İnsanlara hürriyət, millətlərə istiqlal!

Aydın Mirzəzadə: “Hakimiyyətin qapıları həmişə açıq olacaq...”

1128 16.02.2015 08:40 Müsahibə A A

Azərbaycan-Amerika münasibətləri son günlərdə, obrazlı təsvir etsək, özünün yaz havasını xatırladır, gah qara buludlar müşahidə olunur, ildırım çaxır, yağış yağır, gah tam sakit, aydın situasiyanın şahidi oluruq. Vaşinqton öz elçisini Bakıya yola salandan sonra ABŞ Konqresində Azərbaycan dinləmələrinin təşkil olunmasına Bakının da cavabı gecikmədi. Ötən şənbə Milli Məclisdə sayca ikinci Amerika dinləmələri keçirildi. YAP-ın və Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, deputat Aydın Mirzəzadə ilə söhbətimizə bu mövzudan başladıq.



- Aydın bəy, Milli Məclisdə qəfil Amerika dinləmələrinin keçirilməsinin səbəbi nə idi?

- Mən eyni vaxtda başqa tədbirə qatıldığım üçün iştirak edə bilmədim. Amma həmkarlarım belə bir tədbirin keçirilməsini planlaşdırdılar. Mətbuatın iştirakı ilə geniş tədbir keçirildi və Azərbaycan-ABŞ münasibətlərinə dair fikir bildirildi. Ümumiyyətlə, belə bir tədbirin parlamentin Beynəlxalq münasibətlər komitəsi tərəfindən keçirilməsi tamamilə təbiidir. Çünki bu, komitənin səlahiyyətində olan məsələdir. Komitə hakimiyyətin bir qolunda iki dövlət münasibətlərinə dair dinləmələr keçirilir. Nəzərə alsaq ki, ABŞ Konqresində də dinləmələr adlı tədbir keçirilir, yəni bu, normaldır. Amma ABŞ-da cəmi 10 nəfərin keçirdiyi tədbirdən fərqli olaraq bizdəki tədbir daha geniş spektrli idi. 

- Amerika səfirinin Bakıya gəlişindən dərhal sonra belə bir dinləmənin keçirilməsi mövcud gərginlikdən xəbər vermirmi? 

- Ona qalsa, eyni ittihamı biz ABŞ tərəfə yönəldə bilərik ki, onun göndərdiyi səfir Azərbaycan dövlətinə vəkalətnaməsini təqdim etməmiş ABŞ Konqresində tələsik dinləmələr keçirilir. Hansı ki, ABŞ səfiri Azərbaycana missiya ilə gəlir, videomüraciətində ölkəmizə xoş məramla gəldiyini bildirib. Konqresmenlər səfirin gəlməsini, Azərbaycanda yeni əlaqələrin qurulmasını, ilk təəssüratlarını gözləyə bilərdilər. Hesab edirəm ki, bu ittiham ABŞ Konqresinə daha çox ünvanlanmalıdır, nəinki mənim həmkarlarıma. 

- Əslində bu, ittiham deyil. Bundan əvvəl də ekspertlərə eyni sualımız olmuşdu ki, ABŞ öz səfirini Bakıya göndərdiyi bir vaxtda niyə Konqres dinləmələr də təyin edib...

#a#

- Bunu ciddi dinləmələr adlandırmaq olmaz.

- Amma Konqresdə, rəsmi qurumda keçirilir...

- Fərqi yoxdur. Konqresin 100 senatoru, səhv etmirəmsə, 500-dək konqresmeni var. 600 nəfərdən cəmisi 3 nəfərin iştirak etdiyi, iki çıxışçının olduğu, Azərbaycandan bir-iki nəfərin dəvət edildiyi, bir neçə ekspertin qatıldığı kiçik tədbiri dinləmə adlandırmağın özü çox qəribə səslənir. Dinləmə böyük spektrləri əhatə edər, müxtəlif fikirləri toqquşdurar, məsələləri ciddi analiz edər. Bu dinləmə isə bir klubun iclasına bənzəyir. Ya bu, onun göstəricisidir ki, dinləmələri təşkil edənlərin tərəfdarlarının sayı çox azdır, yaxud da həmin dinləmələr çox tələsik təşkil edilir və Amerikanın özündə də çox qeyri-ciddi qəbul edilir. 
- Elə isə nə baş verir ki, tələsik belə tədbirlər keçirilir? 


““Azərbaycanda demokratiyaya xaricdən nə qədər çox dəstək olarsa, bu, bizim daha çox uğurumuzdur”


- Bu, Amerika siyasi sisteminin xarakteristikasıdır. Orada istənilən siyasi təşəbbüs qrupu hansısa bir tədbiri müzakirə edə, ona çox səslənən bir ad verə bilir. Nəzərə alsaq ki, Amerikada Azərbaycanın 10 milyonlarla dostları olduğu kimi, 10 nəfər də düşməni ola bilər. Amerikada 1 milyona yaxın erməni diasporunun nümayəndələri yaşayır. Amerikada bu və ya digər səbəbdən Azərbaycanda iqtisadi maraqlarını həyata keçirə bilməmiş şirkətlər var ki, onlar qisasını bu formada almaq istəyir. Yaxud Azərbaycanda siyasətin axarını başqa cür görmək istəyən hansısa mərkəzlər ola bilər. Məsələn, ABŞ-ın keçmiş səfiri Kozlariç artıq 18 ildir Azərbaycandan gedib. Ancaq öz ölkəsində anti-Azərbaycan cəbhəsinin faktiki olaraq lideridir. Sanki bu adamın yeganə vəzifəsi Azərbaycanı qaralamaq, onun əleyhinə mənfi fikir yürütməkdir. 

- Ancaq eyni zamanda Azərbaycanla bağlı o ittihamlar da səslənir ki, onu ölkəmizdə müxalifət də, QHT-lər də zaman-zaman bəyan edir. Həmin məsələlərlə bağlı addımlar gözlənilirmi? Bu da faktdır ki, demokratiya heç bir ölkənin daxili məsələsi deyil...

- Mən qəbul edirəm. Hesab edirik ki, Azərbaycanda demokratiyaya xaricdən nə qədər çox dəstək olarsa, bu, bizim daha çox uğurumuzdur. Ancaq bir məsələ var ki, bu dəstəyi Azərbaycana təlimat kimi bildirən həvəskarların sayı həddən artıq çoxdur. Azərbaycan real cəmiyyətdir, gündəlik həyatı var, hüquqla hər hansı problemi olan insanlar var. Azərbaycana, onun iqtidarına onlarla münasibəti necə qurmağı bir prokurorsayağı tələb etməyin özü qəbuledilməzdir. Kimlərsə ictimai fəal ola bilər. Amma qanunla başqa bir cəhətdən onun problemi ola bilər. Bu, o demək deyil ki, həmin insan ictimai fəal olduğuna görə ona qanun tətbiq edilə bilməz. Məsələn, bir neçə nəfər var ki, onlar qanunsuz sahibkarlıqla məşğul olublar. Son illərdə milyonlarla pul onların hesabına oturub, ondan vergi verməyiblər, fəaliyyətləri barədə müvafiq orqanları məlumatlandırmayıblar. Baxaq görək Amerikada kimsə xaricdən gələn böyük pulları sərf edərsə və bununla maliyyə orqanlarına hesabat verməzsə, onu hansı aqibət gözləyərdi? Tutaq ki, bu məsələlərə görə saxlanılan insanların heç biri həmin pulların doğrudan da onların hesabına daxil olduğunu təkzib etmir. Həftədə balaca bir yazı və ya bəyanat verməklə insana milyonlarla dollar pul bağışlayarlarmı? Bəlkə bunun tamam başqa səbəbləri var.


- Ola bilər müqayisə qüsurlu olsun. Amma nədənsə, Qərbdən gələn pullar daha çox narahatlıq doğurur. Məsələn, Rusiyadan gələn pul kütləsi heç vaxt şübhələr doğurmur. 
-Azərbaycan üçün fərqi yoxdur, qanunsuz pullar hansı ölkədən gəlir. Azərbaycana gələn pulların mənbəyi bilinmirsə, onlardan vergi vermirlərsə, bu pulların təyinatı barədə müvafiq orqanlara hesabat verilmirsə, hamısına qarşı qanun eyni cür tətbiq edilir. 

- Penitensiar Xidmətdə baş verənlər və gündəmi əməlli-başlı məşğul edən Lamiyə məsələsi haqda fikriniz nədir? Bu da insan haqları məsələsidir. Niyə bu mövzunun nöqtəsi qoyulmur ki, ictimai rəydə az qala ümummilli problemlərdən önə keçib? 

- Mən bu məsələyə münasibət bildirmək istəmirəm.

- Niyə?

- Sadəcə olaraq istəmirəm. Bu məsələlər mənim maraq dairəmdə deyil. Hər halda Azərbaycan cəmiyyəti tək o şəxsdən ibarət deyil. 

- Ötən həftə iqtidar və müxalifət üz-üzə oturdu, danışdı və bu, siyasi mədəniyyət nümunəsi kimi təqdir olunan haldır. Bəs bu təmasların ardınca düşərgələrarası etimad mühitinin yaranması üçün, məsələn, seçki qanunvericiliyi sahəsində, digər məsələlərdə hansısa addımlar gözləniləndirmi? 

- Bizim çox mükəmməl konstitusiyamız, seçkini yüksək səviyyədə keçirən Seçki Məcəlləmiz var. Seçkidə iştirak və qələbə hər bir siyasi partiyanın öz fəaliyyətidir. Dialoqun dəyirmi masa formasında keçirilməsinin özü müsbət haldır və cəmiyyətin kifayət qədər böyük spektrini bir araya gətirə bildi. Digər tərəfdənsə bu, dialoqun artıq çox maraqlı bir cəhəti ortaya çıxdı: belə görüşlərin iki aydan bir, müntəzəm keçirilməsi və müzakirə ediləcək məsələlərin siyahısının əvvəlcədən təqdim olunması. Bu, bir yenilikdir. Yəni yeni bir format yaranır. Əlbəttə, bu görüşlər konstitusiyanı, qanunları və müvafiq hüquq sistemini əvəz edən format ola bilməz. Bu, hakimiyyət orqanı deyil, sadəcə olaraq məsləhətləşmələr, fikir mübadiləsidir, mövqeyin ortaya qoyulmasıdır. Qərarı bu məsləhətləşmələr deyil, seçkilərdə seçici verir. Bununla belə, orada iştirak tamamilə sərbəstdir. Cəmiyyətin görüşlərə, söhbətlərə marağının olması bir daha hiss edildi. O başqa məsələdir ki, bu görüşlərə münasibət iştirakçıların iç üzünü bir daha açdı. Cəmiyyətdə hakimiyyətin həddən artıq radikal tənqidçiləri kimi tanınan Müsavat və AXCP görüşdə iştirak etmədilər. Bu, ilk növbədə ondan irəli gəlir ki, həmin partiyalar görüşə hazır deyillər. Dialoq onlar üçün sadəcə şüar idi. Onlar dialoqda maraqlı deyillər. 

- Bir neçə partiyanın tədbirə qatılmaması hakim düşərgə tərəfindən necə qarşılandı?


- Məgər Prezident Administrasiyasının yüksək səlahiyyətli şəxsinin, hakim partiyanın rəhbərlərinin iştirak etdiyi görüşdə həmin partiyalar öz mövqeyini bildirə bilməzdilərmi? Həmin partiyalar 1 il ərzində hakimiyyətdə oldular. Məgər onlar o dövrdə dialoqla bağlı təklifmi verdilər, ya görüşlərmi keçirdilər? Onlar deyildilərmi ki, bildirirdilər hakimiyyətin bir nömrəli düşməni Heydər Əliyevdir? Bu gün həmin o radikallar unudurlar ki, cəmiyyətin həm yaddaşı yaxşıdır, həm də cəmiyyət sözə deyil, fəaliyyətə qiymət verir. Belədə isə kimin iştirak edib-etməyəcəyi onun öz seçimidir. Hər halda hakimiyyətin qapıları görüş, müzakirələr üçün və fikir aydınlığı üçün həmişə açıq olub, bundan sonra da açıq olacaq. 

- Amma Müsavat başqanı Arif Hacılı partiyanın dialoq tərəfdarı olduğunu dedi və ciddi formatda təşkil olunacaq görüşlərə qatılmaqda problem görmədiyini deyib və gözləniləndir ki, növbəti görüşlərdə Müsavat da iştirak etsin. Dialoqun məntiqi nəticəsi olaraq elə bir mühit yarana bilərmi ki, parlament seçkilərinin nəticələrinə bütün qüvvələrin etimadlı münasibəti olsun? 

- Əsas etimad seçicinin etimadıdır. Belədə isə həmişə kimsə tapılacaq ki, seçkiyə öz prizmasından baxacaq, ya qəbul edəcək, ya da etməyəcək. 

- Parlamentin tərkibində əsaslı dəyişikliklərin olacağı barədə çox danışılır. Hakim partiya namizədlərinin müəyyənləşdirilməsi prosesinə start veribmi? 

- Məqamı gələndə bununla bağlı açıqlama veriləcək.  

- Şəxsən sizin qərarınız varmı?

- Mən YAP-ın üzvüyəm və partiyanın qərarına uyğun olaraq hərəkət edəcəyəm. 

- Ölkədə bəzi strukturların ləğvi və birləşdirilməsi ilə bağlı prosesin davamı olacaqmı?  

- Prezidentin atdığı addımlar bu gün iqtisadiyyatı idarə etməyin növbəti səmərəli təklifləridir. Torpaq və Xəritəçəkmə Komitəsi vaxtilə torpaq islahatını həyata keçirtmək üçün yaradılmışdı. Dünyanın heç bir yerində bu tipli daimi fəaliyyət göstərən nazirlik yoxdur. Torpaq Komitəsi zamanında öz funksiyasını yerinə yetirdi. Torpaq islahatını keçirdi, insanlara torpaq paylandı və s. Artıq burdan o tərəfə ona aid olan funksiyalar digər nazirliklər tərəfindən həyata keçiriləcək. Cənab prezidentin təklifi bundan ibarətdir.

- İnşallah, Qarabağı azad edəndən sonra həmin ərazilərin dəqiqləşdirilməsi üçün Xəritəçəkmə Komitəsinə ehtiyac olmayacaq?  

- Həmin dövrdə ola bilsin ki, müvafiq addımlar atıla bilər. Necə ki, bu gün bizdə qaçqınlar və məcburi köçkünlərlə bağlı komitə var. Çünki biz müharibə vəziyyətindəyik, 1,2 mln. qaçqınımız var. Nə vaxtsa torpaqlarımız azad olunacaq, qaçqınlar problemi həll ediləcək, həmin komitə də öz vəzifəsini yerinə yetirmiş olacaq. Yəni bu gün o, zamanın tələbindən irəli gələn təklifdir. Belədə isə idarəetmə ilə bağlı müxtəlif təkliflər verilə bilər, hər bir təklifin yaşamaq və müzakirə edilmək hüququ var. Ancaq bununla belə bu məsələdə səlahiyyət seçici tərəfindən cənab prezidentə verilib. O, şəraitə, zamana uyğun olaraq bu cür təkliflər verə bilər... 

Elşad PAŞASOY
FOTOLAR: “YM”


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR