İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan cəmiyyətində böyük narazılıqlar var”

2089 17.01.2014 08:36 Müsahibə A A
Özü demişkən, hərbi xidmətdə olmasa da, sözündə, vədəsində çox dəqiq adamdır. Elə əvvəlcədən vədələşdiyimiz kimi görüş yerinə vaxtın düz tamamında yetişməsi də bunu bir daha isbatladı. Həmsöhbətimiz yanvarın 13-də 75 yaşını tamamlayan dəyərli ziyalımız, Müsavat Partiyasının Məclis üzvü, Təhsil Komissiyasının sədri Rafiq bəy İsmayıldır. Bizimlə söhbətində keçdiyi ömür yolundan, tələbəlik illərindən danışdı, yaxın dostu mərhum Elçibəylə bağlı qiymətli xatirələrini bölüşdü, təbii ki, günümüzün siyasi proseslərindən də bəhs etdi. Söhbətimizin budəfəki bölümündə Rafiq bəyin AXCP-Müsavat münasibətlərinə, Azərbaycan gəncliyinə baxışı və sair məsələlərə mövqeyini öyrəndik.


- Necə bilirsiniz, bu tufandan sonra iki partiya (AXCP-Müsavat-E.P.) yenə bir yerdə olacaqmı? 

- Təbii. Çünki həm AXCP, həm Müsavat, həm də digər dost, müttəfiq partiyaların ümumi istəyi var. Ümumi istək yolunda mübarizənin hətta həlli yolları eyniyyət təşkil edir, fərqli deyil: dinc yolla, seçkilər yolu ilə cəmiyyətdə nail olaq istəyi var. Yəni bütün baxışlar eynidir. Amma bu baxışların başında duranlar bunu necə həyata keçirir, hadisələrin cari gedişatına necə reaksiya verir, bu, başqa məsələdir, burada fərqli cəhətlər ola bilər və var. Amma bunu qızışdırıb cinayət, böyük günah səviyyəsinə qaldırmaq boş və mənasız düşüncə sahiblərinin işidir. Ağlı olan heç kəs bu işin arxasınca getməz. Lap deyək ki, biz böyük qəbahətli bir iş görmüşük, bu, bizimkidir də, ümumi günahımız, hərəkətimizdir, ümumi işimizin nəticəsidir. İkincisi, Milli Şura əbədi bir təşkilat deyil ki. Qonşu Türkiyəyə, ərəb ölkələrinə baxın, partiyaların biri gedir, digəri qalır. Qalan klassik partiyalar olur. Çünki bu partiyalar yarandığı gündən millətin ideallarına xidmət etmək funksiyasını öz üzərinə götürüb. Müəyyən proqramı olan, onun uğrunda mübarizə aparan partiyalar heç zaman sıradan çıxmır, çıxmayacaq da. Zəifləyə bilər, ondan da güclü partiya meydana gələ bilər. Amma o güclü partiyalar dövrü partiyalardır, əbədi partiyalar deyil. Məsələn, qonşu Türkiyədə Atatürkün adı ilə bağlı olan CHP, Misirdə Misir istiqlalçılarının adı ilə bağlı olan Vəft Partiyası, Hindistanda Milli Konqres Partiyası. Yəni millətin idealları ilə meydana gələn partiyalar yaşayıb, yaşayır və yaşayacaq. 

- Azərbaycan gəncliyinə, o gənclik ki, laqeydlikdə, passivlikdə, az oxumaqda və sairdə günahlandırılır, ona ağsaqqal sözünüz, öyüdünüz nə olardı? Ümumiyyətlə, siz gənclikdən razısınızmı?

- Müasir gəncliklə əvvəlki nəsil gəncliyin yaşayış şərtləri kəskin surətdə fərqlidir. Əvvəlki gənclik vizual münasibətlərdə idi. Vizual münasibətlərin gəncliyi tamamilə başqa bir ruhda böyüyürdü və yaxud da onların fəaliyyət istiqamətləri, cəhətləri fərli idi. Orda da nə edirdinsə, vizual idi. İstəyirsən siyasətlə məşğul ol, istəyirsən bizneslə məşğul ol, istəyirsən çox-çox üzr istəyirəm, sekslə məşğul ol, bunlar hamısı vizual idi. İndi bunlar hamısı müasir texnologiya ilə həll olunur, vizual deyil. Ona görə də indiki gəncliyin münasibətləri ilə bağlı facebook-a əsasən fikir söyləmək olar, gənclərin vizual fəaliyyətinə görə yox. Müasir gənclər vizual şəkildə bir robot kimi vardırlar. Dərsdə, metroda, liftdə, küçədən keçir, hər yerdə əllərində telefondur. Hətta insanın həyatının müəyyən bir sirli, sehrli hissəsini təşkil edən intim məsələləri də müasir gənclik telefonla, virtual həll edirlər. Virtual və vizual fəaliyyət göstərən gənclik təbii ki, bir-birindən kəskin surətdə fərqlənir. Amma gəlin gəncliyin düşüncələrinə fikir verək. Mənim ölkəmlə bağlı nümunə olmadığı üçün özgələrdən misal gətirək. Facebook müşahidələrimə görə, kifayət qədər güclü gənclər var. 

- Sözünüzü kəsdiyimə görə üzr istəyirəm, demək, siz də facebookdasınız...

- Hə, mən də facebook qəhrəmanlarındanam... (gülür) Bəli, güclü gənclik var. Vətən, cəmiyyət haqqında düşünən, vəziyyət haqqında kəskin fikir söyləyənlər, tərifləyənlər, söyüş söyənlər, “ura” deyənlərin düşüncəsi orda əksini tapır. Bu düşüncəyə görə mən bu gəncliyi prinsip etibarilə özündən əvvəlki gəncliyin varisi kimi qəbul edirəm. Yəni əgər gəncliyimizdə biz bu işi vizual həyata keçirirdiksə, bunlar bunu virtual halda həyata keçirir. Dediyim kimi, Misirdə 2011-ci ilin yanvarında məlum hərəkat baş verdi. Bu hərəkata qədər Misir qədər sakit, dinc bir ölkə bəlkə də yox idi. Hüsnü Mübarəkin sözü, əstəğfürullah, Quran ayəsi kimi qəbul olunurdu, ordu arxasında dayanmışdı, ölkənin bütün fəaliyyəti ordunun nəzarəti altındaydı. Beynəlxalq təşkilatların, Avropa Birliyinin, siyasi, sosial qurumların xətti ilə çalışırdılar ki, ölkədə demokratiya yaratsınlar və s. Hamı hadisələrin sakit, yaxşı istiqamətdə inkişafı haqqında düşünürdü. Birdən-birə bu hadisə baş verdi. Bu hadisə nəyin hesabına baş verdi? Həmin dövrdə artıq yeni gənclik yetişmişdi. 1 yaşından 15 yaşına qədər olan qrup ölkə əhalinin 40 faizini təşkil edirdi. 15 yaşından 40 yaşına qədər də əhalinin 40 faizini təşkil edirdi. Qalanı isə yaşlı nəsil idi. Gənc nəslin sayı ölkədəki yaşlı nəslin sayından üstünlük təşkil etdiyi zamanda feysbuk, internet vasitəsilə inqilab təşkil olundu. Bunu təşkil edən də Vaim Qənim adlı bir misirli idi. Qahirədəki Amerika Universitetini bitirib, menecerlik edir, özü arvadı ilə Dubayda yaşayır, amma Misirdəki hərəkatı ordan idarə edir. Artıq parollarla hərəkət edirlər, lazım olan saytlara girib informasiyaları alırlar, xalqı idarə edirlər, nəticədə hərəkat baş verir. 

- Yuxarıda dediniz ki, gənclik yaşınızda Azərbaycanda dəyişikliklərin olacağı ilə bağlı düşüncələriniz var idi. Bəs 75 yaşda ölkənin, xalqın sabahı ilə bağlı düşüncələriniz nədən ibarətdir?

“O zaman Əbülfəz bəyin həbsi onun yaxınları, qohumları arasında faciə kimi qəbul olunmuşdu”


- Azərbaycanda da artıq yeni tipli, əvvəlki nəsildən fərqli olan insanlar var. O zaman Əbülfəz bəyin həbsi onun yaxınları, qohumları arasında faciə kimi qəbul olunmuşdu. Hamı “niyə belə elədi” sualını verirdi. Bir neçə il bundan əvvəl gənclərin nümayəndələrindən kimsə tutulanda “bu, özünü niyə güdaza verdi” deyə, düşünürdüsə, indi onlarla gəncimiz məhbəslərə düşür, 15 günlüyə, bir neçə illiyə həbsə atılır, onlar asanlıqla həbsxana həyatını keçib sıralarımıza qayıdır, hamı da fəxr edir ki, bizim belə gəncliyimiz var. Yəni keyfiyyət sayı ilə indiki mövcud kəmiyyət sayı arasında mütənasiblik yarananda hər şey olacaq və ona da çox vaxt tələb olunmur. Azərbaycan cəmiyyətində kifayət qədər çətinliklər, böyük narazılıqlar var. Şadlıq edən, kef içində yaşayan insanların özləri belə gələcəyə inanmır. 

- Rafiq bəy, bir daha sizi ürəkdən təbrik edirəm. Sizinlə həmsöhbət olmaq hər zaman çox xoşdur. Söhbətimizin yekununda sizin bizə, qəzetimizə sözünüz, məsləhətiniz varsa, buyurun.

- Mən də təşəkkür edirəm. Sizə uğurlar arzu edirəm. Azərbaycanda millətimizin azadlığı, dövlətimizin müstəqilliyi uğrunda fikirlərin açıq şəkildə keçələrə, meydanlara çıxmasında sizin qəzet də böyük rol oynayıb, artıq 24 ildir bu cəmiyyətə xidmət edir, təbii ki, yüksələn xətti də olub, enən xətti də. İnsan küçədə asfalt üstündə yeriyəndə belə bəzən görürsən səndələyir. Hər bir qəzet, təşkilat da bir fiziki varlıqdır, onun da o cür halları ola bilər. Amma Allaha çox şükür ki, sizdə bu hallar olsa da, çox zəif və az istiqamətdə olub. Bu hallar olsa da, xalqa sədaqətlə xidmət edibsiniz və sədaqətlə xidmət etməyə çalışırsınız. Sadəcə, istərdim ki, siz bu gün fəaliyyətindən narazı qaldığınız məsələlərə, “zurnaçılar”a az imkan yaradasınız. Səsləri susdurmaq olmaz, çünki insan, söz azadlığı var. Amma arzum budur ki, əsas gücü bu qarşıdurmalara vermək cəhdləri olmasın. 

Elşad PAŞASOY
FOTO: RÖYAnındır



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR