyatlı olmasından irəli gəlir. 

- Yəni Rusiya Azərbaycana münasibətdə ABŞ-a nisbətdə daha ehtiyatlıdır?

- Daha ehtiyatlı yox, daha düzgün dəyərləndirmə mövcuddur. Xüsusən də son dövrlər biz onu müşahidə etdik. İndiki böhran vəziyyətində Rusiya tərəfdaşları ilə münasibətlərinə yenidən baxır. Bu formatda Azərbaycan çox ciddi bir tərəfdaş kimi göründü. Ona görə ki, Azərbaycan bölgədə suveren və müstəqil dövlətdir, öz davranışlarına və qəbul etdiyi qərarlara cavabdehlik daşıya bilən ölkədir. Əlbəttə ki, bu, ölkə prezidentinin siyasəti, onun qətiyyəti, lider keyfiyyətləri nəticəsindədir. Həm də xalqımızın alicənab keyfiyyətləri ilə bağlıdır. Bu mənada əlbəttə ki, Rusiya bunu daha düzgün dəyərləndirməyə başladı. Hətta ən anti-Azərbaycan mövqeyindən çıxış edən siyasət adamları, məsələn, LDPR rəhbərliyi nitqlərində, davranışlarında korrektə ediblər. Bu, ona görə baş vermir ki, biz bunu daha çox arzulayırdıq, ona görə baş verir ki, onu Rusiya daha çox arzulayır. Bu baxımdan istərdim ki, “Azərbaycanın ehtiyatlı mövqeyi” anlayışından imtina edəsiniz. Burda ehtiyatlı yox, daha çox özünəgüvənlik anlayışından istifadə etmək yerinə düşər.

- ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanla görüş zərurəti hardan yaranmışdı? Səfirliyi narahat edən nə idi?

- Onlar müraciət etmişdi. Rəsmi müraciətdə  “QHT-lər haqqında” Qanuna etdiyimiz əlavə və dəyişiklikləri müzakirə etmək istəyində olduqlarını bildirmişdilər. Ümumiyyətlə, Azərbaycanda akkreditə olunmuş səfirliklər və bütün beynəlxalq təşkilatlarla onların qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciətləri olursa, həmçinin razılaşdırılıbsa, görüş mümkündür. Biz istənilən məsələni, o cümlədən qanunvericilik məsələlərini açıq şəkildə müzakirə edirik. Onları narahat edən qanuna sonuncu dəyişikliklərdir. Düzü, mənimçün maraqlıdır ki, səfirlik nə üçün bu mərhələdə görüş istəmişdi? Həm də onlar niyə bu məsələni qanun prezident tərəfindən imzalanana qədər  müzakirə etmək istəməyib, bu da sual doğurur. Artıq qanun imzalanıb, qüvvəyə minib, bundan sonra görüş istəyiblər. Düzü, o arqumenti anlamadım. Axı bu qanun layihəsi geniş müzakirə olunmuşdu, həmçinin Azay Quliyevin iştirakı ilə geniş ictimai müzakirəsini təşkil etmişdik. Həmçinin opponentlərimizi, milli QHT-ləri də dəvət etmişdik. Ancaq onda ABŞ səfirliyindən iştirakçı olmamışdı. 

- Belə çıxır görüşdə Azərbaycana “yeni eynəklə baxmaq” məsələsində razılıq əldə olunmayıb...

- Onun dediklərini səsləndirsəm, bu, diplomatik etikadan kənar olar. Hesab edirəm ki, bizim tərəfdaşlar bizim həyata keçirdiyimiz işləri düzgün dəyərləndirə bilmir, ya da anlaya bilmirlər. 

- Bəs Azərbaycana yönəlik tənqidi fikirlərdə səslənən arqumentlər, məsələn, həbsdəki siyasi məhbuslar və digərləri ilə bağlı deyilənlərə haqq qazandırırsınızmı?

-  Əlbəttə yox. Dövlət Departamentinin məmuru Psaki çıxıb Azərbaycanla bağlı bir ifadə işlədir ki, “biz narahatıq”. Necə ola bilər axı? Bizim insan hüquqları ilə bağlı hansısa öhdəliyimiz varsa, onun icra mexanizmi ABŞ Dövlət Departamenti deyil. Bu gün ABŞ-ın bir sıra ştatlarında ölüm cəzasının qalması və tətbiqi də bizdə ciddi narahatlıq doğurur, məsələni Avropa Şurasında da qaldırmışıq. ABŞ insan hüquqları və demokratiyadan danışan bir ölkə kimi mütləq məsələni korrektə etməlidir. Terrorizmdə ittiham olunan yüzlərlə talibançı heç bir məhkəmə qərarı olmadan ABŞ-da həbsxanaya salınıb hansı ki, onların vicdan azadlığı var, bu, faktdır. Ancaq biz demirik ki, ölkəmizdə hər hansı pozuntu və problem yoxdur. 

- Əli müəllim, sizin rəhbərlik etdiyiniz qeyri-hökumət təşkilatı Amerika təşkilatından 1,5 milyonluq layihə udmuşdu. Nə baş verdi ki, sizdə anti-Amerika təsəvvürü formalaşdı?

- (Gülür) Bu yanlış təsəvvürdür. Mən ilk növbədə parlamentin Hüquq komitəsinin sədriyəm, Azərbaycanın beynəlxalq təşkilatlardakı bir neçə nümayəndə heyətinin üzvüyəm. Bu, o deməkdir ki, beynəlxalq təşkilatlar, ölkələrlə əməkdaşlıqda varam, bu, bizim vəzifə borcumuzdur. Ancaq hakim partiyanın üzvüyəm və siyasi baxışlarım siyasi həmfikirlərimlə eynidir. Yəni bu fəaliyyətimlə Azərbaycan Hüquqşünaslar Konfederasiyasına rəhbərlik etməyim arasında heç bir əlaqə yoxdur. 

Konfederasiyada mən sadəcə nominal sədrəm, orda İdarə Heyəti var və biz beynəlxalq layihələrlə çalışmışıq. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) layihəsiydi, ədalətli tenderdə opponentlərimizə qalib gəlmişdik, yəni xahiş etməmişdik, bu, real mübarizənin nəticəsində baş vermişdi. Yeri gəlmişkən, bu əməkdaşlıq donor və milli QHT münasibətlərinə vəsaitin şəffaflıqla yönəlməsi, layihələrin icrası baxımından bir nümunə idi. Onu da qeyd edim ki, 4 illik layihə cəmi 6-7 ay müddətində davam etdi, həm bizim, həm USAID-in qarşılıqlı müraciəti əsasında layihənin icrası dayandırıldı. 

- Böyük bir layihənin qəfil dayanması nadir hallarda baş verən və çox ciddi hadisədir...

- Ola bilər ki, ciddi qəbul olunur. Ancaq bu, bizimçün aktual məsələ deyil, sıradan bir məsələdir. Çünki layihənin icrası ilə bağlı ancaq katiblik səviyyəsində işlər görülürdü. Layihənin təşkilat rəhbəri kimi mənimlə, ya İdarə Heyəti ilə heç bir əlaqəsi yoxdur. Beynəlxalq təşkilatlarla onlarla belə layihələr olub. Yəni layihənin olması kimi onun ləğvi də mənimçün əhəmiyyətsiz bir şeydir. 

- Yəni sizin ABŞ-a qarşı mövqeyinizi layihə məsələsi dəyişməyib?

- Bir daha vurğulayıram ki, bizim ölkəmizlə ABŞ-ın əməkdaşlığı var, bir sıra sahələrdə bunlar strateji xarakter daşıyır. Biz də əməkdaşlıqla bağlı parlament üzvü kimi üzərimizə düşən işləri həyata keçiririk. ABŞ Konqresində Azərbaycanı dəstəkləyən şəxslər var, əməkdaşlığımız mövcuddur. Bu gün də, bundan sonra da Azərbaycanın milli, dövlət maraqlarına xidmət edən, bizim ərazi bütövlüyümüzün təmin olunmasına fayda verən istənilən layihədə yenə də mövcud olacağıq. Yəni bu hallar yanlış şərh olunmamalıdır. Hansısa ölkələrdə hansısa hadisə ilə bağlı anti-Amerika, antirus, antitürk bəyanatlar verirlər. Çünki orda hakim partiya kimlərinsə iradəsindən asılıdır. Bizdə o hallar yoxdur. Bu, bizimçün epizodik hadisələr deyil, emosiyaya söykənmir.  İndiki mərhələdə ABŞ Dövlət Departamentinin bəyanatı ilə bağlı hansısa fikirlər söyləyiriksə, biz yox, onlar nəticə çıxartmalıdır. 

- Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də ABŞ-ı tənqid edib... 

- Bəli. Əgər Ramiz müəllim səviyyəsində fikir söylənilibsə, deməli, səfirlik əməkdaşları, ABŞ Dövlət Departamenti araşdırmalıdır ki, onlar nədə səhvə yol verirlər, nədə yanlışlıq edirlər, nəyi düzgün araşdırmayıblar? Deyək ki, demokratiya, insan haqları ilə bağlı ümumi fikrə gələ bilmirik. Qayıdaq başqa məsələlərə. Erməni hərbçiləri Azərbaycan ərazisində diversiya törədir, bizim hərbçilər tərəfindən qarşısı alınır, situasiya elə gətirir ki, əsir düşən erməni tələf olur. Bununla bağlı Dövlət Departamenti başsağlığı verir. Amma həmin diversantlar Azərbaycanda uşağı, qadını qətlə yetirir, yaralayır, hər gün cəbhəboyu atışma baş verir, buna heç bir reaksiya yoxdur. Bizə irad bildirirlər ki, işğal olunmuş ərazilərə gedən Avropa Parlamenti deputatlarını niyə “qara siyahı”ya salırıq. Amma kəlbəcərli Azərbaycan vətəndaşları ölkənin ərazisinə getdiyi üçün girov götürülür, işgəncəyə məruz qalır, qondarma rejim tərəfindən məhkəmə qurulur: buna da münasibət yoxdur. Yaxud hərbi təlim keçən vertolyot Azərbaycan ərazisində vurulur, bununla bağlı da bəyanat verirlər. Deyək ki, hakimiyyət məsələsində aramızda razılıq yoxdur. Axı Azərbaycan xalqını narahat edən yuxarıdakı məsələlərlə də bağlı onların mövqeyi - bu ifadəni işlətməyə məcburam - vicdansızdır. Bu, vicdanlı münasibət deyil! Belə olan halda biz necə reaksiya verməyə bilərik? Biz bu reaksiyanı ona görə veririk ki, bizim opponent, yaxud strateji müttəfiqlərimiz araşdırsınlar ki, dost, strateji müttəfiq saydıqları ölkədə niyə belə düşüncələr var?

- Amerika Azərbaycanın Rusiyaya doğru getməsindən narahat deyil ki?

- Bilmirəm, ola bilər belə düşünsünlər. Ancaq əgər belə düşünürlərsə, yanılırlar. Ola bilər ki, böyük dövlətlərin dünyaya baxışları çox kiçikdir. Ola bilər onların Qafqaz, Cənubi Qafqaz, Şərq, ya müsəlman ölkələri ilə bağlı formalaşmış düşüncələri var. Azərbaycanla bağlı bu keçmir. Onlar anlamalıdır ki, Azərbaycan onların ənənəvi başa düşmək istədikləri Şərq-müsəlman ölkəsi deyil. Çox ehtiyac var ki, onlar baxışlarını korrektə etsinlər. Biz hər zaman əməkdaşlıq ruhundayıq. Kimisə ona görə tənqid etmirik ki, onlar bizimlə diskussiyadan qaçsınlar, tənqid edirik ki, o məsələni araşdırıb yenidən bizimlə diskussiyaya qayıtsınlar. Mən bunu hakim partiyanın üzvü kimi söyləyirəm: biz öz müstəqilliyimizə və suverenliyimizə çox əminik. Əmin olmasaq, bunu bu formada söyləməzdik.  

Elşad PAŞASOY
FOTO: “YM”


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR