İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda təhsil alan afrikalı tələbə qız: “Məni ələ salırlar...” - FOTOLAR

20320 24.04.2016 16:16 Müsahibə A A

Başına gələnlərlə və buradakı çətinliyi ilə bağlı dostları ona yardım etmək üçün üsul axtarırdılar. Biz də belə tanış olduq. Rəfiqəsi 26 yaşlı Adeboye Anuduvapo Aqnesin problemini mənə yazdıqdan sonra qısa zamanda görüşmək üçün vaxt təyin etdik.

Məsələ burasındadır ki, Adeboye Anuduvapo Aqnes Nigeriya vətəndaşıdır. Bir ildən çoxdur ki, Bakıda yaşayır. Azərbaycana gəliş səbəbi təhsildir. Belə ki, 1 il Nyu Cersi ştatında təhsil alan Aqnes, təhsilini ailəsinin maddi durumuna görə davam etdirə bilməyib. Yenidən Nigeriyaya qayıdan çarəsiz qıza təhsil agentliklərindən biri Azərbaycanı məsləhət görüb. Təhsilinin illik ödənişini nəzərə alan Aqnes Bakıya gəlib. İlk günlər hər şey normal axarında davam edib.  

Kirayə ev tutan Aqnes 1 il də burada oxuyub. Lakin ailəsi hazırda ona pul göndərə bilmir. Valideynləri Nigeriyada müəllim işləyir. Onlar da maaşlarını həm gec alırlar, həm də az... İqtisad Universitetinin 3-cü kurs tələbəsi olan Aqnes hazırda ona yardım əlini uzadan azərbaycanlı ailə ilə birgə yaşayır. Çünki kirayə pulunu verə bilmədiyi üçün ev sahibi onu bayıra atıb.


Aqnesi yaxından tanımaq və haqqında yazı yazaraq fayda verəcəyimizi düşünüb, ona bir neçə sual ünvanladıq. Cavablar isə çox maraqlı oldu:

- Niyə məhz Azərbaycanda oxumağı seçdin? Çünki Bakı heç də ucuz şəhər deyil. Burada yaşamaq sənə çətin gəlmir?

- Təhsil almaq üçün Amerikaya yollandım və Nyu Cersidə bir illik təhsildən sonra maddi vəziyyətim oradakı təhsilimi davam etdirməyə imkan vermədi. Nigeriyaya qayıtmalı oldum. Agentlikdə Azərbaycanı seçənək kimi təqdim etdilər və mənim başqa bir yolum yox idi. Buraya gələnə qədər Azərbaycan haqqında məlumatlı deyildim. 1 ildən çoxdur ki, Azərbaycanda yaşayıram və burada yaşam qiymətlərinin yüksək olmasını artıq bilirəm. Həqiqətən də bahalı şəhəriniz var. Ailəmin göndərdiklərini kirayə və təhsil haqqıma verdikdə yerdə heç nə qalmırdı. Hazırda isə ondan belə, məhrumam.

Azərbaycanda yaşamaq üçün kifayət qədər pulum yoxdur. Ailəm hökumət işində işləyir və maaşları çox azdır. Artıq bir aydır ki, hökumət məvacibləri ödəmir. Buna görə də mənim də vəziyyətim pisləşib. Kirayə qaldığım evdən çıxarıldım. Ümumiyyətlə, burada hər şey bahadır. Mən isə kasıbam. 


- Danışarkən belə hiss edirəm ki, tam rahat deyilsən. Sanki Azərbaycana dünən gəlmisən və hələ də alışa bilmirsən. Bunun səbəbi nədir? Qaradərili olman sənə problem yaradır? 

- Bakıda insanlar baxışlarıyla mənə onlardan fərqli olduğumu tez-tez xatırladırlar. Hətta bəzən uca səslə gülürlər. Söz atırlar, ələ salırlar. Mən Azərbaycan dilində az da olsa, başa düşürəm. Bəzən bu sözləri eşidəndə özüm-özümə deyirəm, "Kaş ki, onları başa düşməyəydim". Amma artıq bu hərəkətlərə öyrəşmişəm. İlk günlərdəki kimi bunu özümə dərd etmirəm. Bilirəm ki, nə etsəm, faydası yoxdur. 


- Təhsilini bitirdikdən sonra Azərbaycanda qalmaq fikrin varmı? Ya da burada evlənib, Bakıda yaşamaq istəyərsənmi? 

- Əgər yaxşı işim olsa, təhsilimi bitirib, burda qalmaq istəyirəm. Düşünürəm ki, bu yolla ailəmə də yardım edə bilərəm. Lakin evlilik barəsində düşünmürəm. Tək düşündüyüm təhsilimlə məşğul olub, gözəl gələcək qura bilməkdir. Hələ ki, ancaq bu barədə düşünürəm. Amma həyatıma burada davam etsəm, mənim üçün azərbaycanlı və ya qeyrisinin fərqi yoxdur. 

- Azərbaycan dilini az bilməyin təhsil almana, yaşamına, ünsiyyət qurmana problem yaratmır ki..?

- Anlaşılmazlıqlar çox olur. Amma bu da çox böyük problem yaratmır. Çünki qrup yoldaşlarım ingilis dilində bilirlər. Mən də Azərbaycan dilində bir az da olsa, başa düşürəm. Beləcə anlaşırıq. Təhsilim üçün isə heç bir problem yaratmır. Qiymətlərim yüksəkdir. Bilirəm ki, məni ancaq təhsilim xilas edə bilər. Ona görə də, maksimum yaxşı oxumağa çalışıram. Düşünürəm ki tez bir zamanda sizin dili çox gözəl öyrənəcəyəm. 

- Gənclər əsasən başqa ölkədə təhsil alan zaman yaşadıqları ərazidə iş də axtarırlar. Yüngül də olsa, bir iş tapıb, yaşam tərzlərini qururlar. Sən hazırda işləyirsənmi? Və ya işləmək istərdinmi? Həyatını necə qazanırsan?

- İşləməyi çoxdan düşünürdüm. Amma heç kimlə əlaqəm olmadığı üçün necə iş tapa biləcəyimi bilmirdim. İş olsa, böyük məmnuniyyətlə, işləyərəm. Məni dəri rəngimə görə qınamayan yaxşı insanların ətrafında nə iş olsa, işləyərəm. İngilis dilində dərs də deyə bilərəm. Özümə inamım var. Sadəcə, dəstək lazımdır. 


Aqneslə müsahibəmizi burada başa vurub, sağollaşırıq. Yolda gedərkən isə Aqnesin dediyi bu sözlər ağlımdan çıxmır: "Mənə söz atırlar, ələ salırlar. Azərbaycan dilində az da olsa, başa düşürəm. Bəzən bu sözləri eşidəndə özüm-özümə deyirəm, "Kaş ki onları başa düşməyərdim". 

Utancverici bir mənzərədir. İnsanlara geyimlərinə, vəzifələrinə, dəri rənginə görə qiymət verənlər, bir gün qiymətdən düşəcəklərini unutmasınlar. 

Əminəm ki, cəmiyyətimizdə bu tipli insanlarla yanaşı, normal düşüncəli və xeyirxah insanlar da var. Və onlardan kimsə Aqnesə yardım əlini uzadacaq. 

Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar müəllifindir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR